Əba Əbdillahın (ə) şəhadətİnİn özəllİyİ nədədİr?
Əba Əbdillahın (ə) şəhadətinin özəlliyi nədədir?
Alimlərin təbərrük buyuruşlarında qeyd olunur ki, İmam Hüseynin (ə) şəhadətinin çox sayda özəlliyi var. Dünyada çox qəhrəmanlıqlar, qəhrəmanlıq göstərən insanlar olub. Əba Əbdillah (ə) çoxlarından fərqli olaraq, adını tarixdə saxlamaq üçün deyil, Allaha bəndə olmaq üçün qəhrəmanlıq edib. Aşurada hər şey Allah üçündür. Bir önəmli nöqtə də var. Tarixdə çox övliyalar olub ki, onlara işgəncələr verərək öldürülüblər. Peyğəmbərlər (ə) olub ki, əziyyətə məruz qalıblar, çətinliklərlə rastlaşıblar, başlarına müsibətlər gətirilib. Əba Əbdillaha (ə) qədər də, ondan sonra da elə insanlar olub ki, Allaha xatir zülmə məruz qalıblar. İslam çox sayda qəhrəmanlar yetişdirib. Amma Əba Əbdillahın (ə) məktəbində yeganə çalar bu deyil ki, Allahın sevdiyi bir bəndəyə əziyyət verirlər, onu şəhid edirlər. Burada insanların anlaya biləcəyindən daha üstün bir məsələ var. Məsumlardan (ə) buyurulur: “Sizin bunu dərk etmək taqətiniz yoxdur! Bir ləhzəni ki, Həzrət Seyyidüş-Şühədanın (ə) müqəddəs ruhu bədənindən ayrıldı və yuxarı tərəfə ucaldı. Hər asimana ki çatdı, o asimanın mələkləri Həzrətin (ə) ruhunu gördülər, o səhnəni görməkdən bir-bir vücudları lərzəyə gəldi. Və bu lərzəyə gəlmə və titrəmənin Qiyamət gününə qədər davamiyyəti olacaq”.
Bu, bizim anlaya biləcəyimiz məsələ deyil. Məsumlar (ə) bizə çatdırır ki, Kərbəla vaqiəsi bütün varlıq aləmində baş verən faciədir. Bu, vücudi aləmdə baş verən qlobal faciədir. Yəni Aşura yalnız insanları narahat edən fraqmental bir səhnə deyil. Bütün varlıq aləmi Əba Əbdillahın (ə) şəhadətindən narahat olur.