FİL İLİNİN MACƏRASI NƏDİR?



Həbəş hökmdarı 70 minlik qoşunla Əbrəhəni sərkərdə təyin edib, xristianları müdafiə məqsədilə Yəmən padşahının üzərinə göndərdi. Orada qələbə çalan Əbrəhə Yəmənə hakim təyin olundu. O, Səna şəhərində bir kilsə tikdirdi və Həbəş hökmdarı Nəcaşiyə məktub göndərib bildirdi ki, xalqa Kəbəni ziyarət etməyi qadağan edəcəyəm. Əbrəhə qoşun yığıb Kəbəyə tərəf irəlilədi. Bu qoşunun ön hissəsində fillər dayanmışdı. Bəzi yerlərdə ərəblər onların qarşısında müqavimət göstərə bilmədilər. Əbrəhə öz qoşunu ilə birlikdə Məkkənin yaxınlığında düşərgə saldı. Əmr etdi ki, Məkkə əhalisinin var-yoxunu qarət etsinlər. Eləcə də Əbdül Mütəllibin 200 dəvəsini ələ keçirsinlər. Bir elçi vasitəsilə Əbdül Müttəlibə tapşırdı ki, Qüreyş onlara qarşı müqavimət göstərməsin, onun məqsədi yalnız Kəbəni dağıtmaqdır.

Əbdül Müttəlib cavabında bildirdi ki, biz Kəbəni müdafiə etmk fikrində deyilik, çünki bu evin öz sahibi var. Elçinin bu cavabdan xoşu gəldi və ondan xahiş etdi ki, birlikdə Əbrəhənin yanına qayıtsınlar. Əbrəhə Əbdül Müttəlibi hörmətlə qarşıladı və soruşdu ki, buraya gəlməkdə məqsədi nədir? O buyurdu ki, sizin qarət etdiyiniz var-dövlətin və dəvələrin dalınca gəlmişəm. Əbrəhə dedi ki, mən sənin kimi müdrik bir insanın xırda bir şeydən ötrü ağız açacağını gözləməzdim. Elə bildim ki, Kəbə barəsində öz etirazını bildirəcəksən. Əbdül Müttəlib cavab verdi ki, mən dəvələrin sahibiyəm, Kəbənin də sahibi var, Özü onu müdafiə edir. Bu sözü deyib ayağa durdu.
Əbrəhə ətrafındakılara əmr etdi ki, qarət olunmuş malları və dəvələri Əbdül Müttəlibə qaytarsınlar. Geri dönən Əbdül Müttəlib Qüreyşə göstəriş verdi ki, hamı bir nəfər kimi şəhərdən kənara çıxsın. Uşaqların, qadınların, qocaların naləsi hər yanı bürümüşdü. Əbdül Müttəlib üzünü Kəbəyə çevirib ağlaya-ağlaya dua etdi: “Pərvərdigara, düşmənin şərrindən Sənə pənah gətirdik. Kəbənin düşməni Sənin düşmənindir. Ey Allah, Kəbəyə xaç vurulan günü bizə göstərmə!”

O, Məkkəni tərk edən axırıncı şəxs idi. Səhərisi günü Əbrəhənin qoşunu hücuma keçmək istəyirdi ki, dəniz tərəfdən böyük bir quş dəstəsi qara bulud kimi onların üstünü aldı. Onlar caynaqlarında və dimdiklərində gətirdikləri daşlarla qoşunu darmadağın etdilər.
Bu qeyri-adi və dəhşətli hadisə bütün dünyaya səs saldı. Qurani Kərim “Fil” surəsində bu macaranı nəql etmişdir.
Qüreyşə itkisiz başa gələn bu qələbə onlarda bir təkəbbür, qürur yaratdı. Təəssüflər olsun ki, onlar bu qələbəni Allahın yox, bütlərin və özlərinin adına çıxardılar. Bu baxımdan cəhalət dəryasına qərq olan Qüreyşin müdrik və ürəyəyatan bir rəhbərə ehtiyacı var idi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter