BƏYYİNƏ (ŞAHİD) AYƏSİNDƏ NƏ BUYURULUR?


BƏYYİNƏ (ŞAHİD) AYƏSİ

“Hud” surəsinin 17-ci ayəsində buyurulur:
أَفَمَن كَانَ عَلَى بَيِّنَةٍ مِّن رَّبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِّنْهُ وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ
“Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn, ondan da əvvəl Musanın bir rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (başqaları kimi ola bilərmi?!) Bunlar (haqq-ədalət istəyənlər) ona iman gətirmişlər!”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu ayənin təfsiri ilə bağlı on altıya yaxın rəvayət nəql edir. Ondakı “şahid” sözündə məqsədin İmam Əli (ə) olduğu qeyd edilir. Məsələn, Ənəs ibn Malikdən belə nəql olunur: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən...” ifadəsində məqsəd Məhəmməd (s), ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsində məqsəd Əli ibn Əbi Talibdir (ə). Müşriklər əhd-peymanlarını pozduqları zaman Məkkədə Peyğəmbəri-əkrəm (s) tərəfindən həmin ayələri tilavət edən şəxs Əli (ə) idi.”
Başqa bir hədisdə İbn Abbasın belə dediyi nəql olunur: ”Ardınca Allah tərəfindən bir şahid gələn...” ifadəsindən məqsəd yalnız Əli ibn Əbi Talibdir!”

Həmçinin, İmam Əlinin (ə) xüsusi səhabələrindən olan Zazan o həzrətdən belə nəql edir: “Əgər mənim üçün qəzavət kürsüsü hazırlansa və mən onda əyləşsəm, Tövrat əhli ilə öz kitabları – Tövrat, İncil əhli ilə öz kitabları – İncil, Zəbur əhli ilə öz kitabları – Zəbur və Quran əhli ilə öz kitabları – Quran əsasında qəzavət və hökm edərəm... Allaha and olsun! Gecə, yaxud gündüz, çöldə, yaxud dağda, səhralıqda, yaxud suda elə bir ayə nazil olmayıb ki, hansı saatda, yaxud kimin haqqında nazil olduğundan xəbərdar olmayım!”
Bir nəfər “Ya Əmirəl-möminin! Quranda sənin haqqında bir ayə nazil olubmu” soruşduqda, o həzrət buyurdu: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!) ayəsində “Allah tərəfindən açıq-aydın dəlilə istinad edəni Məhəmməddir (s), ona şahid və onun ardınca qədəm götürən şəxs isə mənəm!”
Süyuti də ”Əd-durrul-mənsur” kitabında bu haqda çoxlu rəvayət nəql etmişdir. İbn Əbi Hatəm, İbn Mərdəveyh və Əbu Nəimin Əli ibn Əbi Talibdən (ə) nəql etdikləri hədisdə belə buyurulur: “Qüreyşdən elə bir kişi yoxdur ki, Quranda onun barəsində ayə nazil olmasın!”
Bir nəfər o həzrətdən soruşdu: “Quranda sənin də haqqında ayə varmı?”
Buyurdu: “Məgər “Hud” surəsini oxumayıbsınızmı ki, Allah-taala buyurur: “Məgər Allahdan açıq-aydın bir dəlilə istinad edən, ardınca Allah tərəfindən bir şahid gələn... kimsə (başqaları kimi ola bilərmi?!)”
Həmin kitabda bu məzmunda hədislər də nəql edilmişdir.

“Ruhul-məani” təfsirində də İbn Əbi Hatəmin və İbn Mərdəveyhin Əlidən (ə) nəql etdikləri hədisdən sonra Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql olunur: “Allahdan açıq-aydın bir dəlilə istinad edən...” şəxs mənəm, “Ardınca Allah tərəfindən bir şahid gələn...” şəxs isə Əlidir.”
Həmin kitabda yazılır: “Bəzi şiələr bu hədisləri Peyğəmbəri-əkrəmdən (s) sonra Əlinin (ə) xəlifəliyi ilə əlaqələndirirlər. Çünki bu ayədə Əli “şahid” sayılmış və “İnna ərsəlnakə şahidən və mübəşşirən və nəzirən” (Həqiqətən, Biz səni şahid, müjdə verən və qorxudan göndərdik!) ayəsində isə Peyğəmbəri-əkrəm (s) şahid kimi göndərilmişdir. Məlum olur ki, İslam ümməti arasında Əlinin (ə) məqamı Peyğəmbəri-əkrəmin (s) məqamı ilə eynidir. Çünki Allah-taalanın Qurani-kərimdə buyurduğu kimi, Əli (ə) də Allah tərəfindən bir şahid olaraq gəlmişdir. Nəticə budur ki, Əli (ə) İslam peyğəmbərindən (s) sonra xəlifədir!”

Sonra belə yazır: “Bu düzgün deyil!” Ardınca sonra bir rəvayət nəql edərək “şahid” sözünü Peyğəmbərin (s) zamanına aid edir.
Həmişə şiələrə və İmam Əlinin (ə) İmaməti ilə bağlı açıqlamalara qarşı çıxan “Əl-mənar” müəllifi “Ruhul-məani”nin müəllifi Alusidən geri qalmır. O da bu ayənin təfsirində əl-ayağa düşərək yazmışdır: “Ayənin zahiri mənası budur ki, “bəyyinə” (dəlil) Peyğəmbərin (s) öz nübüvvətinə olan qəti elmi, “şahid” isə Qurandır.” Bu barədə Səid ibn Cübeyrdən bir hədis nəql olunur. Orada “bəyyinə” Quran, “şahid” isə Cəbrail sayılır. Ayədəki “yətluhu” sözünün isə Qurani-kərimin Peyğəmbərə (s) tilavət edilməsi mənasını daşıdığı göstərilir. Əlavə edərək yazır: “Əlbəttə, zəif bir hədisdə deyilir ki, “şahid” Peyğəmbərin (s) Quranı camaata tilavət etdiyi dilidir. Şiələrin nəql etdikləri başqa bir hədisdə “şahid”in Əli (ə) olduğu göstərilir.”
Belə yozumlar və təəssübkeşliklər Quran ayələrinin və rəvayətlərin düzgün başa düşülməsi yolunda ən böyük maneədir. Burada bir neçə məsələni qeyd etməyi lazım görürük:

1. Şiə və sünnilərin məşhur kitablarında müxtəlif sənədlərlə nəql olunan çox saylı hədislər müqabilində “Əl-mənar” müəllifinin “Şiələrin nəql etdikləri zəif bir hədisdə “şahid”in Əli (ə) olduğu göstərilir” deməsi çox təəccüblüdür! Görəsən, o, əhli-sünnənin “Əd-durrul-mənsur”, “Şəvahidut-tənzil”, hətta “Ruhul-məani” kitablarında “şahid” sözünün İmam Əliyə (ə) aid edilməsini təsdiqləyən hədisləri görməyibmi?! Məgər bu rəvayətləri təkcə şiələrmi nəql edib? Yoxsa şiənin xeyrinə tamamlanan rəvayətlər əhli-sünnə alimləri tərəfindən nəql edilsə belə, şiə rəvayəti hesab edilməlidir?!

2. Bir qrup əhli-sünnə aliminin bu ayədə qeyd olunan “şahid” sözünü Peyğəmbəri-əkrəmin (s) “dili” kimi (Quranın heç bir yerində görünməyən məfhuma) təfsiri daha maraqlıdır. Çünki “Əl-mənar” müəllifi bu haqda yalnız zəif bir rəvayətin nəql olunduğunu bildirmişdir. Bəlkə də, o, “şahid” sözünün Peyğəmbəri-əkrəmin (s) dili, eləcə də, “yətluhu” sözünün Quranın tilavəti kimi təfsirinin həqiqətdən çox uzaq olduğuna diqqət yetirmişdir. Çünki bu təfsirə əsasən, ayənin mənası belədir: “Məgər Allahdan açıq-aydın bir dəlilə, yəni Qurani-kərimə istinad edən, ardınca onu tilavət edən... kimsə (başqaları kimi ola bilərmi?!)” Belə çıxır ki, Peyğəmbər (s) özü özünə şahiddir. Görəsən, iddialı kəs özü özünə şahid ola bilərmi?! Yoxsa başqa bir kəsin şahidliyi lazımdır? Məgər Quran Peyğəmbərin (s) dilindən çıxmayıbmı? Necə ola bilər ki, Peyğəmbərin (s) dili Qurana şahid olsun? Məgər Peyğəmbərin (s) dili onun özündən ayrıdırmı? Bəli, həqiqəti etiraf etmək istəməyənlər müxtəlif yollara əl atırlar.

3. “Şahid” sözünün Cəbrail kimi təfsiri də düzgün deyil; çünki kimsə bu şahidi görmür. Bu halda onun şahidliyi səmərəsizdir.
Görəsən, onları belə əsassız yozumlara nə vadar edir?!

4. Ən maraqlısı Alusinin “Ruhul-məani”də yazdıqlarıdır: “Ayədə qeyd olunan “bəyyinə” (dəlil) Quran, “şahid” isə Quranın ecazkarlığıdır. Quranın “dəlil” olmasını yalnız onun ecazkarlığı ilə başa düşməliyik və ecazkarlığı nəzərə almadan onu dəlil hesab etmək olmaz.”
Burada “bəyyinə” ilə “şahid” bir mənada olacaq. Bu da ayənin təfsirinə uyğun gəlmir.

5. “Bəyyinə” (dəlil) sözünün Peyğəmbəri-əkrəmin (s) öz peyğəmbərliyinə olan batini və qəti elmi, “şahid” sözünün isə Qurani-kərim kimi təfsiri də qəribədir. “Bəyyinə” sözünün mənasını öncə Qurandan öyrənməliyik. Qurani-kərimdə bu söz 19 dəfə, onun cəm forması olan “bəyyinat” sözü 52 dəfə işlədilmişdir. Bu söz adətən batini və qəti elm “möcüzə”, yaxud “səmavi kitablar və Qurani-kərim” mənalarında verilir. Qətiyyətlə deyirik ki, burada “bəyyinə” sözü İslam peyğəmbərinin (s) əbədi möcüzəsi olan Qurani-kərimə, “şahid” sözü isə Peyğəmbəri-əkrəmin (s) haqq olduğuna şəhadət verən başqa bir şəxsə işarədir.
Bu düzgün təfsirdən əndişələnənlər onu hansı mənaya yozurlarsa yozsunlar, yenə də əsassız iradlardan başqa bir nəticə almayacaqlar. Halbuki həqiqətin qəbulu çox da çətin deyil!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter