İSLAMDA FALÇILIQ GÜNAH HESAB OLUNURMU?


İnsanların dar məqamlarda falçılara, cadugərlərə müraciəti bütün dövrlərdə olub. Bu mövzu hazırda da aktualdır. Cahil insanların falçılara, cadugərlərə pənah aparması mütəfəkkirlərin əsərlərində də tənqidə tuş gəlib.
Ekstrasensura mövzusu son bir əsrdə xüsusilə aktuallıq qazanıb. Müxtəlif ekstrasenslər və falçılar qəzetlərdə elanlar verir və bu yolla xeyli sayda müştəri toplamağa nail olurlar. Fala baxanlar hətta müştərisinin etimadını qazanmaq üçün Qurandan alət kimi istifadə edirlər.

İslamda öncəgörmə, baxıcılıq kimi əməllərin birmənalı olaraq günah hesab olunduğunu deyən İslam Universitetinin dekanı Hacı Fuad Nurulla bizimlə söhbətdə bildirdi ki, nəyəsə nail olmaq üçün falçıya müraciət etmək yox, namaz qılmaq, dua etmək lazımdır: “Heç kim iki saatdan sonra başına nə gələcəyini bilmir. Buna elmi-ğeyib deyirlər. Quran məntiqinə görə elmi-ğeyb Allah yanındadır. Bir haşiyə çıxaq. Misal üçün dinimizdə bəzi məsələlərlə bağlı dəlillər ortaya qoyula bilərmi? Qoyula bilər. Elm inkişaf edib. Həkim xəstəliyin əlamətlərinə görə deyir ki, nələrsə gözlənilir. Bu cür ifadəni işlətmək yerində olur. Həkim diaqnoz qoyur, şəfa verən Allahdır deyir. Məsələn, rentgen dəlilləri ortaya qoyur, həkim də elmi imkanlarından istifadə edərək müəyyən ehtimallar irəli sürür. Amma baxıcılıq və öncəgörü İslamda günah bilinir. İslamdan əvvəl bəzi yəhudi qadınlar, bütpərəstlər arasında, hətta peyğəmbərin və həzrəti Əlinin zamanında insanların zəif damarlarını tutub maddi istəklərini quran fırıldaqçılar olub. Psixoloji zədəsi olan insanlar bəzən aylarla evindən bayıra çıxmayıb, insanları hipnoz edib sehrə salmaq üçün baxışlarını və geyimlərini dəyişiblər. Amma İslamın rədd etdiyi hipnoz və sehr elmi var. Bununla belə, Quranla baxıcılıq rədd edilsə də, istixarə olunmasına isə icazə verilir. İstixarə nədir? Bir insan yol getmək istəyir. Ağılın bütün imkanlarından istifadə edir. Amma yenə də qəlbi xatircəm olsun deyə Quranı bilən alim ya da axundun yanına gedir. Yanına getdiyi şəxs sağ əlinin şəhadət barmağı ilə Quranı açır. Kitabın sağ tərəfində olan iki ayəni oxuyur. Onları Quranın tərcüməsindən və təfsirindən çıxararaq tutulan niyyətlə bağlı nələrin məsləhət görüldüyünü deyir. İslam ulduzlar elminə tam inanmamağı tövsiyə edir. Fizika və astronomiya inkişaf edə bilər. Cihazlar vasitəsilə havanın necə olacağı barədə proqnoz verilir. Məsələn, deyilir ki, sabah yağış, ya da qar yağacağı gözlənilir. Lakin bunun “Yağış yağacaq” kimi deyilməsini şəriət bəyənmir. İnsan Allah deyil ki, öz qüdrətini ortaya qoysun\".
Hacı Fuad onu da qeyd etdi ki, cadugərlik, fal əslində şou yaratmaq üçündür. Onun sözlərinə görə, maarifləndirici verilişlər o qədər də qazanc gətirmir: “İnsanlar həyat və məişət qayğıları ilə yüklənəndə belə şeylərə meyl edirlər. Fırıldaqçılar da həmin insanların heysiyyatlarından istifadə edərək onların üzərində maddi ehtiyaclarını qururlar. Axı insanların hamısı savadlı deyil. Müxtəlif qəzetlərdə, elə telekanallarda gedən verilişlərdə də bu təbliğ edilir. İlham Mirzəyev əvvəl \"Münəccim\" adlı veriliş aparırdı. Səhv eləmirəmsə sonra talelər verilişinə başladı. “Space” telekanallarındakı “Etirafar” verilişin sonunda o deyir ki, gəlin görək ulduzlar nə deyir? Bu yanlışdır. Zəif düşüncəli insanlar ulduz falına inanır. Amma İlham Mirzəyev faktiki olaraq incəsənəti bitirib. Öz qazancı üçün bu yolu tutub. O bilir ki, qadınlar çox həssas olur. İlham Mirzəyev mənimlə birgə Məkkədə olub. Onun şəxsiyyəti haqda mənfi danışmıram. İnsan Allahdan bir şey istəyirsə, namaz qılsın, dua etsin. Bir yerə getmək istəyirsə təsaddul çıxartsın, iki rəkət namaz qılsın\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter