SALAVAT AYƏSİ NƏ HAQDADIR?


SALAVAT AYƏSİ

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
«Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər, ey möminlər (siz də) ona salavat və salam göndərin.» (Əhzab surəsi, ayə 56).
Qabaqca qeyd etdiyimiz ayələrdə Quran Əhli-beytin (ə) paklıq və ülviyyətini, onları sevməyin vacib olmasını və Peyğəmbərin (s) Əhli-beytinin məqamını bəyan etdi. Quran təfsirçiləri də Peyğəmbərin (s) hədislərindən istifadə edərək, Əhli-beyt (ə)-ın kimlərdən ibarət olduğunu müəyyən etdi. Əli, Fatimə, Həsən və Hüseyni (ə) bizlərə tanıtdırdılar. Bu ayədə (salavat ayəsində) isə Allah-taala Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat və salam göndərməyi vacib etmişdir. Qeyd edək ki, bu imtiyaz onlardan başqa heç kimə məxsus deyildir. Bunun vasitəsi ilə Quran onların dəyər və məqamlarını ucaltmışdır. Əsas məqsəd budur ki, xalq onların rəhbərlik ləyaqətinə malik olduqlarını və ümmətin həyatındakı ilahi vəzifələrini yaxşı başa düşsünlər.
Fəxri Razi öz təfsirində Peyğəmbərdən (s) bu mübarək ayənin barəsində rəvayət edilən hədisi bu şəkildə nəql etmişdir:
«Peyğəmbərdən soruşdular: Ey Allahın Peyğəmbəri! Sizə hansı qaydada salavat göndərək? O Həzrət (s) onların cavabında belə tövsiyə etdi:
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.»
Mənası: «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər, necə ki, İbrahim və onun Əhli-beytinə salavat və rəhmət göndərdin və Məhəmməd və onun Əhli-beytinə bərəkət ver, necə ki, İbrahim və onun Əhli-beytinə bərəkət verdin. Şübhəsiz, sən ibadət olunmuş və böyüksən (ey Allah).»
Fəxri Razi bu hədisi deməzdən əvvəl, bu ayəni təfsir edərkən belə demişdir: «Bu ayə Şafeinin sözünü sübuta yetirir. (Şafei deyir: «Namazın təşəhhüdündə Peyğəmbərə (s) salavat göndərmək vacibdir, qalan yerlərdə isə vacib deyil, çünki, əmr olunan işin icrası vacib olar.)»
Sonra Fəxri Razi belə yazır: «Əgər soruşsalar ki, Allahın salavatından sonra daha bizim salavatımıza nə ehtiyac vardır? Onda cavab verərik ki, Peyğəmbərə (s) salavat göndərmək, Peyğəmbərin (s) salavata ehtiyacı olduğu üçün deyildir, necə ki, Allahın salavatından sonra mələklərin də belə salavatına ehtiyac yoxdur. Amma salavat bizim Peyğəmbərə (s) qarşı olan dərin ehtiram və məhəbbətimizi bildirmək üçündür. Həmçinin bu əməl bizlərə savab qazanmaq üçün böyük imkan yaradır. Necə ki, Peyğəmbər (s) buyurmuşdur:
«Hər kim mənə bir dəfə salavat göndərsə, Allah ona on dəfə salavat göndərər».
Süyuti Əd-dürrül-mənsur kitabında belə yazır: Əbdür-rəzzaq ibni Əbi-şeybə, Əhməd və ibni Mərdəveyh, Kəb ibni Ücrədən belə nəql etmişlər ki, bir nəfər Peyğəmbərə (s) dedi: «Ey Allahın Peyğəmbəri! Sizə necə salam göndərməyi bilirik, amma salavatı necə göndərək?» O həzrət cavabında buyurdu: Belə deyin:
«Ey Allah Məhəmməd və onun Əhli-beytinə salavat (rəhmət) göndər...»
Süyuti bu rəvayətdən başqa Əhli-beytin (ə) bu salavatlarda Peyğəmbərlə (s) şərik olmasına dəlalət edən on səkkiz rəvayət də nəql etmişdir. Yəni, Peyğəmbərlə (s) yanaşı onun Əhli-beytinə də salavat göndərmək vacibdir. Bu hədisçiləri ibni Abbas, Təlhə, Əbu Məsud Ənsari, Bureydə, ibni Məsud, Kəb ibni Ücrə və Əlidən (ə) nəql etmişlər. Həmçinin Süyuti belə yazır: «Əhməd və Termezi, Həsən ibni Əlidən (ə) nəql ediblər ki, Peyğəmbər (s) belə buyurub:
«Mənim adım zikr olunan zaman mənə salavat göndərməyən adamlar paxıldır.»
Bunlardan əlavə böyük islam müctehidləri və fəqihləri də namazın təşəhhüdündə Məhəmməd və ali Məhəmmədə (Əhli-beytinə) salavat göndərməyi və onların adının Peyğəmbərin (s) adı ilə birgə çəkilməsini vacib bilmişlər.
Bu ayənin məna və təfsiri üzərində düşünən adam açıqca başa düşüb dərk edər ki, bu hökmün və salavatın vacib edilməsi Peyğəmbərin (s) Əhli-beytinə ehtiram, səmimiyyət və məhəbbəti bildirmək üçündür. Hansı ki, Allah onları bütün günah və çirkinliklərdən uzaqlaşdıraraq pak-pakizə etmişdir. Bunun sayəsində müsəlmanlar onlara bel bağlamalı və onların yolunda hərəkət edərək mübahisəli məsələlərdə və ixtilaflı işlərdə onlara müraciət etməlidirlər.
Bəli, onlar elə şəxsiyyətlərdirlər ki, əgər namazda onlara salavat göndərilməsə, namaz batil olar. Onlar ümmətin İmamlarıdırlar. Əgər onların yolu doğru olmasaydı, onlara etiqad bəsləmək səhv bir iş olsaydı və onların sözləri və əməlləri doğru-düzgün olmasaydı, heç vaxt Allah-taala onlara könül bağlamağı və hər namazda onlara salavat göndərməyi əmr etməzdi. Bəli, hər gün beş vaxtda qılınan vacib namazlarda Əhli-beytə (ə) salavat göndərilməsinin vacib olması Qiyamət gününə qədər müsəlmanların diqqətini Əhli-beytə (ə) cəlb etmək və onlara inanmağın, onların yolunda hərəkət etməyin vacib olmağını başa salmaq üçündür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter