RİZA MƏQAMI NƏDİR?


Əvvəllərdə deyildiyi kimi riza məqamı səbir edənlərin məqamından üstündür. Riza səbrin üstün dərəcəsidir. Bu məqama yetişənlər ilahi bəlalardan və çətinliklərdən ləzzət alarlar. Belə insanlar bəlalar müqabilində səbir edən zaman dünya və axirət nemətlərini düşünməzlər. Bəlaları Allahın bir növ xüsusi hədiyyəsi, ilahi inayət və lütfü kimi təsəvvür edərlər.
Allah-Taala buyurur: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinməməyiniz üçündür (Hədid-23)”.
Həmçinin buyurur: “Allah onlardan razı oldu, onlar da Ondan razı olmuşlar (Maidə-119)”.
Bil ki, Allahdan və Onun etdiklərindən razı olmaq, Allaha olan məhəbbətin nəticəsidir. Hər kim bir şeyi sevsə, onun işlərini də sevər. Sevgi və məhəbbət də mərifətin nəticəsidir. Hər kimi tanısan, yaxşı sifətlərə sahib olduğunu bilsən, aydındır ki, səndə o insana qarşı sevgi yaranacaqdır. Yaxşı xüsusiyyətlərini çox tanıdıqca sevgi də artmağa başlayacaqdır. İnsan zatı etibarı ilə yaxşılıqları və yaxşı işlərin sahibini sevir. Allah-Taala hamıdan daha çox lütf və rəhmət sahibi olduğuna görə Allahı tanıyan Onu hamıdan daha çox sevməyə başlayacaqdır. Başa düşəcəkdir ki, həqiqi sevgiyə yalnız O layiqdir.
“İman gətirənlərin Allaha olan sevgiləri daha çoxdur (Bəqərə-165)”.

Hər kim Allahı sevsə, Ondan zahir olan bütün işləri də sevəcəkdir. Etdiklərinə məhəbbət bəsləyəcəkdir. Ondan gələn hər bir şeyi dostundan gələn bir şey kimi qəbul edəcək, hər bir şeyi gözəl hesab edəcəkdir. Bu zaman Allahın ona bəxş etməsi və alması arasında heç bir fərq olmayacaqdır. Çünki o insan Allahın hər bir işini gözəl bilir. Gözəl fellər arasında isə heç bir fərq yoxdur. Nemət vermək Onun feli olduğu kimi, neməti almaq da Onun işidir. Bu ikisi arasında da Allahın feli olmaq baxımından heç bir fərq yoxdur. Hər ikisi də Allahın işləri olduğuna görə gözəldir. Bax buna riza deyilir.

Deməli, riza və razılıq məhəbbətin səmərəsidir. Bəlkə də bütün kamallar məhəbbətin səmərəsidir. Məhəbbət də öz növbəsində mərifət və tanışlıqdan qaynaqlanır.
Riza məqamına yetişmiş insanda Allaha ümid yaranar, Ona qarşı çıxmaqdan çəkinər. Onunla ünsiyyətə çalışar. Allaha təvəkkül və etimad edər. Bütün işlər qarşısında təslim olar. Bu hallar olmasa, deməli,riza da yoxdur.
Məhbubun rəhmətini təsəvvür etməklə bərabər olan məhəbbət insanda onun nemətlərinə yetişmək ümidi yaradar. Məhbubun heybət və əzəmətini təsəvvür etmək də ondan çəkinmək hissini yaradar. Məhbubla çoxlu ünsiyyət qurmaq ruhda şadlıq əmələ gətirər. Məhbubla etimad da insanda təvəkkül yaradar. Məhbubun etdiyi bütün işləri gözəl və yaxşı hesab etmək Onun işləri qarşısında razılıq yaradar. Özünün acizliyini, nöqsanlığını və məhbubun da qüdrətini təsəvvür etmək, insanın Onun əmrlərinə təslim olmağına səbəb olar. Bütün bunlar məhəbbətin qəribə təsirlərindəndir.
Məhbubun əmrləri və işləri qarşısında təslim olmaq böyük məqamlara yetişməyə səbəb olar. Mərifət və bəsirət əhli bunları yaxşı bilir. Riza insan üçün böyük bir məqamdır. Bəlkə də, bütün digər üstün, kamal sifətlər ona qayıdar. Ona görədir ki, bəndənin razılığını Öz razılığı ilə eyni bilmişdir.
“Allah onlardan razı oldu,onlar da Ondan razı olmuşlar (Maidə-119)”.
Allahın bəndədən razı olmağı üçün bəndənin Ondan razı olmağı kifayətdir. Məhbubdan razı olmaq, məhbubun da ondan razı qalmasına bais olar. Bu ikisi yan-yanadır. Başqa bir yerdə isə buyurur:
“Allahın razılığı hər bir şeydən üstündür (Tövbə-72)”.

Allahın bəndədən razı olması ona verilən ən böyük nemətdir. İnsan çalışmalıdır ki, bu ilahi razılığı cəlb etsin. Əvvəldə deyildiyi kimi, bu ilahi razılığın cəlb olunması da, bəndənin Allahdan razı olması əsasındadır. Bəndənin Allahdan və Onun bütün işlərinə razı olması, Allahın o bəndədən razı olmasına səbəb olar. Riza məqamına yetişən bəndə isə digər möminlərdən üstün bir mərtəbəyə nail olar. Onların yetişdiyi məqamlara səbir əhli belə çata bilməzlər. Ona görə Allah rəsulu (ə) buyurmuşdur: “Allah bir bəndəni sevən zaman onu sınayar. Əgər o bəndə bu sınaqlara səbir etsə, onu götürərək ayırar, yox, əgər razı olsa, onu seçər və ucaldar (başqalarından üstün qərar verər)”.
Deməli, razılıq səbir etməkdən daha üstündür. Həqiqi riza əhli ilahi təqdirə sadəcə olaraq səbir etməz, o, bunlara könül xoşluğu ilə razılıq göstərər və onlar qarşısında təslim olar.

(Bəla və Səbr kitabından)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter