NƏ ÜÇÜN BƏ’ZİLƏRİ CAMAAT NAMAZINA GETMİRLƏR?


Camaat namazının müsbət tə’sirləri və mükafatlarına baxmayaraq, bə’ziləri bu böyük feyzdən məhrumdurlar. Çox təəssüf ki, bə’ziləri camaat namazına e’tinasız və maraqsızdırlar. Hətta məscidin qonşuluğunda yaşayıb, müsəlmanların camaat namazına gəlməyənlər var. Bə’zən məscidlərdə narahatlığa səbəb olan boşluq yaranır.
İnsanların camaat namazında iştirak etməmələrinin müxtəlif səbəbləri var. Bə’ziləri həqiqətən üzürlüdür və onların dəlilləri qəbul olunasıdır. Lakin bir çox hallarda deyilənlər puç bəhanələrdir. Belə puç dəlil və bəhanələrə nəzər salaq:

Bə’ziləri camaat namazının mükafatından xəbərsizdirlər; bə’ziləri məsciddə bə’zi namazqılanların pis rəftarına görə camaat namazına maraq göstərmir; bə’ziləri yalnız pişnamazın pis əxlaqını bəhanə edir və onun pis əxlaqını ədalətə zidd sayırlar. Buna görə də camaat namazında iştirak etmirlər; bə’ziləri İmamın fərqli siyasi fikirlərinə görə camaat namazından uzaqlaşırlar; bə’ziləri gündəlik iqtisadi və ictimai fəaliyyətlərə görə camaat namazının böyük mükafatından məhrum olurlar; bə’ziləri məscid əhlinin soyuq rəftarından inciyir və bir daha məscidə gəlmirlər; bə’ziləri İmamın (pişnamazın) yaxın qohumlarının eyblərini onun üzərinə yükləyir və onu qəbul etmirlər; bə’ziləri pişnamazın ədalətsizliyinə aşkar dəlilləri olmadan öz iştiraklarını onun cəmiyyətdə ucalma səbəbi bilir və bu işdən çəkinirlər; bə’ziləri təkəbbürlü olduqları üçün cavan, kasıb, eyni zamanda, pak, e’tibarlı və layiq pişnamaza iqtida etmirlər; bə’ziləri ibadət zamanı tənbəl və hövsələsizdirlər. Onlar camaat namazını yük hesab edir. Onlar üçün başqa işlərdən ayrılıb müsəlmanların camaat namazına qatılmaq çətin gəlir; bə’ziləri camaat namazı uzun çəkdiyi üçün məsciddən qaçır; bə’ziləri isə məscid işçilərini xoşlamadığı üçün məscidə gəlmir.
Bütün bunlar camaat namazına soyuq münasibətin səbəblərindən idi.
Gördüyünüz kimi, deyilənlərin əksəri qəbul olunmayası bəhanələrdir.

Əgər xalqın dini səviyyəsi və agahlığı artarsa, insanlar qeyd olunmuş səbəbləri kənara qoyub, ixlasla və birlikdə nizamlı sıralarda çiyin-çiyinə oturar; əgər camaat namazının böyük mükafatını unutmasalar, pişnamazın pis xasiyyətini onun ədalətinə zidd bilməsələr, qohumlarının günahını onun üzərinə yükləməsələr, dini toplumun böyük müsbət tə’sirlərini və bərəkətini yada salsalar, məscidlərin işıqlandığını və camaat namazlarında yaranmış seyrəkliyin yox olduğunu görəcəyik.
Əlbəttə, pişnamazın əxlaqi və elmi səlahiyyətləri, qaynar mühit, fəal məscid, camaatla, xüsusi ilə cavanlar və yeniyetmələrlə mehriban davranış onların məscidə, vəhdət və mə’nəviyyat mərkəzinə cəzb olunmalarında böyük rol oynayır.
Ölkənin təbliğat və mədəniyyət məs’ulları da bu zəmində mühüm rol oynayır.
Əgər hörmətli tərbiyəçilər, müəllimlər, atalar və analar camaat namazlarında iştirak etsələr, şagirdlərinin, övladlarının gözü qarşısında namaz qılsalar və ya məscidlərə getsələr, bütün bunlar başqalarına da dərs olar.
Əgər məktəblər məscidlərin yaxınlığında tikilsə, bu, şagirdlərin camaat namazında iştirak etməsini asanlaşdırar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .