Duanın qəbul olmasında olan maneələr nədİr?
Dua və Allaha yalvarış, islam cəmiyyətlərin nuraniliyinin amillərindən biridir. Dua həmişə bu cəmiyyətin təravət, şadlıq və ümidvarlığına səbəb olmuşdur. Bir tərəfdən duanın qəbul olunmasının şərtlərini bilmək və digər tərəfdən duanın qəbul olmasının maneələrini tanımaq bu dəyərli sünnətin canlanması üçün təsirlidir.\"Allaha yalvarışın\" hər bir şəraitdə nəticəli olduğuna baxmayaraq, ondan tam şəkildə nəticə əldə etmək istəsək, onun şərtlərini və qaydalarını nəzərdə tutmaqla yanaşı, maneələrə və duanı həqiqi təsirindən uzaqlaşdıra bilən hər bir şeyə kifayət qədər diqqət etməli, onları aradan qaldırmaqda səy göstərməliyik.
Bu kiçik yazıda ikinci bölməyə, yəni duanın qəbul olunmasının maneələrinə ötəri işarə edəcəyik. Duanın qəbul olmasının maneələrini saymazdan öncə şərəfli əl-Mizan kitabından dəyərli bir söz nəql etməyimiz münasibdir: \"Həqiqi dua fitri dillə olunan dua həmişə qəbul olunmuş və bu qaydada heç bir vaxt hər hansı bir uyğunsuzluq olmamışdır. Dualarının qəbul olmasında iki amil vardır ki, onlardan biri olmadıqda dua qəbul olmaz və onlar aşağıdakılardan ibarətdir:
1- Həqiqi istək olmaması üzündən: Dua edən, səhvən - özünə aydın olmayan bir mətləbi, ya bir şeyi istəyir ki, onun həqiqətinə varsa, onu istəməz. Məsələn, dua edən, bir kəsin xəstə olduğunu güman edib onun üçün Allahdan şəfa istəyir. Halbuki, xəstənin ömrü başa çatıb və bu zaman onun üçün şəfa istəmək mənasızdır. Belə olduqda Allahdan onu diriltməyi istəməlidir. O, dua vasitəsi ilə ölünün dirilməsinə ümidsiz olduğuna görə, həqiqi şəkildə onu istəmir. Əlbəttə, əgər bir şəxs peyğəmbərlər kimi, belə bir ümidlə dua etsə, qəbul olunar.
2- İstək həqiqidir, lakin həqiqətdə Allahdan istənilməyir; məsələn, bir şəxs Allahdan bir istək istəyir, amma adi səbəblərlə (müşkülünü həll edəcəyini güman etdiyi qeyri- real işlərlə istəyinin yerinə yetəcəyinə ürək bağlayır. Belə olduqda o istəyi həqiqi şəkildə Allahdan istəmək deyil; çünki duaları qəbul edən Allahdır və O, hər hansı bir işi səbəblərin iştirakı ilə etmir. Deməli, dua edənlərdən bu iki qrup, ürəkdə deyil, yalnız dildə xalis dua edirlər.(1)
Duanın qəbul olmasında olan maneələr
1- Allahdan qeryisinə ümid bəsləmək.
Duanın qəbul olunmasında ən böyük maneə, Allahdan başqa bir kəsə və ya bir şeyə ümid bağlayıb və müstəqil şəkildə ona yalvarmağımızdır.
Həzrət Sadiq (ə) buyurdu:
“Əgər sizlərdən biri Allahdan istədiklərinin hamısını ona verilməsini istəsə, gərək bütün camaatdan ümidini kəssin; Allahdan qeyrisinə ümidvar olmasın. Allah onun həqiqətən də belə olduğunu gördükdə onun istədiklərini verər.”(2)
2-Günah: Allahın göstərişlərinə itaətsizlik duanın qəbul olunmasının ciddi maneələrindən biridir. Allahın bəndələri günaha tərəf atdığı hər addımla, Allahdan bir addım uzaqlaşır və bununla da özlərini dualarının qəbul olmasından məhrum edirlər. İmam Baqir (ə) bu barədə buyurub:
“Bəndə Allahdan bir istək istəyir və onu tezliklə, yaxud təxirlə yerinə yetirmək Allahın şəninə aiddir. Bəndə isə bir günaha aludə olur; Allah təala da mələyə deyir: Onun istəyini yerinə yetirmə və onu (istəyindən) məhrum et! Çünki o, özünü mənim qəzəbimə tuş edib, məhrumiyyətə düçar oldu.”(3)
Hədislərdə duanın qəbulunun qarşısını alan bəzi günahlara işarə olunub: Nümunə olaraq bu hədislərin birini burada veririk.İmam Səccad (ə) buyurub:
“Duanın qəbul olmamasına səbəb olan günahlar bunlardan ibarətdir: Pis niyyət; mənəvi natəmizlik; dini qardaşlarla ikiüzlülük; duanın qəbul olunmasına inanmamaq; vaxtları keçənədək vacib namazları təxirə salmaq; sədəqə və xeyir işlə böyük Allaha yaxınlaşmağı tərk etmək; kobud və nalayiq sözlərlə danışmaq.(4)
Əmirəlmöminin Əli (ə) duanın qəbul olunmasında günahın təsirini belə buyurur:
“Qarşısını günahlarla bağladığın halda, duanızın gec qəbul olmasını düşünməyin.”(5)
3- Əmr bil-məruf və nəhy ənil-münkəri tərk etmək.
Bu iki dini qanunu tərk edənlərin duaları qəbul olmayacaq. Necə ki, islam peyğəmbəri (s) bu barədə buyurmuşdur:
\"Yaxşı işlərə dəvət edin və pis işlərdən çəkindirin, yoxsa (belə etmədiyiniz təqdirdə) Allah sizlərdən ən pisinizi, ən yaxşınıza həvalə edər və sizin ən yaxşılarınız (onun əleyhinə) dua edərlər, lakin qəbul olunmaz\".(6)
4- Zülm və başqalarının haqqlarına təcavüz etmək.
Başqalarının hüququna təcavüz etmək duanın qəbul olunmasının başqa bir maneələrindəndir. Bir çox hədislərdə bu mətləbə təkid olunub:
Əli (ə) buyurub
...إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ أَوْحَى إِلَى عِيسَى ابْنِ مَرْيَمَ ع قُلْ لِلْمَلَإِ مِنْ بَنِي إِسْرَائِيلَ أَنِّي غَيْرُ مُسْتَجِيبٍ لِأَحَدٍ مِنْكُمْ دَعْوَةً وَ لِأَحَدٍ مِنْ خَلْقِي قِبَلَهُ مَظْلِمَه
“Allah, Məryəm oğlu İsaya vəhy edib buyurdu: Bəni-israilin böyüklərinə de: Mən sizlərdən, yaxud başqa yaratdıqlarımdan boynunda başqasının haqqı olan bir kəsin duasını heç vaxt qəbul etməyəcəm.”(7)
5- Haram qazanc
Əziz islam peyğəmbəri (səlləllahu ələyhi və alihi) buyurub:
إِنَّ الْعَبْدَ لَيَرْفَعُ يَدَهُ إِلَى اللَّهِ وَ مَطْعَمُهُ حَرَامٌ فَكَيْفَ يُسْتَجَابُ لَهُ وَ هَذَا حَالُه
Həqiqətən bəndə yediyi haram olduğu halda (dua üçün) əlini Allah dərgahına uzadır. Belə bir halda onun duası necə qəbul olsun?!(8)
Həmçinin Allah hədisi-qüdsidə buyurub:
فمنک الدعاء و علیّ الاجابة فلا تحجب عنی دعوة الا دعوة آکل الحرام
ّ”Dua etmək səndən, qəbul etmək isə məndəndir. Deməli, haram yeyənin duasından başqa, heç bir dua mənə örtülü qalmaz.”(9)
6- Qəflət və xəbərsizlik.
Əziz islam peyğəmbəri (səlləllahu ələyhi və alihi) buyurub:
أعلموا أنّ اللّه لا يستجيب دعاء من قلب غافل لاه
“Bilin ki, Allah qafil və xəbərsiz ürəkdən heç bir dua qəbul etməz.”(10)
7- Allahın hikməti ilə müxalifət etmək
Bəzən insan məlumatsızlığı üzündən Allahdan, onun hikməti və məsləhəti ilə uyğun olmayan bir şey istəyir, buna görə də onun duası qəbul olmur. İmam Əli (ə) bu barədə buyurur:
إِنَّ كَرَمَ اللَّهِ سُبْحَانَهُ لَا يَنْقُضُ حِكْمَتَهُ فَلِذَلِكَ لَا تقَعُ الْإِجَابَةُ فِي كُلِّ دَعْوَة
“Həqiqətən Allahın səxavəti onun hikmətini pozmasın deyə hər dua qəbul olunmaz.”(11)
Allah təala öz xeyirxahlıq və hikmətini belə xatırladaraq buyurur:
عَسى أَنْ تَكْرَهُوا شَيْئاً وَ هُوَ خَيْرٌ لَكُمْ وَ عَسى أَنْ تُحِبُّوا شَيْئاً وَ هُوَ شَرٌّ لَكُمْ وَ اللَّهُ يَعْلَمُ وَ أَنْتُمْ لا تَعْلَمُون
“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.”(12)
8- Allahın əmrlərinə əməl etməmək.
Bu zəmində bir çox hədislər vardır ki, bəzilərinə işarə edirik:
Bir hədisdə İmam Sadiqdən (ə) oxuyuruq:
“Dörd dəstənin duaları qəbul olunmaz. Evdə oturub “ey Allah mənə ruzi ver” deyən şəxsin duası, Allah ona buyurur: Sənə çalışmağı əmr etmədimmi? -Qarğış edən arvadı olan şəxsin duası; Allah ona buyurur:
“Onun işini sənin ixtiyarında qoymamışammı”? Mal-dövlətini faydasız tələf edərək, “ey Allah, mənə ruzi ver!” deyən şəxsin duası. (Allah) ona buyurur: “Sizə xərclərinizdə orta həddi aşmamağı əmr etmədimmi”? Şahid tutmadan başqasına borc verib borcu danılan bir mal sahibinin duası. Allah ona buyurur: “Borc verərkən şahid tutmağı sənə əmr etmədimmi”?(13)
9- Ürəyin xəyanəti.
Bir nəfər Əlidən (ələyhis-salam) soruşur: Allah ( (ادْعُوني أَسْتَجِبْ لَكُم “dua edin, qəbul edim” buyurduğu halda, bizim duamız niyə qəbul olmur? O həzrət buyurdu: “Çünki,sizin ürəyiniz səkkiz yerdə xəyanət etdi:
Birnci: Siz Allahı tanıdınız, lakin onun haqqını yerinə yetirmədiniz. Deməli, bu tanımaq sizin üçün faydasız oldu.
İkinci: Peyğəmbərə iman gətirdiniz, sonra onun sünnəti ilə müxalifət etdiniz. Onun şəriətinə əhəmiyyət vermədiniz. Sizin imanınızın faydası nə oldu?!
Üçüncü: Siz nazil olan kitabı oxudunuz, (سمعنا و اطعنا) “eşitdik və itaət etdik” dediniz, lakin ona əməl etmədiniz. Sonra da (onunla) müxallifət etdiniz.
Dördüncü: Atəşdən qorxduğunuzu dediniz. Halbuki, həmişə günah etməklə ona yaxınlaşırsınız. Sizin qorxunuz necə oldu?!
Beşinci: Cənnətə bağlı olduğunuzu dediniz. Halbuki, həmişə işlərinizlə ondan uzaqlaşırsınız. Bu necə bağlılıqdır?!
Altıncı: Allahın nemətlərindən istifadə etdiniz, lakin şükr etmədiniz.
Yeddinci: Allah sizi şeytanla düşmənlik etməyə çağırdı:
(إِنَّ الشَّيْطانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا) “Həqiqətən də şeytan sizin düşməninizdir, elə isə onunla düşmən olun.”(14) Halbuki, siz sözdə onunla düşmənçilik etdiniz, əməldə isə onunla dostluq planı çəkdiniz.
Səkkizinci: Siz həmişə başqalarının nöqsanlarını gördünüz və onları danladınız. Halbuki, özünüz danlaq və məzəmmətə layiq idiniz. Belə olduqda sizin hansı duanız qəbul olsun?! Halbuki, bu işlərinizlə duanın qəbul qapılarını öz üzünüzə bağlamısınız.”(15)
Yaxşı insanların dualarının qəbul olmaması
Bəzən yaxşı insanların duaları da qəbul olunmur. Halbuki, deyilmiş maneələrin heç biri yoxdur. Bu dualar toplanmış bahalı şeylər kimi qiyamətdə onlara çatacaq.
Allahın elçisi (s) buyurur:
يدخل الجنّة رجلان كانا يعملان عملا واحدا فيرى احدهما صاحبه فوقه فيقول: يا ربّ، بما اعطيته و كان عملنا واحدا؟ فيقول اللَّه تبارك و تعالى: سألنى و لم تسألنى
“Əməlləri bərabər olan iki nəfər cənnətə daxil olarlar. Amma biri, digərinin məqamını ondan üstün olduğunu görüb deyər: İlahi! Bizim əməllərimizin bərabər olmasına baxmayaraq nəyə görə bu məqamı ona vermisən? Allah təala cavab verər: (Ona görə ki,) o, məndən istədi sən isə istəmədin.”(16)
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur:
انّ المؤمن ليدعو اللَّه عز ّو جلّ في حاجته فيقول عزّ و جلّ: اخّروا اجابته شوقا الى صوته و دعائه
“Möminin bir istəyi olduqda Allahı çağırar, Allah onun səsini və duasını eşitmək istədiyi üçün (mələklərə) deyər: Onun duasının qəbulunu təxirə salın”!(17)
Qeydlər:
1) ”Əl-Mizan” c. 2, səh 43,
2) ”Kafi” c 2, səh. 148.
3) ”Biharul-ənvar” c 73, səh 329, hədis11.
4) Həmin mənbə, səh 376.
5) “Ğurərul- hekəm” c 6, səh 302.
6) ”Biharul-ənvar” c 75, səh 311.
7) ”Əl-xisal” səh 337, hədis 40.
8) ”İrşadul-qulub” səh 149.
9) ”Biharul-ənvar” c 93, səh 373, hədis 16.
10) Həmin mənbə, səh 321, hədis 31.
11) “Ğurərul- hekəm”hədis 3478.
12) Bəqərə surəsi, 216-cı ayə.
13) “Üsuli-kafi”c. 2, səh. 511
14) Fatir surəsi, 6-cı ayə
15) “Səfinətül-bihar”, dua.
16) “Biharül-ənvar”, c. 93, səh. 302
17) Üsuli-kafi, c.3, səh. 479.