Cİhad nə üçündür?
Allah rəsulunun (s) müşriklərlə savaşlarını araşdırıb, nəticə əldə etmək üçün ümumi şəkildə bir neçə nöqtəyə toxunuruq:
1. Adətən, əksər insanların şəxsiyyəti, xarakteri, səciyyələri, çeşidli təbii xüsusiyyətləri və düşüncəsi yaşadığı mühitdəki fərdlərdən götürülür. Beləliklə, insanların əxlaqı, rəftarı və düşüncəsi bir-birlərinə tə`sir edir. Buna görə İslam bütün qüvvəsi ilə pisliklərə qarşı çıxır. İslam bilərəkdən və aşkar günah etməyənin qeybətinə icazə vermir ki, insanlar günah və pislikləri eşitməyə adət etməsinlər. Çünki adi hal aldıqdan sonra günah etmək asanlaşır. Azğınlıq və fəsadın zərəri yalnız günahkara yox, hamıya dəyir. Beləliklə, insanların bu zərəri özlərindən uzaqlaşdırmaq üçün hüquqları vardır. Bu məsələ şəriətdən əlavə ağıl və fitrətin təsdiqlədiyi bir hökmdür. Lakin şəriət ağıl və fitrətin hökmü ilə kifayətlənmir, yaxşılıqlara də`vət və pisliklərdən çəkindirməyi vacib hesab edir. Azğınlığın başqalarına keçməməsi üçün azğın şəxsin qarşısını almaq əhəmiyyətli məsələlərdəndir. Cəmiyyət insan bədəni kimidir. Bədənin hansısa bir üzvü xəstələndikdə əvvəlcə müalicə edilir. Müvəffəq olmadıqda cərrahiyyə əməliyyatı aparılır. Bu işdə nəticəsiz olarsa digər sağlam üzvlərin qorunması üçün həmin üzv kəsilməli olur. Insanlar arasında düşüncə azğınlığı yarandıqda bu üsuldan istifadə edilməlidir. Öncə azmış şəxs hikmət və moizə ilə haqqa də`vət olunmalıdır. Sonra qorxudulmalı, bu da tə`sirsiz olduqda onunla daha şiddətli rəftar edilməlidir. Bütün bu mərhələlərin nəticəsi olmazsa həmin xərçəng şişi cəmiyyətdən təcrid edilməlidir. Çünki o yalnız özünü yox, bütün cəmiyyəti fəsada sürükləyir. Bu, o hallara aiddir ki, düşüncə azğınlığı insanın cismani xəstəliyindən dəfələrlə şiddətli olur. Cəmiyyətdə azğınlığı köklü şəkildə məhv etmək üçün cihad son mərhələdir. Cür`ətlə demək olar ki, İslam cihad hökmü verməsəydi haqq, ədalət, fitrət, əql dini hesab edilməz və cəmiyyətin, insaniyyətin hüquqlarına xəyanət etmiş olardı.
2. Müsəlmanların müşriklərdən və müsəlmanları dinlərindən, Allah yolundan uzaqlaşdırmaq istəyənlərdən müdafiə olunmaq hüququ var. Hər bir şəxsin fikir, əqidə və Allah yoluna də`vət azadlığına sahib olmaq üçün düşmənlərlə savaş haqqı vardır. Xüsusi ilə qarşı tərəf məntiq əhli olmadıqda və müsəlmanlara işgəncə verib onları azdırmağa çalışdıqda! İslam kimsəni müsəlman olmağa məcbur etmir. İslamın tə`kidli tələbi əqidə və rə`y azadlığıdır. Buna görə də düşmənlərə qalib gəldikdə onlara yol seçmək imkanı verilir. İslamın qəbulu bu yollardan biridir. İslam nəzərdə tutur ki, bu dini seçən şəxslər müsəlmanlar tərəfindən heç bir sıxıntı görmədən, azad şəkildə, öz istəkləri ilə seçim etsinlər. Lakin bu o demək deyil ki, İslam və müsəlmanlar zülm, təcavüz və azğınlıq qarşısında qolubağlı durmalı, onların əməllərinə qarşı addım atmamalı və müxaliflərin təzyiqləri qarşısında müt`i olmalıdırlar. Çünki müsəlmanların İslama, İslam haqqında azad düşüncəyə çağırışı fərdi bir çağırış deyil. Bu də`vət əhatəli bir nizama də`vətdir. Həmin nizam bütün yer üzündə dəyişikliklər aparmaq əzmindədir. Belə bir məqsədi dinsiz azğınlıqlarla çarpışmadan həyata keçirmək mümkünsüzdür. Bu qayda ilə İslam insanlara seçim, fikir və düşüncə azadlığı üçün yol açır ki, öz iradələri ilə haq dini qəbul etsinlər. Müsəlmanlar azğınlarla savaşdıqda əslində Allahın verdiyi azadlıq hüquqlarını müdafiə edirlər. Qur`ani-kərim bu barədə buyurur: “Savaşa mə`ruz qaldıqlarına görə vuruşanlara (Allah yolunda döyüşməyə) izn verilmişdir. Çünki onlara zülm olunmuşdur. Allah onlara kömək etməyə, əlbəttə qadirdir! O kəslər ki, haqsız yerə, ancaq “rəbbimiz Allahdır” dediklərinə görə yurdlarından çıxarıldılar.” (“Həcc” surəsi, ayə 39, 40)
Buna baxmayaraq savaşın baş tutmaması üçün qarşı tərəfə digər təkliflər etmək peyğəmbərin və müsəlmanların vəzifəsi idi. Bə`zi müşriklər e`tiraf edirdilər ki, müsəlmanlar müxtəlif yollar təklif etdiyi halda onlarla döyüş yolunu seçmək zülmdür. Eyni zamanda bə`zi müşriklər bu təklifləri qəbul etmir, savaş və qan tökmək istəyirdilər. Nümunə üçün Ibn Cəhəşin qoşununda Ibn Həzrəminin öldürülməsini göstərmək olar. (“Tarixi Təbəri”, 2-ci cild, səh.131; “Kamil ibn Əsir”, 2-ci cild, səh.116)
4. Məkkə müşrikləri və yəhudilər zəiflədikdə müsəlmanlar ilə sülh əhdi bağlayır, gücləşdikdə isə bütün əhdləri pozurdular. Onlar bu işləri ilə bütün sülh yollarını öz üzlərinə bağlayırdılar. Necə ki, müşriklər Hüdeybiyyə sülhünü pozdular. Bütün bu müqəddimələrdən belə nəticə əldə olunur ki, İslamın həzrət Əlinin (ə) qılıncı ilə genişlənməsi o demək deyil ki, həzrət qılıncı xalqın başı üzərinə tutub “ya İslamı qəbul et, ya da öləcəksən” deyirdi. Bu sözün əsil mə`nası odur ki, İslamın müdafiəsində, İslam düşmənlərinin təcavüzləri qarşısında, fikir və əqidə azadlığının əldə edilməsində həzrətin qılıncının tə`siri olmuşdur.
Buna görə də İslam döyüşləri zəruri hallarda və mümkün qədər az olmuşdur. Belə ki, insanların canının qorunması üçün tədbir görülürdü. Tarixçilər on il sürən peyğəmbər savaşlarında ölənlərin sayını min nəfərə çatdıra bilməmişlər. Baxmayaraq ki, peyğəmbər (s) on il ərzində İslamın nidasını dünyanın ən uzaq nöqtələrinə belə yetirmişdi.
Əliəsğər Rizvani