QURANIN BOŞANMAYA NECƏ BAXIR?
Əgər qadın və kişi aralarındakı anlaşılmazlığı özləri həll edə bilməsələr, hər iki ailə tərəfindən mömin, hövsələli bir şəxs təyin olunmalıdır ki, problem talaqla nəticələnməsin.
«(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib, (onların yanına) göndərin. Əgər bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah hər şeyi bilən və (hər işdən) xəbərdardır»[Bəqərə-229]
«(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) onlara (qadınlarınıza) verdiyinizdən (kəbin haqqından, mehrindən) bir şey tələb etməniz sizə halal olmaz. Bu, yalnız kişi ilə qadın Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirməkdən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Bunlar Allahın hökmləridir. Bu hökmlərdən kənara çıxanlar, əlbəttə, özlərinə zülm edənlərdir»[Bəqərə-231]
«Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman, onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Əziyyət və zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın hökmləri ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!» [Həşr-18]
Allah-təala talaq (boşanma) məsələsi ilə yanaşı Quran, hikmət, sonsuz elm kimi nemətləri də xatırladır ki, insanlar bu məsələni tam insaf, ədalət üzərində qursunlar.
Şübhəsiz ki, ailələr Allaha və qiyamətə inanar və əxlaqlı, əməlisaleh olarlarsa, səmimiyyət dolu bir həyat sürəcək və talaq kimi problemlərlə qarşılaşmayacaqlar.
Narkotikaya qurşanma, təhsildən yayınma və s. kimi övladlarımızın həyatını məhv edən amillərin kökü valideynlər arasındakı münaqişə və boşanma ilə birbaşa əlaqəlidir.
Qadın və kişi bir-birlərinin hüquqlarını qoruyaraq, talaq kimi Allahın düşmən sandığı bir problemlə qarşılaşmamalıdırlar. Bunun məsuliyyəti qiyamət günü günahkar, öz üzərinə götürdüyü öhdəçiliyə riayət etməyən şəxsin üzərinə düşür.
Talaqın sayının azalması üçün hamı çalışmalıdır. Bu məsələdə daha ağır məsuliyyət Ədliyyə nazirliyinin üzərinə düşür. Bu kimi əlaqədar orqanlar əhalini, xüsusilə də boşanma üçün müraciət edənləri onun acı nəticələri haqqında məlumatlandırmalıdırlar. Bu, talaqın qarşısının alınmasında çox böyük rolu ola bilər.