Aşura günü hansı mühüm hadİsələr baş verdİ?


Aşura günü hansı mühüm hadisələr baş verdi?

Aşura günü baş verən bütün anlar insanların yaşayışına böyük ibrət dərsi olduğu üçün vacib əhəmiyyət daşıyır. Lakin o gün baş vermiş hər bir hadisəni nəzərdən qaçırmadan şərh etmək, onlarla cild kitabın yazılmasını tələb edir. Elə bunun üçün də biz o hadisələrin ən mühümlərini ixtisarla bəyan edirik:

1- İmam Hüseynin (ə) müharibəyə təmkinlə hazırlığı
Tarixçilər İmam Hüseynin əsgərləri və həmçinin Ömər ibn Sədin başçılığı altında İmama (ə) qarşı döyüşə qalxan qoşunun sayı barədə müxtəlif fikirlər irəli sürüblər. Lakin İmam Hüseynin (ə) qoşununun yüz nəfərə çatmaması və düşmən qoşununun 6000 nəfərdən çox olması haqda heç bir ixtilaf yoxdur. Hətta bəzi tarixçilər düşmən qoşununda olan əsgərlərin sayını 20-min, bəzən də 30-minə qədər yazmışlar(«Tarixi-Təbəri», c. 5, səh. 393; «Əl-Mənaqib», c. 4, səh. 98). Amma iki qoşunun sayı arasında olan bu böyük fərqə baxmayaraq, İmam Hüseyn (ə) öz 70-80 nəfər əsgərini 20-30 min qoşunun qarşısında inam və soyuqqanlılıqla nizamladı. İmam (ə) iyirmi nəfəri Züheyr ibn Qeyn ilə sağ cinahda yerləşdirdi. Özü isə digər əsgərlər ilə ortada durub onlara səbirli və vüqarlı olmağı tövsiyə etdi. Sonra mübarək əllərini göyə ucaldıb Tanrı ilə minacat etməyə başladı:
«Ey Rəbbim, sən mənim hər bir zaman güvəndiyim varlıqsan. Sən mənim ümid yerim, etimad bağladığım və çətinliklərdə sığındığım Tanrımsan. Elə çətinliklər var ki, onların qarşısında qəlblər sınır, səbirlər tükənir, dostlar ümidsiz və düşmənlər şad olur. Lakin mən belə anlarda həmişə sənə pənah gətirib sənə bağlanmışam...(«Müntəhəl-əmal», Mühəddis Qumi)»

2- İmam Hüseynin (ə) müharibəni birinci başlamaması
İmam Hüseyn (ə) Yezidin zülmkar və fəsadla dolu hökumətinə qarşı qiyama qalxıb etiraz etsə də, onun qoşunu tərəfindən müharibə və qan tökülməsinə birinci başlanmasına razı olmur. Tarixçilər bu barədə yazırlar:
«Aşura günü, hələ döyüş başlamamışdan əvvəl Ömər ibn Sədin qoşununda olan vicdansız əsgərlərin bəzisi İmam Hüseyn (ə) və onun tərəfdarlarına nalayiq sözlər yağdırırdılar. O şəxsiyyətsiz və alçaq əsgərlərdən biri də Şimr ibn Zilcövşən idi. O gün məlun Şimr üzünü İmam Hüseynə (ə) tərəf tutub qışqırdı: «Ey Hüseyn, hələ qiyamət günü çatmamışdan qabaq odda yanmaq arzusundasan? » İmam (ə) o məlunun cavabında buyurdu: «Ay cahil oğlu, sən cəhənnəm odunda yanmağa daha layiqsən.»
Bu zaman İmamın (ə) vəfalı əsgərlərindən biri olan Müslim ibn Övsəcə Şimri oxla vurmaq istədikdə İmam (ə) ona mane oldu. Müslim İmama (ə) dedi: « Ey mənim sərvərim, icazə ver bu kafiri öldürüm. O, qaniçən, qəddar, Allahın düşmənidir. Bu gözəl fürsət yaranmışkən onu öldürməyimə izin verin!» İmam Hüseyn (ə) buyurdu: «Mən müharibə və qan tökməyi birinci başlamaq istəmirəm(«Əl-Kamilu fil tarix», c.3 səh. 288).»

3- Hürr ibn Yəzidin İmam Hüseynin (ə) tərəfinə keçməsi
Hürr ibn Yəzid Riyahi İmam Hüseynə (ə) qarşı çıxan Kufə qoşunundakı sərkərdələrdən biri idi. O, mərifətli insan olduğu üçün heç bir vaxt İmam Hüseynə (ə) qarşı ədəbsizlik etmədi. Elə bunun üçün də Allah-taala sonda onu haqqa yönəltdi. Bu əhvalat belə baş verdi:
Ömər ibn Sədin əmri ilə qoşun İmamla (ə) döyüşə hazırlaşdı. Bu anda İmam Hüseyn (ə) hamıya höccəti tamam etmək üçün ucadan fəryad çəkdi: «Bir kəs varmı ki, Allah yolunda bizə kömək etsin? Bir kəs varmı ki, Peyğəmbərin (s) hərəmini müdafiə etsin?» Hürr ibn Yəzid İmamın (ə) bu fəryadını eşitdikdə narahat olub qoşunun başçısı Ömər ibn Sədin yanına gəlib dedi: «Hüseynlə (ə) döyüşəcəksənmi?»
Ömər ibn Səd cavab verdi: « Bəli, Allaha and olsun, elə bir döyüş yaradacağam ki, ən azı bu döyüşdə onların başı boyunlarından və qolları bədənlərindən ayrılsın.»
Hürr bu sözləri eşidib çox pərişan halda bir kənara çəkilib fikrə qərq oldu. Hürrün həyəcandan bütün bədəni əsirdi. Onu bu halda görən Mühacir ibn Ovs dedi: «Ey Hürr, səni bu vəziyyətin məni ağlamağa məcbur edir. Əgər məndən Kufənin ən şücaətli kişisi barəsində soruşsalar səndən başqa heç kimin adını vermərəm. İndi mənə de görüm, niyə əsirsən?»
Hürr dedi: «And olsun Allaha, bu dəqiqə özümü «behişt» ya «cəhənnəm» seçimi arasında görürəm. Amma and olsun bizi Yaradana, behişti seçəcəyəm! Bədənimi parça-parça edib yandırsınlarda belə.
Sonra atına minib İmam Hüseynə (ə) tərəf hərəkət etməyə başladı. Və həmin anda əllərini başına çırpıb deyirdi: «İlahi, tövbə edirəm, tövbəmi qəbul et! Ona görə ki, sənin dostlarını, Peyğəmbərin nəvələrini qorxuzmuşam.»
Hürr İmam Hüseynin (ə) yanına çatdıqda ədəblə dedi: Sənə canım fəda olsun! Mən səni çox incitdim, hətta sənin Mədinəyə qayıtmağına belə mane oldum. Doğrusu işin bura çatacağını bilmirdim. İndi tövbə edib Allah yoluna qayıdıram. Mənim tövbəm qəbul sayılırmı?
İmam Hüseyn (ə) buyurdu: «Allah-taala sənin tövbəni qəbul etdi. Atından en aşağı bizim yanımıza gəl.»
Hürr ərz etdi: «Ey mənim ağam, icazə ver atdan düşməyim və sənin düşmənlərinlə döyüşə gedim...»
İmam (ə) Hürrə icazə verir. Hürr Kufə qoşununun qarşısına keçib fəryad çəkərək deyir: «Ey Kufə əhli, ananız yasınızda ağlasın! Siz İmam Hüseyni (ə) dəvət etdiniz ki, sizə rəhbərlik etsin. Siz də onun kənarında zülmə qarşı müharibə edəsiniz. Lakin o sizin dəvətinizi qəbul edib gəldikdən sonra onu mühasirəyə alıb öldürmək istəyirsiniz? Siz vəfasızlar isə öz İmamınızın yolunu bağlayıb onun arvad, uşaq və dostlarının Fərat suyundan içmələrinə mane olursunuz. İndi onlar susuzluqdan taqətdən düşüblər.
Doğrudan da siz Peyğəmbərə (s) xəyanət edib onun Əhli-beyti (ə) ilə çox pis rəftar etdiniz. Əgər elə indi bu saat öz çirkin işinizdən tövbə etməsəniz. Tanrı qiyamət günü sizi layiq olan əzaba düçar edəcəkdir.»
Hürrün sözü bu yerə çatanda Kufə əsgərləri ona hücum etdilər. Hürr döyüşə başladı, onlardan bir neçəsini öldürdükdən sonra şəhadətə yetişdi. Hürrün mübarək bədənini İmam Hüseynin (ə) yanına gətirdilər. İmam (ə) onun üzündən toz-torpağı təmizləyib buyurdu: «Sən dünya və axirətdə azadsan, necə ki, anan sənin adını Hürr (azad insan) qoymuşdur(«Həzrət İmam Hüseynin (ə) həyatı», səh. 194).»

4- Günorta namazının camaatla qılınması
Namaz, müqəddəs İslam dinində vacib əməllərin ən əhəmiyyətlisi sayılır. Ona görə ki, rəvayətlərdə namazı qəbul olmayan şəxsin başqa əməllərinin də qəbul olmaması bildirilmişdir. Məhəmməd peyğəmbər (s) namaz haqqında buyurur: «Namaz, dinin sütunudur. Əgər namaz qəbul olsa, insanın başqa yaxşı əməlləri də qəbul olunacaq. Yox əgər insanın namazı qəbul olmasa, onun başqa əməlləri də, Tanrı dərgahında qəbul olunmayacaqdır(«Kərbəlada nələr oldu», səh. 344).»
Gördüyünüz kimi, bu hədisdə namaz qılan insanın namazının qəbul olub olmamağından söhbət gedir. Və məlum olur ki, namaz qılıb pis əməllərə məşğul olan şəxsin namazı qəbul deyil. Amma namaz qılmayan və ya onu tərk edən şəxsin barəsində isə hədislərimizdə nankor, cəhənnəm əhli, Tanrı nemətlərinə küfr edən və bu kimi sərt ibarələr işlənmişdir.
Qurani-Kərim namazın faydasını belə bəyan edir: «Namaz qıl ki, doğrudan da (həqiqi qılınan) namaz, insanı çirkin və günah işlərdən saxlayır(Ənkəbut surəsi, 45).»
Vacib namazını müsəlmanların birliyinə xatir camaatla qılan şəxsin barəsində isə deyilən hədislər, doğrudan da hər bir müsəlmanı heyrətləndirir. Məsələn, Məhəmməd peyğəmbərdən nəql olunan bir rəvayətdə deyilir: «... Camaat namazında iqtida edənlərin sayı nə qədər çox olsa, namazların savabı bir o qədər çox olacaqdır. Əgər camaat namazında iştirak edənlərin sayı on nəfərdən çox olsa, bütün göy qatları kağız, dəryalar mürəkkəb, ağaclar qələm, ins-cin və məlaikələr yazan olsalar belə namazın bir rükətinin savabını yazıb qurtara bilməzlər(«Əhadisün-Nəbəvi», səh. 196).»
İmam Hüseyn (ə) Mədinədən Kərbəlaya hərəkət etdiyi neçə ay müddətində bütün namazlarını camaatla bərpa edirdi. Hətta qanların yerin üzərində su kimi axdığı Aşura günündə belə, İmam Hüseyn (ə) camaat namazını bərpa etdi.
O gün İmam Hüseynin (ə) yaxın səhabələrindən olan Əbu Səmamə Seydavi günorta namazının vaxtının yetişdiyini görüb İmama (ə) yaxınlaşıb dedi: «Ya Əba Əbdullah, sənə qurban olum, namaz vaxtıdır!»
İmam (ə) başını tərpədib buyurdu: «Namazı yada saldığın üçün, Allah səni həqiqi namaz qılıb, zikr edənlərdən etsin. Bəli, namaz vaxtıdır!» İmam (ə) öz ətrafındakılara buyurdu: «Onlara deyin ki, namaz vaxtıdır. Namaz qılmaq üçün döyüşü dayandırmaq lazımdır.» Lakin düşmən İmamın (ə) bu təklifini qəbul etmədi. İmam (ə) isə qarşısındakı düşmənə, ətrafındakı möminlərə və qiyamət gününə qədər hər bir insana namazın və xüsusilə də camaat namazının əhəmiyyətini bildirmək üçün səhabələrinin namaza hazırlaşmalarına əmr etdi. İmam (ə) Züheyr ibn Qeyn və Səid ibn Abdullaha göstəriş verdi ki, bir neçə əsgər ilə camaat namazının qabağında durub namaz qılanları düşmənin hücumundan qorusunlar. İmam (ə) günorta namazını digər səhabələr ilə birlikdə (xof namazı olduğu üçün) 2 rükət qıldı. Namaz qurtarana kimi onları qoruyan əsgərlərin bir çoxu düşmənin namərdcəsinə atdıqları ox və nizələrə məruz qalıb şəhadət məqamına çatdılar(«Əba Əbdullahül Hüseynin həyatı», səh. 124).

5- Səhabələr və Bəni-Haşim cavanlarının şəhadəti
Aşura günü əshabın hamısı canlarını İmamları yolunda qurban verməyi özlərinə fəxr bilirdilər. Onlar deyirdilər: «Ey Peyğəmbər balası, əgər yetmiş dəfə ölüb-dirilək, yenə də sənin yolunda can verməyə hazırıq.»
Onların hər biri döyüş meydanına getməmişdən əvvəl İmamın (ə) hüzuruna gəlib belə söylədilər: «Salam olsun sənə ey Peyğəmbər övladı.»
İmam (ə) onların salamının cavabını verib buyururdu: «Tezliklə sizə çatacağıq.»
Sonra bu ayəni oxuyurdu: «Onlardan bəzisi şəhid oldu, bəzisi isə şəhadət intizarında idi(Əhzab surəsi,. Ayə 2).»
Səhabələrin şəhadətindən sonra növbə Həzrət Əlinin (ə), Cəfər və Əqilin oğullarına, həmçinin İmam Hüseynin övladlarına, qardaşı və qardaşı uşaqlarına çatdı. Bu nəsildən ilk şəhid olan şəxs İmamın (ə) böyük oğlu Əli Əkbər oldu. O, atasına yaxınlaşıb döyüşə getmək üçün izn istədi. İmam (ə) fikirləşmədən icazə verdi. Sonra buyurdu: «İlahi, özün şahid ol ki, sənin Peyğəmbərinə (ə) yaradılış və əxlaqi keyfiyyətlərinə görə ən çox oxşayan cavan döyüşə getdi.»
Əli Əkbər döyüş meydanına daxil olub düşmənlərdən bir neçə nəfəri öldürdü.
Əllamə Məclisi bu haqda yazır: «Əli Əkbər Kufə qoşunundan o qədər əsgər öldürdü ki, qoşun bu vəziyyətə dözə bilməyib şivən etdi(«Biharül-ənvar», c. 45, səh. 43).
Nəhayət bu igid ona dəyən ardıcıl zərbələr nəticəsində taqətdən düşüb yerə yıxıldı. Əsgərlər onun üstünə tökülüb mübarək bədənini tikə-tikə etdilər.
Həzrət Əli Əkbərin şəhadətindən sonra İmam Həsənin oğlu Qasim döyüş meydanına tərəf hərəkət etdi. İmam Hüseyn (ə) cavan qardaşı oğlunun minlərlə qəddar qoşunun üzərinə getdiyini gördükdə ixtiyarsız halda ağlamağa başladı. Cənab Qasim İmamın (ə) bu gərgin vəziyyətini görüb ona tərəf qayıtdı. İmam Hüseyn (ə) onu bağrına basıb döyüşə getməsi üçün çox narahatçılıqla icazə verdi.
Həzrət Qasim meydana daxil olub döyüşə başladı. Düşmən qoşunundan bir neçə əsgəri öldürdükdən sonra başına dəyən qılınc zərbəsi nəticəsində yerə yıxıldı və «ey əmi!» deyə fəryad etməyə başladı. İmam Hüseyn (ə) qardaşı oğlunun fəryad səsini eşidən kimi meydana girib qoşunun üstünə cumdu. Və Qasimi başından yaralayan şəxsi öldürdü.
İmam Hüseyn (ə) haldan düşmüş Qasimi qucaqlayıb kövrəldi. Onlar hər ikisi ağladılar. Sonra cənab Qasim İmamdan (ə) yenidən meydana girməsi üçün icazə istədi. Lakin İmam (ə) ona izn vermədi. Qasim döyüşmək üçün o qədər yalvarıb ağladı ki, İmam (ə) məcbur qalıb öz sükutu ilə ona bu izni verdi.
Qasim döyüş meydanına girdi. Kufə əsgərlərindən bir neçəsini cəhənnəmə vasil etdikdən sonra aldığı zərbələr nəticəsində şəhadətə yetişdi.
İmamın (ə) bütün yaxınları şəhid olsalar da, onun son güvənci olan Həzrət Əbülfəzl Abbas yaşayır, İmamı (ə) və xeymələri qoruyurdu. Lakin artıq bütün cavanların şəhadətindən sonra Həzrət Abbas dözə bilməyib qardaşının hüzuruna gəlib dedi: «İzn ver mən də şəhid olum!»
İmam (ə) əziz qardaşından bu sözləri eşitdikdə ağlamağa başladı. Sonra buyurdu: «Qardaşım, sən mənim ələmdarımsan, əgər sən olmasan mən də olmayacağam. Amma əgər Tanrı hüzuruna getməyə tələsirsənsə, onda dodaqları qurumuş bu uşaqlar üçün bir az su gətir.»
Həzrət Abbas düşmənə tərəf hərəkət edib onlara nəsihət etməyə başladı. Lakin ürəkləri daşdan bərk olan qoşuna bu nəsihətin heç bir təsiri olmadı. Həzrət Abbas xeymələrə tərəf qayıtdı. Uşaqların susuzluqdan ağladıqlarını, sərinləmək məqsədi ilə boş su qablarını qarınlarına yapışdırdıqlarını görüb iztirabla buyurdu: «Gözümün işıqları, indi sizin üçün su gətirməyə gedirəm.»
Həzrət su tuluğunu götürüb atına mindi və Fərat çayına tərəf yollandı. Bunu görən qoşun onun su gətirməsinə mane olmaq üçün qarşısını almağa çalışdılar. Lakin Həzrət Abbas özünü suya çatdırdı. Susuzluğun şiddətindən ovcunu su ilə doldurub içmək istədikdə İmam Hüseynin (ə) və xeymələrdəki uşaqların susuzluğu yadına düşdü. Ovcundakı suyu boşaldıb tuluğu su ilə doldurduqdan sonra onu sağ çiyninə atdı. Sonra sudan çıxıb xeymələrə tərəf hərəkət etmək istədi. Lakin Həzrəti hər tərəfdən mühasirəyə aldılar. Onunla düşmən qoşununun arasında çox gərgin döyüş baş verdi. Həzrət Abbas çalışırdı ki, onları kənarlaşdırıb su meşkini xeymələrə çatdırsın. Elə o anda məlun Nofəl ibn Əzrəq arxadan hücum edib onun sağ qolunu bədənindən ayırdı. Həzrət Əbulfəzl özünü itirmədən su tuluğunu sol çiyninə atdı. Elə o əli ilə də düşmən qoşunu ilə mübarizəyə davam etdi. Bu dəfə məlun Həkim ibn Tufeyl xurma ağacının arxasından çıxıb Həzrətin sol əlini kəsdi. Həzrət çox zəhmətlə su tuluğunu dişinə alıb susuz uşaqlara çatdırmaq istəsə də atılan oxlar nəticəsində su tuluğu paralandı. İkinci ox onun mübarək sinəsinə batdı. Həzrət Abbas atından yerə yıxılıb «qardaşım Hüseyn!» deyərək fəryad etdi.
İmam Hüseyn (ə) özünü tez cənab Abbasa çatdırdı. Onu əlləri bədənindən ayrı və bədəninə dəymiş oxlar nəticəsində qana bulaşmış vəziyyətdə görüb buyurdu: «Artıq mənim belim qırıldı, çarəsiz qaldım.»
Sonra İmam (ə) xeymələrə tərəf qayıtdı. İmamın (ə) qızı Səkinə atasına tərəf qaçıb soruşdu: «Ata can, əmim Abbasdan bir xəbər varmı? Axı o bizim üçün su gətirməyə gedibdir...( «Ali Muhəmməd matəmində», səh. 303-309)»
Xatırladaq ki, Aşura günü Həzrət Abbasın şəhadətindən öncə İmam Əlinin (ə) və onun qardaşı Cəfər və Əqilin oğulları qəhrəmancasına şəhid olmuşdular.
6- Düşmənin südəmər körpəni oxlaması
İmam Hüseyn (ə) bütün əzizlərinin məzlumcasına şəhadətindən sonra öz növbəsinin çatdığını gördü. Xeymələrə yaxınlaşıb bacısı Zeynəbə buyurdu: «Körpə balamı (Əli Əsğəri) gətir, onunla vidalaşım.» Uşağı İmama (ə) gətirdilər. İmam (ə) onu qucağına alıb öpmək istədikdə məlunlardan biri Hərmələ ibn Kahil məsum körpənin boğazını oxladı. Bu ürək ağrıdıcı vəziyyəti görən İmam Hüseyn (ə) uşağı bacısına verib öz əllərini körpənin boğazından axan qanın altına tutdu. Ovcunu boğazı kəsilmiş uşağın qanı ilə doldurub qanı göyə səpdi və buyurdu: «İlahi, özün bizimlə bu qövmün arasında hökm et!( «Əba Əbdullah Hüseynin həyatı», səh. 131)»
Bəzi tarixçilər isə belə yazır:
«İmam Hüseyn (ə) son anlarda belə vicdanını itirmiş zalım qövmü dinə-imana dəvət edirdi ki, bu an Əli Əsğərin susuzluğun şiddətindən çığırtısını eşitdi. İmam (ə) uşağı ona gətirmələrini istədi. Uşağı qucağına alıb buyurdu: «Ey camaat, əgər mənə rəhm etmirsinizsə, heç olmasa bu körpəyə yazığınız gəlsin!»
Elə bu vaxt məlun Hərmələ uşağın boğazını oxladı(İbn Cövzi, «Təzkirətül-xəvas», səh. 162).»
Düşmənin bu qəddar hərəkəti bir daha İmam Hüseynin (ə) nə qədər məzlum olmasını və Yezidçilərin necə də, vicdansız olduğunu sübuta yetirdi. Çünki, əgər düşmən təkcə İmam Hüseyn (ə) və onun əsgərlərini şəhid etsəydi, sonralar təbliğat nəticəsində öz günahlarının bir qismini təmizə çıxarda bilərdilər. Lakin onların körpə uşağa belə qıymamaqları bu qoşunun xəbisliyini qiyamətə qədər hamıya sübut etdi.

7- İmam Hüseynin (ə) mübarizəsi və şəhadəti (ixtisarla)
Azadələr rəhbəri Hüseynin (ə) Kərbəla qiyamındakı şücaəti haqqında danışmaqla bitməz. Onun Aşura günü döyüş meydanındakı igidliyi tarix boyu hər kəsi heyrətləndirmişdir.
Təbəri və İbn Əsir, Abdullah ibn Əmirin vasitəsilə yazır ki, Aşura günü Ömər ibn Sədin qoşunu hər tərəfdən Həzrət Hüseynə (ə) həmlə edirdi. İmam Hüseyn (ə) də öz növbəsində sağ-sola hücum etdikdə düşmən qoşunu qorxub qaçırdı. Onlar Hüseynə (ə) yaxınlaşmağa cürət edə bilmir, onu uzaq məsafədən ox atəşinə tutdular.
Allaha and olsun ki, mən heç vaxt Hüseyn (ə) kimi şücaətli bir şəxs görmədim ki, onun övladlarını, qardaşlarını, yaxın silahdaşlarını öldürsünlər və eyni halda özü də, döyüş meydanında tək qalsın, amma sınmadan belə əzmlə, qətiyyətlə döyüşsün («Tarixi-Təbəri», c. 2, səh. 259; Şeyx Müfid, «İrşad», səh. 263).
İbn Əbil-hədid yazır: «Kim şücaətdə Hüseynə (ə) tay ola bilər? Hətta düşmən belə Kərbəla döyüşünü vəsf edərkən; «Savaş meydanında yalqız qalan Hüseyn ibn Əli (ə) şir kimi rəqib tərəfin sıralarını yarır, onları pərən-pərən edərək, çaxnaşmaya salırdı.» söyləyir(İbn Əbil Hədid, «Nəhcül-bəlağənin şərhi» c. 3, səh. 482; «Tarixi-Təbəri», c. 6, səh. 259, Seyyid ibn Tavus, «Lühuf», səh. 105.)»
Ömər Səd qoşununa əmr etdi ki, ona hər tərəfdən hücum etsinlər. Yüzlərlə əsgər İmamı (ə) əhatəyə aldılar(İbn Şəhr Aşub, «Mənaqib»,c. 2, səh. 223). Bu zaman İmamla xeymələrin arasında fasilə düşdü. İmam (ə) qoşunun xeyməyə yaxınlaşmasını görüb fəryad çəkərək buyurdu: «Ey Əbu Süfyanın ardıcılları, əgər dininiz yoxdursa və qiyamət günündən qorxmursunuz, heç olmasa kişi kimi rəftar edin.»
Onlar xeymələrin kənarından geri çəkildilər və hamısı birdən Həzrətin(ə) üstünə hücum gətirdilər(Seyyid ibn Tavus, «Lühuf», səh. 105). Bu zaman məlun Əbulhətuf Cufi İmamın (ə) alnına oxla vurdu. İmam (ə) alnından oxu çıxartdı və İmamın (ə) üzü qana bulaşdı. Hər bir tərəfdən İmama (ə) hücum olur və zərbələr vurulurdu. İmam (ə) döyüş və yaralı halında da o bədbəxtlərə nəsihət edib onları haqqa dəvət edirdi.
İmam Hüseyn (ə) ona dəymiş daş-kəsək, qılınc, nizə və ox zərbələri nəticəsində taqətdən düşməyə başladı. İmamın (ə) bədənindən axan qanlar onu zəiflədib yerə saldı. Bu zaman məlun Malik ibn Bəsər İmamı (ə) söyərək onun mübarək başına qılıncla vurdu. Bunun ardınca İmam Hüseynə (ə) müxtəlif zərbələr vuruldu. Və sonda məlun Şimr ibn Zilcövşən İmamın (ə) sinəsi üzərində oturub on iki qılınc zərbəsi ilə Həzrətə (ə) vurdu. Sonra İmamın (ə) müqəddəs başını kəsdi (Müqərrəm, «Məqtəlül-Hüseyn (ə) », səh. 333; İbn Kəsir, «Kamil», c. 4, səh. 32). (Allah İmamın (ə) düşmənlərinə lənət etsin!)

8- İmam Hüseynin (ə) şəhadətindən sonrakı hadisələr
İmam Hüseynin (ə) şəhadətindən sonra o Həzrətin mübarək bədəni üstə at çapmağa başladılar. İmamın (ə) öz atı xeymələrə tərəf yollandı. Xeymələrdə yas tutan xanımlar atın kişnəmə səsinə çölə çıxdılar. Sahibsiz atın İmam Hüseynə (ə) məxsus olduğunu görən xanımlar o Həzrətin şəhid olmasını başa düşdülər. Bu zaman düşmən əsgərlərindən biri fəryad edərək dedi: «Hüseyn öldürüldü!»
Qadınlar bu sözü eşitdikdə hönkürtü ilə ağlamağa başladılar. Onların nalə səsi göylərə ucaldı. Ömər Sədin vicdansız qoşunu isə yaxınlarını itirmiş xanımların yas tutduqları xeymələrə hücum etdilər(«Həzrət İmam Hüseynin (ə) yaşayışı», səh. 221.). Onlar qadınlara şallaq vuraraq qulaq və boyunlarında olan qızıl əşyaları vəhşiliklə qırıb, qarət etdilər. İş o yerə yetişdi ki, Peyğəmbərin (s) nəvələrinin başındakı çadıraları da götürdülər(Şeyx Müfid, «İrşad», səh. 224)! Sonra onları döyə-döyə, ayaqyalın Yezidin hökumət mərkəzi yerləşən Şama tərəf apardılar. Nizələrdə şəhidlərin kəsilmiş başlarını görən xanımlar isə yol boyu ağlaya-ağlaya rövzə oxudular.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter