Qeybət etmək nədİr?


Bəzi vaxtlar insanlar ele düşünürlər ki, kiminsə haqqında və onun ünvanına olmayan sözləri demək olar. Halbuki, İslam dini bu əməli bəyənməmiş və müsəlmanları da belə işlərdən uzaq olmasını bəyan etmişdir. Bu əməl isə qeybət deyə adlandırılmışdır. Yəni şəxsin özü olmadığı halda onun haqqında istənilən və istənilməyən sözlər danışmaq. Amma qeybət haqqında danışmazdan əvvəl gərək onun orfoqrafiyası ilə maraqlanaq. İmam Musa ibn Cəfər (ə) buyurmuşdur: “Hər kim bir şəxsin arxasınca onun haqqında hamının bildiyi şeyi danışarsa, bu qeybət deyildir. Hər kəs bir şəxsin arxasınca onun haqqında camaatın bilmədiyi şeyi danışarsa, bu qeybətdir. Hər kəs bir şəxsin arxasınca onun etmədiyi bir əməli danışarsa, bu böhtandır.”

Bu gün bəzi insanlar qeybət etməyi özlərinə peşə seçmişlər. Lakin, Qiyamət günü qeybət əhlinin başına gətiriləcəklərdən xəbərsizdirlər. Necə ki, bir hədisdə belə oxuyuruq:

-Allah-taala Musa ibn İmrana belə vəhy göndərdi: “ Qeybət edən şəxs əgər tövbə edərsə, behiştə daxil olan axırıncı; yox əgər tövbə etməzsə, cəhənnəmə daxil olan birinci şəxs olar.”

Insan gərək öz həyatını həqiqi İslam əxlaqıyla nizamlasınki, axirətdə peşmançılıq hissi keçirməsin. Çünki, bu müvəqqəti həyatdan gediş var. Amma əbədi axirət həyatından dönüş yoxdur. Bütün insanlar oranın əbədi sakinləridir. Bir çox insanlar Qiyamət günü peşman olacaq və Allahdan bu dünyaya, özlərini bağışlatmaq üçün qayıdış istəyəcəklər. Hansıki, Quran bu haqda belə buyurur:

\"(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: Ey Rəbbim, məni (dünyaya) qaytar,

Bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.\" əl-Muminun 99-100.

Qiyamət günü, haqqında qeybətini etdiyimiz şəxsin Allah dostlarından biri olduğunu gördüyümüzdə görəsən nə edəciyik? Axı axirət aləmində gizlənmək üçün heç bir yer yoxdur!. Əksinə orada bütün əməllər insanların gözü qarşısında zahir olacaq. Kimin-kim olması, Allahın haqq məhkəməsində bəyan olunacaq. Vay olsun o kəslərə ki, yalandan dildə iman gətirib, qəlbən isə dünyaya bağlanıblar! Allaha yaxınlaşmaq əvəzinə, şeytanla dost olanların halı nə bu dünyada nə axirət dünyasında yaxşı olmayacaq. Necə ki, Allah Rəsulu (s) buyurur: “Ey dildə iman gətirib, qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyblərini axtarmayın. Çünki hər kim öz din qardaşının gizli eyblərini axtararsa, Allah-taala onun gizli sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”

Digər bir məsələ isə qeybətə qulaq asanlardır. Yaxşı olar ki, dostlarınızdan və yaxud yaxın qohumlarınızdan hər kimin qeybət etdiyini gördüyünüz halda onu bu işdən çəkindirin. Əgər çəkinməzlərsə, həmin məclisi Allaha xatir tərk edin. Çünki, qeybət edən və o cümlədən həmin qeybətə qulaq asanlar eyni hökmə malikdirlər. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Qeybətə qulaq asan şəxs qeybət edən iki nəfərdən biridir.” (Yəni qeybətə qulaq asan qeybət edənlə eyni hökmdədirlər.)

Digər bir hədisdə əziz Peyğəmbərimiz (s) qeybət edən şəxsin sifətini bəyan edərək belə buyurmuşdur:

“Qeybət etməklə xalqın ətini yeyən şəxs halalzadə olduğunu yalandan deyir; çünki qeybət cəhənnəm itlərinin yemidir.”

Bəzi vaxtlar şəxsin digər bir şəxs tərəfindən müxtəlif hərəkətlərlə onu vəsf etməsi və ya bənzətməsinin şahidi oluruq. Heç bir dəfə olsun belə fikirləşmişik ki, görəsən etdiyimiz bu əməllərə necə don geyindirmək olar? Belə hərəkətlərə yol verilən zaman sən demə biz qeybət etmiş oluruq. Necə ki, bu Peyğəmbərin (s) bir hədisində öz təsdiqini tapmışdır.

Aişə deyir: “Bizim evə bir qadın gəlmişdi, evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Bu zaman Peyğəmbər (s) buyurdu: “Onun qeybətini etdin!”

Deməli daha yaxşısı budur ki, insan qeybəti və xoşa gəlməz hərəkətləri özündən uzaqlaşdırıb, öz nəfsinə qələbə çalsın. Təbidir ki, insanın nəfsi vəhşi bir at kimidir. İnsanların arasında ən qiymətli insan odur ki, həmin vəhşi atla bacara bilsin. Belə ki, qeybətdən uzaq olun!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter