Zülqərneyn kİmdİr?



وَيَسْأَلُونَكَ عَن ذِي الْقَرْنَيْنِ قُلْ سَأَتْلُو عَلَيْكُم مِّنْهُ ذِكْرًا
“Səndən Zül-Qərneyn haqqında soruşarlar. De ki, tezliklə sizə onun haqqında danışacağam.”

Nöqtələr

● “Qərn” sözünün iki mənası var: Uzun dövr və heyvan buynuzu. Zül-Qərneynin bu sayaq adlandırılmasının səbəbi ya onun uzun müddətli hakimiyyəti, ya da dəbilqəsinin üzərində iki buynuz olması ola bilər. “Qərneyn” dedikdə şərq və qərb nəzərdə tutula bilər. (Ərəblər şərq və qərbi günəşin iki buynuzu saymışlar.) Ola bilsin ki, Zül-Qərneyn bütün şərq və qərbə hakim olduğundan belə adlandırılmışdır.
İmam Baqir (ə) buyurur: “Zül-Qərneyn peyğəmbər olmamışdır. Amma bu saleh şəxsi Allah sevirdi. O öz qövmünü təqvaya çağırırdı. Bir dəfə başından zərbə alan Zül-Qərneyn müəyyən müddət gözə dəymir. Sonradan qayıdıb yenidən xalqı təqvaya dəvət edir. Bu dəfə ikinci zərbəni alır.” Bu məqamda İmam buyurur: “Sizin aranızda da bu xüsusiyyətlərə malik şəxs var.\" (\"Təfsire-Nurus-Səqəleyn\", \"Kəmalud-dini-Səduq\")
Ola bilsin ki, bu şəxs həmin iki zərbəyə xatir Zül-Qərneyn kimi tanınmışdır.
● “Təfsire-nümunə” əsərində bəzi əsaslarla Zül-Qərneynin əslində Kuroş olduğu bildirilir. Əsər müəllifləri yunan tarixçilərinin bəzi məlumatlarına, tövratın müəyyən bəyanatlarına və Kuroşun miladi XІX əsrdə tapılmış iki buynuzlu mücəssəməsinə əsaslanırlar. Amma mərhum Şuərani “Əbul-Futuh” təfsirinin haşiyəsində bildirir ki, Zül-Qərneyn 13 yaşından Ərəstunun şagirdi olmuş Makedoniyalı İsgəndərdir. Amma “Əl-mizan” təfsirində də Kuroş ehtimalına üstünlük verilir.
Əslində Zül-Qərneyn neçə il hakimiyyətdə olması, onun həqiqi adı, neçə il ömür sürməsi, insan və ya mələk olması, peyğəmbər və ya saleh qul olması, İsgəndər və ya Kuroş olması, nə üçün Zül-Qərneyn adlandırılması, hakimiyyət hüdudları, tikdiyi səddin uzunluğu və hündürlüyü, bu səddin Çin səddi olub olmaması cüzi məsələlərdir və bir o qədər də faydalı deyil. İnsanın təkamülündə hadisələrin xırdalıqları yox, məqsədləri rol oynayır.
Bildirişlər
1. Xalq öz sualları ilə peyğəmbərlərə müraciət edir və cavab alırdı.
2. Rəhbər və din təbliğatçısı tarix və mühüm tarixi hadisələrlə tanış olmalıdır. Xalq rəhbərə müxtəlif suallarla müraciət edir. Necə ki, bə’zi ayələrdə peyğəmbərdən ruh haqqında soruşulur.
3. Xalqın yerli və məntiqi suallarını cavabsız buraxmayaq.
4. Suallara tələsik cavab verməyək.
5. Tarix və onun takrarlanması yalnız xatırlatma və ibrət məqsədi ilə dəyərlidir.
6. Xalqın sualları bə’zi ayələrin nazil olması üçün zəmindir.


إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِن كُلِّ شَيْءٍ سَبَبًا
“Həqiqətən, Biz yer üzündə ona (Zül-Qərneynə) qüdrət verdik, ona hər şeydən vasitə ətaetdik.” (Ayə 84)


فَأَتْبَعَ سَبَبًا
“O, səbəb ardınca getdi (öz səfərinə başladı).” (85)

Nöqtələr

● Həzrət Əlinin (ə) Bəlxli gəncə öyrətdiyi duada (“Məşlul” duası) oxuyuruq: “Ey Zül-Qərneyni sitəmkar padşahlara qalib edən Allah!” Həzrətdən nəql olunmuş bir hədisdə onun dilindən bildirilir ki, Zül-Qərneyndə padşahlıq və peyğəmbərlik nişanəsi vardı, haqqı batildən seçəcək həddə hər şeydən xəbərdardı, Allah şəhərləri və qəlbləri ona təslim etmişdi. (\"Təfsire-Nurus-səqəleyn\")
● Zül-Qərneyn və Süleyman yer üzünə hakim olmuş iki mömin şəxs idi. Buxtun-Nəsr və Nəmrud isə əksinə, yer üzündəki kafir hakimlərdən idilər. (\"Təfsire-Nurus-səqəleyn\")
● Allah Öz övliyalarına ilahi yolda istifadə üçün qüdrət verir. Həzrət Süleyman, Həzrət Yusif və bəzi möminlər bu qəbildəndir. Quran Allahın yaxşı bəndələri haqqında buyurur: “Onlar imkan və qüdrət verdiyimiz zaman namazı bərpa edən, zəkat ödəyən, yaxşılığa çağırıb, pisliyə qadağan qoyan kəslərdir.” (\"Həcc\", 41) Öz qüdrətindən batil yolda istifadə edənlər isə məzəmmət olunur və onların haqqında buyurulur: “Öz qüdrət və hakimiyyətlərindən sui-istifadə etdikləri üçün sizdən öncə çoxlarını məhv etdik.” (\"Ənam\", 6)

Bildirişlər

1. Allah bütün varlıq aləmi və təbii amillərə hakimdir. O, istədiyinə imkan və qüdrət verir. Amma insan xoşniyyət və xoş tədbir sayəsində düzgün bəhrələnə bilir.
2. Bə’zən Allah müəyyən şəxslərə bütün imkanları verir.
3. Təbiət nizamı səbəb və səbəbkar nizamıdır. Hər bir hadisənin səbəbi var və bu səbəbi müəyyənləşdirib sorağınca getmək lazımdır. Allahın xalis bəndələri də təbii səbəb və imkanlar vasitəsi ilə haqq məqsədləri izləməlidirlər.
4. İmkan və qüdrətdən də mühümü onlardan düzgün istifadə etməkdir.
5. Zül-Qərneyn həm imkanlara malik idi, həm də səbəblərdən istifadə qaydalarını bilirdi.


حَتَّى إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِندَهَا قَوْمًا قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَن تُعَذِّبَ وَإِمَّا أَن تَتَّخِذَ فِيهِمْ حُسْنًا
“Elə ki, günəşin qürub yerinə çatdı, onun qara və palçıqlı çeşmədə batdığını gördü. Onunyanında bir qövm də tapdı. Dedik ki, «ey Zül-Qərneyn, ya onlara əzab ver, ya da onlarınarasında yaxşı yolu tut (hamısını bağışla).»” (86)

Nöqtələr

● Pis qoxulu qara və isti palçıq “həmiə” adlanır.

Bildirişlər

1. Peyğəmbərlər və Allahın övliyaları problemlərin həlli və xalqın qurtuluşu üçün təkcə dua ilə kifayətlənməz, şəxsən qiyam qaldırardılar.
2. Agah və məqsədli səyahət bəyənilmişdir.
3. Zül-Qərneyn peyğəmbər idi. Çünki Allah ona müraciət edir.
4. Bəzən müdirlər və rəhbərlər üçün səlahiyyətlər müəyyənləşdirmək lazım gəlir. (Allah Öz övliyalarına müəyyən ixtiyarlar verir.)
5. Qərbdə küfrün uzun keçmişi var.
6. Peyğəmbərlər xalqdan kənarda dayanmamalıdırlar.


قَالَ أَمَّا مَن ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَى رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُّكْرًا
“(Zül-Qərneyn) dedi: «Zülmkara əzab verəcəyik. Sonra Rəbbinə doğru qaytarılar və Rəbbi onaağır əzab verər.»” (87)

وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاء الْحُسْنَى وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا
“İman gətirib saleh iş görənin isə üstün mükafatı var və onun üçün Öz tərəfimizdən birasanlıq müəyyənləşdirəcəyik.” (88)

Bildirişlər

1. Küfr və şirk zülmdür. İman qarşısında küfr əvəzinə zülm sözü işlədilmişdir.
2. İslam hökumətinin müşriklərlə sərt davranmaq haqqı var.
3. Zül-Qərneyn sitəmkarların tövbə edəcəyinə ümid bəsləyirdi. Ona görə də cəzaya əl atmağa tələsmirdi.
4. Dünya əzabı axirət əzabına mane olmur.
5. Dünya cəzası məlumdur, axirət əzabı isə müəyyənləşməyib.
6. Yaxşılar və pislərlə eyni cür davranmaq olmaz. İstər fərdi, istər dövləti baxımdan bu prinsip əsas götürülür.
7. Zül-Qərneyn ilahi əmrlərin icraçısı idi. Ötən ayədə ona yaxşı davranış əmr olunur.
8. İlahi rəhbərlər xalqa asan qanunlarla hakimlik etməlidirlər.
9. Sitəmkarlarla sərt, möminlərlə mülayim rəftar ilahi rəhbərlərin üslubudur.
10. İlahi rəhbər və hakimin vəzifəsi ədalətin icrası, zülmlə mübarizə və ictimai məhdudiyyətləri müəyyənləşdirməkdir.
11. Təşviq və mükafatlandırmada cürətli olun. Cəzalandırmağa isə tələsməyin. “Sin” hərfi sürət, “sovfə” sözü isə təxir nişanəsidir.

ثُمَّ أَتْبَعَ سَبَبًا
“Sonra (Zül-Qərneyn növbəti səfər üçün) başqa səbəb sorağınca getdi.” (89)

حَتَّى إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَى قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا
“Nəhayət günəşin doğduğu yerə çatdı. Onu günəşdən başqa örtük qərar vermədiyimiz birqövmə tülu edən halda gördü.” (90)
كَذَلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا
“Biz bu sayaq onun imkanlarından və işlərindən xəbərdar idik. (Bizim nəzarətimiz altındaidi.)” (91)

Nöqtələr

● Zül-Qərneyn qərbə səfərindən və sahil əhli arasında ədalət nizamını bərqərar etdikdən sonra şərqə üz tutdu.
● Günəşdən başqa örtüyün olmaması dedikdə ibtidai, heç bir imkana malik olmayan həyat tərzi anlaşılır. İmam Sadiq (ə) buyurur: “Onlar nə bənnalıq, nə də dərzilik bacarırdılar. Günəşlə onların arasında heç bir maneə yox idi və surətləri qaralmışdı.” (“Təfsire-Nurus-səqəleyn”)

Bildirişlər

1. Saleh və məsuliyyətli insanlar çalışqan və əzmkardırlar.
2. İlahi insanlar bütün imkanları ilə məhrumların nicatı və ədalətin bərpası yolunda hərəkət edirlər.
3. İlahi insanların səfərləri və bu səfərlərin bərəkətləri haqqında söhbət dəyər və ibrətdir.
4. İstər şərq, istər qərbdə ən mühüm məsələ xalqın hidayəti və ona xidmətdir.
5. Allah fərdlərdən və onlara əta etdiyi xüsusi nemətlərdən tam agahdır. (Zül-Qərneynin səfərləri, rastlaşdığı hadisələr, xalqla söhbətlərinin bəyanı Allahın elmi əhatəsini göstərir.)



ثُمَّ أَتْبَعَ سَبَبًا حَتَّى إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا
“Sonra (digər bir səfər üçün ixtiyarında olan səbəblərdən) başqa bir səbəb sorağınca getdi. Nəhayət iki sədd arasına yetişdi. Həmin iki dağın arxasında sanki heç bir söz anlamayan birqövm tapdı.” (92-93)

Nöqtələr

● Ötən ayədən göründüyü kimi xalq Zül-Qərneynin kamalından, qüdrətindən, canıyananlığından və ləyaqətindən xəbərdar idi və ən böyük çətinlikləri olan asayiş məsələsinin Zül-Qərneynin əli ilə həll olacağını düşünüb onunla söhbətləşdilər. Onların anlaqsızlığının qeydi mədəniyyətlərinin aşağı olmasına işarədir. Necə ki, “Nisa” surəsinin 78-ci ayəsində oxuyuruq: “Nə üçün bunlar heç bir söz anlamırlar?” Əlbəttə ki, ayədə həmin qövmün dil bilməməsi yox, düzgün yolda olmaması nəzərdə tutulur.
● Bu surədə üç əhvalat nəql olunur. Hər bir əhvalatda hərəkət və hicrət özünə yer almışdır: Kəhf səhabələrinin hicrəti, Xızrla görüş üçün Musanın hicrəti, Zül-Qərneynin hicrəti. İlkin hicrətdə məqsəd imanı qorumaq idi. İkinci hicrətdə məqsəd bilik əldə etmək, üçüncü hicrətdə məqsəd məhrumların xilası idi.

Bildirişlər

1. Təbiətə hakim qanunları kəşf edib işə salmaq lazımdır.
2. Hər bir hərəkət, məqsəd və səfərin xüsusi bir vasitəyə ehtiyacı var.
3. İlahi insanlar üçün rahatlıq, fərağət, bir yerdə dayanmaq mənasızdır.
4. Rəhbərlər digər məntəqələrə də baş vurub, ətrafdakı cərəyanlardan xəbər tutmalıdırlar.
5. Hərəkət və çalışmaq yoxsa, ehtiyaclar və gerçəklik öyrənilməmiş qalar.
6. İstər mütərəqqi, istər geri qalmış məhrum kütləyə xidmət dəyərdir.

قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَى أَن تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا
“(Həmin qövm) dedilər: «Ey Zül-Qərneyn! Həqiqətən, Yə’cuc və Mə’cuc (qövmləri) buyerlərdə fəsad törədirlər. Bizimlə onlar arasında sədd yaratmağın üçün sənə bir məbləğverəkmi?»” (94)

Nöqtələr

● “Xərac” torpaqdan xaric olan şeyə deyilir. “Xərc” isə maldan xaric olan şeydir.
● Təfsirçilər və tarixçilər mövcud əlamətlərə istinad edərək bildirirlər ki, Yəcuc və Məcuc həmin monqol-tatar qəbilələridir.
Bir rəvayətdə nəql olunur ki, Əmirəlmöminin Əli (ə) buyurmuşdur: “Zül-Qərneyn bir qövmlə rastlaşdı və ona dedilər: “Yəcuc və Məcuc qövmləri bu dağın arxasındadır. Onlar məhsul və meyvə yığımı zamanı hücum edib hər şeyi qarət edirlər. Sənin illik xərcini ödəsək, bizim üçün sədd yaradarsanmı?” (“Təfsire-Nurus-səqəleyn”)

Bildirişlər

1. Xalq ehtiyac duyduğu sahəyə sərmayə yatırır. Hazırkı surənin 77-ci ayəsində bildirildi ki, insanlar iki peyğəmbərə bir tikə çörək vermədilər. Amma bu ayədə onlar böyük sərmayə qoymağa hazırlıqlarını elan edirlər.
2. Allahın övliyaları əmin-amanlıq yarada biləcək ən üstün şəxslərdir. Onlar xalqı çətinlikdən qurtarmaq imkanındadırlar.
3. Əmin-amanlığa olan ehtiyac məskən və libasa olan ehtiyacdan önəmlidir. (Günəş qarşısında kölgənəcəyi olmayanlar Zül-Qərneyndən asayiş istədilər.)
4. Bəşər cəmiyyətində asayiş məsələsi çox mühüm məsələdir. Bu səbəbdən də cəmiyyətdə asayişi pozanlar üçün ən ciddi cəza nəzərdə tutulur.
5. Fəsad törədənlərin həbsi caizdir.

قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا
“(Zül-Qərneyn onlara cavab olaraq) dedi: «Rəbbimin mənə verdiyi (qüdrət) daha yaxşıdır. Mənə öz gücünüzlə yardım göstərin, sizinlə onlar arasında möhkəm sədd çəkim.»” (95)

آتُونِي زُبَرَ الْحَدِيدِ حَتَّى إِذَا سَاوَى بَيْنَ الصَّدَفَيْنِ قَالَ انفُخُوا حَتَّى إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا
“Mənim üçün dəmir parçaları gətirin. Elə ki, iki dağın arası (dəmir parçaları ilə) dolubbərabərləşdi, dedi: «Onu alovlananadək üfürün.» Dedi: «Ərimiş mis gətirin, dəmirlərinüzərinə töküm.»” (96)

فَمَا اسْطَاعُوا أَن يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا
“(Bu dəmir divar hazırlandıqdan sonra Yə’cuc və Mə’cuc) onu nə adlaya, nə də dağıdabildilər.” (97)

Nöqtələr

● Çatın tutulması “rədm”, kənar və tərəf “sədf”, ərimiş mis “qitr”, böyük dəmir parçası “zubər” adlanır.
● İmam Sadiq (ə) buyurur: “Təqiyyə dedikdə sizinlə müxaliflər arasında onların aşa və dələ bilməyəcəyi sədd nəzərdə tutulur.” (“Təfsire-Nurus-səqəleyn”)
Bildirişlər
1. İlahi övliyaların nəzərində bütün imkanlar Allahdandır.
2. Peyğəmbərlər risalət və xalqın hidayəti üçün kimsədən pul və maddiyyat ummamışlar.(Bax: “Şuəra”)
3. İnsanların imkanları onların faydası yolunda istifadə olunmalıdır.
4. Məqsədə çatmaq üçün proqram, istək və büdcədən əlavə xalqın çalışqanlığı və iştirakı da lazımdır.
5. Bəzən maddi yardımlardan yox, insani qüvvədən kömək istənilməlidir.
6. Dəmir və mis qatqısı peyğəmbərlərin kəşfidir. (Bu gün də elmi baxımdan uyğun tərkib əhəmiyyətlidir.)
7. İşin möhkəm və nöqsansız yerinə yetirilməsi peyğəmbərlərə xas xüsusiyyətlərdir. Zül-Qərneynin tikdiyi sədd o qədər möhkəm idi ki, kimsə onu aşa və dələ bilmirdi.
8. İctimai problemlərin həllində həmdərd insanların əl-ələ verməsi lazımdır. Çəkilən zəhmətlərə qiymət verdikdə iş dəyərli olur.
9. Ləyaqətli rəhbərlər elm və sənət, qarşılıqlı yardım sayəsində ən sadə fərd və vasitələrlə ən üstün işlər görürlər. Əgər müdir ləyaqətli olsa, sadə işçilər mühüm layihələri həyata keçirə bilərlər.

قَالَ هَذَا رَحْمَةٌ مِّن رَّبِّي فَإِذَا جَاء وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاء وَكَانَ وَعْدُ رَبِّي حَقًّا
“(Zül-Qərneyn) dedi: «Bu, Rəbbim tərəfindən böyük mərhəmətdir. Rəbbimin və’di yetişənvaxt onu dağıdıb hamarlayar. Rəbbimin və’di haqdır.»” (98)

Nöqtələr

● Zül-Qərneynin tikdiyi sədd bəzilərinin iddia etdiyi kimi Çin səddi deyil. Çünki həmin sədd dəmir və mislə düzəlmişdi. Qafqaz ərazisində yaxınlığında çay axan dəmir bir sədd tapılmışdır. Bu səddin həmin sədd olduğu daha inandırıcı görünür. (\"Təfsire-nümunə\")
Bildirişlər
1. İlahi insanlar heç vaxt qürrələnmir və Allahın rəhmətindən yardım aldıqlarını bilirlər.
2. Bütün səylər, dəyişikliklər bəşəriyyətin tərbiyəsi və inkişafı üçündür. Bu məqsəd ayədə 3 dəfə təkrarlanır.
3. Allahın rəhmət və rübubiyyəti bir-birinə bağlıdır.
4. Asayiş ilahi rəhmətdir. Adı çəkilən sədd xalqın əmniyyəti üçün tikilmişdi.
5. İş və səyin ilahiliyi, ciddilik, xalqın həmkarlığı, müdiriyyət və sənət, uca məqsədlər - bütünlüklə ilahi lütflər məcmuəsidir.
6. Xalqın asayişini tə’min etməklə daha yaxşı təbliğ və də’vət etmək olar, eləcə də, digər işlər üçün zəmin yaranar. Zül-Qərneyn səddi başa çatdırdıqdan sonra xalqı yaranış və məadla tanış etdi.
7. Qiyamət astanasında hər şey xarab olar.
8. Allahın iradə və qüdrəti qarşısında insanların ən möhkəm qalaları davamsızdır.
9. İlahi insanlar Allahın lütfünə istinad edərək gələcəkdən xəbər verirlər.
10. İşin möhkəm görülməsini Allahın övliyalarından öyrənmək lazımdır. Onlar qiyamət astanasınadək yerində dayanası sədd düzəldirlər.
11. Həm dünya işlərini nöqsansız və möhkəm yerinə yetirmək, həm də ilahi qüdrəti danıb fərdi gücün puçluğunu unutmamaq lazımdır.
12. İlahi rəhbərlər insanların həm dünyasını abad edir, həm də onların diqqətini axirətə yönəldirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .