PEYĞƏMBƏRİ TƏNQİD ETMƏK OLARMI?


Bu sual son zamanlarda ən çox beyinlərdə canlanan suallardan biridir. Bəzilərimiz bu sualı verib, ifadə etməyə də çəkinirik bəzən. Xeyr, xeyr! Sərt təpki ilə qarşılaşacağımızla görə yox, əksinə, bəzən elə bilirik ki, bu cür sualın beyində olması iman naqisliyindəndir.

Qərb aləmi demokratik təfəkkür dönəmini yaradıb, inkişaf etdirməkdə israrlıdır. Bu həqiqətən də, təqdirolunası bir əməldir. Lakin heç kəsdən gizli deyil ki, bu demokratiya intişarı həm də siyasi bir oyundur. Demokratiya məfkurəsi altında köləlik paylaşımı, bir sözlə \"Demokratiya – yəni özünə sərbəst ağa seçmək hüququ\" durur. Bu demokratiya təbliğatının hədəfə aldığı nöqtə də məhz İslam dünyasıdır. İslam dövlətlərində demokratiyanın olub-olmaması ayrı mövzunun bəhsidir.

Xristian əsaslı demokratik dövlətlərdə ifadə və söz azadlığı o həddə çatmışdır ki, məqalələrdən tutmuş, filmlərə qədər müqəddəs şəxslər belə aşırı tərzdə tənqid olunur. Araya qoyulur, məsxərə edilir, karikaturaları dərc olunur, haqlarında lətifələr qoşulur və s. Həzrət İsa şəxsiyyətinin qərblilər tərəfindən nə qədər adiləşərək araya qoyulması hər gün gözlərimizin önündədir. Maraqlısı orasındadır ki, onların bu hərəkətinə bu dini paylaşan şəxslərdən də elə də güclü təpki gəlmir.

Bu hərəkət demək olar ki, artıq öz işini görmüşdür. Müsəlmanlar dəfələrlə Həzrət İsanın müdafiəsinə qalxmış və bacardıqları qədər etiraz səslərini ucaltmışlar. Həzrət Məhəmməd İslam dinini paylaşan şəxslər arasında çox böyük nüfuzlu və sözləri qulaqardı olunmayacaq bir şəxsdir. Bu hal nisbətən digərlərinin siyasi baxışları üçün təhlükə törədir və illərdir Həzrət Məhəmmədin gözlərdə adiləşmə layihələri aparılır. İslam ümməti isə, bununla barışmır və sərt reaksiya göstərir.

İndi sual edək ki, Həzrət Məhəmmədi tənqid etmək olarmı? Tənqidə iki istiqamətdən baxaq: 1. Əlimizdə alternativ var və bir obyektin səhv olduğunu iddia edib, dəlilimizi sunuruq. 2. Əlimizdə dəlilimiz yoxdur, lakin bizə qaranlıq qalan bir çox şeyə etiraz edib, anlaşılmasını istəyirik. Bu iki halı sağlam tənqid adlandıra bilərik. Və İslam heç bir halda bu cür tənqidlərin qarşısını almayıb. Əksinə olaraq, dəfələrlə sualların, iradların beyində qalıb mənfi nəticələr yaranmasının qarşısını almışdır. Bu sözlərimizi Quran ayələri də təsdiq edir.

Lakin karikatura, qeyri-etik söz ifadələrini necə azad söz haqqı kimi qəbul etmək olar? Bu axı, normal ağla sığmır. Bu danılmaz bir arqumentdir ki, bu fikiri heç kəs qəbul edə bilməz. Son zamanlarda İslamı təhqir edib, bu din sayəsində məşhurlaşan, mühacirət edən adamların sayının durmadan artdığını görməkdəyik. Çünki bu dini təhqir edən kəslər şiddətli reaksiyalarla üz-üzə gəlirlər və qısa müddət ərzində məşhurlaşıb, gündəmdən düşmürlər. Bu dini və ya onun şəxsiyyətlərini təhqir edərək yazıçı, siyasətçi, rəssam, görkəmli xadim və s. da olmaq mümkündür. İslamı təhqir emə modern təfəkkür amili sayılır bəzən. Lakin bunlar absurd və tənqiddən xeyli uzaq amillərdir.

Bizim inancımız sağlam tənqidi müdafiə edir. Həm öz müqəddəsatımıza, həm də başqalarının müqəddəsatına hörmətlə yanaşmağımızı bizə öyrədib, vacib edir. Bəzən İslam ümməti Həzrət Məryəm, Həzrət İsa, Həzrət Musa və s. müqəddəs şəxslərin ehtiramını hamıdan daha artıq qoruyur. İslam ümməti arasında başqa din müqəddəsatları nə təhqir olunur, nə də alçaldılır. Hətta İslam inancına görə kafir hesab edilən şəxslərə qarşı da alçaldıcı kompaniya aparmağa icazə verilmir. Necə deyərlər, \"Zalımı məzlum etmək kampaniyası\" İslam təfəkkürünə ziddir.

Nəticə əldə etmək olar ki, Həzrət Məhəmmədə qarşı olan qaranlıq suallar, fikirlər, iradlar olduqda hamı bunu rahat ifadə edib, fikirlərinə aydınlıq gətirilməsini tələb edə bilər. Bu hamının haqqıdır. Lakin bu ad altında təhqiramiz ifadələr işlətmək və ya alçaltmaqyönlü layihələr icra edib, başqalarının hissiyyatına, mənəviyyatına zərbə endirmək heç kəsə icazə verilmir. Bunu edən şəxslər məsuliyyətə cəlb olunmalı və mühakimə olunmalıdırlar.

Ustad Mütəhhəri deyir: “Əgər İslamın erkən çağlarında kimsə gəlib “Mən Allahı qəbul etmirəm”, -dedikdə “vurun, öldürün”, - desəydilər, bu gün artıq İslamdan əsər-əlamət olmazdı. İslam bu gün ona görə yaşayır ki, müxtəlif fikirlərə münasibətdə şücaətli oldu, aydın davranış nümayiş etdirdi.”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter