İMAN NECƏ TƏRİF OLUNUR?


İMANIN TƏ᾽RİFİ
İnsanların mə᾽nəvi və yüksək inamları, onların bu aləmdə olan bə᾽zi həqiqətlərə qarşı iman və e᾽tiqadından doğan bir şeydir. İnsanın iman gətirdiyi bu inanclar həm fərdin və həm də təbiətin fövqündə dayanan həqiqətlərdir. Bu cür iman və e᾽tiqadlar öz növbəsində, Allahın peyğəmbərlər vasitəsilə insanlara təqdim etdiyi dünyagörüşündən doğan məsələlərdir. Buna görə də, insanın yüksək mə᾽nəvi inamı özü üçün fikri və e᾽tiqadi bünövrə qurduqdan sonra «iman» adını kəsb edir.
Hikmət alimləri islamda olan imanın dərrakə və düşüncə ilə bağlı olduğunu söyləyirdilər, amma iman haqqında olan bu izahlara diqqət yetirdikdə, onları islami əsaslarla heç cür tətbiq etmək olmur. Çünki islamda olan iman dərrakə və düşüncədən daha geniş bir həqiqətdir. Məsələn, sosioloq cəmiyyəti, zooloq heyvanları, psixoloq isə insan psixloligiyasını araşdırır və öyrənir. Bunları tanıyıb bilmək, onların həqiqətlərini dərk etmək deməkdir.
Görəsən Qur᾽anda buyurulan iman da belədir, yoxsa yox? Əlbəttə yox! Çünki, Allah və peyğəmbərə olan iman təkcə onları dərk etməkdən ibarət deyildir və burada əlavə olaraq inam və təslim olmaq da tələb olunur. İman adlı bir məfhuma inam, təslim və məhəbbət ünsürləri də daxildir. İnsan həmişə dərk etdiyi şeylərə meyl və rəğbət göstərmir. Astronom ulduzlara meyl və rəğbət bəsləmir, sadəcə olaraq onları öyrənir və dərk edir. Başqa sahədə çalışan alimlər də öyrəndiyi şeylərə rəğbət bəsləmir və sadəcə olaraq onları dərk edirlər.
Hətta bə᾽zən insanın öyrəndiyi və dərk etdiyi şeylərə nifrət etməsi də mümkündür. Siyasətçilər düşmənlərini özlərindən daha yaxşı tanıyırlar, amma bu o demək deyildir ki, onlara rəğbət bəsləyirlər.
Müsəlman alimlərin imanın təkcə düşüncə və dərk ilə bağlı olmadığını söyləmələrinin səbəbi, Qur᾽anda Allahı və Onun peyğəmbərini, eləcə də mə᾽adı hamıdan yaxşı dərk edən, amma bu həqiqətlərə kafir olan varlığın adının çəkilməsidir. Yəqin ki, bu varlığın Şeytan olması hamıya mə᾽lumdur. Şeytan Allahı bizdən daha yaxşı tanıyır və uzun illər Ona ibadət etmişdir. O, mələkləri, peyğəmbərləri və mə᾽adı çox gözəl dərk edir, amma buna baxmayaraq Qur᾽an onun kafir olduğunu söyləyib buyurur: «...Kanə minəl kafirin». (Sad surəsi-74). Yəni [Şeytan] kafirlərdən oldu.
Əgər filosofların iddiasına uyğun olaraq, iman ancaq düşüncə və dərk ilə əldə olunsaydı, Şeytan hamıdan əvvəl mö᾽min olardı. Amma gördüyünüz kimi belə deyil, çünki o, Allahı tanıya-tanıya inadla Onunla müxalifətçilik edir, düşünüb dərk etdiyi həqiqət qarşısında təslim olmayır və Ona rəğbət bəsləmir.
Deməli, qeyd etdiyimiz kimi, iman təkcə düşüncə ilə bağlı deyildir. İslam filosoflarının çoxu Qur᾽anda «Ət-Tin» surəsindəki «...İlləlləzinə amənu» (iman gətirənlərdən başqa) ifadəsini nəzəri hikmət, «Və əmilussalihat»ı (saleh əməllər edənlərin) isə əməli hikmət adlandırırlar.
Halbuki, «...İlləlləzinə amənu» ifadəsi nəzəri hikmətdən daha yüksək bir mə᾽nanı çatdırır və nəzəri hikmət bu yüksək mə᾽nalı məfhumun yalnız bir hissəsidir.
Deməli, bütün bu söylədiyimiz elm, mə᾽rifət, idrak və sair məfhumlardan yüksək olan daha bir məfhum da vardır ki, o da təslim, meyl və rəğbətdir.
İman, meyl və rəğbətlə yanaşı olan, eyni zamanda agahlıq üzərində qurulmuş bir məsələdir. İman agahlıqla yanaşı olduqda təslim deməkdir, yə᾽ni Allahı tanıyıb Ona rəğbətlə təslim olmaq.
İman məfhumunun daxilində, agahlıqla təslim və rəğbət bəsləməkdən əlavə, küfr ünsürü də vardır. İman gətirilən hər hansı bir şeyin qarşısında təslim olmaq zəruridir. İnsanın imanı o vaxt kamala çatmış olur ki, iman və təslim olduğu şeyin ziddinə hər nə varsa, onlara qarşı kafir olsun. Ümumiyyətlə insan əgər bə᾽zi şeylərə qarşı kafir olmasa, mö᾽min ola bilməz. Üsyan olmasa, təslim məfhumu öz mə᾽nasını əldən vermiş olur. Sizin Allaha imanınız o vaxt həqiqi olur ki, Allahın ziddinə olan hər bir şeyə qarşı kafir olasınız. Allaha təslim olub Ona baş əymək, amma Onun ziddinə olan şeylərə təslim olmamaq «iman» sayılır.
Həzrət Peyğəmbərin (s) ərəblərə birinci şüarı bu idi: «La ilahə illəllah» (Aləmlərin Rəbbindən başqa bir Allah yoxdur). Burada bir təsdiq və bir də inkar vardır.
İnkar, Allahdan qeyri-bir ilahi varlığın rədd edilməsi, isbat isə Onun öz vücudunun təsdiq edilməsidir. Allahdan başqa hər bir şeyin qarşısında üsyan və tüğyan, Allahın qarşısında isə təslim və iman olmalıdır.
Ayətəl-kursidə buyurulur:
«Hər kəs Şeytanı [və ya bütləri] inkar edib Allaha iman gətirərsə, o artıq [qırılmaq bilməyən] ən möhkəm bir ipdən [dəstəkdən] yapışmış olur.»
Qur᾽an burada da birinci küfrün, sonra isə imanın adını çəkir.
Səid ibni Ənsari Peyğəmbərin (s) səhabələrindən biri olmuşdur. Peyğəmbər (s) onun barəsində söyləmişdir:
Səid qeyrətli bir şəxsdir, mən ondan qeyrətliyəm və Allah da məndən qeyrətlidir.
«Allah məndən də qeyrətlidir» sözünün mə᾽nası o deməkdir ki, O, heç vaxt özünə şərik qəbul etməyir. Allah-taala insanlardan yalnız Onun qarşısında təslim olub, başqa heç bir şeyə baş əyməməyi tələb edir. Ona şərik qoşulmamalıdır. Həm Allaha, həm də onun ziddinə təslim olmaq qeyri-mümkündür.
İmanda agahlıq, rəğbət və meyl, təslim olmaq, tağuta (Allahın ziddinə) küfr bəsləmək ünsürlərinin hamısı bir yerdə cəm olmuşdur. «İman elm və agahlıqdan daha genişdir» ifadəsinin mə᾽nası da məhz budur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter