KAMİL İNSAN KİMDİR?


Hər bir mömində bu üç xislətin olması zəruridir: Allahın başqalarının eyiblərini örtməsindən ibrət alıb başqalarının eyiblərini örtmək; Peyğəmbərə iqtida edib insanlarla mehriban davranmaq; Məsum İmamları özü üçün örnək qərar verərək müsibət və bəlaların qarşısında səbrli olmaq.

Kamil insanın zahiri ilə batini eynidir. Göründüyü kimi, var olduğu kimi görsənir. O bütün işləri müşahidə edir, o adətən özünü unudur, özünü unutduğu üçün özünü görmür, özünü görmədiyi üçün özünü heç nəyin sahibi bilmir. Olmayan kimidir, amma vücudunun feyzi hər yerdə var. Yuxusu aşkarda gördüyü kimidir, yalanı olmadığından yalan yuxusu da olmur. Allahdan başqa bir şey görmür, bir şeydən qorxmur və itaət etmir. O yemək və içməkdən ötrü yaradılmadığını bilir, dünyanın faniliyini müşahidə edir, bədəni yer üzündə olsa da, özü təbiət aşırımındadır. Sanki hər kəsə və hər şeyə müsəllətdir, əşyaların və məxluqatın, aləmin batini onun üçün zahirdə gördüyü kimidir. Hər şeyə ilahi gözlə baxır, dünyaya məşğul olan insanların əhatəsində yaşasa da, onlara və dünyaya əhəmiyyət vermir, etdiyi hər bir əməli özünə vəzifə bilərək əmələ gətirir, fikri yalnız Xaliqin razı salmaqdır. Bu barədə onlar etdikləri heç bir yaxşılığın əvəzini əbədi olaraq kimsədən güdmür, yaxşılıq edib fəryadlarına yetişdiklərindən təşəkkür, əvəz istəmirlər.
Kamil insanın sifətləri və əməlləri barəsində İnsan surəsində belə deyilir:
\"Biz yalnız Allah rizasına (xatirinə) sizə təam verir, bunun müqabilində sizdən əvəz və təşəkkür istəmirik\".

İmam Səccad (ə)-a ərz olunur ki, sizinlə yer üzünün sakinləri arasında çoxlu fərq var, belə olduğu təqdirdə siz yer kürəsində nə edirsiniz? Sizin buradakı işiniz nədən ibarətdir, deyə soruşduqda o həzrət belə cavab vermişdi: Yer üzündəki işimiz Allahı razı salmaqdır. Belə insanlar fövqəladə ruha sahib olduqları üçün heç kəsin məzəmmətinə əsla əhəmiyyət vermir, yalnız Allahı razı salmağı düşünürlər.
İmam Səccad (ə) buyurur: Əgər yerin sakinləri hamı birdəfəlik aradan gedərsə heç nədən qorxum yoxdur, təkcə Quranın mənimlə olması kifayətdir. Onlar hər bir işin əvvəlində, ortasında, axırında yalnız Allahı görür, ondan başqa qəlblərində heç kəsə yer ayırmırlar.

Həzrət Əli (ə)-ın çatdığı məqam haqqında sual edərkən o həzrət bu həqiqətə yetişməyinin yolunu belə açıqlayıb:
\"Təqvanı şüar edib ondan bir qılınc düzəldərək nəfs evinin qapısı ağzında dayandım, Allahdan başqa kimsənin ora girməsinə icazə vermədim, o zaman belə bir məqama yetişdim\".
Həmçinin o həzrət belə buyurur: \"İnsan elə həyat sürə bilər ki, pəhrizkarlar ondan ibrət alsın, namazda mələklər ona iqtida etsin. Mələklərin pişvazı ola bilən heyvandan aşağı düşməməlidir. Allahdan başqa bir məbud tanımadığı üçün, ondan başqa bir təbib, yardımçı, imdada yetən, ruzi verən də tanımır. Kamil insan bütün aləmi Allahın məzhəri bilir, özü Allahı gözü ilə görməsə də qəlbi ilə onu gözün görməsindən artıq müşahidə edir, o səbəbdən özünü tam olaraq Ona təslim edir. Daim xeyir fikrində, o əməllərə can atmaqdadır. İmamı yəqinin ən ali dərəcəsinə çatmışdır\".
Həzrət Əli (ə) buyurur: \"Əgər mənimlə Allah arasında olan pərdələr götürülərsə Allaha olan imanımda olan yəqinim əsla artmaz\".
Kamil insan bütün heyvani fikir və əməllərdən tamamilə xalisləşmiş, heyvani meyllərə qarşı təfavütsüzdür. Nəfsini özünə ram etmiş, onun cilovunu ömrü boyu əlində saxlamışdır, qul olmaqdan üstün bir şey tanımır, onunla fəxr edir. İbadətdən üstün bir ləzzət tanımır, insanların ən xeyirlisi və ən xeyirxahıdır. Beləsi heç bir savabı az, heç bir günahı kiçik bilmir, çünki Allaha xatir edilən kiçik bir əməli belə böyük, kiçik günahı belə ağır bir cinayət sayır. O Allahın əzəmətini yaxşı dərk etdiyi üçün Allahdan başqa hər şey gözündə kiçikdir.
Kamil insan özünün yaradılma məqsədini çox gözəl bilir, o başa düşür ki, heç bir bihudə işdən ötrü yaranmamışdır,ona bəxş edilən qeyri-adi üstünlüyə qiymət verir. Öz dəyərini başa düşərək onu hifz edir.
\"Biz Adəm övladına üstünlük bəxş edib yer üzündə və dəryada dolanmağı bəxş etdik, pakizə təamlardan ona ruzi verdik və yaranmışların əksəriyyətindən üstün etdik\".İsra 70
İmam Hüseyn (ə) özünün nurani bəyanında insanlığın xilqət fəlsəfəsini belə açıqlayır:
\"Ey insanlar! Allah-Təala sizləri onu tanıyasınız deyə yaratdı, Onu tanıdıqdan sonra Ona pərəstiş edəsiniz sonra başqalarına pərəstiş etməkdən ehtiyacsız olasınız\".
Kamil insan özündə İlahi ruhun olduğunu bilib özünü ən xoşbəxt insan sayır, o baxımdan ona imtiyaz verən Allahına üz tutub Ondan başqalarını batil bilir. Allah o kəsdir ki, insanı palçıqdan yaratdı, bu xilqəti kamala çatdırdıqdan sonra ona Öz ruhundan üfürdü. (Sad 71-72)
Kamil insan aləmdəki hər şeyin fani olduğunu bilir, aradan gedən məşuqlara (dünya və oradakılara) könül vermir, çünki o fənaya uğrayana könül verənin abrının çox böyük xətərdə olduğunu hamıdan gözəl dərk edir. Məşuqu (Allahı) əbədi və daim onunla olduğundan həmişə şaddır, məşuqunun aradan getməməsini bildiyindən heç nədən qorxusu yoxdur. Çünki adi adamlarda olan qorxu hissinin mənşəyi də aradan gedə bilən, başqaları tərəfindən qəsb edilən, mənimsənilə bilən məşuqlara könül vermək, fani olanlara bel bağlamaqdır.
Bu kamillik məqamı istedada görə verilir, belələri həm o məqama sahib ola bilir, həm də onu qoruyub saxlaya bilirlər.
Bu Allahın bəxş etdiyi fəzldir., onu istədiyi kimsəyə əta edər.
Kamil insan qəlbinin üzünü Quran məsləhəti əsasında yalnız Allaha tərəf çevrilmişdir: Mən qəlbimin çöhrəsini yerləri və göyləri yaradana tərəf yönəldirəm. (Ənam 79)
Belə bir kəsdən Allah həqiqətən razıdır, o da öz Allahından razıdır.
Allah onlardan, onlar da Allahdan tamamilə razıdırlar. (Maidə 119)
Kamil insan heç bir işi Allaha xas etmədən görmür, onun üçün yaşayır, onun üçün işləyir, onun üçün gülür və ağlayır, onun üçün ölürlər, yalnız Ona təslim olurlar.
De: Mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də yalnız aləmlərin Rəbbi olan Alah üçündür. Onun heç bir şəriki yoxdur, mənə belə əmr edilmişdir və mən Allaha təslim olanlardanam.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter