Nə üçün İmam Hüseyn (ə) möcüzə edİb düşmənlərİnİ məhv etmədİ?


Nə üçün İmam Hüseyn (ə) möcüzə edib düşmənlərini məhv etmədi?

Uca Tanrının insanları yaratmaqda məqsədi, onları imtahan etmək, sınaqdan əla qiymətlə çıxanları mükafatlandıraraq onlara behişt və əbədi səadəti nəsib etməkdir. Necə ki, Allah-taala Qurani-Kərimdə buyurur: «Tanrı dünyanı və ölümü yaratdı ki, sizi imtahan etsin və hansı birinizin daha yaxşı əməl sahibi olduğunu yoxlasın...( Mülk surəsi, 2)»
Təbiidir ki, Tanrı əgər insanları imtahan üçün yaratmışdırsa, onlara haqq və batili, xeyir və şəri, dost və düşməni tanıtdırmış, lakin bunların seçimində insanları azad buraxmışdır. Rəbbimiz bu məsələni Qurani-Kərimdə belə bəyan edir: «Biz insanlara düzgün yolu göstərdik, onlar Allaha şükr və ya küfr etsələr də, özləri öz yollarını seçmişlər (İnsan surəsi, 3).»
Deməli insan özüdür ki, öz yolunu təyin edir və seçimini seçir. Elə Tanrı bəşəri yaratdığı gündən bəri də işin bu minvalla getməsini istəmiş, insanın öz seçimində tam azad olması üçün bütün qeyri-təbii prosesləri aradan qaldırmışdır. Məsələn, əgər Allah-taala bütün insanların onun göndərdiyi peyğəmbər və İmamlara itaət etməsini, Tanrı qarşısında baş əyib ibadət etmələrini məcburi şəkildə də olsa belə ifadə etsəydi, məlumdur ki, bu iş İlahi qüdrəti altında bir an içində baş verərdi. Çünki, Uca Allah hər bir şeyə qadirdir. Amma Allah-taala bu cür etməmiş, insanları ona ibadət və ya küfr etməkdə azad qoymuşdur. Elə bu səbəbə görə də, tarix boyu peyğəmbər və İmamların bütün buyurduqlarına əməl edib və əksər hallarda onların kənarında şəhid olanlar da olmuş, onlara qarşı çıxıb qətlə yetirənlər də tapılmışdır. Lakin peyğəmbərlər və İmamlar dini kütləvi şəkildə yaymaq üçün nə ardıcıl halda möcüzələrdən istifadə etmiş və nə də öz canlarını qorumaq üçün qeyri-təbii vasitələrə əl atmışlar. Əksinə onlar çox yüksək əxlaqla İlahi dini məntiqi surətdə xalqa çatdırmış və bu yolda hər bir əziyyətə qatlanmışlar. Çox az hallarda xalqın onların İlahi tərəfindən göndərilmələrinə xatircəm olmaları üçün möcüzə göstərir, bu işi yalnız zəruri hallarda Tanrının izni ilə yerinə yetirirdilər. Çünki, Uca Allah möcüzələrin zərurət miqdarını keçdiyi zaman insanların qorxu üzündən dinə üz gətirmələrini bildiyi üçün bu işin onların sınaq məqsədi ilə yaranmasına zidd olduğunu nəzərə alaraq buna icazə vermirdi. Sözsüz ki, əgər İmam Hüseynə (ə) Aşura günü Yezidin qoşununu möcüzə ilə məhv etməyə Tanrı tərəfindən hər hansı bir göstəriş olsaydı, o bu işi görərdi. Amma Allah-taala İmam Hüseynin (ə) təbii şəkildə zalımlara qarşı mübarizə aparmasına və bu yolda şəhid olmasına əmr etdi. Aləmlərin rəbbi, Həzrət Məhəmməd peyğəmbərin (s) gətirdiyi müqəddəs İslam dininin Bəni-Üməyyənin çirkin əməlləri nəticəsində sarsıldıqdan sonra, İmam Hüseynin (ə) qanı ilə yenidən dirçəlməsini tələb etdi. Və bu yolu bütün bəşəriyyətə örnək qərar verdi. Elə bu səbəbə görə də bəzi rəvayətlərə əsasən, Aşura günü İmam Hüseynə (ə) qeybi qüvvələr tərəfindən kömək təklif olunanda İmam (ə) qəbul etmir. O,təbii olaraq yalnız insanları Tanrı uğrunda düşmənlərə qarşı köməyə çağırır: «Bir kəs vardırmı ki, mənə Allah yolunda kömək etsin? («Əba Əbdullahül Hüseynin həyatı”, səh. 114)»


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter