XATƏMİYYƏT NƏ DEMƏKDİR?


İslamın əbədi din olmasını nəzərə almaqla İslam şəriətini qüvvədən sala biləcək yeni peyğəmbərin məb’us olacağı ehtimalı aradan gedir. Amma belə bir şübhə yarana bilər ki, digər peyğəmbərin gəlib İslam dinini təbliğ edərək yaymağı mümkündür. Çünki əvvəlki peyğəmbərlərin çoxu belə bir məs’uliyyəti öhdələrinə almışdılar, istər şəriət sahibi olan peyğəmbərlərlə müasir olsunlar (məsələn, həzərət Lut (ə) həzrət İbrahimin (ə) müasiri və onun şəriətinə tabe idi), istərsə də şəriət sahibi olan peyğəmbərdən sonra göndərilsinlər və ona tabe olsunlar (Bəni-İsrail peyğəmbərlərinin çoxu belə olmuşdur). Belə şübhələr yaranmasın deyə, islam Peyğəmbəri Həzrət Məhəmmədin (s) xatəmiyyət məsələsi ayrıca şəkildə araşdırılmalıdır.

QUR’ANDA XATƏMİYYƏTƏ DAİR DƏLİL
İslamın zəruri və danılmaz məsələlərindən biri də peyğəmbərlər silsiləsinin İslam Peyğəmbəri (s) vasitəsilə sona yetməsidir. Yə’ni ondan sonra heç bir peyğəmbər gəlməmiş və gələcəkdə də gəlməyəcəkdir. Hətta islama yad olanlar da bu məsələnin hər müsəlmanın e’tiqad bəsləməli olduğu İslam e’tiqadlarından biri olduğunu bilirlər. Buna görə də dinin başqa zəruri e’tiqadları kimi heç bir dəlilə ehtiyacı olmayacaqdır. Eyni halda bu mətləbi həm Qur’an ayələri, həm də mütəvatir hədislərdən istifadə edərək isbat etmək olar.
Qur’ani-kərimdə buyurulur:
“Məhəmməd (s) aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur.»
“Əhzab” surəsi, ayə:40.
Bu ayə tam aşkar şəkildə Peyğəmbəri-Əkrəmi (s) bütün peyğəmbərlərin sonuncusu kimi təqdim edir. İslam düşmənlərindən bə’ziləri bu ayənin Peyğəmbərin (s) xatəmiyyəti ilə bağlı olmasına dair iki irad tutmuşlar:
Birincisi: “Xatəm kəlməsi üzük mə’nasında da işlənir, ola bilsin ki, ayədə üzük mə’nası nəzərdə tutulmuşdur” – deyirlər.
İkincisi: “Xatəm sözü özünün məşhur mə’nasına götürülsə belə, ayənin mə’nası bu ola bilər ki, nəbilər silsiləsi o Həzrətin (s) vasitəsilə sona çatır, amma bu, rəsullar silsiləsinin sona çatmasına dəlalət etmir” - deyə bildirirlər.
Birinci iradın cavabı budur ki, “xatəm” kəlməsi bir şeyin xətm edilməsi, sona çatdırılması vasitəsinə deyilir. Üzüyə də (qədimdə) məhz ona görə xatəm deyirdilər ki, onun vasitəsilə məktubu və s. kimi şeyləri sona çatdırıb möhürləyirmişlər.
İkinci sualın cavabı bundan ibarətdir ki, risalət məqamına malik olan hər peyğəmbər nübüvvət məqamına da malikdir. Nəbilər silsiləsinin sona çatması elə rəsullar silsiləsinin də sona çatması deməkdir. Bu əvvəllər də qeyd olunmuşdur. Məfhum cəhətindən nəbinin rəsuldan ümumi olmasına baxmayaraq, işlənmə cəhətində nəbi rəsuldan daha ümumidir.

XATƏMİYYƏTƏ DAİR RƏVAYƏTLƏR
Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyət məsələsi yüzlərlə rəvayətdə aşkar şəkildə bəyan olunmuşdur. Onlardan biri də həm sünni, həm də şiələr tərəfindən Peyğəməbrdən (s) mütəvatir şəkildə nəql olunan və məzmununda heç bir şübhəyə yer olmayan “Mənzilət» adlı hədisdir. O hədisdə deyilir:
«Peyğəmbər (s) Mədinədən Təbuka hərəkət etdiyi zaman həzrət Əlini (ə) müsəlmanların işlərini idarə etmək üçün öz yerinə canişin tə’yin etdi. Həzrət Əli də (ə) bu cihadda iştirak etmək feyzindən məhrum olduğuna görə qüssələndi. Bu zaman Peyğəmbər (s) ona buyurdu: «Mənimlə sənin bir-birimizə olan nisbətimizin Musa ilə Harunun bir-birinə olan nisbəti kimi olmasına razı olmazsanmı?!» Bundan sonra «Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur» -deyə buyurmaqla ki, heç bir şəkk-şübhəyə yer qoymadı.»
Başqa bir rəvayətdə Peyğəmbərdən (s) belə nəql olunur: “Ey insanlar! Məndən sonra heç bir peyğəmbər, sizdən sonra da heç bir ümmət yoxdur.»
“Nəhcül-bəlağə”nin bir neçə xütbəsində və mə’sum İmamlardan (ə) nəql olunan çoxlu rəvayət, dua və ziyarətnamələrdə bu mətləbə kifayət qədər toxunulmuşdur. Onların hamısını qeyd etməyə imkan yoxdur.

NÜBÜVVƏTİN TAMAMLANMASININ SİRRİ
Yuxarıda qeyd olunduğu kimi, peyğəmbərlərin sayının çoxluğu və onların bir-birinin ardınca gəlməsinin səbəbi budur ki, bir tərəfdən keçmiş zamanlarda ilahi risalətin yer kürəsinin hər yerində və bütün ümmətlər arasında təkcə bir şəxsin vasitəsilə təbliğ olunması müyəssər deyildi, digər tərəfdən də yeni ictimai hadisə və münasibətlərin yaranması, əlaqələrin mürəkkəbləşməsi və genişlənməsi əvvəlki qanunların dəyişilməsini tələb edirdi. Həmçinin, zamanın keçməsi, şəxslərin cəhalət və qərəz əsasında olan dəxalətləri vasitəsilə yaranan təhriflər və dəyişikliklər digər peyğəmbər vasitəsilə ilahi tə’limlərə düzəliş verilməsini gərəkli edirdi.
Deməli, ilahi risalətin dünya səviyyəsində bir peyğəmbər və onun köməkçilərinin vasitəsilə təbliğ olunması müyəssər olduğu təqdirdə, bir şəriətin qanunlarının cəmiyyətin hazırkı və gələcəkdəki ehtiyaclarını tə’min edəcəyi və qarşıya çıxan yeni məsələlər barəsində nəzər verə biləcəyi şəraitdə, eləcə də onun təhriflərdən uzaq qalıb davam etməsinə zəmanət verildikdə, yeni bir peyğəmbər göndərilməsinə lüzum qalmaz.
İnsanların adi elmləri belə şəraitləri ayırd edə bilmədiyindən Mütəal Allah Özünün sonsuz elm və qüdrəti ilə bu şəraitin yaranma zamanını bilir. Nübüvvətin də xətm olunmasını yalnız O, e’lan edə bilər. Belə ki, bu işi Özünün sonuncu səmavi kitabında bəyan etmişdir.
Bunu da qeyd edək ki, nübüvvətin xətm olunması Allah ilə bəndələr arasında hidayət əlaqələrinin tamamilə kəsilməsi demək deyildir. Əksinə, Mütəal Allah hər vaxt məsləhət görsə Özünün layiqli bəndələrinə qeyb elmini, hətta, nübüvvət vəhyi surətində olmasa belə əta edər. Belə ki, şiələrin inancına görə, Allah belə elmləri mə’sum İmamlara əta etmişdir. Allahın istəyi ilə bu məsələni İmamət ilə əlaqədar bölmələrdə araşdıracağıq.

BİR ŞÜBHƏ VƏ ONUN CAVABI
Yuxarıdakı bəyanlardan aydın olur ki, nübüvvətin xətm olunmasının sirri budur ki, əvvəla, Peyğəmbər (s) öz köməkçiləri və canişininin köməyi ilə özünün ilahi risalətini bütün dünyaya çatdıra bilərdi. İkincisi, onun gətirdiyi səmavi kitabın hər növ təhrifdən amanda qalacağına zəmanət verilmişdir. Üçüncüsü, İslam şəriəti dünyanın axırına qədər bəşəriyyətin ehtiyac duyduğu bütün məsələlərə cavab verməyə qadirdir.
Amma bə’ziləri sonuncu mətləb barəsində şübhə yaradıb deyə bilər ki, keçmişdə ictimai rabitələrin get-gedə mürəkkəbləşməsi yeni hökmlərin verilməsini, yaxud əvvəlki hökmlərin dəyişməsini tələb etdiyi zaman digər bir peyğəməbər məb’us olduğu kimi islam Peyğəmbərindən də (s) sonra ictimai rabitələrdə nəzərə çarpacaq və daha mürəkkəb dəyişikliklər baş verdiyindən, belə dəyişikliklər yeni şəraitin yaranmasını və nəticədə yeni peyğəmbər göndərilməsini necə tələb etməyə bilər?
Cavabda deməliyik ki, hansı dəyişikliklərin əsaslı qanunlar gətirilməsini tələb etdiyini ayırd etmək adi insanların qüdrət və bacarıq dairəsindən xaricdədir. Çünki bizim hökm və qanunların hikmət və səbəblərinə elmi əhatəmiz yoxdur. Əksinə, biz İslamın əsas qanunlarının dəyişilməsinə ehtiyac duyulmadığını, bu dinin əbədi din olmasından və Peyğəmbəri-Əkrəmin (s) xatəmiyyətindən dərk edirik.
Əlbəttə, biz yeni qayda-qanunların qoyulmasını tələb edən yeni ictimai hadisələrin varlığını da inkar etmirik. Amma İslam şəriətində bu kimi cüz’i qanunlar yaratmaq üçün müəyyən prinsip və qaydalar nəzərdə tutulmuşdur ki, səlahiyyətli məqam sahibləri onların əsasında lazımi qanunlar çıxara və icra edə bilər. Bu mətləbin təfsilatını İslam fiqhində, islami hökumətin ixtiyarı (mə’sum İmam və vəliyyi-fəqih) bölməsində araşdırmaq lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter