Nə üçün İmam Hüseyn (ə) Müavİyənİn dövründə qİyam etmədİ?
Nə üçün İmam Hüseyn (ə) Müaviyənin dövründə qiyam etmədi?
Bəni-Üməyyə tayfasının hakimiyyətə gəldiyi gündən bəri törətdiyi qarət və cinayətlər günbəgün müsəlmanların qəzəbinə səbəb olurdu. Dövlətdə yaranmış hərc-mərcliklər nəticəsində hətta bir qrup müsəlmanlar hiddətlənərək bu tayfanın şeyxi, üçüncü xəlifə olan Osmanı qətlə yetirdilər. Osmanın bir qrup müsəlmanlar tərəfindən öldürülməsi, əslində Bəni-Üməyyənin hiyləgər siması olan Müaviyə ibn Əbu Süfyanın xeyrinə tamamlandı. İyirmi il ərzində Şama hökumət edən Müaviyə, Osmanın qanlı köynəyini əlində bəhanə edib bayraq tutmaqla yeni xilafətə yetişmiş Həzrət Əlini (ə) bu qətldə təqsirkar tanıtmağa çalışdı. Təəssüflər olsun ki, o öz hiyləgər proqramları ilə bir çox müsəlmanları və xüsusilə də Şam camaatını aldada bildi. Və bununla da İslam hökumətinin daxilində yerləşən Şam şəhərində yeni dövlət təşkil etdi.
Hicrətin 40-cı ili Ramazan ayının 21-ci gecəsi Həzrət Əli (ə) şəhadətə yetişərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan İmam Həsən (ə) məscidin minbərinə çıxıb atasının fəzilətləri haqda söhbət etdi. Daha sonra İmamət və rəhbərlik məqamının özünə aid olduğu barədə camaata anlayış verdi. Və bu rəhbərliyə boyun əyən xalqa buyurdu: «Hər kimlə müharibə etməyi məsləhət görsəm müharibə edəcək, yox əgər sülhü məsləhət görsəm sülh edəcəksiniz. Xalq bu şərti qəbul edərək İmamın rəhbərliyinə səs verdilər.
Şamda dövlətim içində dövlət qurmuş Müaviyə camaatın Həzrət Əlinin (ə) şəhadətindən sonra onun oğlu Həzrət Həsəni (ə) xəlifə seçdiklərini eşidib qəzəbləndi. Və İmamı (ə) tez bir zamanda devirmək üçün müxtəlif məkrli planlar hazırlamağa başladı.
İmam Həsən (ə) Müaviyəyə məktub yazıb ona nəsihət verdi. İmam (ə) Müaviyəni onun hakimiyyətinə itaət etməyə çağırdı. Müaviyə nəinki İmamın (ə) nəsihətini qəbul etmədi, üstəlik İmamla (ə) müharibə etmək üçün böyük bir qoşunla İraqa tərəf yola düşdü. Bundan xəbərdar olan İmam (ə) camaatı məscidə yığıb buyurur: «Müharibə üçün hazır olmalı, dininizi və şərəfinizi qorumalısınız.»
Rahatlıq sevən və döyüşə ruhən hazır olmayan müsəlmanlar giley və narazılıqla müharibəyə hazır olduqlarını elan etdilər. Bu vəziyyəti görən İmam Həsən (ə) buyurdu: «Mən Nüxeylə tərəfə hərəkət edirəm. Bilirəm ki, sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Lakin buna baxmayaraq kim istəyirsə mənimlə birlikdə döyüşə gəlsin.»
Elə İmam söylədiyi kimi də oldu. Nəhayət Müaviyə zilləti qəbul etməklə dünya rahatlığına yetişmək istəyən xalqı aldatdı. Hətta iş o yerə yetişdi ki, İmam Həsəni (ə) öz dəstəsindən olan bir nəfər yaraladı.
İmam Həsən (ə) artıq müharibə etməkdə heç bir fayda görməyib Müaviyə ilə sülhü qəbul etmək məcburiyyətində qaldı. Lakin İmamın (ə) Müaviyə ilə sülh etməsi ona tabe olub cinayətlərini qəbul etmək mənasına deyildi. Bu sülh yalnız atəşkəs xarakteri daşıyırdı. İslamın qorunması və müsəlmanların canının hifz olması naminə İmam Həsən (ə) tərəfindən imzalanmış sülh müqaviləsini İmam Hüseyn (ə) də imzaladı.
Bir müddət keçdikdən sonra İmam Həsən (ə) Müaviyənin hiylələri nəticəsində öz arvadı tərəfindən zəhərlənib şəhadətə yetişir. Və bununla da ümmətə İmamət və rəhbərlik etmək məsuliyyəti İmam Hüseynin (ə) öhdəsinə düşür.
İmam Hüseyn (ə) İslamın Müaviyə tərəfindən təhrif olunmasını bilsə də, Müaviyə özünü xalqa İslamın yeganə qurtuluşçusu kimi tanıtdırırdı. Buna görə də İmam (ə) çalışırdı ki, Müaviyənin hiyləgər simasını xalqa tanıtdırıb onları cəhalətdən ayıltsın.
İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) vaxtında Müaviyə ilə sülh müqaviləsinə imza atması və xalqın uzun müddət keçməsinə baxmayaraq Müaviyənin riyakarlıqlarına aldanıb onu dindar və xilaskar sanmaları, İmam Hüseynin Müaviyəyə qarşı qiyam etməsinə mane oldu. Buna baxmayaraq İmam (ə) Müaviyənin törətdikləri cinayətləri camaata anlatmaqla onu el arasında rüsvay etməyə çalışırdı. Bu məsələni İmamın Müaviyəyə yazdığı məktublara diqqət etməklə daha yaxşı başa düşmək olar. Elə bunun üçün də aşağıdakı bir neçə nümunələrə diqqət yetirmək lazımdır:
1) «Ey Müaviyə! Sən həmişə camaata kimliyi məlum olmayan İbni Ziyadı öz qardaşın və atanın haramzadə oğlu tanıtdırmadınmı? Doğrudan da sən zatının natəmiz olduğunu çox gözəl bilirsən. Və sənin kimilərin müsəlmanlara rəhbər olmağa səlahiyyəti yoxdur(1).»
2) «Ey Müaviyə! Sən özünü xəlifə olmağa daha layiq bilirsən. Bir halda ki, sən Əzra çölündə Hicr ibn Ədiy və onun kimi dahi şəxsiyyətləri öldürdün. Bəli, sən qatilsən, üsyankarsan, səni cəzalandırmaq lazımdır. Sənin İslam ümmətinə xəlifə olmağa ləyaqətin yoxdur(2).»
3) Müaviyənin və onun qəddar tərəfdaşlarının bolluq, firavanlıq və əyləncə içində yaşadığını, lakin yoxsul müsəlman xalqın isə bir tikə çörəyə belə möhtac olduğunu görən İmam (ə) hiddətlənərək, Yəməndən xəlifəyə hədiyyə aparan böyük karvanın önünü kəsdi. Karvanı Mədinəyə doğru yönəldib, bütün malları fağır və miskin insanlara payladı. Sonra Müaviyəyə belə məzmunlu məktub yolladı: “Hüseyn ibn Əlidən (ə) Müaviyəyə: «Allaha həmd və sitayiş olsun. Yəməndən sənə aparılan qiymətli hədiyyələrlə dolu karvan bizim yanımızdan keçirdi. Sənə çoxlu mal, qızıl-zinət əşyaları, ənbər və növbə-növ ətirlər gətirirdi ki, sən onları Dəmeşqdəki anbarlarına yığasan. Onunla xalqa aid olan mallarla atanın «övladları»nın qarnını doyurasan. Amma bu mallar mənə lazım oldu və hamısını müsadirə etdim. Vəssəlam(3).»
4) «Sən Yezid kimi sarsağı müsəlmanlara rəhbər etmək arzusundasan. Və bu iyrənc əməlin üçün camaatdan zorla da olsa belə beyət alırsan. Bununla da sən İlahi dinini təhrif edib insanların taleyi ilə oynayırsan(4). »
--------------------------------------
(1)Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 76.
(2) «İmamət və tədbir», c. 1, səh. 183.
(3) Baqir Şərif Qürəşi, «Həyatül-İmamil-Hüseyn (ə)», c. 2, səh. 166; «Nasixüt-təvarix”, səh. 180; «Lisanül-mülk», c. 1, səh. 194; «Nəhcüş-şəhadə», səh. 258; «Lühuf», 30-31.
(4) «Əl-Kamil fit-tarix», c. 3, səh. 504.