XALİS İBADƏT NECƏ OLMALIDIR?


Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.
Müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Hətta qış aylarında sobanın kənarında qızışmaq üçün namaz qılarsa, namazı batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir: “...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” Hədisdə buyurulur: “Cəbhədə qənimət yığmaq, güc nümayiş etdirmək və bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur.”
İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Əsgəri (ə) buyurur: “İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanın hərəkətindən daha gizlindir.”
Həzrət Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:
“Xalis niyyət son hədəfdir.”;
“İxlas qurtuluşdur.”;
“İman xalis iş görməkdir.”;
“İxlas imanın ən üstün mərtəbəsidir.”;
“İxlasla olmayan bütün əziyyətlər məhvə məhkumdur.”;
“Allahın əzəmətini anlamağın nəticəsi Ondan başqası üçün heç bir iş görməməkdir.”;
“Əməlin qəbul olması və ucalması ixlasa bağlıdır.”;
“Niyyətlər xalis olarsa, əməllər inkişaf edər”;
“Yalnız Allah üçün iş görənlər istəklərinə çatar.”
Bir çox başqa hədislər göstərir ki, ixlasın məqamı ucadır. Xalis niyyət əməllərə dəyər verir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .