İslam dünyagörüşündə İnsan hansı məqama sahİbdİr?


İnsanın həqiqəti və mahiyyəti bir problem olaraq əsrlərlə mütəfəkkirlərin diqqətini özünə cəlb etmiş və onlardan öz həllini tələb etmişdir. Məsələ ilk baxışda olduqca sadə görünsə də, filosoflar tərəfindən bu sahədə yürüdülən fikirlərin bir-biri ilə nə dərəcədə ziddiyyət təşkil etdiyini nəzərə alsaq demək olar ki, insan adlı müəmmalı bir aləmin sirlərini kəşf etmək o qədər də asan deyildir. Şərq dünyası insan haqqında əsasən bu fikirdədir ki, insanin maddi aləmdəki istedadlarından əlavə mənəvi aləmə aid olan sonsuz istedadları vardır və o, öz təkamül yolunu keçərək bu istedadları çiçəkləndirib mənəvi kamilliyə ucala bilər. Ümumiyyətlə, kamil insan anlayışı həmişə Şərqin ruhu ilə doğmalıq təşkil etmişdir. Halbuki, bir çox Qərb filosoflarının fikrincə insanın potensial imkanları yalnız maddi aləmə məhduddur və insan yalnız fizika, kimya və bu kimi digər təcrübi elmlər vasitəsilə elm və qüdrət əldə etmək imkanına malikdir. Başqa sözlə desək, insanla heyvanlar arasında əsaslı bir fərq yoxdur: insanin da məlumat dairəsi heyvanlar kimi müşahidə və təcrübədə məhdudlaşır və digər heyvanlarla yeganə fərqi yalnız onun şüur səviyyəsinin üstünlüyüdür, lakin bu cür fərqlilik heyvanlar arasında da vardır, misal olaraq delfin, fil və meymunun şüuru digər heyvanlardan çoxdur. Onların nəzərincə insan qüdrət baxımından da maddədə məhdudlaşır və yalnız texniki elmlərin inkişafı ilə qüdrət kəsb edib təbiətə hakim ola bilər. Bu gün materializmin dünyada öz əhəmiyyətini itirməsinə və onun puç bir məktəb olmasının tam şəkildə aydın olmasına baxmayaraq hələ də materializm ruhu gizli şəkildə yaşamaqda və insanların dünyagörüşündə öz təsirini qoymaqdadır. Hətta bir sıra müsəlmanlar belə bu təsirdən yaxa qurtara bilməmiş və özləri də bilmədən dinin prinsiplərinə belə materializm eynəyi ilə baxmağa başlamışlar. Şübhəsiz ki, insan haqqıda bu primitiv baxış dini xalqlar üşün tiryək sayan və dünyanı yalnız materiyadan ibarən bilən Marksdan və onun ardıcıllarından təbii görünür və heç vaxt onlardan ummaq olmaz ki, insanın ruhi və mənəvi potensial imkanlarını nəzərə alsınlar, lakin bəzi müsəlmanların insan haqqında bu cür təsəvvürdə olması müəyyən qədər gözlənilməz görünür və istər istəməz bir daha insanı bu məsələ üzərində düşünməyə və problemin həlli yollarını aramağa vadar edir. Əlbəttə, hər bir müsəlman inanır ki, insan şərəfli bir məxluqdur və Uca Allah insanları sevir və cənnəti insanlar ücün yaratmışdır və bu barədə hec bir şübhə ola bilməz. Lakin burada hər şeydən öncə bizi maraqlandıran budur ki, görəsən dinin rolu yalnız bundan ibarətdir ki, Allah insanın bu dünyada namaz qılmasının, oruc tutmasının və başqa bir sıra işlər görməsinin əvəzində o dünyada insana cənnət nemətləri verəcəkdir, yoxsa din hər şeydən əvvəl insanın daxilində olan bir sıra gizli istedadları çiçəkləndirmək və insanı kamilliyə çatdırmaq üçündür. Əgər din yalnız insanın cənnət nemətlərinə çatması üçündürsə, deməli din mahiyyətcə daha çox iş sahibi ilə işçilər arasında bağlanan müqaviləyə bənzəyir və iş sahibi işçilərin çəkdiyi zəhmətin müqabilində onlara əmək haqqı təyin etdiyi kimi Allah da namazın, orucun və həccin əvəzində insanlara cənnət bağları və meyvələr vədə verir. Yox əgər din hər şeydən öncə insanın mənəvi təkamülünü təmin edirsə, görəsən bu təkamül hansı şəkildə özünü büruzə verir? Sözsüz ki, əgər biz insanın həqiqətini düzgün şəkildə tanımaq istəyiriksə, ilk növbədə məsələyə Quran aspektindən yanaşmalı və insanı yaradanın bu barədə nəzərini öyrənməliyik. Çünki hər bir şeyin yaradanı onu daha yaxşı tanıyır.
Quranda insanın məqamının ən aydın şəkildə açıqlandığı yelrərdən biri demək olar ki, \"Bəqərə\" surəsinin 30-34-cü ayələridir:
\"30. Sənin Rəbbin mələklərə: Mən yer üzündə xəlifə yaradacağam, dedikdə mələklər: Biz Sənin şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?- söylədilər. Allah onlara: Mənim bildiyim şeyi siz bilmirsiniz,- buyurdu.
31. Allah Adəmə bütün \"adları\" öyrətdi. Sonra onları mələklərə göstərərək: Əgər iddianızda doğrusunuzsa, bunların adlarını mənə bildirin,- dedi.
32.Onlar Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Hər şeyi bilən Sən və hikmət sahibi Sənsən,- dedilər.
33. Sonra: Ey Adəm, bunların adlarını onlara bildir,- dedi. Adəm mələklərə onların adlarını bildirdikdə Allah : Mən sizə, göylərin və yerin sirlərindən və sizin gizlində və aşkarda etdiklərinizdən xəbərdaram, söyləmədimmi?- deyə buyurdu.
34.Biz mələklərə: Adəmə səcdə edin!- dedikdə İblisdən başqa hamısı səcdə etdi. Yalnız İblıs təkəbbür edərək imtina etdi və kafirlərdən oldu\".
30-cu ayədə Allah yer üzündə xəlifə yaradacağını mələklərə xəbər verir. Sonrakı ayələrdə Adəm peyğəmbərdən söhbət getsə də, ayələrə diqqətlə nəzər saldıqda məlum olur ki, xəlifəlik məqamı yalnız Adəm peyğəmbərə məxsus deyildir. Çünki əgər Allah \"yer üzündə xəlifə yaradacağam\"- dedikdə yalnız Adəm peyğəmbəri nəzərdə tutsaydı, mələklərin \"Qan tökəcək və fəsad edəcək birinimi yaradacaqsan?\"- deyə bir növ etiraz etmələri mənasız olardı, çünki Adəm peyğəmbər qan tökəcək və fəsad edəcək birisi deyildi. Əksinə mələklər bilirdilər ki, Allah yeni bir növ məxluq yaraqtmaq istəyir ki, onların içərisindən bəziləri Allaha ibadət və itaət sayəsində Onun xəlifəsi olmaq məqamına yüksələcəklər. Mələklər bunu da bilirdilər ki, bütün insanlarda bu istedadın və bacarığın olmasına baxmayaraq hamı bu təkamül yolunu keçməyəcəkdir, əksinə insanların əksəriyyəti fitnə-fəsadla və qan tökməklə məşğul olacaq. Odur ki, günahkarların sayının qat-qat artıq olduğunu nəzərə alıb güman etdilər ki, az bir sayda insanın kamılliyə çatması üçün yer üzündə bu qədər fəsad edilməsinə və qan tökülməsinə yol vermək doğru deyildir. Lakin Allah onlara \"Mənim bildiyimi siz bilmirsiniz\"- deməklə bildirdi ki, fitnə-fəsadla və qan tökməklə məşğul olanların sayının qat-qat artıq olmasına baxmayaraq, Allahın xəlifəsi olmaq cox yüksək məqamı olduğu üçün bu işi görməyə dəyər. Başqa sözlə desək, işin dəyərı kəmiyyətlə deyil, keyfiyyətlə ölçülür və kamillik zirvəsini fəth edənlərin sayının az olmasına baxmayaraq, bu zirvənin çox uca və əzəmətli bir məqam olduğu üçün belə bir nəsli yaratmağa dəyər.
Xəlifə sözü ərəb dilində əvəzedici, canişin və hansısa bir şəxsin səlahiyyətlərinin icraçısı mənasını verir və bununla da aydın olur ki, insan Allahın xəlifəsi olduğu üçün bütün məxluqlar içərisində ən üstün varlıqdır. Hətta mələklər \"Biz Sənin şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən yer üzündə fəsad törədəcək və qan tökəcək birinimi yaratmaq istəyirsən\"- deyərək özlərinin xilafətə daha layiqli olduqlarını iddia etdikləri halda, Allah \"əgər iddianızda doğrusunuzsa bunların adlarını Mənə bildirin\"- deməklə bildirir ki, insan Onun xəlifəsi olmağa daha layiqlidir. Ayədən məlum olur ki, insan o qədər sirli bir varlıqdır ki, hətta mələklər və o zaman mələklər səviyyəsinə yüksəlmiş olan İblis belə onun əzəmətini dərk edə bilməyib Allaha etiraz etdilər. Lakin mələklər tez öz kiçikliklərini ədəblə etiraf etdilər. İblis isə axıra qədər özünün daha üstün olduğunu iddia edərək inadkarlığına davam etdi. Deməli insanı yalnız adi maddi bir varlıq hesab etmək təfəkkürü yeni bir məsələ deyildir və insan yarandığı gündən bu cür etirazlarla qarşılaşmışdır. Lakin sözsüz ki, burada insan deyidikdə gündəlik həyatda qarşılaşdığımız adi insanlardan və hətta adi əxlaqlı möminlərdən söhbət gedə bilməz. Çünki hər bir rəhbərlə onun xəlifəsi arasında bir növ uyğunluq olmalıdır, belə ki, xəlifə rəhbərin icazəsi ilə bir sıra səlahiyyətlərə malik olmalı və işlərin idarə olunmasında təsir qüvvəsinə malik olmalıdır. Allahın xəlifəsi də Onun uca məqamina layiq olmalı və Onun icazəsi ilə qeyri-adi, ilahi bir qüdrətə və dünyada baş verən proseslərdə təsir göstərmək gücünə malik olmalıdır, əks təqdirdə belə bir xəlafət, həqiqəti olmayan boş sözdən ibarət olacaq və bəzi ölkələrdəki formal xarakner daşıyan, əslində isə heç bir səlahiyyətə malik olmayan kraliça yaxud prezidentlərdən heç bir fərqi olmayaçaqdır. Bundan əlavə digər ayələrdə (misal olaraq \"Naziat\" surəsinin 5-ci ayəsində) aləmin işlərinin mələklər tərəfindən idarə olunduğu bildirildiyi halda \"Bəqərə\" surəsinin 34-cü ayəsində bütün mələklərin insana səcdə edərək onun xilafətinə beyət etmələrindən və onun əmrlərini icra etməyə hazır olmalarından söhbət gedir. Deməli insan Allahın icazəsi ilə hər hansı bir işin yerinə yetirilməsini mələklərə göstəriş verə bilər. Lakin bir şeyi unutmaq olmaz ki, ayədə adi insanlardan yox, kamil insanlardan söhbət gedir. Bununla da aydın olur ki, kamil insanlar Allahın xəlifələridirlər və Allah onlara qeyi-adi və ilahi bir qüdrət bəxş etmişdir. Peyğəmbərlərin möcüzələri, İmamların və övliyaların kəramətləri məhz bu növ qüdrət sayəsində baş verir. Şubhəsiz ki, bu qüdrətin əhatə dairəsi və harada ondan istifadə olunması Allahın verdiyi icazədən asılıdır və heç kəs onların hər bir şeyə qadir olmalarını iddia edə bilməz.
Xəlifə anlayışını diqqətlə təhlil etdikdə aydın olur ki, onun elmi də maddi aləmdə məhdudlaşmamalıdır və Allah Öz xəlifəsinə, varlıq aləminin bir çox sirlərini açıb bildirməlidir. Peyğəmbərlərə nazil olan vəhy, İmamlara və övliyalara gələn ilham bu növ elmdən hesab olunur. Hətta bəzən Allah, mələklərə belə bildirmədiyi bir çox həqiqətləri Öz xəlifəsinə açıb göstərərir. Bəqərə surəsinin 31-33-cü ayələrində işarə olunan \"bütün adların Adəmə öyrədilməsi\" məsələsi də bunu təsdiqləyir. Şübhəsiz ki, Allahın Adəmə öyrətdiyi adlar bizim başa düşdüyümüz anlamda deyildir, çünki əgər o adlar hərflərdən ibarət sözlər olsaydı, Adəm peyğəmbərin onları bilməsi onun üçün mələklər qarşısında iftixar sayıla bilməzdi. Bundan əlavə, Adəm peyğəmbər üçün fəxr sayılan, onun yalnız adları bilməsi deyil, həm də onları öyrənməyə qabiliyyıti və ləyaqəti olmasıdır ki, belə bir qabiliyyət və ləyaqət mələklərdə yox idi. Deməli ayədə Allahın Adəm peyğəmbərə hətta mələklər üçün gizli olan bir sıra həqiqətləri öyrətməsindən söhbət gedir. Əlbəttə, bunu da bilmək lazımdır ki, bir sıra həqiqətlər də vardır ki, Allahın özünə məxsusdur və heç kəs onları bilmək iqtidarında deyildir.
34-cü ayədə Allah Öz xəlifəsinin uca məqamını göstərmək üçün mələklərə ona səcdə etməyi əmr edir. Burada \"Səcdə\" sözünün istər həqiqi, istərsə də məcazi mənada olduğunu qəbul etsək, ayədən anlaşılan budur ki, mələklər Adəm qarşısında son dərəcə kiçilməli və onun böyüklüynü etiraf etməli idilər. Buradan belə nəticə çıxır ki, bəndənin təkamülünün ilk mərhələsi onun Allah qarşısında baş əyməsidirsə, bu təkamülün sonrakı mərhələsi Allahın xəlifəsi qarşısında öz kiçikliyini etiraf etməsidir. Odur ki, İblis uzun illər boyu Allaha ibadət etib mələklər səviyyəsinə qalxmasına baxmayaraq Adəm qarşısında kiçilmədiyi üçün əbədi uçuruma yuvarlandı. Quranda gələn hər bir mövzunun insanlar üçün ibrət dərsi olduğunu nəzərə alaraq demək olar ki, Allahın bu əmri hər bir zamana aiddir və bütün peyğəmbərlərə və İmamlara şamil olur. Buna görə də, hər hansı bir şəxsın peyğəmbərlərə və ya İmamlara qarşı təkəbbür göstərərək \"onlar da bizim kimi insandırlar\"- deməsi bir növ İblisin Adəm peyğəmbərə qarşı təkəbbür etməsi kimidir. Əlbəttə, əgər məsələyə istedad və qabiliyyət baxımından yanaşsaq, bütün insanlarda kamilliyə çatmaq istedadi vardır və buna görə də onlar da bizim kimi insandırlar. Odur ki, İslam peyğəmbəri Kəhf surəsinin sonuncu ayəsində \"Mən də sizin kimi insanam\" deməklə bildirmək istəyir ki, istedad baxımından mən də sizin kimi insanam və əgər mən uca məqamlara çatmışamsa, bunu Allaha ibadət etməklə və bir sıra çətinliklərə qatlaşmaqla əldə etmişəm və əgər siz də uca məqamlara yüksəlmək istəyirsinizsə, mənim kimi tək olan Allaha ibadət etməli və çətinliklərə dözməyi bacarmalısınız. Lakin bütün insanlarda olan bu istedadın və qabiliyyətin gerçəkləşdirilməsinə gəldikdə isə heç vaxt demək olmaz ki, peyğəmbərlər və İmamlar da bizim kimi insandırlar. Çünki onlar öz istedadlarını reallaşdırmış və Allahın xəlifəsi olmaq məqamına yüksəlmişlər. Peyğəmbərlərə \"sız də yalnız bizim kimi insansınız\" (Yasin surəsi 15-ci ayə) deyərək onları inkar edən kafirlər indiki bir çoxları kimi insanın mahiyyətini yalnız maddi varlıq olaraq qəbul edir və onda ruhi və mənəvi təkamül qabiliyyətinin olmasına inanmırdılar. Odur ki, peyğəmbərlərə öz səviyyələrində olan adi bir şəxs kimi baxır və onların qeyb aləmi ilə əlaqələri olduğunu inkar edirdilər. İndi isə bir sıra başqa ayələri nəzərdən keçirək.
Allah Quranda Maidə surəsinin 110-cu ayəsində İsa peyğəmbərə xitab edərək buyurur:
\"O zaman sən Mənim iznimlə palşıqdan quşa yaradır və ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri dirildirdin\".
Ayədə dörd dəfə \"Mənim iznimlə\" ifadəsinin təkrar olunmasından məlum odur ki, bütün bu işləri yerinə yetirən İsa peyğəmbərdir. Çünki əgər bəzi insanların təsəvvür etdiyi kimi bu işlərin birbaşa icraçısı Allah özü olsaydı, onda ayədə \"Mənim iznimlə\" ifadəsinin işlənməsi yersiz olardı.
Yuxarıda deyildiyi kimi bu fövqəltəbii qüdrət yalnız peyğəmbərlərdə deyil, digər övliyalarda da ola bilər. Quranda Nəml surəsinin 40-cı ayəsində buyurulur:
\"(Süleyman peyğəmbər saraydakılardan Səba şahının taxtını gətirməyi tələb etdiyi zaman) Kitabın elmindən bir qədər xəbəri olan birisi dedi: \"Mən onu sənə bir göz qırpımında gətirərəm. Süleyman taxtı öz yanında hazır durmuş görüncə dedi: Bu, Rəbbimin lütflərindəndir\".
Quran təfsirçiləri bu barədə yazırlar ki, ayədə haqqında danışılan şəxs Süleyman peyğəmbərin vəziri Asəf ibni Bərxiyadır. Ayə bir tərəfdən \"Kitabın elmindən bir qədər xəbəri olan\" deməklə onun qeybi elmdən bəhrələnməsini vurğulayır, digər tərəfdən isə Səba şahının taxtını bir göz gırpımında gətirməsinə işarə edərək onun qeyri-adi qüdrətə malik olmasını bildirir.
Quranda mələklərin, İsa peyğəmbərin anası Məryəmlə danışmasından söhbət açan ayələrdən də bu nəticə alınır ki, qeyb aləmi ilə əlaqədə olmaq yalnız peyğəmbərlərə məxsus deyil və adi insanlar da Allaha ibadət və itaət sayəsində belə bir məqama yüksələ bilər:
42. (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: \"Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur. 43. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!\" 45. Mələklər dedilər: \"Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və Allaha yaxın olanlardandır.\"
Quranda Xızır peyğəmbər qeybi elmlərin müəllimi kimi tanıtdırılır. Musa peyğəmbər, Xızır peyğəmbərin keçdiyi kamillik yolunu keçmək və onun çatdığı məqamlara çatmaq arzusu ilə ona şagirdlik etməyi qərara alır və Xızır peyğəmbərin yanina gedərək xahiş edir ki, öyrəndiyi qeybi elmdən ona da öyrətsin. Kəhf surəsində buyurulur:
65.Onlar Öz dərgahımızdan mərhəmət əta etdiyimiz və Öz tərəfimizdən elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən birini tapdılar. 66. Musa ondan soruşdu: \"Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənə tabe olummu?\" 67. (Xızır) belə cavab verdi: \"Sən mənimlə bir yerdə olsan (görəcəyim işlərə) əsla dözə bilməzsən.\"
Bu və digər bu kimi ayələr müsəlman mütəfəkkirlərinin düşüncə tərzində ciddi təsir buraxmış və İşraqilik fəlsəfi cərəyanının yaranmasına səbəb olmuşdur. Fəsəfi həqiqətləri kəşf etməyin yolunu yalnız zehni dəlillərdən ibarət bilən məşşailərin (peripatetiklərin) əksinə olaraq işraqilərin fikrincə, məntiqi qanunlara əsaslanan zehni dəlillərdən əlavə qəlbi ilham yolu ilə də bir sıra həqiqətləri dərk etmək mümkündür. İşraq filosofları insanın ruhunun güzgüyə bənzədidiyini bildirirlər ki, günahlardan uzaqlqşdıqca və Allaha ibadət etdikcə bu güzgünün üzəri təmizlənir, saflaşır və beləliklə ilahi nur bu güzgüyə saçaraq onda inikas edir. İşraq fəlsəfəsinin banisi olan dahi Azərbaycan filosofu Yəhya Söhrəvərdi öz fəlsəfəsini təsis etməzdən əvvəl qırx gün ərzində tənhalığa çəkilərək oruc, namaz, dua və s. ibadətlərlə məşğul olmuş və yalniz bundan sonra öz fəlsəfəsini yazmağa başlamışdır.
Bütün bu deyilənlər əsasında məlum olur ki, Quranın nəzərındə insan geniş ruhi qabiliyyətə və çoxlu mənəvi istedadlara malik olan bir mövcuddur ki, Allaha ibadət və itaət sayəsində onun vücudu kamilləşir və beləliklə Allahın ən istəkli bəndəsinə və xəlifəsinə çevrilir. Bu əzəmətli və uca məqam ilk növbədə peyğəmbərlərə və İmamlara və aşağı dərəcədə isə övliyalara şamil olur. Həm də aydın olur ki, dinin funksiyası yalnız insanı cənnət nemətləri ilə təmin etməkdən ibarət deyildir. Əksinə, dinin batinində bir sıra həqiqətlər vardır ki, insan onlara əməl etdikcə mənəvi kamilliyə yüksəlir və bu kamillik praktiki şəkildə iki sahədə özünü büruzə verir:
1) Fövqəltəbii qüdrət (möcüzə və kəramət).
2) İlahi elm (vəhy və ilham).
Sonda qeyd etmək istərdik ki, bu və ya digər şəxsin övliya olub olmamasını təyin etmək incə məsələdir və bu sahədə çox diqqətli olmaq lazımdır. Çünki tarix boyu bir çox yalançı iddiaçılar bu ülvi məqamdan öz şəxsi mənfəətləri üçün istifadə etmiyə çalışmışlar. Bunu da bilmək lazımdır ki, insanın kamilliyə çatması yalnız şəriət çərçivəsində əldə olunur. Odur ki, şəriətin qanunlarına riayət etməyən bir çox sufi təriqətlərinin övliyalıq iddiaları heç cür qəbul oluna bilməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter