Adəm və Həvvanın yerə enməsİ necə oldu?
Adəm (ə) və Həvva o ağacın meyvəsindən yeyən anda çox qəribə bir hadisə baş verdi. Onların cənnət geyimləri əyinlərindən çıxdı və hər ikisi çılpaq qaldılar. Bədənlərinin eyibi göründü.
Orada enli yarpaqlı əncir və banan ağacları da var idi. Adəm (ə) və Həvva onlara sığındılar. Onlar bir-birlərindən utandılar. Əncir və banan yarpaqlarından özlərini örtmək üçün paltar düzəltmək istədilər. Peşimanlıq, qorxu və xəcalət hissi keçirirdilər. Çünki, günah etmişdilər. Allahın sözünü eşitməyib, Şeytanın sözünə qulaq asmışdılar. Şeytan isə onları eləcə buraxaraq çox uzaq bir nöqtəyə qaçmışdı.
Adəm (ə) və Həvva onları çağıran bir səs eşitdilər. O səs Allah-təalanın səsi idi. O buyururdu:
-Mən sizi bu ağaca yaxınlaşmaqdan çəkindirmədimmi? Mən sizə demədimmi ki, Şeytan sizin düşməninizdir, ona aldanmayın?
Adəm (ə) günah etdiyi üçün ağladı. Həvva da ağladı. Kaş onlar Şeytanın sözünə qulaq asmayaydılar!
Onlar peşiman olaraq Allahın qarşısında başlarını aşağı salıb, dedilər:
-İlahi! Biz tövbə edib, sənə doğru qayıdırıq. Bizim tövbəmizi qəbul et və günahlarımızı bağışla!
İlahi, biz özümüzə zülm etdik. Əgər sən bizi bağışlayıb, rəhm etməsən özün zülm edənlərin dəstəsindən olacağıq.
Adəm (ə) öncədən bilirdi ki, tövbə və peşimanlıq günahları yuyur. Ona görə də tövbə etdi və Allahın dərgahına münacat elədi. Allah öz bəndələrinə qarşı mehribandır. Buna görə də onun tövbəsini qəbul etdi. Amma, bu ağacın meyvəsindən yeyən və Allaha günah edən şəxs cənnətdən çıxmalı və günahından paklanmalı idi.
Allah-təala buyurdu:
-Yerə enin! Sizinlə Şeytan arasında düşmənlik davam edəcəkdir. O, həmişə sizi aldatmağa çalışacaq. Amma, mənim əmrimə qulaq asan və sözlərimə əməl edən şəxsi yenidən cənnətə qaytaracağam. Yalan deyib, kafir olanların taleyi isə Şeytanın taleyi kimi olacaqdır.
Allah-təala buyurdu:
-Enin! Sizin bə`ziniz bə`zilərinizə düşmən olacaqdır. Yer, ölənə kimi sizin məskəniniz olacaqdır. Onda yaşayın, onda ölün və qiyamətə ordan qalxın. Hamınız cənnətdən çıxın! Yerdə mənim tərəfimdən sizə yol göstərənlər gələcəkdir. Mənim dediklərimə tabe olan nə yolundan sapar və nə də bədbəxt olar! Kim məndən üz çevirsə, onun həyat və yaşayışı çətinləşər, qiyamətə isə kor halda gələr.
Beləliklə, Adəm (ə) və Həvva yerdə yaşamağa layiq görüldülər. Adəmin (ə) bədəninin eyibləri göründü... O, yer üzərində Allahın canişini olmağa, onu abad etməyə, yerdə sakin olmağa və fəsaddan uzaqlaşmağa hazır oldu. Buna görə də mələklər ona səcdə etdilər. Mələklər təsəvvür edirdilər ki, Adəm (ə) yerdə fəsad və zülmkarlıqla məşğul olub, qan tökəcəkdir. Amma, Adəm (ə) mələklərin xəbərsiz olduqları bə`zi məsələləri bilirdi. O, bütün adları bilirdi.
Mələklər azadlıq, iradə və tövbə anlamırdılar, günah tanımırdılar. Bilmirdilər ki, günaha batan insan, öz günahını islah edib, tövbə etməyi yaxşı bacarır. Ona görə də Allah Adəmi (ə) yaratdı ki, yer üzərində onun canişini olsun.
Allahın sonsuz qüdrəti ilə qəfildən Adəm (ə) və Həvva yerə endilər. Şeytan da endi. Onların hər biri yerin müxtəlif bölgələrinə düşdülər. Adəm (ə) Şri-Lanka adasında bir dağın zirvəsinə, Həvva isə Məkkə torpaqlarında olan Mərvə dağına düşdü. Şeytan isə ən alçaq quru bir nöqtəyə endi: Bəsrədə körfəz sularının yaxınlığında şoranlıq bir çölə.
Beləliklə yerdə insan həyatı başlandı. Qarşıdurma və keşməkeşlər yarandı. Şeytanla insan arasında mübarizənin bünövrəsi qoyuldu.
Bizim ata və anamız olan Adəm (ə) və Həvva yerə endikdə orada çoxlu heyvanlar yaşayırdılar. Lakin, onlar min illər ərzində yığılmış buz qatlarına dözə bilməyib, tələf olmuşdular. Mamut adlı filə oxşayan bir heyvan var idi, lakin, dərisi yunla örtülmüşdü. Bu heyvan Sibirdə kəşf olunmuşdur. Kərgədana oxşar başqa bir heyvan da var idi. Onun da bədəni yunla örtülmüşdü. O heyvan da buz və soyuğa dözə bilməyib, həlak olmuşdu.
Orada qəribə quşlar olmuşdur. Güclü pəncələrə malik olan o quşlar aradan getmişdir və onlardan heç bir əlamət qalmayıb. Allahın istəyi ilə buzlar əridi və yerin şiddətli soyuğu sona çatdı. Get-gedə istilər başlandı.
Allahın istəyi bu idi ki, Adəm (ə) və Həvva yerə ensinlər və insan orada Allahın nümayəndəsi olsun. Əkinçilik etsin, ev tiksin və bu gözəl diyarı abadlaşdırsın.