İmam Hüseynə (ə) ağlamağın nə fəzİlətİ vardır?
Rəvayətlərdə şəhidlər sərvəri İmam Hüseynə (ə) ağlayan, kədərlənən, yaxud növhə, mərsiyə oxuyan şəxslər haqqında çoxlu fəzilətlər qeyd edilmişdir.
İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə oxuyuruq:
“Ağlamaq istəyən şəxs İmam Hüseynə (ə) ağlasın. Çünki, O həzrətə ağlamaq günahların bağışlanmasına səbəb olur”.
O həzrət yenə də buyurur:
“Ey Şəbib! Allah-taala İmam Hüseynə (ə) ağlayıb göz yaşı axıdanların günahlarını bağışlayacaqdır”.
İslam Peyğəmbəri (s) öz qızı həzrət Fatiməyə (ə) xitab edərək belə buyurmuşdur:
“Fatiməcan! Qiyamət günü bütün gözlər ağlarkən Hüseynimə ağlayan gözlər gülər və cənnət nemətlərilə müjdələnər”.
İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə Əhli-beytə (ə) ağlayanların Kövsər çeşməsindən sirab olacağı xatırlanır:
“Bizə ağlayan gözlər Kövsər hovuzunun suyu ilə sirab olacaq”.
O həzrət ayrı bir hədisdə Cəfər ibn Uffana xitab edərək buyurur:
“İmam Hüseyn (ə) haqqında şer yazan, ağlayan, yaxud ağladan şəxslərə cənnət vacib ediləcək və günahları bağışlanacaq”.
“Vəsailüş-şiə” kitabında qeyd edilən hədisdə İmam Sadiq (ə) camaatın İmam Hüseynə (ə) ağlayıb mərsiyə deməsinə görə Allaha şukür edərək buyurur:
“Allaha şükür edirəm ki, xalqın içində yanımıza gələn, biz Əhli-beyti mədh edən, mərsiyə deyən şəxslər qərar vermişdir”.
Yaxud, İmam Rza (ə) Əhli-beyt (ə) şairlərindən biri olan Debələ buyurur:
“Mənə (İmam Hüseyn haqqında) bir şer yazıb oxu, çünki, bu günlər (Aşura ərəfəsi) ailəmizə qəm, müsibət üz gətirən bir gündür”.