Aşura qİyamında Əhlİ-beyt (ə) xanımlarının rolu nə oldu?
Keçmiş cavabımızda aydın oldu ki, Kərbəla inqilabının öz ali hədəflərinə çatması və lazımı nəticələri əldə etməsi üçün iki mərhələnin tamamlanması zəruri idi. Birinci mərhələdə İmam Hüseynin (ə) Yezidə beyət etməyib qiyama qalxması, insanları inqilaba çağırması və İslam ümmətinin yatmış qeyrətini oyatmaq üçün öz tərəfdarları ilə birgə məzlumcasına şəhid olması idi. İkinci mərhələdə isə bu qiyamın səbəb və hədəflərinin təhrif edilməməsi, dəyərli məqsəd və şüarlarının xalqa düzgün şəkildə çatdırılması, onların maarifləndirilməsi, həmçinin əsrlər boyu insanların yaddaşına həkk olmasını təmin etmək tələb olunurdu.
Ən əsası budur ki, ikinci mərhələni lazımı şəkildə yerinə yetirmək birincisi kimi böyük cəsarət, əzm, fədakarlıq və uzaqgörənlik tələb etdiyinə görə, xüsusi əhəmiyyət kəsb edirdi. Əgər bu mərhələ layiqincə əncam verilməsəydi, İmam Hüseyn (ə) və onun tərəfdarlarının çəkdiyi bütün zəhmətlər, Kərbəlada tökülmüş şəhid qanları hədər gedəcəkdi. Bununla da tarix boyu şahidi olduğumuz möhtəşəm nəticəni əldə etmək mümkün olmayacaqdı. Təbii ki, bu ağır məsuliyyətli vəzifə Kərbəlada sağ qalmış İmam Səccadla yanaşı Əhli-beyt (ə) xanımlarının öhdəsinə düşürdü. Deməli Kərbəla qiyamında qadınların rolu olduqca mühüm sayılmalı və necə də vacib əhəmiyyət daşıdığı diqqətdən kənarda qalmamalıdır. Bu qiyamla Əhli-beyt (ə) xanımlarının rolu aşağıdakılardan ibarət olmuşdur:
1- Aşura qiyamının təbliği
Düşmənin əsir tutduğu qadınların iradəsini qırmaq üçün bütün səylərini səfərbər etməsinə baxmayaraq, Əhli-beyt (ə) xanımları izzət və iftixarla dolu şəhadətin acı məğlubiyyət deyil, şirin bir qələbə, zəfər olduğunu sübut etdilər. Onlar öz xütbələri, çıxışları ilə xalqı Kərbəla inqilabının məqsəd və şüarları haqqında maarifləndirərək, onun əhəmiyyəti barəsində gərəkli təbliğat işləri apardılar. Həmçinin Əhli-beyt (ə) qadınları müsəlmanlara atəşin xütbələrilə müraciət edərək, İmam Hüseynə (ə) kömək etmədikləri üçün böyük günaha batdıqlarını söyləyib onlara zülmün qarşısında haqqa yardımçı olmadıqları üçün öz mənliklərini, şəxsiyyətlərini alçaltmış olduqlarını anlatdılar.
Əsir halda Kufəyə gətirilən Əhli-beyt (ə) xanımları, Həzrət Hüseyni (ə) Kufəyə dəvət edib sonra isə öz əhdinə vəfasız çıxan qorxaq, əzgin ruhlu kufəliləri gördükdə, əhalinin yatmış qeyrətini oyatmaq üçün, onları məzəmmət etməyə başladılar. Əvvəlcə Həzrət Zeynəb (ə) belə buyurdu:
«Ey Kufə camaatı! Ey hiyləgər və namərd insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskik olmasın! Siz bir qadına bənzəyirsiniz ki, əlində olan bütün sapları toxuyur, sonra da bütün toxuduqlarını sökərək, korlayır. Sizin nə əhdinizin, nə də andınızın heç bir dəyəri və etibarı yoxdur! Sizin lovğalanmaq, kəniz tək yaltaqlıq etmək və boşboğazlıq etməkdən başqa nəyiniz var? Siz peyinlikdə bitən nəbatata və qəbir üzərindəki bəzək əşyalarına oxşayırsınız. Axirtət dünyanız üçün ən pis azuqəni: Allahın qəzəbini və (sonsuz) cəhənnəm işgəncəsini hazırladınız. Ağlayırsınızmı? Elədir, ağlayın. And olsun Allaha ki, ağlamağa layiq insanlarsınız. Çox ağlayın, az gülün! Belə bir namərdlik və dönüklük edib, (cox iyrənc) ləkə daşıdığınız halda nə üçün ağlamayasınız? Elə bir şərəfsizliyə əl atdıniz ki, onu heç bir su ilə yuyub, təmizləmək olmaz. Peyğəmbər övladını və cənnət cavanlarının rəhbərinı qətlə yetirməkdən də böyük rəzillik (və ləkə) ola bilərmi? Elə bir şəxs ki, sizi haqqa doğru yönəldən yola işıq və cətin zamanlarınızda pənahgahınız idi. (Utancınızdan) Ölün! Xəcalətli üzlərinizi gizlədin. Keçmişdəki zəhmətlərinizi bütünlüklə bir dəfəyə hədər etdiniz. Gələcəyiniz üçün isə, heç nə əldə etmədiniz. Bundan sonra əskiklik içində ömür sürəcəksiniz. Çünki Allah-Təalanın hiddətinə tuş gəldniz. Elə bir əmələ əl atdınız ki, az qaldı (qəzəbindən) göy sökülüb, yerə tökülsün, yer yarılıb parçalansın və dağlar parça-parça olsun...(1)»
Zeynəbin təsirli sözlərindən sonra daha da peşmançılıq hissi keçirdən, öz pis əməllərinin dəhşətini anlayan kütlənin gözlərində artıq inqilab qığılcımlarını görmək çətin deyildi. Onlar qorxaqlıqları və nankorluqları üçün dərin təəssüf hissi keçirdir, hər bir vəziyyətdə olursa-olsun səhvlərini yumaq, təmizləmək barəsində fikirləşirdilər.
İmam Hüseynin (ə) qızı Fatimə və bacısı Ümm Gülsüm də kufəlilər qarşısında çıxış edərək, onları daha da təsirləndirdi. Fatimə dedi: «Ey Kufə əhli! Ey hiylə və fırıldaq sahibləri! Bizi kafir sayıb, bunun üçünmü, qanımızı axıtdınız? Qılınclarınızda bizim qanımız damcı-damcı tökülür, buna görəmi sevinirsiniz? Tezliklə Allahın qəzəbi, çirkin əməllərinizə görə sizə nazil olacaq. Vay halınıza! Bizə necə qıydınız? Hansı iyrənc hissiniz sizə bizi öldürməyə vadar etdi? Ayaqlarınız necə bu yolda qədəm tutdu? Qəlbləriniz kirlənmiş və ürəkləriniz daşlaşmışdırmı? Gözləriniz həqiqəti görmür və qulaqlarınız onu eşitməyə acizdir. Şeytan iyrənc əməllərinizi sizə «gözəldir» deyə, zinətləndirmişdir...
Ey Kufə əhli! Heç bilirsinizmi Peyğəmbər (s) sizdən bu tökülən qanları cavablandırmanızı istəyəcək?(2)»
2- Təhriflə mübarizə
İslam düşmənləri Kərbəla müsibətindən sonra onu cürbəcür yollarla təhrif etməyə çalışdılar. Çünki xalqın Aşura qiyamının əsl mahiyyətini anladıqda əks-əməl göstərəcəyini və bunun onlar üçün ağır nəticələri olacağını başa düşürdülər. Bu qiyamı və Kərbəladakı müsibəti müsəlmanların dərk etməsi, o zamanın zalım hökumətinin məhvi demək idi. Elə buna görə də, din düşmənləri həm İmam Hüseynin (ə) inqilabının həqiqətini gizlətmək və həm də özlərinin insanlıqdan uzaq cinayətlərini ört-basdır etmək üçün müxtəlif yollarla onu təhrif etməyə başladılar. İbni Ziyad Kufədə İmam Hüseynin (ə) qiyamının yanlış olması barəsində şübhələr yaratmağa çalışdı. O, (guya) bu işin məcburi “qəzavü-qədər” (alın yazısı) olduğunu, Hüseyni (ə) Allahın öldürdüyünü Yezid və tərəfdarlarının bu işdə heç bir günahı olmadığını sübuta yetirməyə çalışırdı. Amma Əhli-beyt (ə) xanımlarının (və İmam Səccadın (ə) ) bacarığı, mübarizəsi sayəsində düşmən öz çirkin hədəfinə çatmağa nail ola bilmədi(3).
Ubeydullah ibn Ziyad camaatı Kufənin came məscidinə (mərkəzi məscidinə) toplayaraq öz çirkin əməllərinə dini don geydirməyə başladı: «Həmd olsun o Allaha ki, haqqa zəfər əta etdi və «mömünlərin ağasına» (Yezidə), onun dostlarına yardım etdi. Və yalançı oğlu yalançını ( (nəuzubillah) İmam Hüseyni (ə) ) öldürdü(4).»
Elə bu zaman Həzrət Zeynəb (ə) digər qadınlarla birgə əsir şəklində olmasına baxmayaraq vüqarla məscidə daxil oldu. Ubeydullah ondan kim olduğunu soruşduqda, cavab vermədi. Kənizlərdən biri: «O, Allah RIsulunun (s) qızı Fatimənin əziz övladı Zeynəbdir»-dedi. Ubeydullah ibn Ziyad, qardaşları, övladları və digər yaxınları şəhid olmuş, başı çox müsibətlər çəkmiş və indi isə əsir kimi qarşısında dayanan Zeynəbin (ə) qürurunu sındırmağın asan olduğunu zənn etdi. Ona elə gəldi ki, azacıq çığır-bağır salsa belə, Zeynəb (ə) ağlayacaq, yalvaracaq və ibn Ziyaddan aman diləyəcək. Camaat da, zalımların haqlı olduğunu düşünəcəkdir. Ona görə də lovğalıqla dedi: «Həmd olsun o Allaha ki, sizin ailənizi rüsvay edib yer üzündən sildi və sözlərinizin yalan olduğunu sübuta yetirdi.»
Xanım Zeynəb cavab verdi: «Həmd olsun o Allaha ki, bizə (ailəmizə babamız) Peyğəmbəri (s) əta etməklə əzəmət bağışladı və çirkinliklərdən pak saxladı(5). Yalnız fasiqlər rusvay olar. Yalnız pis adamlar yalan danışar. Allaha həmd və səna olsun ki, pis adam biz deyil, başqa şəxslərdir. (Yəni, pis insanlar sən və tərəfdarlarındır(6) »
İbn Ziyad dedi: «Gördün Allah sizin başınıza nə müsibətlər gətirdi.»
Xanım Zeynəb (ə) cavab verdi: «Mən gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhid olacağını öncədən bilirdi. Onlar da öz vəzifələrini yerinə yetirərək, axirət mənzillərinə yollandılar. Tezliklə (qiyamət günü) Allah səni və onları görüşdürəcək, (o zaman da,) onlar Allaha səndən giley edib, ədalət tələb edəcəklər. İndi düşün ki, Qiyamət günü kim zəfər çalacaq? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!(7)»
«Zeynəbin bacısı Ümmü Gülsüm də, İbni Ziyada xitabən dedi: “ Ey İbn Ziyad! Sən Allahın rəsulu Məhəmmədə (s) qiyamət günü nə cavab verəcəksən? Bilirsənmi cəzanı Peyğəmbər verəcək?(8)»
Yezidin hakimiyyət etdiyi Şam şəhərində isə vəziyyət tam başqa şəkildə idi şamlılar Əhli-beytin (ə) kim olduğunu lazımınca bilmirdilər. Onlar Müaviyənin 42 il Şamda hakimiyyətdə olduğu zaman təhrif etdiyi «İslam»-a etiqadlı idilər(9). Dinin həqiqi hökmlərindən və köklü etiqadlarından xəbərsiz idilər.
Şamlıların İslamın həqiqətlərindən xəbərsiz olmasına təkcə bunu dəlil gətirmək kifayətdir ki, onlar Həzrət Əlinin (ə) Kufə məscidində namaz qılarkən şəhid edildiyini eşitdikdə təəccübləndilər və dedilər: «Məgər Əli (ə) namaz qılırdı?(10)» Bəli Əhli-beytin (ə) düşməni olan Müaviyə onları necə tərbiyə etmişdisə, dini onlara necə (ürəyi istədiyi formada) anlatmışdısa, eləcə də qəbul etmişdilər. Elə bunun üçün də Şam şəhərində İmam Hüseynin (ə) qiyamını dindən xaric olmuş şəxslərin üsyanı və ya xilafətlə mübarizə aparan Bizans döyüşçülərinin mübarizəsi kimi tanıtdırmışdılar(11). Buna görə də əsirlər Şam şəhərinə gətirildikdə, əhali Yezidin qələbəsini bayram edirdi. Hamı sevinc içində Hüseynin (ə) şəhid olduğu üçün şadlıq edir və əsirlərə əllərindəki daş-kəsək, zibil qırıntıları atırdılar. Amma sonralar Əhli-beytin (ə) maarifləndirici çıxışları nəticəsində hər şey dəyişdi.
Belə ki, Yezidin sarayı təmtəraqlı şəkildə bəzədilmiş saray adamları və xarici səfirlər dəvət olunmuş, ənamlarla dolu bayram süfrəsi açılmışdı. Yezid Həzrət Hüseynin (ə) kəsilmiş başını bir məcməyə qoyaraq, əlindəki çubuqla onun dişlərinə vurur və bu şeri oxuyurdu: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş babalarım burada olub, sevinərək deyərdilər ki, «Yezid çox sağ ol! Əli (ə) övladlarına Bədr döyüşünün acısını dadızdırdın və intiqamımızı ondan aldın!(12)»
Elə bu vaxt əsir kimi məclisə gətirilən Zeynəb (ə) bunu görüb, fəryad edərək buyurdu: «Allah və Onun Peyğəmbəri(s) doğru söyləmişlər ki, pis əməl sahiblərinin sonu odur ki, Allahın ayətlərini uydurma sayıb onlara istehza edərlər.
Yezid, elə xəyal edirsən ki, yeri-göyü bizə təngləşdirməklə, əsir şəklində bir şəhərdən başqa şəhərə daşımaqla rüsvay edib, özünə hörmət qazanacaqsan? Elə sanırsan ki, bu əməlinlə əzəmət qazanıb, insanlara lovğalana bilərsən? Hakimiyyətini nizam-intizamlı görüb, o qədər sevinirsən ki, sanki öz dərinə sığışmırsan. Anlamırsan ki, sənə verilən bu fürsətin səbəbi, doğrusu, iç üzünü açıb xalqa göstərmən üçündür? Sən, Allah-Təalanın «Küfr edən şəxslər onlara verdiyimiz möhləti heç xeyir bilməsinlər! Bu möhlət yalnız onların günahlarını daha da çoxaltmaları üçündür. Onlar zillətli bir əzaba düçar olacaqlar»-deyə buyurduğunu unutmusanmı?
Ey azad edilmiş şəxslərin oğlu! Bu ədalətli hökmdürmü ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında, naməhrəmlərin baxışlarından uzaq otursun, amma sən Allah Rəsulunun (s) qızlarını əsir edərək, pərdəsini kənara atıb, hörmətsizlik edəsən, onların səslərini boğazlarında boğub, naməhrəm kişilər vasitəsilə onları dəvələrə mindirib, bir şəhərdən başqa bir şəhərə yollayasan? Bu necə ədalətdir ki, heç kim onlara yer verməsin və heç bir mühafizləri olmasın və onlara məhrən olan kişilərdən kimsə yanlarında olmasın?
Əlbəttə, qəlbi bizə qarşı ədavət və küdurətlə dolu olan kəsdən bundan artıq nə gözləmək olar? Deyirsən, kaş ki, Bədr savaşında (Peygəmbər(s) və Həzrət Əli tərəfindən) qətlə yetirilən əcdadın indi burada olaydı və bu sözləri dilinə gətirərək, Peyğəmbər övladının dişlərinə (çubuqla) vurursan? Nə üçün axı belə etməyəsən? Bil ki, sən yer üzünün ulduzları sayılan Peyğəmbər övladlarının və Əbdul-Müttəlib ailəsinin qanını axıtmaqla iki tayfa arasında olan keçmiş ədavəti yenidən qurdun. Boş yerə fərəhlənmə! Tezliklə Tanrı hüzurunda peşman olacaqsan və orada arzu edəcəksən ki, kaş kor, lal olaydın və bu günü görməyəydin, kaş «indi babalarım burada olsaydı, o qədər şad olardılar ki, öz dərilərinə belə sığmazdılar» ibarəsini dilinə gətirməyəydin. Ey Allah, bizə zülm edən kəsdən özün intiqamımızı al!
And olsun Allaha ki, Peyğəmbər (s), onun Əhli-beyti (ə) və dostları Tanrının lütf və mərhəməti sayəsində olacaqları gün (qiyamət günü) sən Yaradannın hüzurunda öz ətini-dərini didib-dağıdacaqsan. Allah öz vədəsini yerinə yrtirəcəyi zaman kənarda qalmış bu məzlumları bir yerə toplayacaq. Allah buyurur ki, «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsla, onlar öz rəbbinin yanında diridirlər və ruzi (cənnət ruzisi) yeyirlər». Lakin səni zorla müsəlmanların rəhbərliyinə təyin edən kəs (Muaviyə), haqq-ədalətin, ilahi məhkəməsinin, Məhəmməd peygəmbərin (s) və sənin öz bədən üzvlərinin, etdiyin cinayətlərin əleyhinə şahidlik edəcəyi o gün, anlayacaq ki, kim hansınız daha da bədbəxtdir. ( yəni; bilinəcək ki, sən, yaxud Müaviyə daha cox bədbəxtdir.)
Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu, Allaha and olsun ki, sən mənim gözümdə elə bir dəyərə malik deyilsən ki, mən səni danlayam. (yəni; sən o qədər alçaq və dəyərsizsən ki, heç danlanmağa da layiq deyilsən). Sən təhqir olunmağa belə ayiq deyilsən. Amma nə edə bilərəm? Gözlərim yaşla dolub, dərd- kədərim sinəmdə fəryad edir. Hüseyn (ə) qətlə yetirildikdən sonra, şeytanın qoşunu Peyğəmbərin əhli-beytinə hörmətsizlik edərək, müsəlmanların beytül-malından (Yezidin əlilə) mükafatlanmaq xatirinə, bizi Kufədən «səfehlər diyarına» gətirdi və bu cəlladların əlləri bizim qanımıza doydu. Və vəhşi-ac canavarlar şəhidlərin pakizə cənazələri üstündə at çapdıqdan sonra səni məzəmmət etmək, tənə vurmaq hansı dərdə dərman olar ki? Sən bizi öldürmək və ya əsir tutmaqla coxlu mənfəətlərə sahib olduğunu xəyal edirsənsə, tezliklə anlayacaqsan ki, zərərdan başqa bir şey ələ gətirməmisən. Qiyamət günü bu əməllərinin aqibətindən başqa heç bir şey qazanmayacaqsan. O zaman İbn Ziyadı öz köməyinə səsləyəcək, o isə öz növbəsində səndən mədəd umacaq. Amma sən və sənin davamçıların o gün Tanrının ədalət məhkəməsinə toplanacaq və biləcəksiniz, Müaviyənin sənin axirətinə yadigar qoyduğu ən yaxşı azuqə Peyğəmbər balalarını qətlə yetirrməyin olmuşdur. Allaha and olsun ki, mən Ondan qerisindən qorxmur və Ondan başqa heç kimə gileylənmirəm! Hər nəyi bacarırsan, onu da elə! Bütün hiylələrini işə sal! Ədavətini bütün gücüylə göstər! Allaha and olsun, bu ləkə sənin adina elə həkk olub ki bir daha silinməyəcəkdir. Allaha şükürlər olsun ki, behişt gənclərinin rəhbərinin (İmam Hüseynin (ə)) sonunu əbədi səadətlə nəticələndirdi və cənnəti onlara labüd etdi. Allahdan arzum budur ki, onların məqamını daha da yüksəltsin və öz mərhəmətini onlara nisbət daha da artırsın. Necə ki, Allah ən qüdrətli hami və ən gözəl havadardır(13).»
Zeynəbin (ə) xütbəsi o qədər təsirli oldu ki, məclisdə iştirak edən məsul şəxslər, hətta Yezidin öz yaxınları da ona etiraz edərək qəzəbləndilər. Hətta orada olan hərəmxana qadınları da, Yeziddən üz çevirərək göz yaşları içində məclisi tərk etdilər. Onlar Hüseynə (ə) mərsiyələr söyləyirdilər(14).
3- Əzadarlıq və kədərləndirici çıxışlar
Əhli-beyt (ə) qadınları kədərli çıxışları və əzadarlıq mərasimlərilə insanların vicdanlarını ayıldaraq təsirləndirirdilər. İmam Hüseynin (ə) məzlumiyyətini xalqa açıqlayır, bu yolla müsəlmanları kövrəldərək onlara insani, hümanist duyğular aşılayırdılar. Elə bunun nəticəsində camaatın yatan fitrətində zalıma nifrət, məzluma rəhmət hissi oyandı. Və həmçinin belə matəm mərasimlərində Əhli-beyt (ə) qadınlarının söylədiyi ürək yandırıcı, eyni zamanda düşündürücü sözlər hamını İmam Hüseynin (ə) qiyamı barəsində fikirləşməyə vadar edirdi.
Bu, həm də özlərini dindar kimi göstərən Bəni-Ümyyə hakimiyyətinin rüsvay olması və süqutunun təzmini demək idi.
Necə ki, İmam Hüseynin (ə) həyat yoldaşı Rübab Kufə şəhərinə daxil olarkən, ağlayaraq fəryad etdi: «İmam Hüseyn (ə) bir nur idi ki, hər kəs işığını ondan alırdı. İndi isə Kərbəlada şəhid edildi və mübarək bədəni torpaq üstündə yalqız buraxıldı. Ey Peyğəmbərin övladı Hüseyn, Allah səni ən gözəl şəkildə mükafatlandırsın. Sən mərhəmətli və möhkəm bir dağa bənzəyirdin, bizimlə gözəl davranırdın. Səndən sonra kim yetimlərə və çarəsiz insanlara pənah olacaq? Kim əli hər yerdən üzülmüşlərə sahib çıxacaq. Səndən sonra mən torpaqların məni örtdüyü zamanadək tənha yaşayacağam!(15)»
Rübab, İbni Ziyadın məclisində göz yaşı tökərək diqqətləri Hüseynin (ə) məzlumiyyətinə cəlb etdi: «Ah, mənim Hüseynim (ə)! Mən düşmənlərin ox və nizə yağışına tutduqları Hüseyni (ə) unutmayacağam. Namərdlər onu Kərbəlada hiylə ilə öldürdülər. Əvvəlcə köməyə çağırdılar sonra isə amansızlıqla, susuz şəhid etdilər. Allah Hüseynin (ə) düşmənlərini qiyamət günü susuz cəzalandırsın!(16)»
Həzrət Zeynəb (ə) Yezidin sarayında qardaşının kəsilmiş başını gördükdə dedi: «Ya Hüseyn! Ey Allah rəsulunun (s) sevimlisi, ey Məkkə və Minanın övladı, ey Fatimeyi Zəhranın (s) oğlu!(17)»
Bu sözlər hamını kövrəltdi. Ümm Gülsüm və Fatimə də, buna bənzər növhələr oxudular(18). Onlar daim Hüseynin (ə) məzlumiyyətini xalqa aşılayırdılar.
4- İffət keşiyində
Əhli-beyt (ə) qadınları düşmən qoşununun ərlərini, qardaşlarını, yaxınlarını amansızlıqla öldürdüyünü, vəhşicəsinə xeymələrə basqın edib qarətə məşğul olduğunu və onları əsir tutub əzab-əziyyət verə-verə ac-susuz şəkildə şəhərləri dolandırdıqlarını gördülər. Amma bütün bunlardan sarsılmayaraq, öz iffət və namuslarını şərəflə qorudular. Kufə şəhərinə daxil olduqda əsir düşmüş Əhli-beyt (ə) xanımlarına şəhərin evlərinin damından baxan qadınlar örpək payladılar(19).
Kufənin cümə məscidinin yanındakı evdə həbs olunduqda isə Zeynəb qəzəblə dedi: «Baxın, bizim yanımıza kənizlərdən başqa heç kim gəlməsin!(20)»
Əsirlər Şam şəhərinə yetişdikdə isə Ümmü Gülsüm və Rübab Şimrə dedi: «Bizi şəhərin başqa qapısından xəlvət küçələrlə apar və şəhidlərin nizəyə keçirilmuş başlarını, bizdən uzağa apar ki, yad insanların gözü onları seyr edərkən bizə sataşmasın.» Amma Şimr bunu etmədi. Belə olduqda Ümmü Gülsüm fəryad edərək, etirazını bildirdi: «Vay olsun sənə ey məlun! Allah zalımlara lənət etsin. Allah sənə lənət etsin! Bu iyrənc əməlinlə fəxr edirsən? Peyğəmbərin ailəsini yad baxışların önünə çıxarmaqlamı öyünürsən?!... (21)»
Peyğəmbərin səhabəsi Səhl İbn Səd deyir ki, mən təsadüfən Əhli-beyt (ə) əsirlərinin Şama gətirildiyi gün orada idim. Şəhidlər ağası Hüseynin (ə) qızı Səkinəni gördüm ondan nə istəyi olduğunu soruşdum,: O, Atamın başını nizəyə vuran bu bədbəxtə de ki, bizim aramızdan uzaqlaşsın. Belə olduqda kütlə ona baxar və diqqətlər bizim üzərimizdə cəmləşməz.»
Mən başı aparan nizəçiyə 400 dinar verdim ki, onu əsirlərin içindən kənara aparsın(22).
Başqa bir nümunə: «Yezidin sarayında Şamlı bir kişi Həzrət Hüseynin (ə) qızı Fatiməni özünə kəniz etmək üçün, Yeziddən xahiş etdi. Yezid onun istəyini qəbul etdi. Amma Fatimə və Zeynəb (ə) etiraz səslərini ucaldaraq, Yezidin bu çirkin əməlinə mane oldular. Onların cəsarətli etirazından təəccüblənən kişi, əsirlərin kim olduğunu soruşdu. Bu qadınların Əhli-beyt (ə) əsirləri olmasını öyrəndikdə isə o, Yezidi lənətləyərək təhdid etdi və Yezidin əmri ilə şəhid edildi(23).»
5- İdarəçilik və mühafizə
Məlum olduğu kimi Kərbəla faciəsi zamanı Həzrət İmam Səccad (ə) İlahi məsləhəti ilə xəstə idi. Belə olan halda təbii ki, əsirlərin mühafizəsi və şəraiti idarə etmək kimi ağır bir məsuliyyət Həzrət Zeynəbin üzərinə düşürdü. Bu cəsarətli qadın öz uzaqgörənliyi ilə od-alovun içərisində İmam Səccadın (ə), qadın və uşaqlarını xilas edə bildi. Əsirlər hər bir halda ona sığınır, ondan kömək umurdular. Alman yazıçısı Kurt Frişler «İmam Hüseyn və İran» adlı kitabında yazır «Zeynəb (ə) İmam Hüseyn (ə) şəhid edildikdən sonra şəraitin olduqca ağır və dəhşətli həddə pis olmasına baxmayaraq, əsirlərin idarəçilik və mühafizə işlərini öhdəsinə aldı. O, hətta hər dəfə xütbə və çıxışlarına başlamazdan əvvəl, əsirləri sayır heç kimin itkin düşməməsinə çalışırdı. Buna əmin olduqdan sonra isə sözə başlayırdı. Əlində az miqdarda olan çörəyi digər əsir qadın və uşaqların arasında bölür, çox vaxt özü ac qalırdı(24).»
Xanım Zeynəb (ə) əzəmətli elmi (25) və bacarığı ilə vəziyyəti lazımı formada idarə edirdi. Keçən bəhslərimizdə işarə etdiyimiz kimi Fatimənin Yezid kimi zalımın sarayında iffətinin qorunması, İmam Səccadın (ə) İbni Ziyadın iqamətgahında ölümdən qurtulması da bir başa Zeynəbin (ə) cəsarəti və hünəri nəticəsində mümkün oldu.
6- Şəhadəti dirçəltmək
Əhli-beyt (ə) xanımları həyat yoldaşı, qardaş və övlad şəhidi verdilər. Hətta şəhid olan övladlarının arasında yetkinlik yaşına çatmayan uşaqlar da belə var idi(26) . Unutmayaq ki, İmam Hüseynin (ə) üç yaşlı qızı Səkinə də, ağır və məşəqqətli əsirlik yolunda şəhid oldu.
-----------------------------------------
(1)Mehdi Pişvayi, «Məsum İmamların həyatı», səh. 133-134; Əhməd ibn Əbu Tahir,«Bəlağətün-nisa», səh. 24.
(2) Xiyabani, «Vəqayeül-əyyam», səh. 253.
(3)Mürtəza Mütəhhəri, «Hüseyn (ə) inqilabı», c. 3, səh. 252; «Aşura tarixində araşdırma», səh. 138.
(4) «Məsum İmamların həyatı», səh. 130
(5) Məqsəd Əhli-beyt (ə) haqqında nazil olan Əhzab surəsinin, 33-cü ayəsidir.
(6) Şeyx Müfid, «İrşad», səh. 244.
(7) «Məsum İmamların həyatı», səh. 131
(8) K. Firişler, «İmam Hüseyn (ə) və İran», səh. 476; «Əyanüş-şiə» c. 3, səh. 485 və c. 7, səh. 136.
(9) «Məsum İmamların həyatı», səh. 130
(10) Məsudi, «Murucüz zəhəb», c. 3, səh. 31-32.
(11) Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 349.
(12) «Balağatün-nisa», səh. 20; «Məsum İmamların həyatı», səh. 135.
(13) «Məsum İmamların həyatı», səh. 136-137.
(14) «Tarixi-Təbəri», c. 4, səh. 356; «Kamil»,c. 3, səh. 298.
(15) Məhəmməd əl-Həsun Məşkur, «Əlamün-nisa», səh. 345; Əbülfərəc, «Əl-əğani», c. 16, səh. 142.
(16)«Kamil»,c. 3, səh. 300; «Biharül-ənvar», c. 10, səh. 235.
(17) Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 341-342.
(18) Həmin mənbə, səh. 290-293.
(19) «İmam Hüseynin (ə) həyatı», səh. 291-292.
(20) Cavad Mühəddisi «Aşura şüarları», səh. 248.
(21) Rəbbani Xalxali, «Hüseynin parlaq siması», səh. 520-521.
(22) «Rəyahinüş-şəriə» c. 3, səh. 316.
(23) Şeyx Müfid, «İrşad», səh. 479; «Tarixi-Təbəri», c. 3, səh. 339; «Məqatilüt-Talibin», səh. 120.
(24) K. Frişler,«İmam Hüseyn»,səh. 477.
(25) «Səfinətül-Bəhar», c. 1, səh. 558.
(26) «Rəyahinüş-şəriə», c. 3, səh. 311-312; Məhəmməd Baqir Məlbubi, «Əl-vəqaye vəl-həvadis» c. 3, səh. 89-92.