QURANIN YALANA OLAN BAXIŞI NECƏDİR?


Bir qədər əvvəl qeyd etdik ki, Quranın bir çox ayələrində yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu mənfi xüsusiyyəti tərk etməsinə təkid olunmuşdur. Biz onlardan bir neçəsinə işarə edirik:

1. Həcc surəsinin 30-cu ayəsində Allah-taala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı, yalandan da çəkinmələrini əmr edir:
«...Bütlərdən qaçının, yalan sözlərdən də [Allaha şərik qoşmaqdan da] çəkinin.»
2. Nəhl surəsinin 105-ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir:
«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!»
3. Zumər surəsinin 3-cü ayəsindən belə qənaətə gəlmək olur ki, yalançılar Allahın hidayətindən məhrum və aqibətləri acınacaqlı olan şəxslərdir:
«...Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz».
Başqa bir ayədə buyurur:
«...Şübhəsiz ki, Allah [Ona şərik qoşmaqla, böhtan atmaqla] həddi aşanı və yalançını doğru yola müvəffəq etməz». [Mumin-28]
4. Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lənətinə düçar olarlar. Ali-İmran surəsinin 61-ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nəcran keşişlərinə xitab edilərək buyurulur:
«...Sonra [Allaha] yalvarıb yalançılara Allahın lənət etməsini diləyək!»
Başqa bir ayədə deyilir:
«...Әgər yalan deyirəmsə, Allah mənə lənət eləsin!...» [Nur-7]


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter