Dünya düzənİndəkİ gözəllİk haqda Quranda nə deyİlİr?


Quran baxımından dünya düzənindəki gözəllik

Quran ayələrində dünya düzəninin gözəlliyi təsdiq olunur. Yəni, Allah hər nə yaratmışsa, gözəl yaradıb. Bu məsələyə Tövratda da işarə var: \"Allahın yaratdığı hər bir şey gözəldir və ya O, hər bir şeyi öz vaxtında yaxşı yaradıb\" .
Dünya düzənindəki gözəlliyi təsdiqləyən ayələri bir neçə dəstəyə ayırmaq olar:

1. Bir dəstə ayələrdə dünyada mövcud olan bütün məxluqun gözəlliyi və yaxşılığı vurğulanır:
Səcdə surəsi, 7-ci ayə:
O yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.
Mumin surəsi, 64-cü ayə:
Sizin üçün Yeri məskən, Göyü örtük edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz (pak) nemətlərdən ruzi verən Allahdır! Bu sizin Rəbbiniz olan Allahdır! Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər uludur!
Təğabun surəsi, 3-cü ayə:
O, Göyləri və Yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi və surətlərinizi gözəl yaratdı (insan bütün canlıların ən gözəli və kamil biçimlisi olan məxluqdur). Axır dönüş də Onun (Allahın) hüzurunadır.

2. Bir sıra ayələrdə isə Allah ən gözəl xəlq edən (Əhsənül-Xaliqin) adlanır – yəni Allahdan gözəl xəlq edən yoxdur. Bundan gözəl düzən ola bilməzdi.
Muminun surəsi, 14-cü ayə:
Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluq olaraq yaratdıq. Ən gözəl biçimdə xəlq edən (Yaradan) Allah nə qədər uca, bərəkətli və uludur.
Saffat surəsi, 125-ci ayə:
Məgər siz ən gözəl Yaradan və Xəlq edən Allahı qoyub Bələ (Bəl adlı bütəmi) ibadət edirsiniz?
Bu ayələrdə Allah ən gözəl Yaradan kimi xatırlanır, deməli, Allahın yaratdığı məxluq da ən gözəl biçimə malikdir. Varlıq aləmində hər bir şey mükəmməl və gözəl yaradılıb; dünya düzəni Allahın kamalı sayəsində gözəl şəkildə xəlq edilir.

3. Bir dəstə ayələr xilqət aləmini Allahın ayət və ya nişanəsi adlandırır. Bütün varlıq Allahın qüdrət, kamal və camal sifətlərinin ayələridir; bu ayələr dünya düzənindəki gözəlliyin qaynağını Allahda görür. Ayə nişanə deməkdir və Allahın kamalı Onun nişanələrində də öz əksini tapır. Allahın xilqətində heç bir nöqsan tapmaq olmaz. Dünya düzəni gözəl biçimli olmasaydı, Əhsənül-Xaliqin adlanan Allahın ayə və nişanəsi kimi tanınmazdı.
Ali-İmran surəsi, 190-cı ayə:
Həqiqətən, Göylərin və Yerin yaradılması, gecə və gündüzün bir-birini əvəz etməsi ağıl sahibləri üçün (Allahın qüdrət və kamalını sübut edən) qəti dəlillərdir.
Öncə, dünya düzənindəki nizam-intizam və qanunauyğunluqdan bəhs etmişdik və həmin nizam xilqətin gözəlliyini təsdiq edir. Dünyanın Allahın ayəsi kimi tanınması barədə də əvvəlki bölmələrdə söhbət açmışdıq və ona görə həmin məsələləri təkrar etmədən sözümüzü bitiririk.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter