Sİleyİ-rəhm nədİr?


Qohumluğun iki növü vardır:

nəsəbi (soy, nəsil).
səbəbi.
Qan qohumluğuna nəsəbi qohumluq deyilir. Məsələn, ata, ana, bacı, qardaş, əmi, bibi, dayı, xala, baba, nənə və onların övladları nəsəbi qohumlardır. Səbəbi qohumluq isə nigah vasitəsilə əmələ gəlir. Məsələn, ərlə-arvad arasında hər iki tərəfin qohumluğu.

Sileyi-rəhim (qohumluq əlaqəsi) nədir?
İnsan öz qan qohumları ilə mütəmadi olaraq əlaqə saxlamalı, onlarla əlaqəsini kəsməməlidir. Qohumlar xarakter cəhətdən bir-birilə fərqləndiyinə görə onların hər birinə fərdi yanaşıb xasiyyətlərinə uyğun davranmaq lazımdır. Bəzən bircə telefon danışığı bu bağlılığın möhkəmlənməsinə xidmət edir. Qohumlarla əlaqəni tamamilə kəsmək böyük günahlardandır. Bir sözlə, başqalarından artıq hüquqa malik olana qarşı mehribanlıq və onların dərd-sərinə yetişmək sileyi-rəhm adlanır. Buna görə də fiqhdə qan qohumlara daha artıq yer verilir. (Maddi cəhətdən imkanlar çox olarsa, qohumlar arasında kasıb şəxslərin hüququ başqalarından daha artıqdır). Belə məsələlər fərdi və ictimai əhəmiyyət daşıdığından İslamda buna çox böyük yer verilir, belə ki «Quran»da qohumlara yardım dövlətlilərin öhdələrində olan vəzifələrdən biri kimi hesab edilir.
«Qohum-əqrəbaya da, miskinə də, (pulu qurtarıb yolda qalan) müsafirə də haqqını ver. Eyni zamanda (mal-dövlətini əbəs yerə) sağa-sola də səpələmə!» («İsra» - 26).
«Yaxın qohuma, yoxsula, (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!» («Rum»-38).
Başqa bir ayədə isə xeyirxah insanın sifətləri açıqlanarkən belə buyurulur:
«...Xeyirxah insanlar o şəxslərdir ki, mal-dövləti çox sevmələrinə baxmayaraq (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir....» («Bəqərə» - 177).
Bu ayələrdən belə başa düşülür ki, qohumluq əlaqəsi imkansız əqrabaya əl tutub, ehtiyacını ödəməkdir. Sileyi-rəhim təkcə yaxınlara baş çəkib hal-əhval tutmaqdan ibarət deyil. Əksinə, qohumluq əlaqəsi mehribanlıq və səmimiyyətlə möhkəmlənməli, daha da genişlənməlidir. Çox vaxtlar gediş-gəliş bəzi ailələr üçün narahatlığa səbəb olur, xüsusilə bu kimi hallara qonaq qarşılamaq üçün heç bir imkanı olmadıqda daha çox rast gəlinir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 .