İnsan həmİşə İbadətdə ola bilərmİ?


Dinimiz insanın ötəri durumda deyil, əsaslı surətdə öz həyatına yanaşmasını istəyir. Deyilənlərdən bir məhəbbət fəlsəfəsi önə çıxır ki, Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı insan - ibadətə aşiq olandır...”
İslamın nəzərində insanın Allahın razılığına səbəb olan hər bir əməli ibadətdən sayılır. İşləməkdə, ailə üzvləri ilə, dostlarla, qohumlarla, digər insanlarla münasibətdə, vətəndaş mövqeyinin təzahüründə, elm oxumasında, təhsil almasında - hər bir vəziyyətdə və zamanda insan Rəbbinin rizayətini, razılığını rəhbər tutursa, ibadət etmiş olur.
Bir də ki, dinimiz düşünülmüş, idraklı, şüurlu, anlaqlı ibadətİ istəyir insandan. Yoxsa tez şölələnib, tez də sönər insan. Amma əgər insanın yanaşması məfkurəvi, əqidəvi olsa, onun bəndəlik durumu, ibadi durumu davamlı, əsaslı və dayanıqlı olar.

Bu əlaqədə İmam Səccad (ə) buyurur: “İdrak və Allahı tanımaqla olan ibadətdən başqa bir ibadət yoxdur”.
Yəni dinimiz insanın təfəkkürlə ibadətini qəbul edir. Təfəkkürsüz ibadət beləsindən sayılmaz. Bu məsələlər bilinməlidir, İslamı doqmatik, sxolastik təlim kimi təqdim etmək istəyənlərin səyi faş olunmalıdır. Dinimizin hidayətedici nuru bütün bəşəri şölələndirməlidir. Uca Allah bu yolda hər bir müsəlmana yardım etsin, inşəallah!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .