Quranİ-Kərİmdə İmam Hüseynİn (ə) şənİnə aİd ayələr mövcuddurmu?
Qurani-Kərimdə İmam Hüseynin (ə) şəninə aid ayələr mövcuddurmu?
Qurani-Kərimdə İmam Hüseynin (ə) şəni və fəziləti barədə o qədər ayələr mövcuddur ki, əgər biz onların hamısını şiə və sünni təfsirlərinə istinad edərək burada zikr etsək o zaman bizim bu kitabımız Qurani-Kərim haqqında yazılmış təfsir kitabına bənzəyər. Elə buna görə də, (burada, «təfsir» yazmaq məqsədimizdə olmadığı üçün) biz o ayələrdən yalnız bir neçəsini siz əziz oxucularımıza bəyan edirik:
1) İmam Hüseyn (ə) «Mübahilə» ayəsində
(Ali İmran 61) فَقُلْ تَعالَوْا نَدْعُ أَبْناءَنا وَ أَبْناءَكُمْ وَ نِساءَنا وَ نِساءَكُمْ وَ أَنْفُسَنا وَ أَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكاذِبِينَ
«(Ey Peyğəmbər!) Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək.»
Müqəddəs Peyğəmbərimiz Həzrət Məhəmməd (s) hicrətin doqquzuncu ili Hicazın Nəcran məntəqəsində yaşayan xristian keşişlərinə məktub yazaraq onları İslam dinini qəbul etməyə dəvət etdi. Əks təqdirdə isə, İslam dövlətində yaşayıb müsəlmanlara aid olan imkanatlardan istifadə etdiklərinə görə cizyə (vergi) vermələrini tələb etdi. Lakin xristian keşişləri nə müsəlman olmağı, nə də cizyə verməyi qəbul etdilər. Bu zaman Allah-taala əziz Peyğəmbərimizə (s) onlar ilə mübahilə (iki nəfərin və ya iki qrupun bir-birlərini nifrin etmək və Tanrı dərgahından nahaq tərəfin aradan getməsini istəməkdir.) etməyə əmr etdi: «Onlara ki, sənə İlahi vəhy gəldikdən sonra səninlə bu məsələdə inad edirlər de: Siz öz oğlanlarınızı və mən öz oğlanlarımı, siz öz qadınlarınızı və mən də öz qadınlarımı, siz öz canlarınızı və mən öz canlarımı gətirib mübahilə edək və Allahın lənətini yalançılara diləyək.»
Sünni məzhəbinin böyük müfəssiri Fəxr Razi bu ayənin təfsirində yazır:
Allahın Rəsulu (s) özünün və İslamın haqq olma dəlillərini Nəcran xristianları üçün bəyan etdi. Lakin onlar inad edərək öz nadanlıqlarını davam etdirdilər. Bu zaman Həzrət Peyğəmbər (s) buyurdu: «Tanrım mənə göstəriş verib ki, əgər mənim dəlillərimi qəbul etməsəniz sizinlə mübahilə edim!»
Onlar dedilər: « Ey Əbul Qasim, biz evə qayıdıb fikirləşək sonra sənin cavabını verərik.»
Onlar evə qayıdıb məsləhətləşdilər... Sonda bu nəticəyə yetişdilər ki, Həzrət Məhəmmədlə (s) mübahilə etsinlər.
Mübahilə gününün vaxtı təyin oldu. Həzrət (s) çiyninə qara əba ataraq İmam Əlini (ə) yanına çağırdı. Sonra isə Hüseyni (ə) qucağına alıb (O zaman İmam Hüseynin (ə) 5-6 yaşı var idi.) Həsənin (ə) isə əlindən tutdu. (Həzrət) Fatimə isə o Həzrətin arxasınca gəlirdi. Allahın rəsulu onlara buyurdu: «Mən hər vaxt dua etsəm siz amin deyin!»
Nəcranın böyük keşişi bu mənzərəni görüb öz ətrafındakılara dedi: «Ey məsihilər, mən elə bir çöhrələri görürəm ki, əgər onlar Allahdan istəsələr dağı yerindən qopartsın, Allah bu işi onlara xatir edəcək. Bunlarla mübahilə etməyin ki, məhv olarsınız və belə olan halda qiyamət gününə qədər bir nəfər də xristian yer üzündə qalmayacaq.»
Nəcran məsihiləri böyük keşişin dediklərinə qulaq asıb Rəsulullahın (ə) yanına gəlib dedilər: «Biz qərara gəldik ki, səninlə mübahilə etməyək...»
Peyğəmbər (s) buyurdu: «O zaman siz müsəlman olun və İslam hökumətinin bütün imkanatlarından başqa müsəlmanlar kimi istifadə edin.»
Onlar yenə də öz inadlarına davam edərək Peyğəmbərin (s) təklifini qəbul etmədilər. Peyğəmbər (s) buyurdu: «Belə olan halda gərək mən sizə döyüş elan edəm!»
Məsihilər dedilər: «Bizim sizinlə döyüşməyə gücümüz çatmaz, lakin sizinlə müqavilə bağlamağa hazırıq. Belə ki, hər il sizə iki min came verək. Minini Səfər ayında, minini Rəcəb ayında və otuz ədəd zireh də verək. Bu şərtlə ki, bizimlə və bizim dinimiz ilə işiniz olmasın.»
Rəsulullah (s) buyurdu: «And olsun Allaha ki, canım onun əlindədir, az qalmışdı ki. Nəcran əhalisinə bəla nazil olsun. Əgər onlar bizimlə mübahilə etsəydilər hamısı meymun və donuz şəklinə düşəcəkdilər. Və onların başına od yağacaqdı. Allah-taala Nəcran əhalisini, hətta onların ağaclarının üstündə olan quşları belə məhv edəcəkdi. Və bir il çəkməyəcəkdi ki, bütün xristianlar nabud olacaqdı.»( «Mübahilə» hadisəsi sünni mənbələrində: 1-)
Rəvayətə görə Həzrət Peyğəmbər (s) həmin halda (Həzrət) Həsən, (Həzrət) Hüseyn, (Həzrət) Fatimə və (Həzrət) Əlini –Allah onlardan razı olsun– öz əbasına alıb buyurdu:
«Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.»
Fəxr Razi bunları söylədikdən sonra yazır: «Söylədiyim hədis və rəvayəti bütün müfəssir və hədisçilər qəbul edirlər.( «Təfsiri-Kəbir», Ali İmran surəsi, 61-ci ayənin təfsirində)»
Gördüyünüz kimi Həzrət Peyğəmbər (s) Həzrət Həsən (ə) və Həzrət Hüseyni (ə) özü ilə mübahiləyə gətirməklə Quran ayəsində zikr olunmuş «oğlanlarım» dan məqsədi açıqladı. Necə ki, Həzrət Fatiməni (ə) gətirərək Əhli-beyt xanımını və Həzrət Əlini gətirməklə ayədə deyilmiş «canlarımdan» məqsədin kim olduğunu əməli şəkildə göstərdi.
Mərhum şəhid Qazi Nurullah Şuştəri yazır: «Bütün təfsirçilər Ali-İmran surəsinin 61-ci ayəsində deyilmiş «oğlanlarımızdan» məqsədin İmam Həsən və İmam Hüseyn, «qadınlarımızdan» məqsədin Həzrət Fatimə (ə) və «canlarımızdan» məqsədinsə İmam Əli (ə) olduğunu bəyan etmişlər(«İhqaqül-həqq», c. 3, səh. 46.).
2) İmam Hüseyn (ə) «İnsan» surəsində
“İnsan” surəsi Qurani-Kərimin 76-cı surəsi olub və 31 ayədən ibarətdir. Bu surənin 5-ci ayəsindən 22-ci ayəsinə qədər Əhli-beytə (ə) aid olunur:
إِنَّ الْأَبْرارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كانَ مِزاجُها كافُوراً (*) عَيْناً يَشْرَبُ بِها عِبادُ اللَّهِ يُفَجِّرُونَها تَفْجِيراً (*) يُوفُونَ بِالنَّذْرِ وَ يَخافُونَ يَوْماً كانَ شَرُّهُ مُسْتَطِيراً (*) وَ يُطْعِمُونَ الطَّعامَ عَلى حُبِّهِ مِسْكِيناً وَ يَتِيماً وَ أَسِيراً (*) إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لا نُرِيدُ مِنْكُمْ جَزاءً وَ لا شُكُوراً (*) إِنَّا نَخافُ مِنْ رَبِّنا يَوْماً عَبُوساً قَمْطَرِيراً (*) فَوَقاهُمُ اللَّهُ شَرَّ ذلِكَ الْيَوْمِ وَ لَقَّاهُمْ نَضْرَةً وَ سُرُوراً (*) وَ جَزاهُمْ بِما صَبَرُوا جَنَّةً وَ حَرِيراً (*) مُتَّكِئِينَ فِيها عَلَى الْأَرائِكِ لا يَرَوْنَ فِيها شَمْساً وَ لا زَمْهَرِيراً (*) وَ دانِيَةً عَلَيْهِمْ ظِلالُها وَ ذُلِّلَتْ قُطُوفُها تَذْلِيلاً (*)وَ يُطافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَ أَكْوابٍ كانَتْ قَوارِيرَا (*) قَوارِيرَا مِنْ فِضَّةٍ قَدَّرُوها تَقْدِيراً (*) وَ يُسْقَوْنَ فِيها كَأْساً كانَ مِزاجُها زَنْجَبِيلاً (*) عَيْناً فِيها تُسَمَّى سَلْسَبِيلاً (*) وَ يَطُوفُ عَلَيْهِمْ وِلْدانٌ مُخَلَّدُونَ إِذا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤاً مَنْثُوراً (*وَ إِذا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيماً وَ مُلْكاً كَبِيراً (*) عالِيَهُمْ ثِيابُ سُندُسٍ خُضْرٌ وَ إِسْتَبْرَقٌ وَ حُلُّوا أَساوِرَ مِنْ فِضَّةٍ وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً (*) إِنَّ هذا كانَ لَكُمْ جَزاءً وَ كانَ سَعْيُكُمْ مَشْكُوراً (*)
«Doğurdan da əsl yaxşı insanlar kafurun xoş ətrinə qarışmış camdan su içərlər. Elə bir çeşmədən (su içərlər) ki, oradan yalnız İlahi bəndələri (övliyalar) su içir və onu istədikləri tərəfə yönəldirlər. Onlar nəzir etdikdə yerinə yetirir və müsibəti uzun olan gündən (qiyamət günündən) qorxurlar. Yeməyi sevdikləri halda onu yoxsula, yetimə və əsirə ehsan edirlər. (və deyirlər:) Biz yalnız Allaha xatir sizə ehsan edirik və bunun qarşılığında sizdən heç bir əvəz və təşəkkür istəmirik. Biz qaranlıq və vəhşətli gündən (qiyamətdən) Rəbbimizə (necə cavab verəcəyik) deyə qorxuruq. (onlar belə olduqları üçün Tanrı da, onları o günün şərindən amanda saxlayar və onlara sevinc və şadlıq nəsib edər. Həmçinin səbr etdikləri üçün behişt və (orada) ipək paltarlar ilə mükafatlanarlar. Taxtlara söykənib (rahatlanarlar), orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. Ağaclarının kölgəsi üstlərinə düşəcək, meyvələri də onların qarşılarında olacaqdır. Gümüş və büllur qablar onların ətrafında dolanarlar. Gümüşdən olan elə billur (qədəhlərlə) ki, (xidmətçilər) onları (sahiblərinə) münasib ölçüdə müəyyən etmişlər. Onlar behiştdə zəncəfil ilə qarışmış su kasasından içərlər. Bu su çeşməsini orada «Səlsəbil » adlandırırlar. Orada onların dövrəsində behişt cavanları dolanar ki, əgər onları görsəniz (yerə) səpilmiş mirvarilərə bənzədərsiniz. Əgər oranı (behişti) görsəniz çoxlu nemətləri və əzəmətli hakimiyyəti müşahidə edərsiniz! Onların üzərlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar vardır. Və gümüş, bilərziklər ilə bəzənərlər. Rəbbi onlara çox pak bir su içirdər. Doğurdan da «bu sizin mükafatınızdır və zəhmətiniz qiymətləndirilir.( İnsan surəsi, ayə 5-dən 22-yə qədər.)»
Şiə və sünni təfsirçilərin əksəriyəti yazırlar: Bu ayələr Həzrət Əli, Həzrət Fatimə, Həzrət Həsən, Həzrət Hüseyn və onların xadiməsi Fizzə xanımın şənində nazil olmuşdur.
Xatırladaq ki, «İhqaqul-həqq» kitabının 3-cü və 9-cu cildində 150-dən çox (təkcə) sünni rəvayətləri gətirilmişdir ki, yuxarıdakı ayələrin adlarını zikr etdiyimiz şəxslərin şənində nazil olmasına dəlalət edirlər. Biz isə bu məzmunda onlarla sünni mənbələrində yazılmış rəvayətlərdən yalnız bir rəvayəti nəzərinizə çatdırırıq:
Böyük sünni təfsirçisi olan Alusi, İbni Abbasdan mötəbər sənəd ilə nəql edir:
«Həsən və Hüseyn xəstələnmişdilər. Onların babaları Məhəmməd (s) Əbu Bəkr və Ömər ilə birlikdə Həsən və Hüseynin görüşünə gəldilər. Başqa səhabələr də, onların görüşünə gəlmiş idilər. Onlar Əliyə (Allah onu əziz etsin) dedilər: Ey Əbul Həsən, övladlarının şəfa tapması üçün nəzr et!
Əli, Fatimə və onların xadiməsi Fizzə onların şəfa tapması üçün üç gün şükür orucu tutmağı nəzr etdilər.
Uca Tanrı Həsən və Hüseynə şəfa bəxş etdi. Onlar nəzr etdilkəri oruclarını tutmaq istəsələr də, iftar etmək üçün evlərində heç bir şey yox idi. Əli (ə) vəziyyəti belə gördükdə Yəhudi Şəmun Xeybərinin yanına gedib 3 «sa» arpa borc aldı və Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Fatimə ayağa qalxıb arpadan un düzəltdi və beş nəfər ev sakinlərinin adına xəmir yoğurdu. Əli şam namazını Peyğəmbər (s) ilə məsciddə qıldıqdan sonra evə qayıtdı. Çörəklər bişmişdi. Hamı bir yerə yığışıb iftar açmaq istədi. Lakin elə bu anda bir yolçu onların qapılarına yaxınlaşıb dedi: “Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir yoxsul müsəlmanam, mənə yemək verin. Tanrı sizə behişt yeməkləri əta etsin!»
Onlar çörəklərini yoxsula verib öz iftarlarını su ilə açdılar. Və gecəni belə keçirtdilər. Sabahkı gün də bu şəkildə oruc tutdular. Fatimə yenə də ayağa qalxıb iftar üçün çörək bişirdi. Əli Peyğəmbər (s) ilə şam namazını məsciddə qılıb evə qayıtdıqdan sonra süfrə quruldu. Süfrəyə çörəklər gəldiyi zaman bir nəfər qapını döyüb dedi: «Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mühacir övladlarından olan bir yetiməm. Mənə yemək verin. Allah da sizə behişt təamlarından versin!»
Onlar öz çörəklərini yetimə verib, bu gecəni də fəqət su ilə iftar etdilər.
Onlar üçüncü gün də nəzr etdikəri orucu tutmağa davam etdilər. Fatimə (Allah ondan razı olsun) son qalan arpadan un düzəldib çörək bişirdi. Əli(Allah ondan razı olsun) yenə də Peyğəmbər ilə şam namazını məsciddə qılıb evə qayıtdı. Elə ki, süfrə açıldı və çörəklər süfrəyə gəldi, bu anda bir əsir onların qapılarına yaxınlaşıb dedi: «Salam olsun sizə ey Məhəmmədin (s) Əhli-beyti! Mən bir əsirəm, mənə ehsan edin ki, Allah da sizə ehsan etsin!»
Onlar o gecə də çörəklərini əsirə verməklə öz iftarlarını su ilə açdılar.
Səhər açıldı. Əli (Allah ondan razı olsun) Həsən və Hüseyni özü ilə birlikdə Rəsulullahın (s) hüzuruna apardı. Rəsulullah (s) onların aclıqdan quşlar kimi titrədiklərini görüb buyurdu: «Ey Əbul Həsən, sizi bu vəziyyətdə görmək mənim üçün çox çətindir!»
Sonra Peyğəmbər (s) onlarla birlikdə Fatimənin (Allah ondan razı olsun) yanına gəldi. Onlar Fatiməni aclıqdan qarnı belinə yapışmış halda mehrabda ibadət edən gördülər. Hətta onun aclıqdan gözləri belə içəri batmışdı. Peyğəmbər (s) onların bu halına çox narahat olub, kədərləndi.
Elə həmin vaxtda Cəbrayıl Peyğəmbərə (s) nazil olub dedi: «Ey Məhəmməd, al bunu, Uca Tanrı sənin Əhli-beytinə hədiyyə etdi.»
Həzrət Məhəmməd (s) dedi: «Ey Cəbrayıl, nəyi alım?» Bu anda Cəbrayıl «Həl əta ələl insan» surəsini ona qiraət etdi(1).
3) İmam Hüseyn (ə) «Təthir» ayəsində
Uca Tanrı Qurani-Kərimdə buyurur:
(2) إِنَّما يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرا
«Həqiqətən, Allah-taala yalnız siz Əhli-beytdən (ə) pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə (təthir) etmək istəyir.»
Saysız-hesabsız şiə və sünni rəvayətlərinə əsasən «Təthir» ayəsi müqəddəs Peyğəmbərimizin (s) ömrünün axırlarında Ümm Sələmə xanımın evində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) bu ayə ona nazil olduqdan sonra Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə), və Həzrət Hüseyni (ə) öz əbasının altına alıb buyurdu: «İlahi, bunlar mənim Əhli-beytimdir...» Bu vaxt möminlər anası Ümmü Sələmə Həzrət Peyğəmbərdən (s) soruşdu: «Ey Allahın rəsulu (s) mən hansı məqama malikəm? Mən də Əhli-beytdən sayılırammı?» Rəsulullah (s) ona cavabında buyurdu: Sən doğru yoldasan və haqqa tərəf hərəkət edirsən...»
Əllamə Təbatəbayi bu rəvayətin sənədi haqqında belə buyurur: «Bu rəvayət müxtəlif sənədlər ilə zikr olunmuşdur. Demək olar ki, yetmişdən çox mötəbər sənəd bu rəvayətin düzgünlüyünü isbatlayır. Və toplanmış bu sənədlərin böyük bir qismi, yəni qırxa yaxını, əhli-sünnə və otuzdan çoxu şiə mənbələri ilə sübuta yetirilmişdir.( Ə.Təbatəbayi, «Əl-Mizan» c. 16, səh. 311.)»
Həmçinin böyük Quran müfəssiri Feyz Kaşani «təthir» ayəsinin Məhəmməd peyğəmbər (s), İmam Əli (ə), Həzrət Fatimə (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında nazil olmasını belə açıqlayır:
«Bu ayənin əba sahibləri (adlarını çəkdiyimiz beş məsum) barədə nazil olmasını təsdiqləyən şiə və sünni rəvayətlərini sayıb-qurtarmaq olmaz.( Möhsün Feyz Kaşani, «Təfsiri-Safi», c. 4, səh. 189.)»
Əhli-sünnə məzhəbinin məşhur müfəssirləri də «təthir» ayəsinin bu beş nəfər haqqında nazil olmasını söyləmişlər(2). Və biz onların bu həqiqəti isbat etmək üçün istinad etdikləri onlarla rəvayətin yalnız birini burada yazırıq:
«Peyğəmbərin (s) xanımı Ümm Sələmə (Allah ondan razı olsun) deyir: «Rəsulullah (s) mənim evimdə əbasını üzərinə atıb yatmışdı. Bu zaman Fatimə (Allah ondan razı olsun) əlində bir qab yeməklə gəldi. Peyğəmbər (s) ona buyurdu: «Ərini və iki oğlun Həsən və Hüseyni də çağır, gəlsinlər.» Həzrət Fatimə onları çağırdı və birlikdə oturub yemək yedilər. Bu zaman «Təthir» ayəsi («Həqiqətən də Allah-taala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb, sizi pak-pakizə etmək istəyir») nazil oldu. Həzrət Peyğəmbər (s) öz əbasını götürüb onların üstünə tutdu və əlini əbadan qırağa çıxarıb asimana işarə edərək, üç dəfə dedi: «İlahi, bunlar mənə məxsusdurlar və yalnız bu şəxslər mənim Əhli-beytimdir. Çirkinlikləri bunlardan uzaq saxla, pakizə və təthir et!»
Ümm Sələmə deyir: Mən də onlarla birlikdə olmaq üçün başımı əbadan içəri salıb dedim: «Ey Allahın Rəsulu, mən də sizinləyəm (Əhli-beytdən sayılıram)?» Həzrət buyurdu: «Sən doğru yoldasan və yaxşı qadınsan.(3)»
«Təthir» ayəsinin təfsirində deyilmiş onlarla şiə və sünni rəvayətlərinə nəzər saldıqda bəhs etdiyimiz ayənin məhz Həzrət Məhəmməd (s), Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) haqqında nazil olması aşkar olur. Və aydın olur ki, «Əhli-beyt»dən məqsəd yalnız bu şəxslərdir. Hətta Peyğəmbərin (s) xanımları belə «Əhli-beyt»dən sayılmırlar. Allah-taala yalnız Əhli-beytin (ə) pak olmasını iradə etmişdir!
4) İmam Hüseyn (ə) «Məvəddət» ayəsində
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى(Şura surəsi, ayə 23.)
«(Ey Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm.»
İslam peyğəmbəri Həzrət Məhəmməd (s) iyirmi üç il müddətində Tanrı elçisi olub, bu ağır vəzifənin bütün çətinliklərinə qatlandı. Belə ki, Həzrətin (s) buyurduğuna əsasən heç bir peyğəmbər onun qədər risalət ağırlığını daşımamış və peyğəmbərlik yolunda əziyyət çəkməmişdi. Belə olan halda o Həzrətin (s) öz risaləti qarşılığında hər hansısa bir əcr-əvəz istəməməsi, o əcrin çox dəyərli və əhəmiyyətli olmasına dəlalət edir. Bu ayədə də, əziz Peyğəmbərimiz (s) peyğəmbərlik yolunda çəkdiyi zəhmətlərin qarşılığında ən yaxınlarına, Əhli-beytinə sevgi və eşq bəslənməsini istəyir. Lakin burada belə bir sual meydana gəlir ki, Həzrət Məhəmmədin (s) ən yaxınları kimlər sayılır? O Həzrət bu ayədə «ən yaxınlarım» dedikdə, kimləri nəzərdə tutmuşdur? Şiə və əhli-sünnənin mötəbər mənbələrində zikr olunmuş saysız-hesabsız rəvayətlərə əsasən müqəddəs Peyğəmbərimiz (s) «ən yaxınları» dedikdə məqsədinin Həzrət Əli (ə), Həzrət Fatimə (ə), Həzrət Həsən (ə) və Həzrət Hüseyn (ə) olduğunu bəyan etmişdir. Sünni aləminin böyük Quran müfəssiri Zəməxşəri öz təfsir kitabında belə yazır: «Bir gün müşriklər öz aralarında deyirdilər: Görəsən Məhəmməd, peyğəmbərlik yolunda bu qədər əziyyət çəkdiyi üçün əcr-mükafat istəyirmi?» Bu zaman onlara cavab olaraq «məvəddət» ayəsi nazil oldu:
«(Ey Peyğəmbər, hamıya) de ki, Mən sizdən risalətimin qarşılığında ən yaxınlarıma sevginizdən başqa heç bir şey istəmirəm.»
Zəməxşəri sözünün davamında yazır:
«Mötəbər hədislərə əsasən bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Rəsulullah, bizə sevgi və məhəbbətləri vacib olan ən yaxın adamların kimlərdir?»
Peyğəmbər (s) onların cavabında belə buyurdu:
«Məvəddət və məhəbbəti vacib olanlar Əli, Fatimə və onların iki oğlu Həsən və Hüseyndən ibarətdir.(4)»
Həmçinin tanınmış sünni müfəssiri Fəxr Razi yazır: «Təfsiri-Kəşşafın nəql etdiyinə əsasən Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs Ali-Məhəmməd eşqilə ölsə şəhid sayılır, hər kəs Ali-Məhəmmədi sevib dünyasını dəyişsə günahları bağışlanır.
Bilin ki, hər kəs Ali-Məhəmmədi sevən halda ölsə tövbə edənlərdən hesablanır.
Bilin ki, Ali-Məhəmməd eşqi ilə ölən, imanı kamil olmuş şəkildə dünyadan getmişdir.
Bilin ki, nəkir və münkər və ölüm mələyi Ali-Məhəmməd sevgisi ilə ölənə cənnət müjdəsi verirlər.
Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən şəxsi, gəlini bəy evinə ötürən kimi behiştə tərəf ötürərlər.
Agah olun! Hər kəs Ali-Məhəmməd sevgisi ilə ölsə, Allah-taala o şəxsin qəbrini mələklərin ziyarətgahı qərar verər.
Agah olun! Ali-Məhəmməd eşqi ilə ölən, İslama və Peyğəmbərin sünnəsinə əməl etmiş halda ölmüşdür.
Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinlə ölsə, qiyamət günü iki gözünün arasında «İlahi rəhmətdən məyus!» yazılmış halda məhşur olar.
Agah olun! Hər kim Ali-Məhəmmədlə düşmənçilik edib ölsə kafirdir.
Agah olun! Hər kim Ali-Məhəmmədə qarşı kinli olsa behiştin iyini belə hiss etməyəcək.»
Bu rəvayətlərin hamısını «Təfsiri-Kəşşafın»müəllifi nəql etmişdir.
Mən (Fəxr Razi) isə deyirəm: «Ali-Məhəmməd» Peyğəmbər (s) ilə rabitələri daha sıx və möhkəm olan şəxslərdir. Sözsüz ki, Əli, Fatimə, Həsən və Hüseynin başqalarına nisbətən daha çox o Həzrətlə rabitələri və bağlılıqları var idi. Bunun inkar olunmaz bir həqiqət olması bütün müsəlmanlar tərəfindən qəbul olunmuşdur. Deməli, Ali-Məhəmməd adlarını zikr etdyimiz şəxslərdir. Lakin bəzilərinin fikrincə ayədə zikr olunmuş («Əl-qurba»- ən yaxınlar) dan məqsəd «qohum-əqraba» və bəzilərinin nəzərincə «ümmət»dir. Yenə də hər iki halda onlar (Əli, Fatimə, Həsən və Hüseyn) Ali-Məhəmməddən sayılacaq. Beləliklə Əli, Fatimə, Həsən və Hüseynin Ali-Məhəmməd olması haqda heç bir şəkk-şübhə yoxdur. Amma bunlardan başqalarının Ali-Məhəmməd olub-olmaması haqda müxtəlif fikirlər vardır.
...Ümumiyyətlə bir çox dəlillərə əsasən «məvəddət» ayəsi Əli, Fatimə, Həsən və Hüseyn haqqında nazil olmuşdur.(5)»
Həmçinin Təbəri İbn Abbasdan nəql edir ki, «məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar Peyğəmbərin ətrafına cəmləşib soruşdular: “Ey Allahın rəsulu, məhəbbət və sevgisi vacib olan yaxınlarından məqsəd kimlərdir? Həzrət Məhəmməd (s) onların cavabında buyurdu:
«Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyn(6)»
Təbiidir ki, Ali-Məhəmmədə həqiqi məhəbbət o zaman olar ki, onların buyurduqlarına itaət olunsun. Çünki, itaətsiz məhəbbət Quran və Peyğəmbərin məntiqi ilə heç bir şəkildə uzlaşmır. Necə ki, Qurani-Kərimdə deyilir: “Əgər Allahı sevirsizsə, o zaman mənə (Peyğəmbərə) itaət edin(Ali İmran surəsi, ayə 31).
5) İmam Hüseyn (ə) və «Ülul-əmr» ayəsinin həqiqəti
أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ(Nisa surəsi ayə 56)
«Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! »
Bir çox mötəbər rəvayətlərə əsasən bu ayədə itaətləri müsəlmanlara vacib sayılan «ülul əmr» yəni əmr sahibləri Əhli-beyt (ə) İmamlarıdır. İmam Sadiq (ə) buyurur: Bu ayədə zikr olunmuş əmr sahiblərindən məqsəd Əli ibn Əbi Talib (ə), Həsən (ə), Hüseyn (ə)... (və axıra qədər İmamların adını zikr edir(7) Buna oxşar rəvayət İmam Rzadan (ə) da nəql olunmuşdur(8).
İmam Hüseyn (ə) Müaviyəyə ünvanladığı məktubda yazır: “Biz Əhli-beyt, Allahın dostları, Peyğəmbərin ailəsi və «ülul-əmr» ayəsinin mənasıyıq.(9)» (Yəni ayədə itaətləri vacib olunmuş əmr sahibləriyik.)
Ümumiyyətlə hamımıza məlumdur ki, zülmkarlara itaət etmək İslam məntiqinə əsasən günah sayılır. Bu məsələ Qurani-Kərimin bir çox ayələrində də, öz əksini tapmışdır: «Allaha ibadət edib zalıma (itaət etməkdən) uzaq qalın.( Nəhl surəsi, ayə 36)» Deməli Allah-taalanın «Ülul-əmr» ayəsində qeydsiz-şərtsiz əmr sahiblərinə itaət etməyə əmr etməsi, bu şəxslərin heç bir şəkildə zülmə bulaşmamaları və günahdan uzaq qalmalarına dəlalət edir. İmam Hüseynin (ə) də «ülul-əmrdən»olması ona itaətin vacibliyindən əlavə onun məsum olmasına da, böyük dəlildir. Xatırladaq ki, «ülul-əmr» ayəsinin yalnız Əhli-beytə (ə) aid olması «təfsir» və «kəlam» elmində sübuta yetirilmişdir.
6) İmam Hüseyn (ə) «Şəcərəye-təyyibə»nin meyvəsi
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاءِ (İbrahim surəsi, ayə 24)
«Məgər görmədinmi Allah-taala necə pak sözü şəcəreye-təyyibəyə (pak ağaca) oxşatdı. Elə bir ağac ki, onun kökü möhkəm və şaxələri göydədir.»
Cabirdən nəql olunur ki, deyir: İmam Sadiqdən «o ağacın kökü məhkəm və şaxəsi göydədir» ayəsinin təfsiri haqda soruşdum. İmam cavabımda buyurdu: «O ağacın kökü Rəsulullah, budağı Əmirəlmöminin və meyvələri Həsən və Hüseyndir...(10)»
7) İmam Hüseyn (ə) «Əhli-zikr»ayəsinin həqiqəti
فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ(Nəhl surəsi, ayə 43)
«Bilmədiklərinizi zikr-əhlindən soruşun.»
Həzrət Peyğəmbər (s) böyük səhabələrindən olan görkəmli Quran təfsirçisi İbn Abbas «əhli-zikr» ayəsinin təfsirində söyləyir: «Əhli-zikr» Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarətdir. Onlar zikr, elm, əql və bəyan sahibləridir. Onlar nübüvvət ocağı, risalət mədənidirlər. İlahi mələkləri onların ətrafında dolanırlar.(11)»
8) İmam Hüseyn (ə) «Ürvətül-vüsqa»dır
(Bəqərə surəsi, ayə 256)
فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى
«Hər kəs zülmkara qarşı çıxıb Allaha iman gətirsə ürvətul-vüsqadan (möhkəm dəstəkdən) yapışmışdır...»
Məşhur rəvayətə əsasən Allahın rəsulu (s) buyurmuşdur: «Hər kəs Allah-taalanın Qurani-Kərimdə buyurduğu ürvətul vüsqadan (möhkəm dəstəkdən) yapışmaq istəyirsə o zaman Əli ibn Əbu Talibi, Həsən və Hüseyni sevsin. Çünki, Allah-taala onları sevir.(12)»
Həmçinin İmam Rzadan (ə) nəql olunmuş rəvayətə əsasən Peyğəmbər (s) buyurdu: «İmamların davamı İmam Hüseynin övladlarından olacaq. Hər kim onlara itaət etsə, Allaha itaət etmiş və hər kim onlara qarşı çıxsa Allaha qarşı üsyan etmiş sayılır. Bu şəxslər Ürvətul-vüsqa və Allaha yetişmək üçün vasitədirlər.(13)»
9) İmam Hüseyn (ə) «nəfsi-mütməinnə»yə sahibdir
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّة ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً فَادْخُلِي فِي عِبَادِي وَادْخُلِي جَنَّتِي(Fəcr surəsi ayə 27-30)
«Ey mütməin (aram) nəfsə malik! Rəbbinə tərəf qayıt ki, sən ondan və o da səndən razıdır. Belə olduğu üçün mənim məxsus bəndələrimdən ol. Və mənim cənnətimə daxil ol.»
İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətə əsasən bu ayədə zikr olunmuş «mütməin nəfs»dən məqsəd İmam Hüseyndir(14).
10) İmam Hüseynin (ə) şəhadəti Qurani-Kərimdə
وَمَن يُطِعِ اللّهَ وَالرَّسُولَ فَأُوْلَـئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّهُ عَلَيْهِم مِّنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاء وَالصَّالِحِينَ وَحَسُنَ أُولَـئِكَ رَفِيقًا (Nisa surəsi ayə 69)
«Allaha və Peyğəmbərə itaət edənlər Allahın ne’mətlər verdiyi şəxslərlə o cümlədən peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə behiştdə olarlar. Onlar necə də gözəl yoldaşlardır.»
Ümm Sələmə deyir: «Rəsulullahdan bu ayə haqqında soruşduqda buyurdu: «Ayədə zikr olunmuş «peyğəmbərlərdən» məqsəd mən, «siddiqindən» məqsəd Əli, «şəhidlərdən» məqsəd Həsən və Hüseyn, «salehindən» məqsəd Həmzə, ayədə zikr olunan «onlar necə də gözəl rəfiqlərdirlər» isə məndən sonra gələn on iki İmama işarədir.(15)»
Sonra unutmayaq ki, İmam Hüseyni (ə) sevmək, ona hörmət qoymaq və itaət etmək, Quranı sevib, Qurana hörmət qoyub və Qurana itaət etmək deməkdir. Ona görə ki, İmam Hüseynin (ə) kamil insan olmasını, sevgisinin və itaətinin vacibliyini Qurani-Kərim bizə buyurmuşdur. Deməli bizim öhdəmizə düşən vəzifə Allahın müqəddəs kitabına əməl etməkdir.
(1)Alusi, «Təfsiri ruhül-məani”, c. 29, səh. 157, həmçinin bir çox məşhur sünni alimləri o cümlədən Fəxr Razi, Beyzavi, Nişapuri, Təbəri, Qurtubi və başqaları bu rəvayəti öz kitablarında gətirmişlər.
(2)Məhəmməd ibn Cərir Təbəri, «Cameül-bəyan ən təvilil-Quran», c. 12, səh. 6; İbn Əbi Hatəm Razi, «Təfsiri-Quranil-əzim», c. 9, səh. 3131; İsmail ibn Kəsir Dəmeşqi, «Təfsiri-Quranil-əzim», c. 3, səh. 493; Əli ibn Vahid Nişapuri, «Əsbabül-nuzul», səh. 295; Cəlaləddin Süyuti, «Əd-Dürərül-mənsur fi təfsiril-məsur», c. 6, səh. 604 və...
(3)İbn Əbi Hatəm Razi, «Təfsiri-Qur`anil-əzim», c. 9, səh. 3132.
(4)Zəməxşəri, «Təfsiri-Kəşşaf», Şura surəsi, 23-cü ayənin təfsirində.
(5) Fəxr Razi, «Təfsiri-kəbir», Şura surəsi, 23-cü ayənin təfsirində.
(6)«Zəxairül-üqba fi mənaqibi zəvil-qürba» səh. 25; Həmçinin bu hədis başqa sünnü mənbələrində də nəql olunmuşdur: Zəməxşəri, «Möcəmi-kəbir», c. 1, səh. 125; Heysəmi, «Məcməüz-zəvaid», c. 2, səh. 25; İbn Cəbbar Maliki, «Əl-Füsulül-mühimmə», səh. 29; Qürtubi, «Əl-camiul-əhkamül-Qur`an», c. 16, səh. 21 və...
(7) «Təfsiri-Əyyaşi», c. 1, səh. 252; Bəhrani, «Əl-Bürhan», c. 1, səh. 315.
(8) «Nurüs-səqəleyni», c. 1, səh. 500; «Biharül-ənvar», c. 23, səh. 292.
(9) Mazəndarani, «Əl-Mənasib», c. 4, səh. 67; «Nurüs-səqəleyn», c. 1, səh. 507.
(10) «Kamiluddin”, Şeyx Səduq, səh. 345; «Siratil-müstəqim», c. 2, səh. 134.
(11) Əllamə Hilli, «Nəhcül-həqq», səh. 210; «Biharül-ənvar», c. 23, səh. 185.
(12) Böhrani, «Əl-Bürhan», c. 1, səh. 243; «Üyunu əxbarir-Rza«, c. 2, səh. 58.
(13) «Biharül-ənvar» c. 2, səh. 83; Təbərsi, «Əl-Müstədrək”, c. 17, səh. 309.
(14) Fəqir Əli İnqilabi, «İmam Hüseyn (ə) Qur`an və sünnədə» (Disirtasiya), səh. 47.
(15) Qummi Razi, «Kifayətül-əsər», səh. 183; «Biharül-ənvar», c. 36, səh. 347; «Əl-Bürhan», c. 1, səh. 392.