\"Cənnətə gedən İnsanlar üçün nİyə ağlayırıq\" sualına cavab
İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu Salamnews.org-a \"Cənnətə gedən insanlar üçün niyə ağlayırıq?\" məsələsilə bağlı münasibət bildirib.
Həzrət Məhəmməd peyğəmbərdən (s) nəql edilən bir hədisdə buyurulur ki, “Həsən və Hüseyn Cənnət cavanlarının ağalarıdır”. Həzrət İmam Hüseynin (ə) cənnətdə olduğu bəlli ikən, nəyə görə insanlar onun üçün ağlayırlar? Cənnətə gedən üçün matəm saxlamağın səbəbi nədir?
Elşən Mustafaoğlu: Həqiqətən də, sevimli peyğəmbərimizdən rəvayət edilən hədisdə Həzrət İmam Hüseynin (ə) cənnət əhlindən olacağı vədi verilir. Məlum olduğu kimi, İmam Haqq yolunda mübarizə aparıb və amansızlıqla qətlə yetirilərək şəhid olub. Kərbəlada baş verən bu hadisəyə biz əslində iki prizmadan yanaşa bilərik. Biri – bir fərd olaraq, İmam Hüseynin (ə) şəhid olub, cənnətə getməsi, özü ilə Allah arasında olan cəhəti; ikincisi isə - Kərbəlada baş verənlərin bir ictimai hadisə olması, cəmiyyətə, digər insanlara yönəlmiş cəhəti.
Birinci nəzərdən heç şübhəsiz ki bu, İmam Hüseynin (ə) öz həyatını yalnız Allah üçün yaşaması və Allah üçün canından keçib şəhid olması, cənnətə - əbədi səadətə qovuşmasıdır. Bu, onun həyatının ilahi amalıdır. Bu, onun Allaha qovuşmasıdır. Rəbbimiz Quranda, Ali-İmran surəsinin 169-cu ayəsində buyurur: “Allah yolunda qətlə yetirilənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur”.
Buna görə matəm saxlanılarmı? Göz yaşı töküdülərmi? Əlbəttə ki, yox! Bu ki, Allah adamının ən böyük arzusudur, amalıdır. Bu, insanın öz həyatında əldə etdiyi ən böyük zəfərdir ki, Allah onu əbədi səadətlə - Özünə qovuşdurmaqla, cənnətlə mükafatlandırır. Deməli, Həzrət İmam Hüseynin (ə) bir fərd olaraq həyat sürüb, Allah yolunda qətlə yetirilməsi, şəhid olub cənnətə getməsi ən böyük nailiyyətdir, uğurdur, sevincdir! Bu, sırf Allahla onun arasında olan bir məsələdir və bizlər də buna görə yalnız sevinə bilərik ki, İmam Hüseyn cənnətə gedib, Rəbbinə qovuşdu.
Amma ikinci nəzərdən məsələyə yanaşdıqda, gözümüz önündə İmam Hüseynin (ə) yaxın ətrafı ilə, ailəsi və övladlarıyla birlikdə başına gətirilən o müsibətlər, peyğəmbər ailəsinə edilən o zülm, Kərbəla faciəsi canlanır. Bu artıq bir insani yanaşmadır ki, bizlər də bir insan kimi təbii hisslərimizlə ona reaksiya veririk. Kərbəla faciəsinə baxdıqda, onun hər bir səhnəsi bir faciə nümunəsidir. Məsələn, İmam Hüseynin bələkdə olan körpə məlum balası Əli Əsğərin amansızlıqla qətlə yetirilməsi. Yaxud, İmam Hüseynin qətlə yetirilərək, başının bədənindən ayrılması və nizəyə taxılması. O baş ki, sevimli peyğəmbərimiz hər zaman onu qucağına sıxıb, öpüb, ona sığal çəkib, nəvaziş edib... Və daha sonra, İmamın 3 yaşlı qızı bu müsibətlər zamanı fəryad edib ağlayır, “ata-ata” deyib, atasını imdada çağırır. Yezidin ordusundan isə birisi deyir – “atın o atasının başını ona, qoyun səsini kəssin!”. Uşaq ağlayanda onu sakitləşdirmək üçün oynadarlar, oyuncaq verib başını qatarlar, İmamın 3 yaşlı qızına isə atasının kəsilmiş başını atırlar ki, sussun... Bilirsizmi, bunlar Həzrət Məhəmməd peyğəmbərin (s) İslam ümmətinə əmanət qoyub getdiyi – iki dəyərli əmanətdən biri olan Əhli-beyti idi! O şəxslər ki, Allah Quranda onları sevməyi buyurur. Bu ümmət isə peyğəmbər əmanətinə belə xəyanət etdi.
Kərbəla faciəsinin hər epizodu insanın vücudunu lərzəyə gətirir. Bax, İmam Hüseynə ağlayanlar, matəm saxlayanlar məhz bu nəzərdən ağlayıb, matəm saxlayırlar. Axı biz insanıq və insanın təbii emosional hissləri var. Adicə faciəli-tragik filmə baxanda adam özünü saxlaya bilmir, göz yaşı tökür. Amma həqiqətdə baş vermiş bu böyük faciəni göz önündə canlandırıb, necə soyuqqanlı qalsın ki?
Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) həyatından bir misal gətirək. Ühüh savaşında onun sevdiyi əmisi Həmzəni qətlə yetirirlər və sonra ciyərini nəşindən yarıb çıxarırlar. Sevimli peyğəmbərimiz əzizini itirir və belə bir faciəvi halla üzləşir. O, ağlayıb göz yaşı tökür. Əmisinə, Ühüd savaşında şəhid olan digərlərinə matəm saxlayır. Axı o da bir insandır! Şübhəsiz ki, Həzrət Həmzə də, Ühüddə qətlə yetirilən digərləri də, cənnətə getmişlər. Belə isə peyğəmbər niyə ağlayıb, onlara matəm saxlayırdı? Əlbəttə ki, cavabı bəllidir. Peyğəmbər onların cənnətə getməsinə ağlamırdı ki. O faciəyə göz yaşı tökürdü.
İmam Hüseynə, Kərbəla şəhidlərinə ağlayanlar da əsla onların şəhid olub, cənnətə getmələrinə görə göz yaşı axıtmırlar. Buna yalnız sevinmək olar. Göz yaşları isə, qeyd etdiyimiz kimi, o böyük insanlıq faciəsinə görə axıdılır. Matəm o böyük faciəyə, qətliama görə saxlanılır.
Günümüzdən misal gətirək. Biz hər il 20 yanvar şəhidlərinə, yaxud Xocalı soyqırımına görə matəm saxlayırıq. İnsanlar göz yaşı tökür, hüzn içində olur. Niyə? Şəhidə də ağlayarlar? Aydın məsələdir ki, hüzn şəhidlərin cənnətə getməsinə görə yox, həmin insanlıq faciəsinin baş verməsinə görəir ki, bu da, təbiidir. Biz durub 20 yanvar, yaxud Xocalı soyqırımı günlərini orda insanlar şəhid olub deyə, bayram günü elan edə bilmərik ki. Durub həmin gün şadyanalıq edə bilmərik ki, şəhidlər cənnətə gedir.
Yuxarıda qeyd etdiyim kimi, şəhidin cənnətə getməsi onunla Allah arasında olan bir məsələdir, fərdin əbədi səadətə qovuşmasıdır və bizlər də buna yalnız sevinə bilərik. Amma o hadisələrin ictimai yönü bir faciə səhnəsi açır qarşımızda. Faciəyə isə insan sevinə bilməz, kədərlənər, hüzn keçirər.
Peyğəmbərimizdən belə bir hədis rəvayət edilir: “Allahım, ağlamayan gözdən Sənə sığınıram!”. Bu kəlamda düşünənlər üçün bir çox mətləblər gizlənir. Aşura günü baş verən hadisələri, ardından əsir götürülən qadın və uşaqların faciələrini xatırlamaqla, onların hisslərini yaşayıb göz yaşı axıtmaqla sıravi adamlar bir cəngavərə çevrilir. Gözdən axan yaşlarla qəlblərdəki şeytani hisslər, dünyapərəstlik bədəni tərk edir, daş ürəklər yumşalır, əriyir. Amma acizləşmir, əksinə, dama-dama axan göz yaşları sanki bir qeyrət gölü, mərdlik dəryası yaradır. Amma məsələ göz yaşlarıyla bitmir! Bu mərasimlər sadəcə ağlaşmaq üçün keçirilmir. Bu məclisə qatılan dərk edir ki, bizi əhatə edən reallıqdan daha üstün dəyərlər mövcuddur: Allah sevgisi, haqq və ədalət, mərdlik, qeyrət, əbədi səadət! O şeylər ki, onların yolunda İmam Hüseyn və tərəfdarları hər şeylərini qurban verdilər. Bunları dərk edən şəxsin əzadarlıq məclisində ağlaması zəiflik əlaməti deyil və ola da bilməz! Aşurada axan göz yaşları əslində insanlığa qarşı edilən zülmlərin, vandalizmin, vəhşiliklərin qurbanına çevrilmiş günahsız insanlara görə axıdılan göz yaşlarıdır. Bu isə, insanlıq təbiətilə bağlıdır və burada qeyri-adi bir şey də yoxdur, əslində. Bununla bərabər, bir daha qeyd edək ki, Kərbəla faciəsini xatırlamaq elə yalnız ağlamaq üçün, göz yaşı tökmək üçün deyil. İmam Hüseyn məktəbinin daha ülvi, ilahi mahiyyəti var ki, bu günü yaşadanlar məhz həmin dəyərlərə sarılmalı, İmam Hüseyn məktəbindən bu yöndə faydalanmalıdırlar.