Qəm-qüssədən necə qurtulmaq olar?


İmam Əlidən (ə) soruşurlar ki, Allahın ən möhkəm məxluqu nədir? Həzrət (ə) cavab verir: “On şeydir: möhkəm dağlardır ki, dəmir ona qələbə çalar. Atəş dəmiri yeyər və su atəşi söndürər. Bulud suyu gəzdirər, külək buludları sıxar. İnsan küləyə qələbə çalar, məstlik insana hakim olar. Yuxu məstliyi məğlub edər. Qəm-qüssə yuxuya qələbə çalar. Deməli, Allahın ən möhkəm məxluqu - qəm-qüssədir”.

Qurani-Kərimdə qəm sözü 40 dəfə işlənmişdir. Qəm insan nəfsini yaralayan bir haldır. Ona görə də insana ziyan vurar. Qəm və qüssədən uzaq olmaq üçün onu tanıyaq və aradan qaldırmağa çalışaq.



Yalançı qəm.

Yalançı qəm yanlış həyəcanlardır ki, bəzən şeytan tərəfindən vəsvəsə edilir. İnsan ömrünü tələf edir. İmam Sadiq (ə) buyurur: “Dünyaya rəğbət göstərmək - qəm-qüssəni yaradan amildir. Zahidlik isə qəlbin rahatlıq amilidir”.



Həsrət çəkmək.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim başqalarının əlində olana həsrətlə baxarsa, qəmi uzun və təəssüfü davamlı olar”.

Ona görə də belə bir həsrət qəm-qüssədən qaynaqlanır. Siz indiyə qədər qəmi olmayan bir paxıl insan görmüsünüzmü? İmam Əli (ə) buyurur: “Həsəd çəkən adamdan özünə qarşı daha zalımını görmədim. Çünki onun qəlbi pərişanlığı və həmişəlik qəmi vardır”.



Səbirsizlik.

İnsanda səbirin və hövsələnin olmaması onu qəm-qüssəyə düçar edər.



Qüssə yemək.

Qəm və qüssə xəstəlik gətirər. Həkimlərin nəzərinə görə, bir çox cismi və ruhi xəstəliklər qəm və qüssədən qaynaqlanır. İnsan qəlbində qəm çəkərək, bədənində zəhər istehsal edər. Bu zəhər onun immunitet sisteminə ziyan vurular. Qəm insan nəfsini yaralayar, onun inkişaf etməsinə mane olar. İnsanın enerjisini hədər verər. Bu fani dünya üçün bu qədər qəm çəkməyə dəyərmi?



Yalançı qəmin təsiri.

Dünya qəmi insana müsbət təsir qoymaz. Əksinə, insanda ümidsizlik yaradar. Çoxlu qəm yemək insanı tez qocaldar, bədəni çürüdər. İnsanda müxtəlif xəstəliklər törədər. Qəm çəkən insanın əxlaqı pis və kobud olar. Ona görə də İlahi rəhməti görməz, nəticədə ona qarşı bədgümanlıq olar.



Qəm və qüssə ilə mübarizə yolları.

a) İlahi rəhmətə sevinmək.

“De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. (“Yunus” 58).



b) Səbir.

“(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir”. (“Hədid” 23).

O insan ki, müsibətlə rastlaşar, qəmgin olar. O zaman ki, şiddətlə qəm çəkər, Allaha ah-nalə etsin və səbrin pənahında sakit olsun. “Ey iman gətirənlər, səbir və namazdan kömək diləyin ki, həqiqətən Allah səbir edənlərlədir”. (“Bəqərə” 153).



c) Tövbə.

İnsan qəm və qüssəsini istiğfar edərək və Allaha pənah apararaq, aradan apara bilər. Çünki insanın başına gələn bir çox hadisələr əməllərinin nəticəsidir. Allah heç kimə zülm etməz. “Qovulmuş Şeytandan Allaha pənah apar”. (“Nəhl” 98).



Həqiqi qəm.

Bəs həqiqi qəm nədir? Hədislərdə oxuyuruq ki, insan qəlbini təmizləmək istəyirsə, qəm-qüssə yeməlidir. Ancaq dünya qəmi deyil, bəlkə pis əməl və rəftarının qəmini çəkmək nəzərdə tutulur. Çünki bu əməl və rəftar səni Allahdan uzaqlaşdırmışdır.

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Allah haradadır? Buyurur: “Sınmış qəlblərin yanında”.

Təbiidir ki, bu qəm - dünya qəmi deyildir. Allah Quranda buyurur: “İlahi Övliyaların qəlblərində qəm və qorxuları yoxdur”. Yəni dünya qəmi heç bir zaman onlara əziyyət verməz.

Beləliklə, qəm və qüssədən uzaq olaq, ancaq həqiqi qəm yeyək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .