DİNİ VƏZİFƏLƏR HANSI YAŞDA VACİB OLUR?
Dini vəzifələr dörd şərt daxilində insana vacib olur:
1.Büluğ – oğlanlarda on beş yaş tamam olub, on altıya keçməli, qızlarda doqquz yaş tamam olub, ona keçməlidir. (Amma insanda növbəti üç şərt daha tez ödənərsə, dini vəzifə vacib olar)
2.Qüdrət – vəzifəyə əməl etmək üçün güc və qüvvəyə ehtiyac vardır. Allah ədalətlidir və kimsədən gücündən artıq iş tələb etməz. “Bəqərə” surəsinin 286-cı ayəsində buyurulur: “Allah kimsəni gücündən artıq yükləməz.”
3.İxtiyar – vəzifəli olmaq üçün digər bir şərt insanın azad olmasıdır. Əgər insan zülm və zor altındadırsa, o, yalnız gücü çatan dini göstərişlərə vəzifəlidir.
4.Əql- əql insanı digər canlılardan fərqləndirən başlıca xüsusiyyətdir. Əqli olmayan varlıqdan nə tələb etmək olar?! Dini vəzifə yalnız əqlə malik insanlara aiddir. Psixi cəhətdən xəstə, daha doğrusu, dəlilər üçün heç bir dini vəzifə yoxdur.
Etiqadlı insan üçün büluğ, yetkinlik yaşına çatma günü onun həyatının ən mühüm günlərindəndir. Bir çox alimlər anadan olduğu günün yox, məhz yetkinlik yaşına çatdığı günün il dönümünü qeyd edirlər. Doğrudan da, insanın dini vəzifələri yerinə yetirməyə layiq olduğu gün, bir növ Allah qarşısında bəndəliyə layiq olduğu gün çox əlamətdardır. Belə bir mübarək günü hər il qeyd etməyə dəyər!