İmam Hüseyn Kərbalada şəhİd olacağını bİlİrdİmİ?



İmam Hüseyn (ə) Kərbəlada şəhid olacağını qiyam etmədən öncə bilirdi. Allahın dinini qorumaq üçün hər şeyini qurban verməkdən başqa bir yolun olmadığını anlayırdı.
Ən əsası budur ki, o, həzrət Allah tərəfindən hər İmama əta olunmuş \"qeyb- elmi\" vasitəsilə bunu bilirdi.
Bundan əlavə İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) dəfələrlə İmam Hüseynin (ə) şəhid ediləcəyini tam təfsilatı ilə bəyan etmişdi. Kərbəla müsibəti barəsində nəinki Həzrət Əlinin (ə) ailəsi, hətta Bəni Haşim qəbiləsi də, bilirdi. Belə olduqda isə İmam Hüseynin (ə) xəbərsiz olmasını söyləmək düzgün olmazdı. Qardaşı İmam Həsən (ə) da, vəfatından əvvəl ona belə söyləmişdi: \"Ey qardaşım! Heç bir müsibət sənin qətlə yetiriləcəyin günə bənzəməz.
Özünü Məhəmməd (s) ümməti sayan otuz minlik qoşun sənə hücum edər, öldürər, ailəni əsir tutarlar...\"

Onlar Kufəlilərin vəfasız, etibarsız olduğunu söyləyərək, hətta Kufəlilərin İmamı (ə) qətlə yetirmək haqqında artıq düşmənlərlə fikir ortaqlığına gəldiklərini də, xəbər vermişdilər. İmam (ə) isə onlara şəhid olacağını bildiyini buyurmuş və bu yolun ən düzgün seçim olduğuna təkid etmişdir.
Abdullah ibni Abbas İmam Hüseynin (ə) hüzuruna gələrək, belə demişdi: \"Ey əmim oğlu! Mən sənin ayrılığına dözə bilmərəm. Qarşına məqsəd qoyduğun bu səfərdə, sənin şəhid olmağına və ailənin əsir düşməyinə qorxuram. Çünki İraqlılar vəfasız adamlardır. Onlara inanmaq olmaz... Əgər İraq xalqı məktubda yazdıqları kimi həqiqətən də səni istəyirlərsə, onda əvvəlcə şəhər valisini, öz düşmənlərini oradan qovsunlar. Sonra isə sən Kufəyə gedərsən. Sən Hicazın böyüyüsən, Məkkə, Mədinə əhalisi sənə çox ehtiram edir. Sən elə bu Məkkədə qal. Əgər Məkkədən getməkdə israrlısansa, yaxşı olar ki, Yəmənə gedəsən. Çünki atan Əlinin (ə) orada çoxlu şiələri var. bundan əlavə Yəmən geniş, möhkəm qalaları, uca və əlçatmaz dağları olan bir məntəqədir\". İmam (ə) ona təşəkkür edib buyurdu: \"And olsun Allaha, bunlar qanımı tökməyincə məndən əl çəkməyəcəklər. Məni qətlə yetirdikləri üçün Allah onlara elə bir şəxsi hakim edəcəkdir ki, zillətlə yaşayacaqlar...\"
Abdullah ibni Zübeyrin onu saxlamaq qəsdi ilə söylədiyi təklifin cavabında da İmam Hüseyn (ə) belə buyurdu: \"Ey Zübeyrin oğlu! Əgər Fərat çayının kənarında dəfn olunsam, mənim üçün Kəbə astanasında öldürülməkdən daha yaxşıdır\".
Məhəmməd Hənəfiyyə də, İmama Kufəyə getməməyi məsləhət görərək dedi: \"Qardaş! Sən Kufə camaatının atan Əli (ə) və qardaşın Həsənə (ə) qarşı sədaqətsizliyinin şahidi oldun. Qorxuram ki, səninlə bağladıqları əhdi- peymana xilaf çıxsınlar. Yaxşı olar ki, oraya getməyəsən və Məkkədə qalasan. Yaxud da Yəmənə get\".
İmam ona belə cavab verdi: \"Allahın rəsulu (s) yuxumda buyurdu: \"Hüseyn (ə), qiyam et! Çünki Allah bunu istəmişdir. Allah sənin şəhid olmanı və ailənin əsir düşməsini iradə etmişdir\".
Abdullah ibni Cəfər, Ömər ibn Əbdürrəhman, o dövrün məşhur ərəb şairi Fərəzdəq, bəzi köçəri ərəblər də Kufəlilərin hiyləsindən İmamı (ə) xəbərdar etmiş, \"Kufəlilərin qəlbi səninlə, amma qılıncları sənin əleyhinədir\" kimi ibarətlərlə vəziyyətin ciddi olduğuna işarə etmişlər. İmam Hüseyn (ə) da öz növbəsində bütün bunları bildiyini buyurmuşdur.
Deməli, o həzrət öz şəhadətinə tam agah idi. Bəzi mənbələrə istinadla İmam Hüseynin (ə) Kərbəlaya hərəkət etməzdən qabaq Məkkə şəhərindəki nitqi də, buna əsaslı sübutdur: \"Şükr Allaha layiqdir! Allah nə istəsə o da baş verəcəkdir. Allahın istəyi olmadan hökm verməyə qadir olan heç bir qüvvə yoxdur. Allahın rəsuluna (s) salamı olsun.
Qızların boynuna boyunbağı lazım olduğu kimi insan övladına da ölüm vacibdir və ondan qaçıb qurtarmaq olmur. Yaqub Peyğəmbər (ə) oğlu Yusifin (ə) görüşünə necə həvəsli idisə, mən də ata- babamı görməyi o qədər arzulayıram. Mənim üçün bir qətlgah təyin olunmuşdur və mən orada düşəyəcəyəm. Sanki çöl yırtıcılarının (Kufə qoşunu) Nəvasis və Kərbəla arasında yerləşən vadidə mənim bədən üzvlərimi tikə- tikə edərək, ac qarınlarını və boş xurcunlarını doldurduğunu öz gözlərimlə görürəm...
Agah olun! Kim bizim yolumuzda öz qanından keçməyə, Allahla görüşmək və canını şəhadət uğrunda qurban verməyə hazırdırsa, mənimlə gəlsin. Mən inşaallah sabah sübh Kufəyə doğru hərəkət edəcəyəm\".


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter