SİQAYƏTÜL-HACC AYƏSİ NƏYƏ İŞARƏ EDİR?


SİQAYƏTÜL-HACC (HACILARA SU VERMƏ) AYƏSİ

“Bəraət” surəsinin 19-cu ayəsində buyurulur:

أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللّهِ لاَ يَسْتَوُونَ عِندَ اللّهِ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
“Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı təmir etməyi Allaha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni bilirsiniz?! Onlar Allah yanında eyni deyillər. Allah zalım tayfanı hidayət etməz.”
Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında müxtəlif sənədlərlə bu ayənin İmam Əli (ə) haqda nazil olduğunu göstərən ondan çox rəvayət nəql etmişdir. Rəvayətlərin birində Ənəs ibn Malikdən belə nəql edir: “Abbas ibn Əbdül-Müttəliblə Şeybə (Allah evinin qarovulçusu) hər biri özünün üstün və fəzilətli olduğunu deyəndə, Əli onların yanına gəldi. Abbas dedi: “Qardaşoğlu, dayan, sənə sözüm var!” Əli dayandı. Abbas dedi: “Şeybə mənə deyir ki, mən səndən üstün və şərafətliyəm!” Əli (ə) buyurdu: “Əmican! Sən ona nə cavab verdin?” Abbas dedi: “Dedim ki, mən Peyğəmbərin (s) əmisi, onun atasının vəsisi və hacıları su ilə təmin edənəm! Buna görə də mən səndən üstünəm.” Əli (ə) üzünü Şeybəyə tutub buyurdu: “Bəs, sən ona nə dedin?” Şeybə dedi: “Dedim ki, mən səndən şərafətliyəm; çünki mən Kəbəni qorumaqla Allaha əmanətdarlıq edirəm. Onun evinin qapısını açıb-bağlamaq mənim öhdəmdədir. Əgər Abbas şərafətli olsaydı, bu işə o seçilər və onu əmanətdar bilərdilər!”
Əli (ə) buyurdu: “Mən isə fəxr edirəm ki, bu ümmətin içərisində Peyğəmbərə (s) iman gətirən, hicrət edən və cihad edən birinci şəxsəm!”
Nəhayət, onların hər üçü Peyğəmbərin (s) yanına gedib, öz sözünü ərz etdi. Peyğəmbər (s) onlara heç bir cavab vermədi. Onlar geri qayıtdılar. Bir neçə gündən sonra bu haqda vəhy nazil oldu. Bu zaman Peyğəmbər (s) onların yanına gedib, yuxarıdakı ayəni tilavət etdi.”
Bu hadisə azacıq fərqlə digər rəvayətlərdə də bəyan edilmişdir. Onların bəzisində belə nəql olunur: “Abbas həmin ayənin nazil olduğunu eşitdikdə, üç dəfə “biz təslimik” dedi.”
Hakim Həskanidən başqa alimlər də bunu öz kitablarında geniş, ya qısa şəkildə nəql etmişlər. Aşağıda adı çəkilən alimləri misal göstərmək olar:
–Təbəri: “Təfsir” kitabında, Ənəs ibn Malikdən;
–Vahidi: “Əsbabun-nüzul” kitabında;
–Qurtubi: “Təfsir” kitabında;
–Fəxri-Razi: “Kəbir” təfsirində;
–Xazin: “Xazin” təfsirində;
–Əbul-Bərəkat Nəsəfi: “Təfsir” kitabında;
–İbn Səbbağ Maliki: “Füsulul-muhimmə” kitabında;
Əhli-sünnənin öz hədisləri əsasında yazılmış “Əd-durrul-mənsur” kitabında haqqında danışılan ayənin İmam Əli (ə) barəsində nazil olması ilə bağlı həm yuxarıdakı rəvayət, həm də başqa rəvayətlər nəql edilmişdir.
Burada bir sual qarşıya çıxır: Məgər, müsəlmanların öz üstünlüklərini bir-birlərinə deyib, onunla qürrələnməsi İslamda məzzəmət olunmayıbmı? Əgər bu iş pis və bəyənilməzdirsə, nə üçün Əli (ə) bu işi görüb?
Burada bir incəliyə diqqət yetirdikdə sualın cavabı aydın olur. Bəzən insanlar dəyərləri müəyyənləşdirərək səhvə düçar olur, həqiqi dəyəri buraxıb, qiymətsiz işlərin ardınca düşürlər. Belə bir şəraitdə insanın öz üstünlüyünü bəyan etməsi nəinki eyib deyil, hətta onun üzərinə düşən vəzifədir. Məsələn, məclisdə bir nəfər fəxrlə böyük imarət tikdirdiyini, başqa birisi idarə rəisi olduğunu deyərkən, məclisin bir guşəsində əyləşən şəxsin həqiqi dəyərləri göstərmək üçün “mən sərvət, mal-dövlət və vəzifə sahibi olmasam da, Quranı əzbər bilirəm” deməsi nəinki pis iş deyil, üstəlik dəyərli bir dərsdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter