İmam Səccadın (ə) Kərbəla qİyamında rolu nə olmuşdur?
İmam Səccadın (ə) Kərbəla qiyamında rolu nə olmuşdur?
Bildiyiniz kimi İmam Səccad (ə) Kərbəla faciəsi zamanı xəstə olmuşdur. Onun xəstəliyinin səbəbi də ilahi məsləhət idi(1). Çünki o, sağ qalıb İmamət vəzifəsini öhdəsinə almalı, davam etdirməli idi. Həmçinin keçən bəhslərimizdə işarə etdiyimiz kimi Kərbəla qiyamını tamamlayan ikinci mərhələnin layiqincə yerinə yetirilməsini təzmin etməli idi. Bu sahədə İmamın (ə) gördüyü işləri və yerinə yetirdiyi vəzifələri qeyd edirik:
1- Aşura qiyamı haqda maarifləndirmə işi apardı
İslam dinini yalnız Müaviyənin təhrif etdiyi şəkildə tanıyan və Əhli-beytin (ə) üstünlükləri barədə az məlumatı olan Şam əhlini İmam Hüseynin (ə) inqilabı haqqında maarifləndirmək zəruri hal almışdır. İmam Səccad (ə) da, bu iş üçün ən əlverişli zamanı, məkanı və şəraiti seçdi. Bu iş Yezidin xalqı toplayaraq, bir vaizə Əhli-beyti (ə) pisləməyi və Muaviyəni, Yezidi tərifləməyi tapşırdığı təntənəli məclisdə baş tutdu. İmam (ə), vaizin qərəzli danışığını gördükdə fəryad etdi: «Vay olsun sənə ey vaiz! (günah dolu sözlərinlə) məxluqun razılığını, Allahın qəzəbi müqabilində satın aldın və cəhənnəmdə özünə yer hazırladın.» Sonra isə minbərə çıxıb söhbətinə başladı: «Ey camaat! Allah bizim ailəmizi (Peyğəmbər (s) ailəsini) altı dəyərlə şərəfləndirmiş və yeddi fəzilət ilə başqa insanlardan üstün saymışdır.
Altı üstünlüyümüz bundan ibarətdir ki, Tanrı bizə elm, helm, səxavət, fəsahət və comərdlik bəxş etmiş və (həqiqi) mömünlərin qəlbində bizim məhəbbətimizi yerləşdirmişdir.
Yeddi fəzilətimiz də budur ki, Allahın seçilmiş elçisi (Həzrət Məhəmməd (s)), Siqqiq (İmam Əli (ə) ), Cəfəri Təyyar, Allahın və Peyğəmbərinin aslanı (Həmzə), bu ümmətin iki əzəmətli rəhbəri (Həzrət Həsən (ə) və Hüseyn (ə) ) və hımcinin xanım Fatimeyi Zəhra (s) da bizim ailədəndir (Ya da Həzrət Mehdi (ə).).
Camaat, məni tanıyan tanıyır, tanımayanlara isə özümü tanıtmaq istəyirəm: Mən Məkkə və Minanın oğluyam. Mən zəmzəm və səfanın oğluyam. Mən Həcərül-əsvədi (Kəbədə olan qara daşı) əbasına büküb yerinə yerləşdirən şəxsin oğluyam. Mən ehram bağlayıb təvaf və səy edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının oğluyam. Mən merac gecəsi Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (Merac vaxtı «sidrətül-müntəha»ya yetişən şəxsin oğluyam. Mən Merac zamanı Yaradana yaxın olan («qabu-qövseyn əv ədna» məqamına nail olan) şəxsin oğluyam. Mən səmavi mələklər ilə namaz qılan şəxsin oğluyam. Mən ucaAllahın vəhy göndərdiyi elçisinin oğluyam. Mən Məhəmməd Mustafanın(s), Əliyyi Murtəzanın(ə) oğluyam. Mən müşriklərə «La ilahə illəllah» dedirdənə qədər döyüşən şəxsin oğluyam. Mən Tanrı elçisinin (s) hüzurunda iki qılınc və iki nizə ilə döyüşən şəxsin oğluyam. Mən iki dəfə hicrət edən, iki dəfə Allah rəsulu(s) ilə beyət edən, Hüneyn savaşında şücaətlə vuruşan və bir an belə olsun Allah-Təalaya şübhə etməyən şəxsin oğluyam. Mən mömünlər arasında ən doğru əməl sahibinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, Tanrı qorxusundan göz yaşı tökənlərin fəxri, səbir sahiblərinin ən dözümlüsü və rəsulullahın ailəsindən çıxmış ən yaxşı qiyam edən şəxsin oğluyam. Mənim nəsil köküm elə şəxsə çatır ki, Cəbrayıl onun himəyçisi, Mikayıl onun köməkçisi, özü isə müsəlmanların hamisi və namuslarının mühafizidir. Mən «mariqin» (dindən çıxanlar), «nakisin» (əhd-peymanını sındıranlar) və «qasitin» (zülmkarlar) ilə savaşıb, Allahın kinli düşmənləri ilə cihad edən adamın oğluyam. Mən Peyğəmbərə (s) hər kəsdən əvvəl iman gətirən, müsəlmanların qabaqcılı və öngörəni olan, Qureyşin ən üstün şəxsiyyəti kimi taninan adamın oğluyam. O, zalımların düşməni, müşrikləri öldürən, münafiqləri yox etmək üçün atılan Tanrı oxu, abid insanların hikmət dili, Allahın dininin yavəri, onun təyin etdiyi rəhbər, İlahi hikmətinin gülüstanı və İlahi elminin mənbəyi idi...
Mən Fatimeyi Zəhranın (s) oğluyam, xanimlar padşahının oğlu mənəm.»
Müsəlmanlar, İmamın (ə) bu kəlmalarını eşitdikdə həqiqəti anlayaraq ağlamağa və Yezidə etiraz etməyə başladılar. Xalq arasında çaxnaşmanın düşdüyünü görən Yezid qorxusundan müəzzinə uca səslə azan deməyə əmr etdi. O, bu yolla İmam Səccadın (ə) çıxışına son qoymaq və qəzəbli insanların həyacanlı hisslərini sakitləşdirmək istəyirdi. Müəzzin azan deməyə başladı: «Allahu Əkbər! Allahu Əkbər! (Allah böyükdür) »
İmam Səccad (ə) uca səslə buyurdu: «Doğrudur, heç bir şey Allahdan uca ola bilməz!»
Müəzzin dedi: «Əşhədu ən la ilahə illəllah» (Allahdan başqa Allah yoxdur).
İmam (ə) buyurdu: «Bəli, mənim tüküm, dərim, ətim və qanım da Allahın birliyinə şəhadət verir.»
Müəzzin dedi: «Əşhədu ənnə Muhəmmədər-rəsulullah» (şəhadət verirəm ki, Məhəmməd Allahın elçisidir).
Həzrət Səccad (ə) üzünü Yezidə tutaraq dedi: «Ey Yezid! Məhəmməd (s) mənim babamdır, yoxsa sənin? Əgər sənin baban olduğunu söyləsən yalan demisən və haqqı inkar etmisən. Yox, əgər mənim babam olduğuna etiraf etsən, bəs onda nə üçün onun övladlarını öldürdün? (Ey camaat) Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zülmlə öldürdü və bizi Bizans əsirləri kimi (təhqiramiz şəkildə) buraya gətirdi?
Ey Yezid! Belə cinayət edirsən, sonra da «Məhəmməd (s) Allahın rəsuludur» deyib üzü qibləyə durursan? Vay olsun sənə! Qiyamət günü atam və babam sənə düşmən olacaqlar!(2)»
İmamın çıxışı cəmiyyəti təlatümə gətirdi çox saylı qəzəbli müsəlman Yezidlə namaz qılmadan məclisi tərk etdi.
Başqa bir nümunə
İmam Səccad (ə) Şam şəhərində əsir idi. Bir qoca kişi ona yaxınlaşıb istehza ilə dedi: «Allaha şükürlər olsun ki, sizi öldürdü və bizim şəhərimizi sizin kimilərdən qorudu. Yezidi sizə üstün etdi»
İmam (ə) buyurdu: «Sən Quran oxumusan?»
Dedi: «Bəli.»
Buyurdu: «Bu ayəni oxumusanmı? قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى
(Ey Peyğəmbər (s) ) de ki; mən Peyğəmbərliyimin müqabilində sizdən heç bir əcr istəmirəm, sizdən fəqət istəyim budur ki, mənim Əhli-beytimə məhəbbət göstərəsiniz (Şura surəsi ayə 23).»
Dedi: «Bəli.»
Buyurdu (ə): «Bizik, o Əhli-beyt (ə)»
Sonra əlavə etdi: «فَآتِ ذَا الْقُرْبى حَقَّه»
«Ey Peyğəmbər əqrabanın haqqını ödə (Rum surəsi ayə 38)» ayəsini oxumusanmı?
Dedi: «Bəli»
Buyurdu (ə): «Bu bizə aiddir»
Yenə əlavə etdi: «وَ اعْلَمُوا أَنَّما غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَ لِلرَّسُولِ وَ لِذِي الْقُرْبى»
«Ey mömünlər, qazandığınız hər şeyin beşdə bir hissəsi Allahın, Peyğəmbərin və əqrabalarınındır (Ənfal surəsi ayə 41).» ayəsini oxumusan?
Dedi: «Bəli.»
Buyurdu (ə): «Bu bizə aiddir. Və söylə ki, bu ayəni oxumusanmı?
« إِنَّما يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرا»
«Ey Əhli-beyt Allah sizi hər bir eyb və nöqsandan pak etməyi iradə etmişdir (Əhzab surəsi 33).»
Dedi: «Bəli.»
İmam (ə) buyurdu: «Bu Əhli-beyt (ə) bizik»
Qoca kişi ağlayıb tövbə etdi və İmamdan üzr istəyərək Yezidi lənətlədi(3).
2- Təhrik edici, oyandırıcı çıxışlar etdi
Həzrət Səccad (ə) Kufə şəhərinə girərkən İmam Hüseyni (ə) köməyə çağırıb, sonra isə onu şəhid edən qorxaq kufəlilərə nəzər yetirdi. Onlar sanki heç nə olmamış kimi baxır, və təmiz, rahat vicdanlı şəxslər tək əsirlərə tamaşa edirdilər. Belə olduqda, o, müsəlmanlara gördükləri işin pisliyini və onların cinayətinin dəhşətini anlatmağa başladı:
“Camaat! Məni tanıyan tanıyır, tanımayanlara da özümü tanıtmaq istəyirəm. Mən Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibəm. Mən o kəsin oğluyam ki, siz onun hörmətini sındırdınız, ona qarşı hörmətsizlik etdiniz. Onun mal dövlətini qarət etdiniz və yaxınlarını əsir tutdunuz. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki o, heç kimə zülm etməmiş və kimsəyə qarşı hiylə işlətməmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam və bu mənim üçün çox böyük şərəfdir.
Ey camaat! Siz mənim atama dəvət məktubu yazmadızmı? Onunla beyət etmədinizmi? Əhdi-peyman bağlamadınızmı? Sonra isə ona xəyanət etmədinizmi? Nə çirkin bir iş tutdunuz! Neçə də iyrənc düşüncə və əməldir... Əgər Allahın Peyğəmbəri (s) sizə: «Mənim övladlarımı öldürdünüz. Mənə hörmətsizlik etdiniz. Siz mənim ümmətimdən deyilsiniz»- desə, ona nə üzlə baxarsınız?(4)»
Bunu eşidən insanlar səhvlərini başa düşərək, ağlayıb fəryad etdilər. İmama (ə) öz köməklərini təklif edərək, onun hər bir əmrinə hazır olduqlarına dəfələrlə təkid etdilər. Amma İmam Səccad (ə) həm kufəlilərin etibarsız olduqları üçün və həm də, günahlarının böyüklüyünü onlara daha da anlatmaq üçün buyurdu: «Yox, ey hiyləgər şəxslər! Ey şəhvətlərinin qulu olan insanlar! Babalarımla (iki üzlü) davrandığınız kimi, mənimlə də belə rəftar etmək istəyirsiniz? Yox, Allaha and olsun ki, hələ vurduğunuz yaralardan qan axır, qəlbim atamın, qardaşlarmın ölümü ilə yaralıdır. Bu dərdin acısı sıxıcı və təsəlli tapılmayan bir qəmdir. Sizdən nə bizimlə və nə də bizim əleyhimizə olmanızı istəyirəm.
Biz sizdən o zaman razı olarıq ki, həmişə əmrimizə tabe olasınız. Bir gün bizimlə olub, bir gün də bizim əleyhimizə olsanız, sizdən razı olmarıq.(5)»
3- Təhriflə mübarizə apardı
Keçən bəhsimizdə söylənildiyi kimi, bildiniz ki, Müaviyənin siyasətini davam etdirən Yezid və İbni Ziyad «qəzavü-qədər» əqidəsini xalq arasında yayır və bu yolla Yezidin Kərbəlada törətdiyi cinayətləri ört-basdır etmək niyyətində idi(6). Guya sırf alın yazısına görə Allahın İmam Hüseyni (ə) öldürdüyünü və ya onun qəzəbinə tuş gəldiyini iddia edir, Yezidin çirkin əməllərini təmizə çıxartmaq istəyirdi. O bununla həmdə Aşura qiyamının səbəb və hədəflərini təhrif edir, onun müsəlmanlara bəxş edəcəyi mühüm ideyaları o zamanın zalım hakimiyyəti üçün təhlükəli sayaraq, zərərsizləşdirmək məqsədi güdürdü. İmam Səccad (ə) böyük məharətlə Ubeydullah ibn Ziyadın təhrifləri qarşısında dayanaraq onu hər kəsin yanında rüsvay etdi: «Belə ki, əsirlər İbni Ziyadın məclisinə gətirildikdə, o, İmam Səccadı (ə) görüb soruşdu: «Bu kimdir?»
Ətrafındakı adamlar dedilər: «Bu Hüseynin (ə) oğlu Əlidir.»
Rişxəndlə dedi: «Allah Hüseynin oğlu Əlini (ə) Kərbəlada öldürmədimi?»
Həzrət Səccad (ə) buyurdu: «Mənim bir qardaşım da var idi. Ona Əli ibn Hüseyn (ə) deyirdilər. Onu camaat öldürdü!»
İbni Ziyad dedi: «Yox, onu Allah öldürdü(7)»
İmam (ə) cavab verdi:
«اللَّهُ يَتَوَفَّى الْأَنْفُسَ حِينَ مَوْتِها وَ الَّتِي لَمْ تَمُتْ فِي مَنامِها»
«Allah əcəli çatan şəxslərin ölüm zamanı canlarını alar və ölməyənlərin (əcəli çatmayanların) isə canlarını yuxuda alar (Zumər surəsi ayə 42).» (yəni; yuxu da bir növ müvəqqəti ölüm deməkdir.)
Həzrət Səccad (ə) burada Qurani-Kərimin kəlamları ilə İbni Ziyadı susdurdu və hamıya başa saldı ki, Allah-taala yalnız əcəli çatan şəxslərin canını alar. İmam Hüseyni (ə) isə din düşmənləri zülm və məkrlə şəhid etdilər. Kərbəla müsibəti qəddar, dinsiz və rəzil insanların yaratdığı faciə idi.
Diqqət etmək lazımdır ki, Yezid məlun da, Əhli-beyt (ə) əsirlərini sarayına gətizdirdikdə təhrif siyasətini işə saldı. O, hamının yanında üzünü İmama (ə) tutub dedi: «Ey Əli ibn Hüseyn (ə) şükr olsun Allaha ki, sənin atanı öldürdü!»
İmam Səccad (ə) cəsarətlə buyurdu: «Allah mənim atamı öldürənə lənət etsin!»
Yezid hiylə və kələk işlədərək, Quran ayəsi(Şüra surəsi ayə 42) oxuyub öz fırıldaqçı siyasətinə haqq qazandırmaq istədi və dedi: «Düçar olduğunuz hər bir müsibəti öz əllərinizlə qazanmısınız!»
İmam (ə) buyurdu: «Sənin xəyal etdiyin kimi deyildir. Bu ayə bizim barəmizdə nazil olmayıb. Bizim haqqımıza aid olan ayə budur:
« ما أَصابَ مِنْ مُصِيبَةٍ فِي الْأَرْضِ وَ لا فِي أَنْفُسِكُمْ إِلاَّ فِي كِتابٍ مِنْ قَبْلِ أَنْ نَبْرَأَها إِنَّ ذلِكَ عَلَى اللَّهِ يَسِير »
«Yer üzərində baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan öncə, löhvü-məhfuzda yazılmamış olsun. Bu, Allah üçün olduqca asandır. Bu sizin itirdiklərinizə təəssüflənməməyiniz və sizə verilənə də, sevinməməyiniz üçündür (Hədid surəsi ayə 22).»
Bizik o şəxslər ki, başlarına gələn müsibətə görə təəssüf etməz və əllərinə çatan xeyirlərə görə lovğalanmazlar!(8)» Bununla da Yezid susdu və hiyləsinin baş tutmayacağını anladı.
4- Şəhadət ruhunu yaratdı
İbni Ziyadın məclisinə əsir kimi gətirilən İmam Səccad (ə) onu seyr edən kufəlilərin gözündə aşkarcasına qorxu və vəhşəti dərk edirdi. O, bilirdi ki, Kufə əhlinin çoxu qorxaqlıq ucbatından atası İmam Hüseynə (ə) kömək etmədilər və hətta düşmən qoşununun sıralarında belə yer aldılar.
İmam Səccad (ə) həmçinin İbni Ziyadın xalq içərisində şəhadət hissini sındırmaq, müsəlmanların qürurunu əzmək istəyini bilirdi. Elə bunun üçün də, onun təhdidlərinə məhəl qoymayaraq, hamının gözü önündə yenidən şəhadət şüarını səsləndirdi. Belə olduqda İbni Ziyad hiddətlənib dedi: «Sən nə cürətlə mənə belə cavab verirsən? Aparın bunun boynunu vurun! »
İmam (ə) buyurdu: «Ey İbni Ziyad məni öldürməklə qorxutmaq istəyirsən? Bilmirsən ki, öldürülmək bizim üçün adi bir iş və şəhadət bizim üçün izzət (fəxr) dir?!(9)»
---------------------------
(1)İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 324; Məsudi, «İsbatül-vəsiyyə», səh. 167; İbnul-İmad Əl-Hənbəli, «Şəcərətüz-zəhəb bi əxbari mən zəhəb», c. 1, səh. 105; İbn Səd, «Təbəqatül-Kübra», səh. 212.
(2) «Biharül-ənvar», c. 45, səh. 137; «Kamil», səh. 301; Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 304
(3) Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 331-332.
(4) Seyyid ibn Tavus, «Lühuf», səh. 66; Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 298; «Məsum İmamların həyatı», səh. 207.
(5) Həmin mənbələr.
(6) Mürtəza Mütəhhəri, «İnsan və tale», səh. 22; İbn Quteybə, «Əl-İmamətü vəs-siyasə», c. 1, səh. 205.
(7) Seyyid ibn Tavus, «Lühuf», səh. 68; Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 320.
(8) Ş. A. Qumi, «İmam Hüseynin (ə) həyatı», səh. 341.
(9) Seyyid ibn Tavus, «Lühuf», səh. 68.