UZUNUN-VAİYƏ AYƏSİ NƏ HAQDADIR?


Haqqə” surəsinin 12-ci ayəsində buyurulur:
لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ
“Məqsəd bu idi ki, bunu (möminlərə Nuhun gəmisi ilə nicat verib, tufan vasitəsilə kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən qulaq bunu (və bu kimi hadisələri) eşidib yadda saxlayacaq (ki, başqaları da ibrət götürsünlər)!”
Süyuti “Əd-durrul-mənsur” kitabında altı sənədlə məşhur səhabə Büreydədən nəql edir ki, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
اِنَّ اللهَ اَمَرَنِى اَنْ اُدْنِيَكَ وَلا اُقْصِيَكَ، وَاَنْ اُعَلِّمَكَ وَاَنْ تَعِىَ، وَحَقٌّ لَكَ اَنْ تَعِىَ، فَنَزَلَتْْ هذِهِ الآيَةُ وَتَعِيَها اُذُنٌ واعِيَةٌ:
“Allah-taala mənə əmr etdi ki, səni özümə yaxın bilim və özümdən uzaqlaşdırmayım, sənə təlim verim və səni saxlayım. Sən buna layiqsən!” Elə bu zaman bu ayə nazil oldu: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq!”(Məryəm-30)
Yenə həmin kitabda (Əbu Nəim İsfahaninin “Hilyətül-övliya” kitabından) İmam Əlidən (ə) bunu nəql edir və Peyğəmbəri-əkrəmin (s) yuxarıda qeyd etdiyimiz sözlərdən (Büreydənin nəql etdiyi hədisdən) sonra belə buyurduğunu yazır: “Ya Əli! Sən mənim elmimi qoruyub-saxlayacaqsan!”[498]
Yenə həmin kitabda beş sənədlə Peyğəmbərin (s) Məkhul adlı xidmətçisindən belə nəql edir: “Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) buyurdu: “Rəbbimdən istəyirəm ki, eşidib yadda saxlayan qulaq Əlinin olsun!” Əli (ə) deyir: “Bundan sonra Allahın Peyğəmbərindən (s) elə bir söz eşitmədim ki, onu yaddan çıxarım!”
Eləcə də, Zəməxşəri “Kəşşaf” kitabında qeyd etdiyimiz sonuncu hədisi iradsız nəql etmişdir.
Digər təfsir alimləri də, o cümlədən, Fəxri-Razi “Kəbir”[Kəşşaf 4-cü cild,səh.600)], Alusi “Ruhul-məani”[Kəbir 30-cü cild,səh.107], Borsui “Ruhul-bəyan” və Qurtubi “Təfsiri-came”də[504] həmin ayənin təfsirində bu hədisi nəql etmişlər. Təbəri də “Təfsir” kitabında bu haqda bir sıra hədislər nəql etmişdir.
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsirində müxtəlif ravilərdən sonu Peyğəmbəri-əkrəmə (s) çatan on üç hədis nəql etmişdir. Bu hədislərdən bəzisini Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Məkhuldan, bəzisini Büreydədən, bəzisini İmam Əli ibn Əbi Talibdən (ə), bəzisini Cabir ibn Abdullah Ənsaridən nəql etmişdir. Onların bir qismini nəzərdən keçirək:
Əbud-Dünyanın İmam Əlidən (ə) nəql etdiyi bir hədisdə belə deyilir: ”Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq” ayəsi nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) mənə buyurdu: “Ya Əli! Mən Allahdan istəmişəm ki, o qulaq sənin qulağın olsun.” (Eşitdiklərini yadda saxlayıb, başqalarına çatdırasan.)
Məkhuldan nəql olunan başqa bir hədisdə belə buyurulur: “Peyğəmbəri-əkrəm (s) “və təiyəha uzunun-vaiyəh” (Dərk edən qulaq bunu eşidib yadda saxlayacaq) ayəsini tilavət etdikdən sonra üzünü Əliyə (ə) tutub buyurdu: “Allahdan istəmişəm ki, eşidib yadda saxlayan qulaqlar sənin qulaqların olsun!” Əli (ə) deyir: “Ondan sonra Peyğəmbərdən (s) hər nə eşidirdimsə, yadımdan çıxmırdı!”
Həmin kitabda Büreydə Əsləminin hədisi olduğu kimi nəql edilir. Nəhayət, Cabir ibn Abdullah Ənsarinin belə dediyi yazılır: “Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-əkrəm (s) Allahdan istədi ki, bu fəzilət Əliyə (ə) nəsib olsun və Peyğəmbərin (s) də bu istəyi qəbul oldu.\"
“Fəzailul-xəmsə”nin müəllifi bu hədisi qeyd edilən kitablardan əlavə, “Kənzül-ümmal”, “Nurul-əbsar”, “Məcməüz-zəvaid” (Heysəmi) və “Əsbabun-nüzul” (Vahidi) kitablarından da nəql etmişdir.

Nəticə: İmamət, vilayət və Peyğəmbərin (s) canişinliyinin şərtlərinə, ilahi rəhbərlərin elm və bilikdən kifayət qədər bəhrələnməsinə, eləcə də, bəhs etdiyimiz ayənin təfsirində nəql olunan rəvayətlərə əsasən, İmam Əli (ə) İmamət və vilayət məqamına daha çox layiqdir!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter