Səcdə üçün hansı torpaq fəzİlətlİdİr


Yüz illər boyunca Əhli-beytə məhəbbəti olanlar namaz vaxtı bu pak torpağın üstünə səcdə etməyi özlərinə fəxr biliblər. Kərbəla torpağı bütün torpaqlar içində ən fəzilətli olduğu üçün, onun üzərinə səcdə etmək də xüsusi üstünlüyə malikdir. İmam Hüseynin (ə) öz oğlu, aşuranın şahidi İmam Zeynu\'l Abidindən (ə) başlayaraq, məsum İmamlar özləri Kərbəla torpağı üzərinə səcdə etmiş və başqalarını da buna çağırmışlar. Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (ə) sarı diba parçanın (canamazın) arasında İmam Hüseyn (ə) türbətini saxlayırdı. Namaz vaxtı torpağı səccadənin üstünə səpir, onun üzərinə səcdə edir və buyururdu: «Hüseyn (ə) türbətinə səcdə etmək göylərin yeddi pərdəsini yırtar (yəni insanın duasının səma qatlarından keçib Allah dərgahına maneəsiz çatmasına səbəb olar)» («Mənahilu\'l-əbrar vi təlxisi Bihari\'l-ənvar», cild 14, səh. 121).

Həmçinin, rəvayətə görə, İmam Sadiq (ə) Allah qarşısında təvazökarlıq məqsədilə Hüseynin (ə) türbətindən savayı heç nəyin üzərinə səcdə etməzdi (həmin mənbə, cild 12, səh. 389).

Hədis kitablarında rəvayət edilir ki, On ikinci İmamın (ə) kiçik qeybət dövründə yaşamış Abdullah ibn Cəfər Himyəri ona məktub yazıb, İmam Hüseyn (ə) türbətindən hazırlanmış möhürün üzərinə səcdə etməyin bir üstünlüyü olub-olmadığını soruşur. On ikinci İmam (ə) cavab məktubunda bildirir ki, belə səcdənin böyük fəziləti vardır («Mənahilu\'l-əbrar», cild 12, səh. 388; həmçinin, Ayətullah M.H.Kaşifu\'l-Qita – «Yer üzü və Hüseyn (ə) torpağı», səh. 149).

Hicri III əsrdə (kiçik qeybət dövründə) Kərbəla torpağından möhür düzəldilməsi faktının mövcudluğu, hələ o dövrdə bunun adət kimi yayıldığını düşünməyə əsas verir (İmadzadə İsfahani – «İmam Hüseynin (ə) həyatı», səh. 855).

Mərhum Şeyx Abbas Qummi «Məfatihu\'l-cinan» kitabında yazır ki, bir nəfər üçün İmam Rza (ə) Xorasandan hədiyyə göndərmişdi. Hədiyyəni alan adam boxçanı açanda içində bir az torpaq olduğunu görür. Hədiyyəni gətirəndən bu torpağın nə olduğunu soruşur. Cavab verir ki, bu, İmam Hüseyn (ə) türbətidir. İmam Rza (ə) kimin üçün nə hədiyyə göndərirsə, arasına bir az bu torpaqdan tökür və buyurur: «Bu torpaq Allahın izni ilə bütün bəlalardan amandır».

Kərbəla türbətindən hazırlanmış təsbehi çevirmək və onunla zikr etmək böyük savaba malikdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: «Hər kimdə İmam Hüseyn (ə) qəbrinin torpağından hazırlanmış təsbeh varsa, hətta onu çevirib zikr etməsə də, bunu etmiş qədər savab qazanar» (Şeyx Səduq – «Mən la yəhzuruhu\'l-fəqih», cild 1, səh. 268, hədis 829).

İmam Musa Kazimdən (ə) rəvayət edirlər ki, bizim tərəfdarlarımız (şiələrimiz) dörd şeydən ehtiyacsız deyillər. Həmin dörd şeyin biri də Hüseynin (ə) qəbrinin torpağından hazırlanmış 33 dənəli təsbehdir («Mənahilu\'l-əbrar», cild 14, səh. 120).

Müstəhəbdir ki, vəfat etmiş şəxsin kəfəninin üstünə duaları türbət qarışdırılmış su ilə yazsınlar, mərhumun hənutuna azacıq türbət qatsınlar, qəbrin içinə bir az türbət qoysunlar. Əgər ayaqyolunun su yoluna türbət düşsə, mümkündürsə çıxarsınlar, mümkün olmasa, həmin suyolundan daha istifadə etməsinlər.

Həmçinin, körpə uşaqlara təbərruk kimi azacıq Kərbəla türbəti yedizdirmək də faydalıdır. İmam Sadiq (ə) bu barədə belə buyurub: «Uşaqlarınıza Hüseyn (ə) türbəti dadızdırın; çünki o, hər bəladan amandır» («Mənahilu\'l-əbrar», cild 14, səh. 119; «Mizanu\'l-hikmə», cild 2, səh. 941, hədis 6170).


Şəfalı torpaq


Kərbəla torpağının şəfaverici xüsusiyyətləri isə hər dövrdə müşahidə olunmuş və günümüzdə də görünməkdədir. Hər cür xəstəliyi və çətinliyi olanlar, qorxu və dəhşət içində qalanlar bu türbətin möcüzələrini hiss etmişlər. Hüseyn (ə) türbətinin şəfa bəxş etməsi barədə konkret hadisələri qeyd etməzdən əvvəl, bu mövzu barəsində məsumlarımızdan nəql edilən bəzi hədisləri diqqətinizə çatdırmağı lazım bilirik.

İmam Rza (ə) buyurmuşdur: «Hər növ torpağı yemək haramdır; meyyit (ölmüş heyvan leşi), qan və Allahdan başqasının adı ilə kəsilmiş heyvan əti kimi. Yalnız Hüseyn (ə) qəbrinin torpağı istisnadır. O, bütün dərdlərin şəfasıdır» (Şeyx Abbas Qummi – «Səfinətu\'l-bihar», cild 2, səh. 103).

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: «Hüseyn (ə) qəbrinin torpağında bütün dərdlərin şəfası var və o, ən böyük dərmandır» («Mən la yəhzuruhu\'l-fəqih», cild. 2, səh. 599-600, hədis 3204; Reyşəhri – «Mizanu\'l-hikmə», cild 2, səh. 941, hədis 6169).

Bir nəfər İmam Sadiqdən (ə) soruşdu ki, niyə İmam Hüseyn (ə) türbətindən istifadə edənlərin bir hissəsi şəfa tapır, bir hissəsi isə yox? İmam cavab verdi: «Tək və şəriksiz Allaha and olsun ki, hər kim Allahın izni ilə türbətin ona fayda verəcəyinə inanıb istifadə edirsə, mütləq şəfa tapır» (Təbrisi – «Məkarimu\'l-əxlaq», səh. 317).

Tarixdə bəzi şəxslərin İmam Hüseyn (ə) türbətinə təvəssül etməklə şəfa tapması barədə nümunələr vardır. Miladi XVIII əsrin məşhur ruhani alimi Seyyid Nemətullah Cəzairi təhsilinin ilkin dövrlərində maddi çətinlik içində yaşadığından şam tapa bilmir və dərslərini ay işığında oxuyurdu. Bu səbəbdən, həmçinin, çox oxuyub-yazdığından, getdikcə gözləri zəifləmişdi. Bu böyük alim şəfa niyyətilə Kərbəla türbətindən azacıq gözlərinə sürtdü və gözləri tamam sağaldı (Şeyx Abbas Qumminin «Əl-Fəvaidu\'r-Rezəviyyə» kitabından).

Nəinki İmam Hüseyn (ə) torpağı, hətta Hüseynin (ə) adı ilə bağlı başqa torpaqlar da möcüzəvi xüsusiyyətlərə malikdir. Bir neçə onillik bundan əvvəl yaşamış və şiə aləminin ən məşhur və nüfuzlu mərceyi-təqlidi kimi tanınmış mərhum Ayətullahu\'l-uzma Seyyid Hüseyn Birucerdinin başına gəlmiş bir hadisə buna misaldır. Ayətullah Birucerdi bir müddət Nəcəf şəhərində təhsil aldıqdan sonra doğulduğu şəhərə – Birucerdə qayıtmışdı (onun Qum şəhərinə dəvət olunması və Qum dini elmlər mərkəzinə rəhbərliyi öz öhdəsinə alması bundan sonra baş vermişdir). O zamanlar Birucerd şəhərində belə bir dini adət vardı: Aşura günündə bütün şəhər camaatı (başda ruhanilər olmaqla) bədənlərinə gil sürtərək, kütlə halında toplaşır və böyük küçə nümayişi təşkil edirdilər, İmam Hüseynin (ə) müsibətlərini xatırlayıb, əzadarlıq keçirirdilər. Ayətullah Birucerdi özü xatirələrində qeyd edirdi ki, çox yazıb-oxuduğundan, tədricən gözləri zəifləmişdi. Aşura günündə onun gözlərinin ağrısı daha da artır və heç əza məclislərində də iştirak edə bilmir. Bu zaman ürəyində Allahla dərdləşir ki, belə əziz günün savabından məhrum olub; qoy Allah onun dərdinə çarə etsin. Birdən sanki qeyb aləmindən alimə ilham olunur ki, əza dəstəsindəki adamların öz bədənlərinə sürtdükləri gildən təbərruk kimi istifadə etsin. Ayətullah əzadarların birinin (deyilənlərə görə, bu, azyaşlı uşaq imiş) ayağından sıçrayan gildən bir az götürüb gözünə çəkir. O gündən bəri Ayətullah Birucerdinin gözləri ağrı və zəiflik bilməyib. Fotoşəkillərdən də məlum olur ki, ömrünün sonuna qədər (o, təqribən 90 yaşında vəfat edib) gözünə eynək salmadan yazıb-oxuyurmuş.

Məşhur cəfəri alimi Müqəddəs Ərdəbiliyə aid edilən «Hədiqətu\'ş-şiə» kitabında aşağıdakı məzmunlu maraqlı bir hadisə təsvir olunub:

Hüseyn ibn Məhəmməd ibn Abdullah adlı şəxs öz atasından rəvayət edir ki, bir gün Mədinə məscidində namaz qılmağa hazırlaşarkən, yanında oturmuş iki nəfərin söhbətini eşidir. Adamlardan biri o biri üçün belə bir əhvalat danışır: «Bir neçə ay bundan əvvəl ağır xəstəliyə düçar olmuşdum. Həkimlər nəinki məni sağalda bilmirdilər, hətta xəstəliyimin nə olduğundan da baş açmırdılar. Əlacım hər yerdən üzülmüşdü. Qonşuluğumuzda yaşayan Sələmə adlı qarı xəstəliyimdən xəbər tutanda söz verdi ki, məni sağaldacaq. Qarı evinə gedib, azacıq sonra qayıtdı. Özü ilə gətirdiyi bir qab suyu mənə verib dedi ki, içim. Suyu içən kimi dərhal xəstəliyim keçdi. Bir neçə ay sağlam halda yaşadım. Bir gün yenə qarını görəndə soruşdum ki, vaxtilə mənə verdiyin dərman nə idi? Qarı əlində tutduğu təsbehi göstərib dedi ki, bu təsbehin bir dənəsini suda həll edib sənə içirmişdim, onun sayəsində şəfa tapmışdın. Soruşdum: «Axı sənin təsbehin nədən düzəldilib?» Qarı cavab verdi: «Hüseyn ibn Əlinin (ə) türbətindən». Bunu eşidəndə hirslənib qışqırdım ki, ey rafizi məzhəb qadın, sən məni Hüseynin (ə) qəbrinin torpağı ilə sağaltmısan?! (rafizi – keçmişdə Əhli-beyt düşmənlərinin şiələrə verdikləri təhqiramiz ləqəbdir; mənası «dindən çıxmış» deməkdir). Qarı əsəbləşib bizdən getdi. O hələ evinə çatmamışdı ki, xəstəliyim yenidən qayıtdı. İndiyə kimi xəstəlik davam edir və heç bir həkim məni sağalda bilmir» (Müqəddəs Ərdəbili – «Hədiqətu\'ş-şiə», səh. 512).

Yenə həmin kitabda Musa ibn Əbdüləziz adlı bir nəfərin danışdığı əhvalat təsvir edilir:

Bir gün Bağdadda məşhur həkim kimi tanınan xristian təbib Yuhanna Nəsrani ilə rastlaşdım. Yuhanna məndən soruşdu: «Səni and verirəm öz dininə və peyğəmbərinə, mənə de görüm, Kərbəlada qəbri ziyarət olunan şəxs kimdir?» Cavab verdim: «Peyğəmbərin nəvəsi Hüseyn ibn Əli (ə)». Sualının səbəbini soruşanda Yuhanna mənə bu əhvalatı danışdı:

«Bir gecə Harun ər-Rəşidin xidmətçisi evimə gəlib dedi ki, xəlifənin qohumu Musa ibn İsa Haşimi ağır xəstədir. Xəlifə əmr edir ki, gedib onu sağaldım. Mən təcili Musa ibn İsagilə gedəndə gördüm ki, huşsuz vəziyyətdə uzanıb. Yanındakılardan soruşdum ki, xəstə nədən şikayət edirdi? Bir teşt gətirdilər, içərisi insan ciyəri və qanla dolu idi. Dedilər ki, bayaqdan bunları qusub. Bundan əvvəl nə hadisə baş verdiyini soruşdum. Dedilər ki, bir az bundan qabaq məclis qurulmuşdu. Musanın qohumu, Bəni-Haşimdən olan bir nəfər Kərbəla faciəsindən və Kərbəla torpağının şəfaverici xüsusiyyətindən söz açdı. Musa istehza ilə dedi ki, rafizilər Hüseynin (ə) haqqında çox ifrata varırlar, hətta onun qəbrinin torpağından şəfa istəyirlər. Həmin kişi dedi ki, mən özüm bu torpağın təsirini hiss etmişəm, filan xəstəliyim onun vasitəsilə sağalıb.

Musa ibn İsa kişiyə tapşırdı ki, o torpaqdan bir az gətirsin. Kişi tez evdən azacıq türbət gətirib Musaya verdi. Musa türbəti istehza ilə alıb dedi ki, indi yoxlayaram görüm, bunun nə təsiri var? Torpağı götürüb təhqir niyyyətilə altına qoydu. Elə o dəqiqə də halı dəyişib ah-nalə etməyə başladı: «Yandım, yandım! Teşt gətirin!» Teşt gətirdik, gördüyün kimi, bütün içalatını qusdu.

Yuhanna danışır ki, xəstənin vəziyyətinin ümidsiz olduğunu görüb evimə qayıtdım. Səhər xəbər yayıldı ki, Musa ibn İsa ölüb».

Bu hadisədən sonra Yuhanna İslamı qəbul edib müsəlman olur, dəfələrlə İmam Hüseynin (ə) ziyarətinə gedir (Müqəddəs Ərdəbili – «Hədiqətu\'ş-şiə», səh. 512-513).

Şeyx Abbas Qummi «Məfatihu\'l-cinan» kitabında öz müəllimi, məşhur hədis alimi Şeyx Hüseyn Nurinin ailəsinin başına gələn bir hadisəni nəql etmişdir. Bu hadisəni Şeyx Nuri «Daru\'s-səlam» əsərində də qələmə almışdır. O yazır ki, uşaq vaxtımda bir gün qardaşlarımla birlikdə anamın yanında idim. Anam gördü ki, qardaşlarımdan biri namaz qılarkən istifadə etdiyi Kərbəla möhürünü əbasının aşağı cibinə (dizdən aşağı) qoyur. Anam qardaşımı tənbeh edib dedi ki, bir də belə etməsin. Çünki oturanda möhür altında qala bilər. Bu isə həm möhürə qarşı hörmətsizlikdir, həm də bu halda möhür sına bilər. Qardaşım da etiraf edib dedi ki, artıq indiyə kimi iki Kərbəla möhürü bu qayda ilə sınıb. Həmin gün qardaşım qərara aldı ki, bir də belə iş tutmasın.

Bu əhvalatdan bir neçə gün keçdi. Bir səhər atamız bizim üçün gecə gördüyü yuxunu danışdı. Atamız yuxuda görür ki, İmam Hüseyn (ə) evimizə qonaq gəlib. Atam onu kitabxanaya aparıb, orada söhbət ediblər. İmam Hüseyn (ə) atama təklif edib ki, oğullarını çağırsın, onlara hədiyyə vermək istəyir. Atam danışırdı ki, bizim (cəmi 5 qardaş) hamımızın otağa gəldiyini görüb. İmam Hüseyn (ə) hər birimizə müəyyən hədiyyələr bağışlayıb. Növbə həmin qardaşıma çatanda, atam hiss edib ki, İmamın üzündə qəzəb əlaməti vardır. Səbəbini soruşanda İmam buyurub ki, sənin bu oğlun mənim türbətimdən hazırlanmış iki möhürü sındırıb, buna görə ona qardaşları kimi münasibət bəsləyə bilmərəm. İmam bunu deyib, bir qədər etinasız halda qardaşıma nəsə xırda bir hədiyyə verib.

Atam bu yuxunu danışandan sonra anamız bir neçə gün əvvəl baş vermiş hadisədən onu xəbərdar etdi. Hamımız bu işə təəccüb etdik.

Bu hadisələr İmam Hüseyn (ə) türbətinin nə qədər möcüzəvi xüsusiyyətlərə malik olduğunu, ona ehtiram bəsləyən şəxsin nə qədər mənfəətlər əldə etdiyini, onu təhqir edən, hörmətsizlik göstərən adamın isə Allahın və din böyüklərinin qəzəbini qazandığını aşkar göstərir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter