Ayətullah Muctehidi ruhani və haqq öyrənənlər üçün böyük ustad:


Mərhum Ayətullah Müctəhidi Tehraninin həyatından
\"Bəzilərinə deyirdi ki, sən yaxşı dərs oxuyursan, amma ruhani libası geymə...\"

Hövzə informasiya məkəzi mərhum Ayətullah Əhməd Müctəhidi Tehraninin həyatı haqqında onun şagirdlərindən olan höccətülislam vəlmüslimin Raməşk ilə söhbətləşib. Söhbətdə Ayətullah Müctəhidinin həyatından bu günə qədər mətbuata çıxmamış xatirələr yer alıb.
Sual: Ayətullah Müctəhidi ilə necə tanış oldunuz?

Cavab: Mən şəmsi 1350-ci ildə Ayətullah Müctəhidinin mədrəsəsi ilə tanış oldum. Gecələr orada təhsil alırdım. Mədrəsədə gecə və gündüz olmaqla iki növbə dərs keçilirdi. Təhsil üçün vəsiqə tələb olunmurdu. Mən başqa bir mədrəsədə gündüzlər də təhsil alırdım. Nəhayət inqilab baş verdi və şəmsi 1359-cu ildə Ayətullah Müctəhidinin mədrəsəsində gündüz növbəsi təhsilə başladım. Mədrəsədə təhsilə başlamağıma mərhum ustadın bir müjdəsi də təkan verdi. Mən ustaddan təhsili davam etdirməyimin gec olub-olmaması barədə soruşdum. Buyurdu ki, gec deyil, ciddi oxusan vaxt var. Onun bu sözləri mənə vəhy kimi təsir etdi. Yaşa görə tərəddüddə olsam da, bu müjdədən sonra ciddi şəkildə təhsilimi davam etdirməyə başladım. Gündüzlər dərs oxuyur, gecələr dərs keçirdim. 1360-1361-ci illərdə ustadın təklifi ilə mədrəsə daxilində müdiriyyət məsuliyyətini üzərimə götürdüm və 1363-cü ildə Quma gələnə qədər bu işi gördüm.

Sual: Tələbə seçimində mərhum ustadın meyarı nə idi?

Cavab: Mərhum Ayətullah Müctəhidinin öz üslubu, öz meyarı vardı. Ustad tələbə seçərkən onun simasına, zahiri görkəminə, rəftarlarına diqqət yetirərdi. Bəzilərinə gündüz, bəzilərinə isə gecə təhsil almağı tövsiyə edərdi. Bəzilərinə deyərdi ki, hələlik gecə təhsil almağınız məsləhətdir. Bu tələbənin gecə növbəsi təhsil dövründə rəftarlarına diqqət yetirər, əgər bəyənsəydi onu gündüz növbəsinə keçirərdi. Bəzilərinin çalışqanlıq və əxlaqını bəyənəndə onlara tövsiyə edərdi ki, elm hövzəsinə getsinlər. Belələrinə deyərdi ki, səndən tələbə çıxar, hövzəyə gəl. Bir şəxsi mədrəsəyə qəbul edəndə şəxsən görüşər, 4, 5 il bu tələbəyə ciddi nəzarət edərdi.

Ruhani libasına çox ciddi yanaşırdı. Bir şəxsin dini təhsil almasını ruhani libası geymək üçün kafi saymırdı. Bəzilərinə deyirdi ki, sən yaxşı dərs oxuyursan, amma libas geymə, get başqa işlə məşğul ol. Bəzilərini isə ruhani libası geyməyə həvəsləndirərdi. Tələbə qəbulunda bir neçə mərhələ nəzərdə tutmuşdu. Əvvəlcə seçimdə diqqət yetirərdi, sonra təhsil zamanı nəzarət edərdi, daha sonra qərar çıxarardı ki, bu şəxs ruhani libası geysin, yoxsa yox. Ruhani libası alan tələbə fəxrlə deyərdi ki, mən Ayətullah Müctəhidinin mədrəsəsinin tələbəsiyəm. Hamı bilirdi ki, bəzi tələbələrə libas geyməyi tövsiyə etmirdi. Ayətullah Müctəhidinin tələbə seçimində təcrübəsi və bəsirəti vardı. Bu işdə zərgər idi, bəzilərinə tələbə olmağı tövsiyə edərdi. Əgər həmin gəncin valideyni razı olmasaydı özü gedib valideyni ilə söhbətləşərdi. Ayətullah Müctəhidi bağda hər çiçəyə xüsusi diqqət yetirən bir bağban idi. Baxardı ki, tələbə necə dərs oxuyur, onun ustadı kimdir, dərslərini kiminlə birlikdə hazırlayır, kiminlə elmi mübahisə aparır? Sözünü deməkdən çəkinməzdi, mədrəsədə nizam-intizama ciddi yanaşardı. O misilsiz bir şəxsiyyət idi. Şəhid Quddusi oxşar üslubda tədrislə məşğul olub. Mənim Qumda Ayətullah Müctəhidi mədrəsəsi təsis etməyimin səbəbi bu oldu ki, bu şəhərdə həmin üslubda fəaliyyət göstərən mədrəsə görmədim.

Sual: Ayətullah Müctəhidi hansı ustadını çox xatırlayardı?

Cavab: Ayətullah-üzma Bürucerdini çox xatırlayardı. İmam Xomeyninin (r) əxlaq dərslərindən də razı idi. Ayətullah Seyid Əhməd Xansari haqqında xoş sözlər danışardı. Bütün müctəhidlərə hörməti vardı. Deyərdi ki, müctəhidlər çiçək kimidir, hərəsinin öz ətri var. Belə deyirdi: \"Mən ədəbiyyat kursunu şəhid Səduqinin hüzurunda keçmişəm.\" Ayətullah-üzma Bürucerdinin kamilliklərindən danışardı. Peyğəmbərlərin həyatına da xüsusi diqqət yetirər, tez-tez onları yada salardı. Məclislərdə tələbələrə öz təcrübələrindən söhbət edərdi. Təvəssül və ibadətə xüsusi diqqəti vardı. Buyururdu: \"Şeyx Əbdül-Kərim Hairinin müvəffəqiyyət qazanmasının səbəblərindən biri əza məclislərində öndə dayanması olub. Əzadarlıq zamanı tələbələr onun arxasınca hərəkət edərdi.\"

Ustad buyururdu: \"Əgər tələbə rövzə oxumasa, rövzə məclisinə getməsə tələbəliyə yaramaz. Təkcə dərs oxumaq bəs etmir.\" Ayətullah Müctəhidi rövzə məclislərinə getməyən tələbələri danlayardı.

Sual: Ustadın ətrafdakılara, tələbə olmayan şəxslərə təsiri necə idi?

Cavab: Ayətullah Müctəhidi hətta bazar əhli, tacirlər üçün gecələr dərs keçərdi. Meracus-Səadə, Şərhi-səhifə va başqa kitablardan danışardı. Ustadın nəfəsi dəyən şəxsdə bunu hiss edərdin. Onun axşam dərslərində iştirak edənlərdən biri də Doktor Çəmran idi. Şəhadətə çatmış bir çox şəxslər, SEPAH-dakı fəallar onun dərslərində iştirak edərdi. Özü əza məclisi qurar və tələbələrin hər məclisə getməsinə razı olmazdı. Onun qurduğu əza məclisi çox cazibəli olardı. Sözləri oluqca təsirli idi. Elə hədislər seçərdi ki, cəmiyyətin, insanların ehtiyacına cavab versin. Əsasən, ayə və hədislərə istinad edərdi. Ustadlara tövsiyə edərdi ki, dərslərdə hədislərdən istifadə etsinlər.

Sual: Mərhum ustadın səciyyəvi xüsusiyyətləri barədə xatirələriniz varmı?

Cavab: Heç zaman gecə namazını tərk etməzdi. Tələbələrə gecə namazı qılmağı tapşırar və buna xüsusi diqqət yetirərdi. Qeybətə, başqaları haqqında söhbətə çox həssas idi. Bu barədə kitab da yazmışdı. Əhli-Beyt (ə) və alimlərin həyatından çox söhbət edərdi.

Mərhum ustadın cəmiyyətin müxtəlif zümrələrinə təsiri böyük idi. Gecə dərslərində hər zümrədən, hər peşədən olan insanlara rast gələrdin. Bu dərsə yığışanlar ustadın aşiqi idilər. Olduqca sadə yaşayardı. Əvvəllər icarədə yaşamışdı, sonralar kiçik bir mənzil almışdı. Ömrünün sonuna qədər həmin kiçik mənzildə yaşadı. Atası dünyasını dəyişəndən sonra evinin kənarında kiçik bir torpaq almışdı. Evlərində çox vaxt rövzə məclisi olduğundan ailəsi çətinlik çəkərdi. Buna görə onlar üçün ayrıca şərait yaratmışdı. Çox əxlaqlı idi və bu əxlaq çərçivəsində zarafatları vardı.

Sual: Ustad dünyasını dəyişəndən sonra mədrəsədə dəyişiklik baş verdi?

Cavab: Əlbəttə ki, ustad dünyasını dəyişəndən sonra mədrəsənin ruhiyyəsi dəyişdi. Amma yenə də bu mədrəsədə fəza başqa mədrəsələrdən fərqlənir. Özü sağ olanda dərsə gəlməyən müəllimi əvəz edərdi. Bütün fikri mədrəsə idi. Əgər kimsə Həcc səfərinin xərcini öhdəsinə götürsəydi bunu qəbul etməz, mədrəsənin xərclərini mühüm sayardı. Eşitsəydi ki, bir tələbə kiminsə Kərbəla ziyarətinə getdiyini deyir, qeybət etmə söyləyərdi. Deyərdi ki, bəlkə də o şəxsin vəzifəsi təhsil almaq olub, bu səfəri ona günahyazılıb. Dəfələrlə vurğulayırdı ki, dərs oxumaq tələbə üçün ən ali vəzifədir. Müharibə zamanı da dərsləri saxlamadı. Buyurardı ki, tələbənin əmmaməsi düşmən qarşısında tank kimidir və müharibə zamanı tank zavodunun işini dayandırmazlar.

Sual: Ömrünün sonları barədə nə deyə bilərsiniz?

Cavab: Ömrünün son günlərində fiziki baxımdan çox zəiflədiyi üçün mədrəsəyə az gəlirdi. Deyirdi ki, ürəyim hər yerdən qırılıb, fikrim başqa bir yerdədir. Hansı ki, ustadın mədrəsəyə böyük diqqəti vardı, hətta övladlarından çox mədrəsənin durumuna görə narahat olardı. Amma ömrünün sonlarında mədrəsəyə az gəlirdi. Bununla belə mədrəsənin məsulları və tələbələrə vaxtında tövsiyələrini çatdırırdı.

Sual: Tələbələrə daha çox nəyi tövsiyə edərdi?

Cavab: O bir neçə nöqtəyə xüsusi diqqət yetirirdi, bu nöqtələrdən biri gecə namazı idi. Təqlid mərcələrinə xüsusi ehtiramı vardı. Tələbənin dərsdə iştirak etməməsinə görə narahat olardı. Tələbənin simasına baxar, zahiri görkəminə diqqət yetirər, təvəkkül ruhiyyəsini gücləndirməyə çalışardı. Mədrəsəyə yeni gələn tələbələrə deyirdi: \"Kim tələbəliyə gələndə ata-anasının, yaxınlarının köməyinə ümid bağlayıbsa, bu yoldan uzaqlaşsın. Gözü onların əlində olan şəxs müvəffəq tələbə olmayacaq. Allaha təvəkkül edin. Çünki ata-ana və başqaları dünyasını dəyişəcək, Allah isə həmişə var.\" Buyurardı ki, həmişə Allaha təvəkkül etmişəm və Allah məni təmin edib. Buyururdu: \"Bu mədrəsənin tələbələri başqa mədrəsəyə dərsə getməsin. Çünki başqa mədrəsədə ona şəhriyə veriləcək və tələbənin gözü həmin şəhriyədə qalacaq. İstəyirəm ki, tələbə gözü tox olsun.\" Çalışardı ki, mədrəsəyə yaxşı ustadlar gətirsin, tələbələr başqa yerdə ustad axtarmasın. Qəbul etməzdki ki, onun mədrəsəsində pərakəndə şəkildə kimlərsə şəhriyyə versin. Özünün şəhriyyə vermək icazəsi vardı. Şəhriyyəni elə verərdi ki, tələbənin şəxsiyyətinə toxunmasın. Buyurardı ki, tələbə şəhriyyə almamalıdır, ona şəhriyyə verilməlidir. Bu yolla tələbənin məqamını qaldırardı.

Sual: Mərhum Müctəhidinin müdiriyyət xüsusiyyətlərindən nələri başqalarına tövsiyə edərdiniz?

Cavab: Bir şəxs mədrəsəyə müdiriyyəti qəbul edibsə vaxtını mədrəsəyə sərf etməlidir. Belə etsə səmərəsini görəcək. Mədrəsə çox əhəmiyyətli yerdir. Əgər müdirin təlaşı səyasində mədrəsədə yaxşı tələbə yetişibsə, bu savaba o da şərikdir. Ayətullah Müctəhidi bir tələbənin mədrəsədə olmasını mədrəsəyə zərərli saydıqda onu dərhal uzaqlaşdırırdı. Buyurardı ki, pis tələbə başqalarına da mənfi təsir göstərir. Təbii ki, əvvəlcə xəbərdarlıq edərdi. Xəbərdarlıq təsir göstərmədikdə onu mədrəsədən çıxarardı. Buyurardı ki, mən bağban kimiyəm və budama aparıram. İstəyərdi ki, tələbə mədrəsədə yetişsin, başqa yerdən gəlməsin.

Sual: Cənab ustad harada dəfn olunub?

Cavab: Vəsiyyət etmişdi ki, öz mədrəsəsində dəfn edilsin. Şəxsi pulu ilə mədrəsəyə bitişik torpaq almışdı. Orada başqalarının da dəfn olunması üçün şərait var. Mərhum ustad buyururdu ki, məndən sonra bəlkə başqaları da burada dəfn edildi, mən tək qalmadım./Vilayet.nur-az.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .