ƏBDÜLLAH İBN HÜRR CÖFİ KİMDİR?


Cavab: Bəni-məqatil adlanan yerdə dayanarkən İmama (ə) xəbər verdilər ki, Əbdüllah ibn Hürr Cöfi də bu mənzildə dayanmışdır. Osmanın tərəfdarlarından olan Əbdüllah Osman qətlə yetirildikdən sonra Müaviyəyə qoşulub, Siffeyn döyüşündə həzrət Əli (ə) ilə vuruşmuşdu.
İmam Hüseyn (ə) Əbdüllahın yanına adam göndərib ona qoşulmasını istədi. Əbdüllah Həccac adlı elçiyə dedi: “And olsun Allaha! Mən Kufədən çıxanda əhalinin çoxu Hüseynlə (ə) döyüşə hazırlaşırdı. Hüseynin bu döyüşdə öldürüləcəyi məndə şübhə doğurmur. Məndə Hüseynə yardım gücü yoxdur və istəmirəm də məni görsün.” Həccac bu sözləri İmama çatdırdıqdan sonra İmam özü Əbdüllahın görüşünə getdi. Həzrət Əbdüllaha buyurdu:”Sən çox günahlara batmış, çox səhvlərə yol vermisən. Tövbə edib, günahlarını yumaq istəmirsənmi? Peyğəmbər (s) qızının övladına yardım et, onun tərəfində düşmənləri ilə döyüş.” Əbdüllah dedi: “And olsun Allaha! Sənə itaət edənin əbədi səadətə çatacağına inanıram. Amma inanmıram ki, mənim yardımımın sənə faydası olsun. Məni bu işdən azad et, çünki ölümdən çox qorxuram. Amma qaçışda məşhur atımı sənə verirəm.” İmam buyurdu: “Bir halda ki, bizim yolumuzda canını qıymırsan, nə səni, nə də atını istəyirik.” Mənbələrdə bildirilir ki, Əbdüllah ömrünün sonunadək, İmama qoşulmaq səadətini əldən verdiyi üçün təəssüf etdi.
İmamın (ə) Əbdüllahın xeyməsinə getməsinə həkimin xəstə yanına getməsi kimi baxmalıyıq. Allahın övliyaları daim insanların əqidəsini islah etmək, onları axirət əzabından qurtarmağa çalışmışlar. Amma Əbdüllah xislətində olanlar belə dəvətlərin əsil mahiyyətini anlaya bilmir, hədiyyə və ehsan yolu ilə razılıq almaq istəyirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter