Əxlaq nədİr?
“Əxlaq” “xülq” sözünün cəmidir. “Xülq” insanın daxili xüsusiyyətləri, «xəlq» isə zahiri forma deməkdir. İnsanlarda müşahidə olunan hər bir əməl, daxili keyfiyyət, hərəkət əxlaq və əxlaqi rəftar adlanır.
“Xəlq” və “xülq” sözləri ərəb mənşəli olub, eyni kökdən götürülmüşdür, lakin məna etibarı ilə bu sözlər bir-birindən fərqlənirlər.
Əxlaq alimləri insanın nəfsani sifətlərini iki hissəyə bölmüşlər:
1)Fitri (təbii)
2)İktisabi (kəsb edilmiş, qazanılmış və ixtiyari)
Fitri sifətlər insanın nəfsani qüvvəsində zatən yaradılmış keyfiyyətlərdir. Onları əldə etməkdə iradənin və əməlin heç bir rolu yoxdur. Məsələn, Allahaxtarma, ürfan, təbii hiss (metafizika), maraq hissi, haqsevərlik, ədalətsevərlik, başıucalıq və alnıaçıqlıq, şəxsiyyət və müstəqillik, azadlıq və azadəlik, daimilik və kamilliksevərlik, əql, şəhvət, qəzəb və bu kimi daxili hissləri misal göstərmək olar. İnsanın daxili xüsusiyyətlərindən hesab edilən belə hisslər əslində ona əta olunmuş, onun zati və nəfsani qüvvəsi mərhələsində insanı başqa canlılardan ayıran bir imtiyazdır.
İktisabi sifətlər isə əməl və ixtiyar mərhələsində tədriclə qazanılan, fitri sifətlərdən faydalanaraq insan üçün nə isə bir nəticə verən xüsusiyyətlərdir. Əgər fitri istedad və qabiliyyətlərdən düzgün istifadə olunmasa, iktisabi sifətlər də pis olacaqdır. Bu mərhələdə yaxşı sifətləri əxlaqi keyfiyyətlər, pisləri isə rəzil (alçaq) sifətlər adlandırırlar, belə ki, əgər insanın əməlləri yaxşı sifətlərdən təsirlənmiş olarsa, onu əxlaqi gözəllik, yox əgər rəzil sifətlərdən bəhrələnmiş olarsa, onu əxlaqi çirkinlik deyə qəbul edirlər.
Əxlaqi keyfiyyətlərə yetişmək üçün elmi, əməli təcrübə və çalışmalar lazımdır. İlk növbədə fəzilətli və rəzil xüsusiyyətləri müəyyənləşdirmək, insanın şəxsiyyətindən və həqiqi məqamından xəbərdar olmaq, sonra isə nəfsi-əmmarə (pis işlərə sövq edən qüvvə) ilə mübarizə aparmaq lazımdır. Əgər mübarizə olmasa, insan nəfsani (heyvani) ehtiraslara qalib gələ bilməz. Bu döyüş meydanından qələbə ilə, başıucalıqla çıxmayan insanlar nəfsin fəzilət və gözəlliklərindən məhrumdurlar. Belələri qiyamət və hesab günü ziyan çəkənlərdən olar, necə ki «Qurani-Kərim»də buyurulur:
“O gün ki, nə mal-dövlət, nə də övlad fayda verər! Ancaq sağlam (təmiz, daxildə şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” («Şüəra»-88, 89)