“XEYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ NƏYƏ İŞARƏ EDİR?


“XEYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ

“Bəyyinə” surəsinin 7-8-ci ayələrində buyurulur:
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ
“Həqiqətən, iman gətirib saleh əməllər edənlər yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan behişt bağlarıdır. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (yüksək məqam) Rəbbindən qorxanlar üçündür!”
Allah-taala bu iki və bundan öncəki ayələrdə ən pis və ən yaxşı məxluqların kimlər olduğunu açıqlayır. Haqq nurunu söndürmək istəyən, müxtəlif hiylələrə əl atan, həm özlərini, həm də başqalarını azğınlığa sürükləyən kafirləri və kitab əhlindən olan müşrikləri “şərrul-bəriyyə” (yaradılmışların ən pisi), bunun müqabilində isə iman nuru sayəsində haqq yol seçən, yaxşı əməllər edən, həm özlərini, həm də başqalarını doğru yola çağıranları “xeyrul-bəriyyə” (yaradılmışların ən yaxşısı) adlandırır.
Göründüyü kimi, ayənin məfhumu müəyyən bir fərd və ya qrupa aid olmasa da, şiə və əhli-sünnənin hədis mənbələrində nəql olunan bir çox rəvayətlərə görə, Allahın bəndələri sırasında ən üstün və öncül şəxs yalnız bir nəfərdir. Bu hədislərin mənasına diqqət yetirdikdə, indiyə qədər bəzilərinə qaranlıq qalan bir çox həqiqətlər aydınlaşır və xəbərsizlərin ittihamlarına tutarlı cavablar vermək olur. Burada oxucuların diqqətini bu hədislərin bir qisminə yönəldirik:
1. Məşhur təfsir alimi Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin təfsirində İbn Əsakirdən, o da Cabir ibn Abdullahdan belə nəql edir: “Biz Peyğəmbəri-əkrəmlə (s) bir yerdə idik. Bu vaxt Əli (ə) bizə tərəf gəlirdi. Peyğəmbər (s) onu görcək belə buyurdu: “Canım əlində olan Allaha and olsun ki, bu kişi və onun şiələri qiyamət günü nicat tapanlardandır!” Bundan sonra “İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” ayəsi nazil oldu. Beləliklə, Əli (ə) gələrkən Peyğəmbərin (s) səhabələri ona “Yaradılmışların ən yaxşısı gəlir” dedilər (“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379).”
Bu rəvayəti eynilə Hakim Həskani “Şəvahidut-tənzil” kitabında nəql etmişdir (“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357).
2. İbn Abbasdan nəql olunan başqa bir rəvayətdə belə buyurulur: “İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:
هُوَ اَنْتَ وَشِيعَتُكَ تَأتِى اَنْتَ وَشِيعَتُكَ يَوْمَ الْقِيامَةِ راضِينَ مَرْضِيينَ وَتَأتِى عَدُوُّكَ غَصْباناً مُقْمِحِينَ:
“Sən və şiələrin qiyamət günü yaradılmışların ən yaxşılarısınız. Həm Allah sizdən razıdır, həm də siz Allahdan. Sənin düşmənin isə (qiyamətdə) əzab içərisində olar və boynuna zəncir bağlanar! (Yenə orada, hədis: 1126; “Əs-səvaiq”, İbn Həcər, səh. 96 və “Nurul-əbsar”, Şəblənci, səh. 70 və 101)”
3. Əbu Bərzədən də belə nəql olunur: “Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət edərkən, üzünü Əliyə (ə) tutub buyurdu: “Ya Əli! Yaradılmışların ən yaxşısı sən və şiələrindir. Mənim və sənin vədən “Kövsər” hovuzunun kənarındadır (“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 359, hədis: 1130).”
4. “Əd-durrul-mənsur” təfsirində yazılır: “İbn Mərdəveyh, Əlidən (ə) nəql edir ki, Peyğəmbəri-əkrəm (s) mənə belə buyurdu: “Məgər Allahın “İman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır” kəlamını eşitməmisən? Bunlar sən və şiələrindir. Mənim sizinlə vədə yerimiz (görüşəcək yerimiz) “Kövsər” hovuzunun kənarıdır! Mən ümmətlərdən hesab çəkməyə gəldiyim zaman siz seçilərək alnıaçıq halda çağırılacaqsınız! (“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379)”
5. Yenə “Şəvahidut-tənzil” kitabında Ətiyyə Ovfinin belə dediyi nəql olunur: “Bir dəfə biz Cabir ibn Abdullah Ənsarinin yanına getmişdik. Artıq o vaxt qocalığından qaşları gözünün üstünə tökülürdü. Ona dedik: “Bizə Əlidən danış!”
O, əli ilə qaşlarını qaldırıb dedi: “O, yaradılmışların ən yaxşısıdır! (“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 364, hədis: 1142)”
6. Gənci Şafei “Kifayətut-talib” kitabında Ətadan belə nəql edir: “Ayişədən Əli (ə) haqda soruşdum. Mənə dedi: “O, bəşərin ən yaxşısıdır və buna yalnız kafirlər şəkk edərlər! (“Kifayətut-talib”, səh. 118, “Ehqaqul-həqq” kitabından nəqlən, 3-cü cild, səh. 288.)”
Yenə həmin kitabda Hüzeyfin belə dediyi nəql olunur: “Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu eşitdim: “Əli insanların ən yaxşısıdır, hər kəs bunu qəbul etməsə, kafirdir (Yenə orada)!”
Məlum olduğu üzrə, bütün bu ifadələr İslam peyğəmbərindən (s) sonra İmam Əliyə (ə) aid olur, yəni o, Peyğəmbərdən (s) sonra insanların ən yaxşısıdır.
Diqqəti cəlb edən məsələ budur ki, Əlinin (ə) fəzilətlərinə şübhə ilə yanaşan əhli-sünnənin məşhur təfsir alimi Alusi bu ayənin təfsiri ilə bağlı Peyğəmbəri-əkrəmin (s) buyurduqlarının bir çoxunu nəql etdikdən sonra yazır: “Rəvayətlərin məfhum və mənası bu deyil ki, ayə məhz Əli (ə), onun şiələri və ardıcıllarına aiddir. Hərçənd, onlar bu ayəyə daxildir və yaradılmışların ən yaxşılarının önündə dururlar.” Sonra yazır: “İmamiyyə şiələri Əlini (ə) peyğəmbərlər və mələklərdən üstün bilsələr də, Peyğəmbəri (s) ondan üstün hesab edirlər!”
Bir sözlə, alimlərin böyük bir qrupu İslamın məşhur mənbələrində “xeyrul-bəriyyə” ayəsi ilə bağlı hədislər nəql etmişlər. Bu hədislər Peyğəmbəri-əkrəmdən (s) sonra İmam Əlinin (ə) bütün müsəlmanlardan və səhabələrdən üstün, fəzilətli olmasına aydın bir dəlildir. Lakin əməvilərin zülmkar hakimiyyətindən bəri həmişə düşmənlər o həzrətin fəzilətlərini gizlətməyə çalışmış, dostları belə canlarının qorxusundan heç bir söz deməmişlər. Bununla belə, bu böyük fəzilətlər bütün o qaranlıq, irticaçı dövrləri arxada qoyaraq bizim əlimizə gəlib çatmışdır. Bunu isə ilahi və qeybi yardımdan başqa bir şey adlandırmaq olmaz! Bundan əlavə, bu ayə və hədislərdən iki mühüm məsələ başa düşülür:
1. Dərəcəsi aşağı olan bir kəsi fəzilətli bir insandan üstün bilmək bəyənilməz bir iş sayıldığından, İmam Əlini (ə) fəzilət və üstünlüyünə görə, Peyğəmbəri-əkrəmin (s) xəlifəsi və canişini sayırıq; xəlifənin istər (bizim etiqadımıza görə) Allah, istərsə də (sünnilərin etiqadına görə) xalq tərəfindən seçilməsini qəbul edək.
2. Əksər hədislərdə qeyd olunduğu kimi, İmam Əlinin (ə) ardıcıllarının “şiə” adlandırılması Peyğəmbəri-əkrəmin (s) dilindən götürülmüşdür. Bu ada belə düşmən olanlar, ona nifrət bəsləyənlər və onun “ş” hərfini “şər” sözü kimi tərcümə edənlər həqiqətdə İslam peyğəmbəri (s) ilə müxalifdirlər və o həzrətin kəlamlarına nifrət bəsləyirlər. Əgər doğrudan da onlar belə ittihamları agahlıq üzündən və bilə-bilə dillərinə gətirirsə, onların işləri çətin olacaqdır! Onların bu hədislərdən xəbərsiz olduğunu düşünsək, daha yaxşıdır.
Bəli, “şiə” adı nifrət doğurmur, əksinə mötəbər rəvayətdə qeyd olunduğu kimi, İslam peyğəmbərinin (s) Əlinin (ə) ardıcıllarına qoyduğu iftixarlı addır. Allahdan arzumuz budur ki, hamımız bu iftixara layiq olaq!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter