«HƏMM» NƏDİR?


İmam Sadiq (ə) İbn Cündəbə buyurur ki, mömin yalnız ilahi əzabdan qurtulmaq üçün düşünüb cəhd edə, qəmlənə bilər. Əbədi əzabdan qurtuluş fikrindən yaranan cəhd, qüssə faydalıdır. Bütün şüurlu varlıqlar fitrətən əzab-əziyyətdən uzaq olmağa meyilli yaradılmışlar. Demək, bu varlıqların fəaliyyətində mənfəətə qarşı maraq və zərərdən uzaqlaşmaq xüsusiyyətləri vardır. Digər bir tərəfdən ağrı-acı içində olan insan nə qədər ki rahatlaşmayıb heç bir ləzzət haqqında düşünmür. Məsələn, dişi ağrıyan adam yalnız canını bu ağrıdan qurtarmaq barədə düşünür və çalışır.

Sual: İnsan gələcəkdə qarşılaşacağı çətinliklərdən qurtulmaq üçün eyni cür səy göstərirmi? Tutaq ki, insanı müəyyən bir şəhərdə xeyli qazanc gözləyir. Amma həmin şəhərdə yolxucu bir xəstəlik yayılıb. Bu insan qazanca çatmaq üçün xəstəliyə yoluxmağa razıdırmı?
Onun seçimi təhlükəyə nə dərəcədə inanmasından asılıdır. Əgər insan təhlükəyə düşəcəyinə əmindirsə, özünü qorumaq üçün qazancdan keçir.

Diqqət: Qarşıya çıxacaq təhlükədən qurtulmaq üçün çarə axtarışı ərəb dilində «həmm» adlanır. Bu halı keçirən şəxsə isə «məhmum» deyirlər. «Mühüm», «əhəmiyyət» sözləri də həmin kökdəndir. Gələcəkdə hansısa çətinliklərlə üzləşəcəyini ehtimal edərək, insan bu çətinlikləri aradan qaldırmaq üçün cəhd edir. Bu cəhd, himmət «həmm»dir. «Həmm» sözünün lüğəti mənası isə «cəhd», «qəm», «qüssə», «kədər»dir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .