Ələmə inanmaq olar, yoxsa yox?


Dini mühiti qıcıqlandırmaq üçün mütəmadi olaraq gündəmə gətirilən mövzulardan biri də ələm mövzusudur. Ələmdən sui-istifadələri görüb islah etmək istəyənlər də ələmdən yazırlar, Kərbəla qiyamı ilə düşmən olub onun simvollarını məhv etməyə çalışanlar da bu işə girişirlər.

Ən geniş yayılmış metod budur ki, ələmi camaatdan pul qoparmaq vasitəsi kimi tənqid edirlər. Amma maraqlıdır ki, niyə bu pulun hansı məqsədlə yığılmasını şərt qoymurlar? Simvolik mənada bir xəstə uşaq şəklini yaymaqla xeyriyyə aksiyası keçirmək, pul yığıb filan xəstəlikdən əziyyət çəkən uşaqlara sərf etmək yaxşı əməldirsə, ələmdən bu məqsədlə istifadə etmək niyə pis olmalıdır? Pul ələmin qarşısına atılsın, ya nəzir qutusuna, ya da xeyriyyə vəqfinə verilsin - nə fərqi var ki? Tənqid edirsinizsə, yığılan pulların şəffaflıqla xərclənmədiyini tənqid edin. Rüsvay edirsinizsə, pulların kiminsə cibinə getməsini rüsvay edin.

Ələmi tənqid atəşinə tutanların özləri öz sosial səhifələrində yardım aksiyalarını azmı reklam ediblər? Həmişə bu aksiyanın şəffaflığını yoxlayırlarmı? Onun reklamını paylaşmazdan əvvəl bunun həqiqət, yoxsa saxta olması ilə maraqlanırlarmı? Yığılan pulların deyilən məqsəd üçün xərcləndiyi barədə hesabat istəyirlərmi? Elə isə məhz ələmə qarşı bu nifrət haradandır?

İstər ələm olsun, istərsə də hər hansı başqa vasitə - fırıldağa, yalana xidmət edirsə, onun istifadəsi günahdır. İslamın istənilən simvolunu yaxşı və pis məqsədlər üçün istifadə etmək mümkündür. Hətta Allahın ayətlərini – Quranı da çirkin niyyətə alət etmək olar. Müaviyənin nizələrinin ucunda Quran Əlinin (ə) düşməninə çevrilər. Riyakar fəqihlərin dilində hədis – Əhli-beytin qanını tökmək üçün şüar olar. Eləcə də ələm camaatın pulunu mənimsəmək üçün vasitəyə dönə bilər. Amma bu, öz-özlüyündə ələmin batil və bidət olmasına dəlalət etməz. Baxmaq lazımdır ki, silah kimin əlindədir. Mətbəx bıçağı bir qatilin əlində silaha dönər. Avtomat süngüsü isə bir aşpazın əlində mətbəx aləti ola bilər.

Ələm bir simvoldur. Elə “ələm” sözünün lüğəti mənası da buna dəlalət edir. Bir şey barədə bilik verən, onu tanıtdıran. “Əlamət” sözü də eyni kökdəndir. Ələm – Ali-əbanın simvoludur. Ələm – Kərbəla bayraqdarı Əbülfəzlin (ə) xatirəsidir. Ələm – Hüseyn inqilabının bayrağıdır. Simvollara qalınca, əvvəla, simvolun kimə mənsub olması və ikincisi, hansı məqsədlər naminə istifadə edilməsi mühümdür. Məsələn, zalım Zöhhaka qarşı mübarizədə dəmirçi Kavənin önlüyü bayraq idi. Xalqı Əliyə (ə) qarşı çevirmək üçün isə Osmanın qanlı köynəyi şüar edildi. Əgər ələm İmam Hüseyn (ə) qiyamının mahiyyətini zehinlərdə canlandırmaq, xalqın Əhli-beytə məhəbbətini gücləndirmək, möhtaclar üçün sədəqə yığılmasıına vasitə olmaq, azadlıq mübarizlərinin başı üzərində dalğalanmaq üçün istifadə edilərsə, burada nə nöqsan ola bilər ki? Yox, əgər yalnız şəxsi məqsədlər üçün, xalqın pulunu mənimsəmək, insanları aldatmaq, ələ alıb, guya, “uçurmaq” üçün istifadə edilərsə, onda bu ələmlə Osmanın qanlı köynəyi, nizələrin başındakı Quran vərəqləri arasında fərq yoxdur.

Bəziləri “Bizə Hüseyn lazımdır, ələm yox” deyə sadəlövhcəsinə düşünürlər. Guya bilmirlər ki, hər bir ideyanı yaşatmaq üçün simvol mühümdür. İnsanların beynində daha əyani, daha canlı, daha konkret bir təsəvvür yaratmaq zərurətdir. Buna Quran dilində “şəair” deyilir. Hətta Allahın da şəairi (simvolu, nişanəsi) var – qurbanlıq dəvələr.

“Allah, Onun yolunda kəsilən dəvələri öz nişanəsi (şüarı) sayır”! (Həcc, 36).

Həmçinin “Allah” deyərkən zehinlərdə Kəbə evi (Allahın evi), “Muhəmməd” deyərkən Quran, “Əli” deyərkən Zülfiqar qılıncı canlanır. Elə isə, ələmi “Hüseyn”in şəairi, ələmi (əlaməti) saymağın nə eybi var ki?

Hər hansı məfhumdan sui-istifadəyə görə o məfhumun özünü silib atmaq vəhhabi təfəkkürüdür. Pirlərdə edilən mövhumatları aradan qaldırmaqdansa, pirləri sökək. Cah-calallı başdaşılar qoymağın günah olduğunu başa salmaqdansa, qəbiristanlığa buldozer salıb hər şeyi yerlə yeksan edək. Şəfaətdən sui-istifadə ilə mübarizə aparmaqdansa, şəfaəti, təvəssülü şirk elan edək. Və... ələmlə bağlı yaranmış mövhumatlara aydınlıq gətiməkdənsə, ələmin əsil simasını – şəair simasını - cəmiyyətə qaytarmaqdansa, ələmləri yandıraq.

Budur, vəhhabi təfəkkürü. Çünki qurd basmış ağacı sağaltmaq çətindir, baltalamaq isə asandır. Xəstə bədən üzvünü sağaltmaq zəhmət tələb edir, kəsib atmaq isə çox rahatdır. Təmizləmə işlərini aparmağa savadı, qabiliyyəti və vicdanı çatmayanlar çıxış yolunu həmişə baltada görüblər. Amma unudurlar ki, Hüseyn ələminə dil uzadanların dili, balta vuranların da qolu kəsilər – ya bu dünyada, ya da haqq divanında! Hüseynin qəbrini dağıdanların aqibəti də gizli deyil...

Ələmlə həyata keçirilən fırıldaqları tənqid etmək nəinki ilahiyyatçıların haqqı, hətta vəzifəsidir. Amma tənqidlər ələmə qarşı yox, ondan sui-istifadələrə qarşı yönəlməlidir. http://az.313news.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .