Allah Təala şeytana (lən) niyə möhlət vermişdir?


Müqəddəs Quranda gələn şeytanın əhvalatını hamımız yaxşı bilirik. Bilirik ki, təkəbbür etdiyi üçün o məlun behiştdən qovulur və Allahın rəhmətindən məhrum olur. Bəs Allah niyə ona möhlət verir? Axı, onu məhv də edə bilərdi? Bunun səbəbi nədir?

Bu sualın cavabında Əhli-beytdən (ə) gələn hədisdə buyurulur: “Çünki o, Allaha 6 min il ibadət etmişdi, Allah da 6 min illik ibadətinin əvəzini vermək istəmişdir. Bir duasını qəbul etmişdir”. Yəni, möhlət vermək duasını.

Qurani-Kərim bu haqda buyurur: “Buyurdu: «Belə isə, oradan (Cənnətdən, ya səmadan, ya mələklərin arasından, ya o məqam və rütbədən) aşağı en!

Çünki sənə orada təkəbbürlük etmək yaramaz. Beləliklə, oradan xaric ol ki, şübhəsiz sən alçaq və xar edilmişlərdənsən».

Dedi: «Mənə onların (Adəmin və onun övladlarının qəbirlərindən) qaldırılacaqları günə qədər möhlət ver (həmin vaxta kimi məni öldürmə)». Buyurdu: «Həqiqətən, sən möhlət verilənlərdənsən»”. (“Əraf” 13-15).


Təbii ki, Mütəal Allah yaxşı bilirdi ki, şeytan insanın düşməni olduğu üçün, onun kamala çatmasına yardımçı ola biləcəkdir. Necə?

Belə ki, insanın fitrətində elə istedadlar gizlənmişdir ki, əgər insanın rəqibi olmazsa, o istedadları üzə çıxarda bilməyəcəkdir. Belə ki, əgər xəstəlik olmasaydı, tibb elmi yaranmazdı.

Bəzən insanı sağaltmaq üçün bədəninə başqa virusları daxil edirlər ki, həmin xəstəliyə qarşı onda immunitet istehsal olsun. Bu səbəbdəndir ki, körpələr dünyaya gələn zaman onlara müxtəlif xəstəliklərin viruslarını vururlar ki, bədəni o mikroba qarşı qüvvətli olsun. Əgər onunla rastlaşarsa, bu xəstəliyi daha rahat keçirdə bilsin.


Allah Təala da şeytana möhlət vermişdir ki, insan ona qarşı immunitet əldə etsin və ona qarşı çıxsın.

O zaman ki, şeytan insana hücum edər, insan öz zəif tərəflərini görməyə başlayar və onları aradan qaldırmaq üçün səy göstərər. (Tebyan)

Bu səbəbdən Quran buyurur: “Beləliklə onları yoxsulluq və kasıblığa, xəstəlik və cismani əziyyətlərə düçar etdik (ki,) bəlkə (Bizim dərgahımıza) boyun əyələr və yalvarıb-yaxaralar”. (“Ənam” 42)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .