TƏBİİ (HEYVANİ) VƏ QÜDSİ (İLAHİ) NƏFSLƏR NƏ DEMƏKDİR?


Təbii və ya heyvani nəfs dünya malına, günaha, alçaq işlərə meyllidir. Eqoizm, özünəpərəstlik, paxıllıq və s. bu nəfsin xüsusiyyətləridir. Qüdsi və ya ilahi nəfs isə Allahla yaxınlığa, mərhəmətə, ədalətə, fədakarlığa və s. meyllidir. Bu nəfs pak olan ilahi bir ruhdur. “Hicr” surəsinin 29-cu ayəsində buyurulur: “Ona öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin.” Bəli, mütməinnə nəfs həmin ruhdur. Demək, daxilimizdə daim mübarizədə olan qüvvələr eyni bir nəfsin iki yönümüdür. İnsan cism və ruhdan təşkil olunduğundan bəzi ehtiyaclar ruha, bəziləri isə cismə aiddir. Məsələn, pulu olmayan insan yemək istəməklə yanaşı, kimsəyə əl açmayıb şəxsiyyətini qorumaq da istəyir. O, ya şəxsiyyətini qoruyub ac qalmalı, ya da şəxsiyyətini sındırıb qarnını doyurmalıdır. Bu istəkdən biri cismə, digəri ruha aiddir. Bu mübarizə biri heyvani, digəri ilahi olan iki “mən” və ya iki “ruh” arasında yox, vahid insanın iki istəyi arasında gedir. Ola bilər ki, iki istək bir-birinə müqavimət yox, yardım göstərsin.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .