DİN NƏDİR?


Din – peyğəmbərlərin Allah tərəfindən bəşəriyyəti hidayət etmək və onlara yol göstərmək üçün gətirdiyi bir sıra elmi, əxlaqi və əqidəvi göstərişlərdən ibarətdir. Bu əqidələrə etiqad bəsləyib onun göstərişlərini yerinə yetirmək insanın hər iki dünyada səadət və xoşbəxtliyini təmin edir. Deməli, biz dindar olub Allahın, Peyğəmbərin göstərişlərinə tabe olsaq, həm müvəqqəti olan bu dünyada, həm də əbədi bir aləm olan axirət dünyasında sonsuz xoşbəxtliyə nail ola bilərik.
Bildiyimiz kimi, yalnız o şəxslər həqiqi xoşbəxtlik və səadətə nail ola bilərlər ki, həyatda düzgün hədəfə malik olsunlar, səhv və azğın yolda olmasınlar, yaxşı və bəyənilən əxlaqa, insani keyfiyyətlərə yiyələnsinlər, yaxşı işlər görərək, təlatümlə dolu olan dünya həyatında xatircəm, qüvvətli və aram qəlbə malik olsunlar.
İlahi din bizləri məhz həmin səadət və xoşbəxtliyə doğru aparır; din olmadıqda isə həqiqi səadət və xoşbəxtliyin gerçəkləşməsi mümkün deyildir. Dini əqidələr insanın qəlbində yerləşən və hər bir halda onunla olub, onu rəzalətlərdən, yaramaz əməllərdən saxlayaraq insani fəzilətlərə doğru sövq edən məxfi polisə bənzəyir.
İman insanın ən güclü, möhkəm və etibarlı sığınacağıdır. İmanlı şəxslər həyatın enişli-yoxuşlu yollarında heç vaxt qorxuya, qəm-qüssəyə düçar olmurlar. Allaha pərəstiş edənlər heç bir xoşagəlməz hadisə qarşısında özlərini itirmir, alçaqlıq və həqarət hissi də keçirmirlər; çünki onlar, Xaliqin qeyri-məhdud və mütləq qüdrətinə arxalanmışlar; bütün hallarda Onu yad edir və yalnız Ona sığınırlar. Belə insanlar həmişə xatircəm, aram və güclü qəlbə malik olurlar.
Dinimiz bizə gözəl əxlaqa, insani keyfiyyətlərə malik olmağı tövsiyə edir, mümkün qədər yaxşı və bəyənilən işlər görməyə çağırır.
Buna əsasən din üç hissəyə bölünür:
1. Etiqadlar;
2. Əxlaq;
3. Əməl.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .