FİTRƏT NƏDİR?


Fitrət xüsusi bir xilqət olaraq insanın əsl sərmayəsi sayılır, Allah tərəfindən bu misilsiz və böyük nemət insana verilərək onu həmişə qorumaq və hifz etmək tapşırılmışdır. Fitrət həmişə qəlbə yatan, hamının könlünü oxşayan tələblərlə bütün insanlıq aləmin və bütün mövcudatı əhatə etmişdir, elə bir dillə danışır ki, şərqdə olan qərbdəkini, böyük körpəni, min il bundan öncə yaşayan indiki insanı, bu da öz növbəsində onu çox gözəl dərk edir. Fitrət elə misilsiz bir nemət və həqiqətdir ki, əgər bu həqiqəti bəşər anlayarsa bütün tarixi, siyasi, ictimai, mədəni, əxlaqi, fərdi və ictimai problemlərə bir anda son qoymaq mümkündür. Fitrət səbəbiylə bütün insanlar bir-birlərinin mədəniyyət və dillərinə agahlığı olmadan bir-brlərini hətta tanımadan belə bu günki 6 milyardlıq əhalini deyil, bunun yüz misli qədər artarsa belə, o sayda insanları ümumi rəyə və sülhə dəvət etmək mümkün olar. Fitrət elə bir təsəvvür edilməz həqiqətdir ki, onun səbəbiylə insanlar nəinki bir-birlərini tam dərk edər, hətta bütün canlı aləmini və cəmad aləmini dərk etmək, onlarla ümumi bir dil tapmaq mümkündür. Bəşəriyyət tarixinin, insanlıq həqiqətinin bu misilsiz neməti sayəsində hər bir yaranmışa hər bir yaradılışın dili təmin edilmişdir. Hərçənd zahirdə quş və heyvanların dilini bilmək tarixin və Quranın əsasında yalnız Süleyman peyğəmbərə əta olunsa da, bu həqiqət bütün insanların daxilində qoyulmuş, Süleyman ibn Davud isə fitrətə itaətin zahiri təcəssümü kimi dərk olunmalıdır. Müasir dövrümüzdə də insanlar müəyyən zəhmət və mərhələlər keçdikdən sonra, nəinki heyvanlarla ünsiyyət tapa bilir, hətta bitkilər və əşyaların da həqiqi tələbini dərk edib onlarla ünsiyyət tapıb, onların batinini belə bəzi hallarda kəşf etmişlər ki, bu da onların fitrəti və həqiqəti deməkdir. Aləmdəki fitri tələbə itaət əsasında bütün meyvələr bar verir, bitkilər boy ataraq öz kamallarına çatırlar. Sadəcə bəşər xoşbəxtliyin bir addımında qala-qala bütün bəlalar üçün tarix boyu üzünə qapı açmış, bundan daha ağırı odur ki, bəlalara tuş gələndən sonra da lazımınca dərk etməmişdir.
Quran onlar üçün belə buyurur: İnsanların əksəriyyəti dərk eləmir.
Fitrət təvəlli və təbərri kimi bütün məxluqatın həqiqətinə həkk edilmişdir, hərçənd bitki və daşların elmi olmasa da, dəqiq və dərin təfəkkür nəticəsində belə qənaətə gəlmək olur ki, bir növ ümumi şüur və dərk etmə bütün varlıq aləminə hakim kəsilmişdir. Bütün varlıq aləmi Qurana əsasən Allaha ibadət, itaət və səcdə edir, rəğbətlə Xaliqə tərəf gedir və müsəlmandırlar.
Qurani-Kərim bu həqiqəti belə açıqlayır:
Elə bir şey yoxdur ki, onu təsbih edib ona həmd etməsin. Deməli, varlıq aləmi az da olsa, alim yaramışdır, çünki, cahil bu sayaq işləri görə bilməz.
Heyvanlarda olan cazibə və dafiə qəzəb və şəhvət surətində özünü büruzə verir, insanda bu hal nifrət və məhəbbətlə müşayiət edilir, bu hallar istəmək, istəməmək, heyvan və insan fitrətində qoyulan elə həmin təvəlli və təbərridir.
Fitrətin özü və tələbini sübuta ehtiyacı olmasa da, onun varlıq və tələblərinin isbatı vardır. Həmçinin fitrət ümumi və əbədi bir şeydir. Onun yolunu tanımağın da müxtəlif yolları var, onlardan bəzisi tarixi, nəqli, fəlsəfi və ürfani yollardır.
Əllamə Təbatəbai \"Təfsir-əl-mizan\"da bu barədə deyir:
Müxtəlif canlıların hərəkətdə olduqlarını və kamala sarı addım atmalarını görürük, hətta bitkilər də kamala tərəf aləmin hər bir yerində hərəkətdədirlər. Bütün calılar bir kamal dərəcəsini ötüb keçdikdən sonra o birinə can atır və nəhayət, hərənin öz-özündə son kamal məqamı olan bir yerə çatır. Məxluqat elə yaradılmışdır ki, hər bir növdən olan məxluq özünün son kamal həddinə çatanadək dayanmır və heç bir şey bu zati hərəkətin qarşısını ala bilmir. Qeyri-adi, təəccüblü olsa da belə, daşın içərisindən suyun və otun və sair bitkilərin belə çıxıb inkişaf etməsini görürük.
İnsan da bu ümumi qanunla hərəkət edir. Yəni insan bir cür yaranmışdır ki, özünün kamal həddinə çatmağa hərəkət edir və bu iş üçün ona lazım olan hər bir vasitə ilə Xaliq tərəfindən təmin edilmişdir.
Ağlın hökmünə əsasən insanın həqiqi səadətini fitri, yəni dini hökmlər təmin edə bilər, çünki fitri və dini qaydalar elə insanın daxili aləminin tələbi əsasında tənzimlənmişdir. Din və fitrət də elə insanın xoşbəxtliyini təmin edən qaydalardan ibarətdir və bundan başqa bir şey deyildir. Sadəcə dini hökmlər insan səadətini təmin edə bilən misilsiz qaydalar olduğu və yeganə yol olduğu üçün bu və digər əməllər, ibadət, itaət, namaz və s. işlər bəşərə vacib edilmişdir ki, öz səadətinə və kamalına çata bilsin.
Fitrət həm Allahı tanıtdırır, həm ona sarı sövq etmişdir. Əgər zəifləyərsə, mümkündür, səhrada ilğımı su təsəvvür edib uzun bir məsafə qət etdikdən sonra su əvəzinə boşluqla qarşılaşsın və eləcə də bir şeyi tanrı yolu təsəvvür edib ardınca gedənlər və sonradan boşluğa yetişənlər də tarixdə az olmamışdır.
Bu məsələni aydınlaşdırmaq üçün demək vacibdir ki, tələb iki cürdür: biri təlqin, təqlid, adət-ənənələr ardınca getmək, o biri isə fitrətin tələbinin ardınca getmək. Əgər tələb fitri olarsa, tələb edilən açıq-aşkar göz qarşısındadır, axtarır, tapır və tanıdığını yoxlayır.(ki, həqiqi məbuda yetişmişdir, ya yox)
İnsan Quran baxımından fitrət və təbiətə sahib olan bir varlıqdır, fitrətə qulaq asan zaman Quranda bu mövcud olan varlıq təriflənir, təbiətə meyl edib ona ram olduqda məzəmmət edilir. Fitrətə qulaq asıb onun tələbinə uyğun əməl edəni Quran yer üzündə yaşayan İlahi xəlifə bilir, belə bir insanın geniş elmi əhatəsi, kəraməti və təqvası vardır. Təbiətə itaət edən insan Quranda zəif, qorxaq, tələsən, hövsələsiz, zalım adlanır. Fitrəh həmin ilahi ruhun dayağıdır, əgər insan təbiətə meyl edərsə öz əsas varlığı olan ruhundan xəbərsiz olacaq, belə olan təqdirdə nəinki Allaha sarı gedə bilməz, hətta bu yolda vəhşilikdən aşağı bir məqama enər.
Fitrətin tələbinə əməl edərsə, Allaha iki kaman məsafəsi, ondan da yaxın bir məqama çatar.
İnsanın digər məxluqlardan üstünlüyünün səbəbi onda olan ruhdur və bu ruhu qorumaq, insanlıq məqamında qalmaq üçün insana fitrət verilmiş, nəfsani, maddi tələlərin qarşısında bu fitrətdən istifadə etmək tövsiyə edilmişdir.
Fitrət sözü lüğətdə bir şeyi açmaq, yarmaq mənasında işlənilir, bir növ insanı təbiət pərdələrinin zülməti əhatə etdikdə onu yarmaq hədəfilə ona fitrət verilmişdir. Həmin fitrətin belə bir xüsusiyyəti vardır, daxildən gələn və insana doğru və düzgünlüyü ilqa edəndir, 2-cisi kəsb edilməz, yəni heç bir məktəb və tədris ocağında dərs almadan hər bir insan fitrət nemətinə sahibdir, 3-sü isə o fitrət qüvvəsi hamıda bərabərdir, dəyişilməz, bəzi hallarda güclənər və zəifləşər.
Fitrət özü 2 növdür: bəzi şaxələri elmə aiddir, dəlili sübutu mövcuddur, ikinci hissəsi sübut və dəlil qəbul etmir. Məsələn valideyn öz uşağına \"odla oynama yanarsan\" deyirsə, bu valideynin odun yanmasına olan elmindən xəbər verir. Uşaq da böyüyəndə və oda toxunanda odun yandırması ondan ötrü sübuta yetir, amma odun niyə yandırıcı kimi xəlq olunmasının sübutu yoxdur. Bu barədə yalnız bunu demək mümkündür ki, Xaliq tərəfindən belə istənilmişdir.
Quranda qeyd edilən fitrət elə bir nemətdir ki, hətta asi adamlar çətinliyə düşərkən o fitrət insana doğru yol göstərərək hər bir şeyin çarəsini yalnız Allahın əlində olduğunu vurğulayaraq belə deyir: Əgər onlar dəryada tufana düşərlərsə, Allahı dini ona xalis edərək çağırar, əgər bizə bu bəladan nicat versən, sənə şükr edənlərdən olarıq deyərlər. Onlara bu bəladan nicat verdikdə isə yer üzündə bir az öncə özlərini qurtarmaq üçün yalvarmayan kimsələr kimi apararlar. (Qurani-Kərim)

Əllərində fitrət badələrini tutub ruhlarını pak edənlərə, rəzil dünyanın aldadıcı bər-bəzəyini sındırıb, onun yalan sifətlərini və murdarlığını üzə çıxaranlara fitrət badəsindən içdikləri şərablar nuş olsun.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter