NƏ ÜÇÜN ƏRƏFATA “ƏRƏFAT” DEYİLİR?


Ərəfat Məkkənin dörd fərsəxliyində yerləşən geniş bir səhranın adıdır. Hacılar Zilhəccə ayının doqquzuncu günündə günortadan gün batana qədər orada qalırlar. Bu diyarın nə üçün Ərəfat adlandırılması barədə bir neçə nəzər verilmişdir. O cümlədən, vəhy mələyi Cəbrail həcc əməllərini İbrahimə orada öyrətmişdi. O zaman İbrahim – “Ərəftuərəftu” – yəni tanıdımtanıdım” – dedi.
Amma bu cür ad qoymanın başqa bir həqiqətə də işarə olunmasını ehtimal vermək olar. O da bundan ibarətdir ki, həccin ilk mərhələsinin başlandığı bu diyar Pərvərdigarı tanımaq, Onun pak və müqəddəs Zatına mərifət tapmaq üçün çox əlverişli bir mühitdir. Doğrudan da insanın o diyara qədəm qoyarkən özündə hiss etdiyi mənəvi və ruhi cazibə heç bir bəyanla vəsf edilə bilməz. Qəribə bir bərabərlik: hamı bir şəkildə, yeknəsəq, dünyanın maddi bərbəzəklərindən, hayküylərindən uzaqda olan bir çöldə oturmuş, günah aludəliklərindən asudə olan bir fəzada, vəhy mələyi Cəbrailin şəhpər saldığı, Hacərin “zəmzəm”, İbrahim Xəlilin həzinhəzin razniyaz səslərinin eşidildiyi bir diyarda, həzrəti Məhəmməd (s)in və islam mücahidlərinin təkbir nidalarının eşidildiyi bir belə bir səhrada sanki təbiətin fövqündə olan mücərrəd aləmlərə bir qapı açılır. Belə bir mühitdə insan öz Pərvərdigarına sığınaraq sanki Ona yeni bir mərifət tapır, öz məhbubuna qovuşmuş aşiqlər tək sərməst olur və bir anlığa ümumi xilqətin həmahəng olan təsbih pıçıltıları ilə öz vücudunda itirdiyi və bir ömür axtarışında olduğu şeyi tapır. Öz halına arif olur və bilir ki, heç bir şey onun daxilindəki yanğını söndürməyə qadir deyil, gecəgündüz hərisliklə bağlarda, səhralarda vurnuxaraq axtardığı bir varlıq bunlardan tamamilə başqa bir şeydir. Onun bu vaxta qədər rastlaşdığı yalançı məbudlar daxilindəki yanğını söndürə bilməz. O başa düşür ki, ruhunun ənginliklərində başqa bir gövhər yatmışdır ki, o, həqiqətdə indi tapdığı həmin şeydir. Bəli, Ərəfat məhz bu səbəbdən Ərəfat adlandırılmışdır. Necə də münasib və maraqlı bir ad!
Məşərulhəramın da belə adlandırılmasına gəldikdə isə, oranın həcc şüarları üçün mərkəz və əzəmətli mərasim nişanələri olmasını qeyd etmişlər. Amma unutmaq olmaz ki, “məşər” kəlməsi “şüur” kökündən alınmışdır. Zilhəccənin onuncu gecəsi – belə bir həyəcanlı və tarixi bir gecədə Allah evinin ziyarətçiləri Ərəfatdakı tərbiyəvi günü arxada qoyduqdan sonra ora köçür və bir gecəni sübhə qədər orada, ulduzları sayrışan səmanın altında, böyük Məhşərin (yə”ni Qiyamətin) kiçik nümunəsi olan bir diyarda keçirirlər. Cəmiyyətin, təlatümlü dərya kimi dalğalandığı, tufanın hər yeri bürüdüyü bir yerdə izdihamlı camaatın həzin səsləri sübhə qədər kəsilmək bilmir. Belə səfalı, hər növ aludəlikdən pak olan bir mühit insanı vəcdə gətirir, ehramın ağ məsum paltarında, narın qumların üstündə əyləşərək, öz qəlbində təfəkkür və şüurdan yeni çeşmələr qaynadığını hiss edir və onun öz qəlbinə süzülməsini aydınca hiss edir. Buna görə də ora “Məşər” deyilir.
ثُمَّ أَفِيضُواْ مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ
Allah-taala bu ayədə Qureyş qəbiləsinin özünə mənsub etdiyi imtiyazlardan birini əsassız və batil hesab edir. Onlar özlərini hüms (dində möhkəm olan şəxslər), Həzrəti İbrahimin övladları və Kəbə evinin qəyyumları hesab edir və sair ərəblərin özlərinə mənsub etdikləri məqamı rəsmi şəkildə qəbul etmirdilər. Onlar deyirdilər ki, biz Məkkə hərəmi hüdudlarından kənarda olan heç bir şeyin ehtiramını Məkkədə olan şeylərin ehtiramına bərabər hesab etməməliyik. Əks halda, ərəblər bizə qədirqiymət verməz. Buna görə də onlar hərəmin hüdudlarından kənarda yerləşən Ərəfatda vüqufu (dayanmağı), bu əməlin İbrahim (ə)ın ayinində həcc əməllərinin bir hissəsi olduğunu biləbilə tərk edirdilər.
Quran bu ayədə müsəlmanlara göstəriş verir ki, Ərəfatda dayansınlar və birlikdə oradan Məşərə gəlsinlər və oradan da Minaya köçsünlər, beləliklə, yuxarıda qeyd olunan yanlış imtiyazı aradan qaldırsınlar.
Qeyd olunanlardan məlum olur ki, bu ayədəki (“əfazə” felinin məsdəri olan) “ifazə” (hərəkət) sözü Məşərulhəramdan Minaya doğru köç etməyə işarə edir. Buna görə də tərtibə dəlalət edən “summə” kəlməsindən sonra (yəni Ərəfatdan hərəkət etdikdən sonra) Məşər sözü qeyd olunmuşdur.
Həqiqətdə Quran bu bəyanla göstəriş verir ki, heç bir istisna olmadan bütün insanlar əvvəlcə Ərəfata getməli, oradan Məşərulhərama və daha sonra Minaya köçməlidirlər.
Sonra buyurulur ki, Allahdan bağışlanmaq istəyin və cahiliyyət dövrünün yanlış fikir və xəyallarından uzaq olun:
وَاسْتَغْفِرُواْ اللّهَ إِنَّ اللّهَ
Çünki həcc bərabərlik və qardaşlıq dərsidir. Ayədə qeyd edilir ki, Allah-taala bağışlayan və mərhəmətlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter