“QURBA” AYƏSİ Hansı ayıdİR?
“Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”
Bütün şiələr və bir qrup əhli-sünnə təfsirçiləri bu ayədə qeyd olunan “zil-qurba” sözünün kimlərə aid olması barədə demişlər: “Zil-qurba”da məqsəd Peyğəmbəri-əkrəmin (s) ən yaxınlarıdır!” Bu təfsir müqabilində digər ehtimallar verilsə də, belə görünür ki, onların əsas məqsədi Peyğəmbərin (s) xilafət məsələsini və Əhli-beytin (ə) məqamını gözdən salmaqdır. O cümlədən:
1. Risalət savab və mükafatı dedikdə, müsəlmanları Allaha yaxınlaşdıran nöqtələr nəzərdə tutulur. Buna əsasən, “qurba” Allaha yaxınlaşmağa səbəb olan bir amildir.
Əvvəla, bu təfsir ayənin zahiri ilə əsla uyğun deyil; çünki namaz, oruc, cihad və bu kimi insanı Allaha yaxınlaşdıran göstərişlərdə ən əhəmiyyətli cəhət onlara məhəbbət yox, əməldir. Görəsən, Peyğəmbərin (s) səhabələri arasında bunları sevməyən bir kəs vardımı? Təbii ki, xeyr! Hətta əməldə səhlənkarlıq edənlər belə, Allaha və Qurana iman gətirdikləri üçün İslamın qanunlarını sevirdilər, hərçənd, onlara əməl etməsəydilər də...
İkinci də “əl-qurba” “yaxınlaşdıran” yox, “ən yaxın” mənasındadır. Buna görə də Qurani-kərimin hər bir ayəsində (başqa on beş ayədə) işlədilən bu söz yaxın (xüsusilə, qohum) olan şəxslərə aid edilmişdir.
Bəs, bu alimlər hansı səbəbə görə bu ayədəki “qurba” sözünü həm lüğət, həm də Quranın bütün ayələrində gələn mənanın əksinə təfsir etmişlər? Bunun səbəbi öncə qeyd etdiyimiz qərəzli məsələlər deyilmi?
Diqqəti cəlb edən məsələ budur ki, bir çox lüğət alimləri açıq-aşkar bildirmişlər ki, “qurba”, yaxud “zil-qurba” dedikdə, nəsil yaxınlığı və qohumluq nəzərdə tutulur. “Məqayisul-lüğət” kitabında yazılır: “Fulanun zu qərabətin – huvə mən yəqrəbu minkə rəhimən.”
“Filankəs (qohum olan şəxs barəsində) mənə yaxındır”, deyildikdə, həmin şəxsin nəsil qohumluğu nəzərdə tutulur.” Və yaxud: “Əl-qurba və əl-qərabət hər ikisi bir mənanı ifadə edir, o da nəsəbi qohumluqdur.”
“Lisanul-ərəb” kitabında belə yazılır:
والقرابة والقربي؛ الدنو في النسب
“Qərabət və qurba nəsəbi yaxınlıq və qohumluğa deyilir!”
2. “Məqsəd budur ki, siz müsəlmanlar öz yaxın adamlarınız və qohumlarınızı risaləti qiymətləndirdiyiniz kimi sevin!”
İnsanın öz qohumlarını sevməsi risalət prinsiplərinə uyğun olmadığı halda, ayənin daha münasib mənasını – Peyğəmbərin (s) öz yaxınlarını sevməsini nəzərə almayıb, onu qohum-əqrəbanı sevmək kimi açıqlamaq nə qədər həqiqətə uyğundur?!
3. Təfsir alimlərinin digər bir qrupu belə deyir ki, Peyğəmbərin (s) məqsədi budur: “Mənim risalətimin mükafatı olan qohum-əqrəbama hörmət qoyun. Çünki mənim bir çox qəbilələrlə nəsil və yaxud başqa vasitələrlə qohumluğum var. Bu işdə mənə əziyyət verməyin!”
Bu baxış ayəyə zorla qəbul etdirilən ən əsassız təfsirdir. Çünki Peyğəmbər (s) risalətinin əvəzi o kəslərdən istənilə bilər ki, bu risaləti qəbul etmiş olsunlar. Belə isə onların Peyğəmbərə (s) əziyyət verməsi mənasızdır. Burada Peyğəmbərə (s) əziyyət verənlər düşmənlərdirsə, onlar həzrətin peyğəmbərliyini qəbul etmirdilər. Necə ola bilər ki, o həzrət desin: “Risalət və peyğəmbərliyim müqabilində sizdən yalnız bir xahişim var, o da budur ki, sizinlə qohumluğa xatir mənə əziyyət verməyin!”
Əvvəla, Qurani-kərimdə peyğəmbərlərin dilindən nəql edilən ifadələrdə buyurulur: “Biz sizdən heç bir mükafat istəmirik, bizim mükafatımız aləmlərin Rəbbinin yanındadır!”
Bu ayədə buyurulanlar təkcə beş peyğəmbərin (Nuh, Hud, Saleh, Lut və Şüeybin) dilindən nəql edilmişdir. (“Şüəra” surəsi, ayə: 109, 127, 145, 164 və 180.)
İkincisi, “qurba” ayəsində Peyğəmbər (s) buyurur ki, mən siz müsəlmanlardan yaxın adamlarıma və qohumlarıma sevgidən başqa bir mükafat istəmirəm.
Üçüncüsü, “Fürqan” surəsinin 57-ci ayəsində Peyğəmbərə (s) belə buyurulur:
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا
“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində Rəbbinə tərəf doğru yol tapmaq istəyən kimsələrdən başqa heç bir mükafat istəmirəm!”
Dördüncüsü, “Səba” surəsinin 47-ci ayəsində yenə Peyğəmbər (s) haqda belə buyurulur:
قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ
“(Ya Peyğəmbər) De: “Sizdən (peyğəmbərliyimin müqabilində) istədiyim mükafat yalnız sizin xeyrinizədir, çünki mənim muzd və mükafatım yalnız Allaha aiddir!”
Bu dörd ayəni nəzərdən keçirməklə belə bir nəticəyə gəlirik ki, İslam peyğəmbəri (s) də digər ilahi peyğəmbərlər kimi camaatdan özünə heç bir muzd və mükafat istəməmişdir. O həzrətin yaxın adamlarını sevmək Allaha tərəf doğru yol kimi göstərilmiş və bu, sözsüz ki, müsəlmanların öz xeyrinədir! Çünki bu məhəbbət İmamət, xilafət, Peyğəmbərin (s) canişinliyi, ümmətə rəhbərliyinin davamı və insanların hidayəti üçün açılmış qapıdır.
Bəli, hər vaxt bu ayələri zahirinə görə təfsir etsək, qaranlıq və anlaşılmaz bir nöqtə qalmayacaq. Əks halda ya onlara zidd, ya da əsla uyğun gəlməyən uzun-uzadı təfsirlərə əl atacağıq. Düzgün təfsir bir qrup alimin əqidəsinə zidd olduğundan, belə demişlər: “Camaatdan muzd və mükafat istəmək İslam peyğəmbərinin (s) məqamına münasib deyil. Buna görə də “qurba” ayəsi istisna olunmalıdır.” Bəzən “Bu ayə “Qul ma əsəlukum ələyhi min əcrin və ma ənə minəl-mutəkəllifin!” ayəsi ilə ziddiyyət təşkil edir” demiş, bəzən də mənasız yozumlara əl atmışlar.
Həqiqət isə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətləri toplayıb yanaşı qoyduqda aydın olur. Ayənin təfsiri ilə əlaqəli rəvayətlərin məcmusundan belə nəticə çıxarırıq ki, risalət və peyğəmbərliyin mükafatı sayılan “zil-qurba” müsəlmanları Allaha yaxınlaşdıran və onların özlərinə xeyirli İmamət və xilafətdən ibarətdir. Beləsə, əks mövqe tutan bəzi təfsir alimlərinin iradları aydınlaşır.
Alusi “Ruhul-məani” kitabında “qurba” ayəsinin təfsirində yazır: “Şiələr məntiq qaydalarına əsaslanaraq, bu ayəni Əlinin (ə) İmamətinə dəlil göstərir və deyirlər: “(Ayənin tələbinə görə) Ona məhəbbət bəsləmək vacib, məhəbbət bəslənməsi vacib kəsə itaət etmək vacib və itaət olunması vacib kəs isə İmamət məqamına malikdir. Deməli, Əli (ə) İmamdır!” Sonra o, bu dəlilə irad tutmağa başlayır. (“Ruhul-məani”, 25-ci cild, səh. 30.)
Əvvəla, qeyd etdiyimiz mətləblərdən məlum olduğu kimi, biz ayədən belə bir əsassız nəticə çıxarmaq istəmirik. Ayədəki mühüm incəlik də bu deyil. Burada əsas məsələ Peyğəmbərin (s) risalət və peyğəmbərliyinin mükafatı sayılan yaxın adamlarına məhəbbət bəsləməkdir. Başqa ayələrdə də qeyd olunduğu kimi, bu mükafat Allaha yaxınlaşmağa vasitədir və müsəlmanların öz xeyrinədir. Onların kimlərdən ibarət olduğuna gəldikdə, öncə şərh etdiyimiz kimi, bu, İmamlardan başqası ola bilməz. Peyğəmbərin (s) buyurduğu rəvayətlər isə bu məsələnin sübutu üçün əlavə dəlillərdəndir.
İSLAM RƏVAYƏTLƏRİNDƏ “QURBA” AYƏSİ
Həm şiə, həm də əhli-sünnə mənbələrində “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (risalət və peyğəmbərliyimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin məna və təfsirini tam açıqlayan xeyli rəvayət nəql olunmuşdur. O cümlədən:
1. 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Peyğəmbəri! Sevilməsi Allah tərəfindən vacib edilən kəslər kimlərdir?” O həzrət belə buyurdu: “Əli, Fatimə və onların iki oğlu!” (“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 130.)
Həmin kitabda müxtəlif sənədlərlə İbn Abbasdan həmin məzmunda digər rəvayətlər də nəql olunmuşdur. (Yenə orada, səh. 131-135.)
2. Yenə həmin kitabda Əbu Əmamə Bahilidən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur:
اِنَّ اللهَ خَلَقَ الْاَنْبِياءَ مِنْ اَشَجارٍ شَتّى، وَخُلِقْتُ وَعَلِىّ مِنْ شَجَرَةٍ واحِدَة، فَاَنَا اَصْلُها وَعَلِىٌّ فَرْعُها، (وَفاطِمَةُ لُقاحُها) وَالْحَسَنُ وَالْحُسَيْنُ ثِمارُها، وَ اََشْياعُنا اَوْراقُها، فَمَنْ تَعَلَّقَ بِغُصْنٍ مِنْ اَغْصانِها نَجى وَمَنْ زاغَ هَوى، وَلَوْ اَنَّ عَبْداً عَبَدَاللهَ بَيْنَ الصَّفا وَالْمَرْوَةِ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، ثُمَّ اَلْفَ عامِ، حَتّى يَصِيرَ كالشَّنِّ الْبالِس، ثُمَّ لَمْ يُدْرِكْ مَحَبَّتَنااَكَبَّهُ اللهُ عَلَى مِنْخَرَيْهِ فِى النّارِ ثُمَّ قَرَءَ قُلْ لا اَسئَلُكُمْ عَلَيْهِ اَجْراً اِلاَّ الْمَوَدَّةَ فِى الْقُرْبى:
“Allah-taala peyğəmbərləri müxtəlif ağaclardan, mənimlə Əlini isə eyni bir ağacdan yaratdı. Mən həmin ağacın köküyəm, Əli budaqlarıdır, (Fatimə o ağacın bar verməsi üçün bir vasitə,) Həsən və Hüseyn meyvələridir, şiələrimiz isə yarpaqlarıdır. Onun hər bir budağından yapışan kəs nicat tapar, ayrı düşən kəs zəlalətə uğrayar. Allaha Səfa və Mərvə (dağları) arasında min il sonra daha min il sonra başqa bir min il ibadət edib, nəticədə tuluq kimi köhnəlib quruyan, lakin bizi sevməyən bəndəni Allah-taala üzü üstə oda (cəhənnəmə) atar.” Sonra o həzrət bu ayəni (şahid və sübut olaraq) tilavət edir: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.” (Yenə orada, səh. 141)
3. Əhli-sünnənin məşhur təfsir alimi Süyuti “Əd-durrul-mənsur” kitabında bəhs etdiyimiz ayənin təfsiri ilə bağlı Mücahiddən, o da İbn Abbasdan nəql edirlər ki, Peyğəmbəri-əkrəm (s) “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm” ayəsinin təfsirində buyurdu: “Məqsəd budur ki, Əhli-beytimə münasibətdə haqqımı qoruyun və onları mənə xatir sevin!” (“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 7)
4. Əhməd ibn Hənbəl “Fəzailul-xəmsə” kitabında Səid ibn Cübeyrdən, o da Amirdən belə nəql edir: “Qurba” ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: “Ey Allahın Rəsulu! Məhəbbət bəslənilməsi vacib olan yaxın adamların kimlərdir?” O həzrət buyurdu: “Əli, Fatimə və onların iki oğlu!” Peyğəmbər (s) bu cümləni üç dəfə təkrar etdi.” (“Ehqaqul-həqq”, 3-cü cild, səh. 2)
Bu rəvayəti Qurtubi həmin ayənin təfsirində azacıq fərqlə Səid ibn Cübeyrdən, o da İbn Abbasdan nəql etmişlər.
5. Hafiz Əbu Nəim İsfahani “Hilyətül-övliya” kitabında Cabirdən belə nəql edir: “Bir ərəb kişi Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Məhəmməd! İslamı mənə öyrət.” Peyğəmbər (s) buyurdu: “Şəhadət verirsən ki, Allahdan başqa bir məbud yoxdur, O təkdir, şəriksizdir, Məhəmməd Onun bəndəsi və peyğəmbəridir?” Dedi: “Bunun müqabilində məndən bir muzd istəyəcəksənmi?” Peyğəmbər (s) buyurdu: “Xeyr, yalnız qohumları sevməyini istəyirəm!” Dedi: “Öz qohumlarımı, yoxsa sənin qohumlarını?” Peyğəmbər (s) buyurdu: “Mənim qohumlarımı!” Dedi: “Əlini uzat, sənə beyət edim! Hər kəs səni və yaxınlarını sevməsə, Allah ona lənət etsin!” Peyğəmbər (ə) buyurdu: “Amin!” (“Hilyətül-övliya”, 3-cü cild, səh. 201)
6. Məşhur təfsir alimi İbn Cərir Təbəri də “qurba” ayəsinin təfsirində İbn Cübeyrdən belə nəql edir: “Məqsəd Peyğəmbəri-əkrəmin (s) yaxın adamlarıdır!”
7. Hakim “Müstədrəküs-səhiheyn” kitabında İmam Zeynəlabidindən (ə) belə nəql edir: “Əlinin (ə) şəhadətindən sonra Həsən ibn Əli (ə) camaata xütbə oxudu və xütbəsində özünü tanıtdıraraq buyurdu: “Mən elə bir ailədənəm ki, Allah-taala onları sevməyi hər bir müsəlmana vacib etmiş və Peyğəmbərinə (s) buyurmuşdur: “De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir muzd istəmirəm.”
Əhli-sünnənin digər alimləri də bu hədisi nəql etmişlər. O cümlədən, Muhibbuddin Təbəri “Zəxair”də səh. 138; İbn Həcər “Əs-səvaiq”də səh. 101; Süyuti “Əd-durrul-mənsur”da, “qurba” ayəsinin təfsirində.
8. Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri “Camiul-bəyan” kitabında Əbud-Deyləmdən belə nəql edir: ”Zeynəlabidini (ə) Şama əsir aparıb Dəməşqin (darvazasının) pillələrində saxladılar. Şam əhalisindən bir nəfər ayağa qalxıb dedi: “Allaha şükür olsun ki, sizi öldürüb, kökünüzü kəsdi!” Zeynəlabidin (ə) ona buyurdu: “Heç Quran oxuyubsanmı?” Dedi: “Bəli!” Buyurdu: “Quranda “Ha-mim” övladlarını oxuyubsanmı?” Dedi: “Quranı oxumuşam, amma “Ha-mim” övladlarını görməmişəm!” Buyurdu: “Qul la əsəlukə ələyhi əcrən illəl-məvəddətə fil-qurba! (Ya Peyğəmbər) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.)” Dedi: “Peyğəmbərin yaxınları sizmisiniz?” Buyurdu: “Bəli!” (“Camiul-bəyan”, 25-ci cild, səh. 16)
9. İbn Həcər “Əs-səvaiqul-muhriqə” kitabında İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: “Biz “Ha-mim” övladları haqda bir ayə nazil olmuşdur və o budur ki, bizim dostluq və məhəbbətimizi möminlərdən başqa kimsə (qəlbində) saxlamaz.” Sonra bu ayəni tilavət etdi: “(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində yaxınlarıma sevgidən başqa bir şey istəmirəm.” (“Əs-səvaiqul-muhriqə”, səh. 101)
Bu rəvayət azacıq fərqlə “Kənzül-ümmal” kitabında da nəql olunmuşdur (“Kənzül-ümmal”, 1-ci cild, səh. 118). Bu rəvayətdən açıq-aşkar başa düşülür ki, bəhs etdiyimiz ayədəki “qurba”da məqsəd Peyğəmbərin (s) yaxın adamlarıdır. “Ha-mim övladları”ndan məqsəd, əvvəli “Ha-mim”lə başlayan surələrdir. Bunlar yeddi surədir: “Mumin”, “Fussilət”, “Şura”, “Zuxruf”, “Duxan”, “Casiyə” və “Əhqaf”. Qeyd etdiyimiz ayə isə “Şura” surəsindədir (Bax: “Məcməül-bəyan” təfsiri, “Mumin” surəsinin başlanğıcı, vərəqaltı haşiyə, 7-8-ci cild, səh. 512).
10. Zəməxşəri, Fəxri-Razi və Qurtubi öz təfsir kitablarında “qurba” ayəsinin təfsirində Peyğəmbəri-əkrəmdən (s) bir hədis nəql edirlər. Bu hədisdə Əhli-beyt (ə) sevgisi yüksək qiymətləndirilir. Zəməxşərinin “Kəşşaf” təfsirindəki hədisi olduğu kimi yazırıq. Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə ölsə, dünyadan şəhid olaraq getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, bağışlanmışdır.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, tövbə ilə dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, kamil imanla dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, ölüm mələyi ona behişt müjdəsi verər, sonra Nəkir və Münkər (adlı sorğu-sual mələkləri) onu müjdələyərlər.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, gəlin bəy evinə aparılan kimi, ehtirmla behiştə aparılar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, onun qəbrindən behiştə doğru iki qapı açılar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, qəbri rəhmət mələklərinə ziyarətgah olar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, sünnə ilə dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavətlə dünyadan getsə, qiyamət günü alnına “Allahın rəhmətindən məyusdur” yazıldığı halda məhşərə çıxar!
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, kafir halda dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, behişt qoxusu duymaz!” (“Kəşşaf” təfsiri, 4-cü cild, səh. 220-221; “Kəbir” təfsiri, 27-ci cild, səh. 165-166 və “Təfsiri-Qurtubi” səh. 5843.)
Maraqlıdır ki, bəzi təəssübkeş sünni alimləri “Kəşşaf” təfsirinə yazdıqları haşiyədə bu hədisin nəqlindən sonra belə qeyd etmişlər: “Bu hədisin saxtalığı əsər-əlamətindən bəllidir!”
Amma onlar hədisin saxta olmasına dəlil göstərməmiş, yaxud saxtalığının necə bəlli olmasını açıqlamamışlar. Səbəb budur ki, hədisdə Peyğəmbəri-əkrəmin (s) Əhli-beytinin məqam və dərəcəsi əzəmətlə bəyan olunmuşdur. Bu isə onların əqidəsinə uyğun deyil. Bəlkə də, onlar ilk dəfə bu şərif hədisdə Peyğəmbər (s) Əhli-beytinin əzəmətli məqamını müşahidə edirdilər. Bu hədisi eyni əqidəli üç böyük təfsir alimi nəql etsə də, onlara irad tutmamışlar. Fəxri-Razi bu hədisi nəql etdikdən sonra belə yazır: “Hədisdəki “ali” sözü haqda fikir ayrılığı olsa da, mənim nəzərimcə “ali-Məhəmməd” (Məhəmmədin (s) Əhli-beyti) Peyğəmbərlə (s) rabitə və əlaqələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olarsa, yaxınlıq da bir o qədər güclənər. Şübhəsiz, Əli, Fatimə, Həsən və Hüseynin (ə) həzrət Peyğəmbərlə (s) rabitəsi hamıdan artıqdır. Bunun inkaredilməz həqiqət olduğu hamı tərəfindən söylənilmiş və mütəvatir hədislərə sübuta yetirilmişdir. Buna əsasən, (hamının əqidəsinə görə) onlar Peyğəmbərin (s) övladları, Əhli-beytidir. Amma onlardan başqalarının “ali-Məhəmməd”ə aid olması ilə bağlı ixtilaf var. Həqiqətən də, ayrı-ayrı şəxsləri “ali” sözünün əhatəsinə daxil etmək ağıl və məntiqə, nəql olunmuş rəvayətlərə qarşı çıxmaqdır.” Fəxri-Razi əlavə dəlil və sübutlar da göstərir ki, bu ayə Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) aiddir. (Bax: “Kəbir” təfsiri, 27-ci cild, səh. 166-167.)
Məlum olur ki, “qurba” ayəsini təfsir edən “Ayədə Qüreyş kafirlərinə xitabda məqsəd budur ki, mənim onlarla yaxınlığımı unutmayın, bu yaxınlıq və qohumluğa görə onlara əziyyət verməyin” kimi rəvayətlər düzgün deyil. Çox ehtimal ki, bu saxta hədisləri düzəldənlər Əhli-beytin (ə) məqamını uca göstərən hədisləri əhəmiyyətsiz qələmə vermək istəmişlər. Çünki Qüreyş kafirlərinə belə bir xitab ayənin məfhumuna tam ziddir və Peyğəmbərin (s) kafirlərə “Mən sizdən heç bir muzd istəmirəm, lakin mənimlə qohumluq əlaqələri olanları unutmayın və onlara əziyyət verməyin” buyurması qeyri-mümkündür. Onlar Peyğəmbərin (s) risalət və peyğəmbərliyini əsla qəbul etməmişlər.
Bu bəhsimizi Fəxri-Razinin “Kəbir” və Alusinin “Ruhul-məani” kitablarında “qurba” ayəsinin təfsiri ilə bağlı qeyd etdikləri misralarla sona çatdırırıq. Bu misralar sünni təriqətlərindən birinin banisi Şafeinindir. O, belə deyir:
Ya rakibən, qif bil-muhəssəbi min Məna,
Vəhtif bi-sakini xifiha vən-nahizi,
Səhərən, iza qazəl-həcicu ila Mina,
Fəyzən kə-multətəmil-furatil-faizi.
İn kanə rəfzən hubbu ali-Muhəmməd,
Fəl-yəşhidis-səqəlanu: inni rafiziyyun!
“Ey (Allah evinin ziyarəti üçün) süvar olan, Minanın yaxınlığında şeytana daş atılan yerdə (Allah evinin zəvvarlarının toplaşdıqları böyük mərkəzdə) dayan. Xif məscidində (ibadətlə məşğul olan), yaxud Kəbəyə doğru hərəkət edən bütün kəsləri çağır; səhər vaxtı hacıların sel kimi Mina məntəqəsinə çatdığını gördükdə, fəryad edərək söylə: “Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab edilərsə, onda bütün insanlar və cinlər şahid olsunlar ki, mən rafiziyəm (dindən çıxmışam)!” (“Kəbir” təfsiri, 27-ci cild, səh. 166 və “Ruhul-məani”, 25-ci cild, səh. 32)
İlahi! Bizi namazda salam və salavat göndərdiyimiz Əhli-beyti (ə) sevənlərdən qərar ver!
İlahi! Bu sevgini vilayət məqamını tanımaq üçün vasitəyə, bu tanışlığı Əhli-beyt (ə) məktəbinə tabeçiliyə çevir. Bu, İslamın ən mühüm məqsədidir!