Ilahİ məqamlara çatmağın ən böyük maneəsİ nədİR?


Allah dərgahına doğru mə’nəvi təkamülün, ilahi məqamlara çatmağın ən böyük maneəsi mürid şəxsin nəfsinin qabiliyyətinin olmamasıdır. Günaha batmaq nəticəsində aludə olub qaralan bir qəlb ilahi nurların saçma məkanı ola bilməz. İnsanın qəlbi günah nəticəsində şeytanın əmr mərkəzinə çevrilsə, Allah dərgahına yaxın olan mələklər ora necə nazil ola bilər?!
İmam Cə’fər Sadiq (ə) buyurur: “İnsan günaha mürtəkib olan zaman onun qəlbində qara bir nöqtə yaranır. Əgər günahdan tövbə edərsə, həmin qara nöqtə məhv olub aradan gedir. Əgər günaha davam edərsə, qara nöqtə də tədricən böyüyür. Nəhayət qəlbin hər bir yerini örtür. Belə olan halda bu qəlb sahibi heç vaxt nicat tapmaz.”
İmam Cə’fər Sadiq (ə) buyurur: «Atam belə buyurdu: “İnsan qəlbi üçün günahdan da pis bir şey yoxdur. Çünki günah qəlblə müharibəyə başlayır, nəticədə, ona qələbə çalır. Belə olduqda qəlb tərsinə çevrilir.”»
Günahkar şəxsin qəlbi tərsinə çevrilir və öz yolunun əksinə hərəkət edir. Belə olan halda Allah dərgahına necə yaxınlaşa bilər və ilahi nuru necə əxz edə bilər?! Deməli, mürid insana vacibdir ki, əvvəlcə nəfsini saflaşdırsın, günahlardan təmizlənməyə çalışsın. Məhz bundan sonra riyazət və zikrə başlasın. Əks halda onun zikr və ibadətdəki sə’yləri və fəaliyyətləri onu Allah dərgahına yaxınlaşdırmayacaqdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .